Rəşad Mahmudov: “Azərbaycanda
yaxşı həkimi xalq dolandırır”
"Türkiyədə terapevt təhsilini
bitirdikdən sonra gedib dövlət xəstəxanasında
işlədiyi zaman dövlətdən aldığı rəsmi
maaşı 4-5 min dollardan başlanır”
Milli Məclisdəki büdcə müzakirələri
zamanı ölkə səhiyyəsindəki durum və icbari
tibbi sığortaya keçilməsi zərurətindən də
çox danışıldı. Azərbaycan vətəndaşının
ölkə səhiyyəsinə inamını bərpa etməklə
yanaşı, tibb sahəsində çalışanların əmək
haqqının artırılması istiqamətində ciddi
addlımların atılması da vacib məsələlərdən
hesab edilsə də, indiki maliyyə böhranı şəraitində
bu, o qədər də real görünmür. Deputat, ürək-damar cərrahı, tibb elmləri
doktoru, Azərbaycan Ürək və Sağlamlıq
Assosiasiyası İdarə Heyətinin sədri Rəşad
Mahmudovla bütün bunlar barədə danışdıq.
- Rəşad həkim, parlament fəaliyyətinizin
1 ili tamam oldu. Necə bilirsiniz, bu, sizin
qazanılmış ilinizdir, yoxsa itirilmiş?
- Birmənalı
olaraq, əlbəttə ki, qazanılmış il
sayıram. Çünki öz peşəkar fəaliyyətim
xaricində belə bir siyasi hadisəyə öz iradəmlə
girdiyimə görə kənardan göründüyündən
fərqli olaraq, bu ab-havanın içində olmaq, dünyaya,
həyata, siyasətə baxış baxımından bəlkə
də bu, mənim ən rəngli illərimdən biri oldu.
- Bu da var ki, siz ölkədə
yaxşı həkim, gözəl ürək cərrahı
olaraq məşhurlaşdınız. Parlament fəaliyyəti
sizin zamanınızı almır ki?
- Əgər
həqiqətən sevdiyin və dəyər verdiyin bir sənətlə
məşğulsansa, gün 24 saat deyil, 48 saat, il 365 deyil, 1000
gün olsa belə, yenə sənə zaman yetməz. Allah-Təalanın
da bizə verdiyi ömür içərisində tələbəlik,
aspirantura, doktorantura təhsilləri, aldığım elmi
adlar zamanı öyrənmə mərhələsində
olduğum kimi, son 10 il ərzində Azərbaycanda həm
peşəkarcasına öz sahəmdə
çalışmaqla yanaşı, həm də bir məktəb
yaratmağa çalışdıq. Artıq
şöbəmizin 120-yə yaxın işçisi peşəkarlıqla
öz sahəsinin dərinliklərini bilməkdədir. Vətəndaş
olaraq da əlbəttə ki, bu gördüyüm işlərlə
birlikdə sadəcə əməliyyat etmək və
insanların sağlamlığının keşiyində
durmaq deyil, məktəblər yaratmaq və eləcə də
ali qanunverici orqanda ölkə səhiyyəsinin bugünkü
vəziyyəti, gələcək inkişafı, gələcəkdə
insanların səhiyyənin var olan vəziyyətindən daha
çox istifadə etməsi, sadə dildə desək, bu
gün həkim kimi tanınan Rəşad kimi yüzlərlə
həkimin, tibb işçisinin öz işini daha rahat şəkildə
həyata keçirə bilməsi, öz işindən
razı olması, xəstələrin həkimdən və səhiyyədən
razı qalması önəmli məsələdir. Subyektiv bir xidmət sahəsi olduğuna görə
qanunverici bazada nə qədər çox
görülmüş işlər olsa belə, həm
icraedici, həm qanunverici sistemdə hər gün yeniliklərin
vacib olduğu sahələrdəndir. Ona görə də
mən bunu qarşıma məqsəd qoyaraq gəldim ki, bu
gün ən azı səhiyyənin içində olan şəxs
olaraq həm səhiyyə işçilərinin problemlərinin
həlli və onlar üçün daha rahat iş şəraitinin
yaradılması üçün qanunverici orqanda bəlli bir
işlər görməyə çalışım.
- Həkim,
icbari tibbi sığorta ilə bağlı gözləntilər
hələ ki, reallaşmayıb. Yalnız indi pilot layihələrə
başlanılması qərara alınıb.
- Son bir
illik müddətə baxsaq, 25 illik müstəqillik
dövründə Azərbaycanda ən çox işlər elə
son ildə görülüb. "İcbari tibbi sığorta
haqqında” qanun 17 ildən artıq idi ki, var idi, amma son bir il ərzində
ən azı pilot layihənin hazırlanması
reallaşıb. Bununla bağlı prezident sərəncamı
var və hazırda iki rayonda proses başlanıb. Bu, 25 illə müqayisədə bir ildə
görülən çox böyük işdir. Dediyim kimi, səhiyyə xidmət sahəsi və
subyektiv dəyərlərə malik olduğuna görə,
başlamaq hər şeyin bitməsi, yaxud gözəl nəticə
almaq mənasına gəlmir. Bu, hər
gün üzərində işlənilməsi lazım olan və
multifaktorial hadisələrə dayalı xidmət sahəsidir.
Yəni xəstənin, tibb işçilərinin dövlətin
istək və arzuları, bunların bir yerdə olması,
bütün bunların doğru şəkildə tənzimləmək,
elmin və tibbin var olan imkanlarının maksimal şəkildə
insanlara çatdıra bilmək, lazım olan vəsaitin ortaya
qoyula bilməsi, bunun mənbəsinin tapılması kompleks həll
olunmalı məsələdir.
- Ağrılı bir məsələdir
ki, ölkə səhiyyəsində etimad məsələsi
heç də ürəkaçan səviyyədə deyil. Qonşu ölkələrə axın da bunu təsdiqləyir.
Bunun səbəbləri barədə nə deyə
bilərsiniz?
- Bunun təməlində
bir neçə faktor var. Mən hadisəyə bir az fərqli aspektdən yanaşacağam. Həqiqət odur ki, sadəcə, bizim ölkəmizdə
deyil, postsovet ölkələrində bənzər situasiya
hökm sürür. Deyək ki, Rusiya və
İranın müqayisəsini aparsaq, tibbə inamda çox
böyük fərq var. Rusiyanın tibbi xidmətinin səviyyəsi
bəlkə digər postsovet ölkələrindən yüksək
ola bilər, amma Rusiya vətəndaşı
imkanı olan kimi qalxıb Avropa ölkələrinə gedir.
Bəs, nəyə görə bir İran vətəndaşı
buna ehtiyac hiss eləmir? Nəyə görə
postsovet ölkələrində bu inamsızlıq var? Məncə, əslində bu yaranın təməli
Sovetlər Birliyi qurulduğu günlərdə qoyulub. SSRİ-nin ilk səhiyyə naziri Semaşko olub.
Mənə görə ümumiyyətlə,
sovet sisteminin tibbinin bugünkü reallıqlarının təməlində
onun bir kəlməsi durur. O zaman büdcə
hazırlıqları zamanı maaşla əlaqədar
müzakirələr gedərkən səhiyyə naziri belə
deyir ki, pis həkimə 100 rubl çoxdur, yaxşı həkimin
maaşa ehtiyacı yoxdur, onu xalq dolandırar. Mən
fəlsəfi olaraq bu düşüncənin sovetlər
sistemindəki bütün respublikaların səhiyyə
sisteminin iflic olmasının səbəbi olaraq görürəm.
Yəni məsələlər həkimin şəxsiyyəti,
onun şəxsi bacarıqları üzərində qalıb.
Halbuki səhiyyə bir sistemdir, bu sistemin
içərisində bir şəxsin yüksək bilgiyə
sahib olması əsas deyil, səhiyyə sisteminin 24 saat ərzində
doğru bir şəkildə işləməsi
lazımdır. Bunun içərisində
maliyyə işləri, dərmanların, tibbi ləvazimatların
doğru tədarükü, ölkənin hansı hissəsində
hansı xəstəxananın hansı yataq sayında
olması məsələsi, həmçinin elmi-texniki
bazanın gecə-gündüz inkişaf etdirilməsi var.
- Digər ölkələrlə
müqayisəli təhlil nə deyir?
- Mən
inkişaf etmiş ölkələrdən
danışmıram. İnkişaf etməkdə
olan, normal tibbə malik ölkələrin səhiyyə
büdcələrinə baxın. Bugünkü
qiymətlərdən, rəqəmlərdən danışmaq
istəmirəm. Sadəcə, bir şey deyəcəyəm:
ümumi daxili məhsulun 5 faizin altında büdcədən dəyər
biçilən səhiyyələrin vəziyyəti çox
pisdir. Amma postsovet ölkələrinin
çoxunda bu dəyər 1 faizin altındadır.
- Həkimin
maaşının aşağı olması da faktdır. Eyni zamanda, əhalinin yoxsul təbəqəsi də
Semaşkonun dediyi kimi, həkimi dolandırmaq imkanına sahib
deyil. Belə olan halda indiki keçid
dövrü üçün çıxış yolu, sizcə,
nədir?
- Əlbəttə ki, ağlın, məntiqin yolu birdir. Dünyanı
yenidən qurmağa və yaxud nələrisə sübut etmək
üçün yeni ideyalar ortaya atmağa ehtiyac yoxdur. İnkişaf etmiş ölkələrdə və
öz xalqının güvənini qazandığı tibb
sistemlərində hansı yolları keçiblər, bu,
ortadadır. Onların nümunəsini
doğru bir şəkildə götürüb ölkəmizdə
tətbiq etdiyimiz zaman inanıram ki, doğru nəticələrə
gələ bilərik. Amma tibbin bu vəziyyətdə
olması sadəcə, 2016-cı ilin problemi deyil, təməli
uzun illərə dayanan bir məsələdir. Deyir həyatda bir şeyə necə
yanaşırsansa, o, sənə eyni reaksiyanı verər.
Tibb fakültəsi ən yüksək balın
tələb olunduğu sahə olub həmişə.
Yaxşı, qəbul olunduqdan sonra hamı 4 il
oxuduğu halda, nəyə görə bu fakültədəkilər
6 il oxuyur? Demək bu sahənin bir xüsusiyyəti var.
Yaxşı, 6 il oxuduqdan sonra niyə yenidən
bir imtahana girərək 4-5 il yüksək ixtisaslaşma,
rezidenturada davam edir? Sadəcə kitabdan yox,
kadavralardan istifadə olunur, insan üzərində yüzlərlə
müdaxilələr üçün təcrübələrdən
keçirlər. Yəni yüksək xərc tələb
edən belə bir sənətə sahib olan insana daha sonra əlbəttə
ki, verilən maaş ona verilən qiymətdir.
O da özünə qoyulan qiymət nədirsə, onun
qarşılığını verməlidir. Mən
fəlsəfi olaraq düşünürəm ki, bu günə
qədər biz səhiyyəyə və tibbə doğru qiymət
verə bilməmişik. Söhbət tək
Azərbaycandan getmir, postsovet məkanından gedir.
- Amma Azərbaycan vətəndaşı
Gürcüstana müayinə və müalicəyə getdiyi
halda, Gürcüstandan Azərbaycana gələn yoxdur. Demək, vəziyyət eyni
deyil...
- Mən
bir həkim kimi deyirəm ki, 10 il əvvəllə
müqayisədə bu gün böyük bir fərq var,
insanların tibbə inamının xeyli
artdığını görürük. Gürcüstan
vətəndaşının buraya gəlməməsinin səbəbi
o deyil ki, orada yaxşı tibbi xidmət var. Sadəcə,
tibbi xidməti öz ölkəsində tibbi sığorta sayəsində
ala bilir. Onun kənara gedib ödəmə
etməsinə gərək yoxdur. Yaxud
iranlının Azərbaycana gəlməsinə ehtiyac
qalmır. Çünki onsuz da öz
ölkəsində pulsuz müalicə oluna bilir.
- Azərbaycan
büdcəsi təkcə xəstələrin xaricə üz
tutması nəticəsində itirmir. Həm də
həkimlər xaricdə işləməyə
üstünlük verir. Statistika nə
deyir?
- Avropada
və Türkiyədə Azərbaycandan çoxlu işləyən
həkimlər var. Xüsusilə də müstəqillik illərində
Türkiyədə təhsil alan həkimlərin
bəlli bir hissəsi geri qayıtmadı. Mən
yaxın keçmişdə böyük bir tədbirdə
iştirak etdim, ürək-damar cərrahiyyəsi sahəsində
20-yə yaxın ürək cərrahının Azərbaycana
qayıtmadığını, orada qalıb işlədiyini
gördüm. Amma söhbət təkcə
bu sahədən getmir.
"Biz səhiyyə
və tibbə doğru qiymət verə bilməmişik”
- Xarici
ölkələri bizim həkimlər üçün cəlbedici
edən əsas səbəb nədir?
-
Türkiyədə terapevt təhsilini bitirdikdən sonra gedib
dövlət xəstəxanasında işlədiyi zaman
dövlətdən aldığı rəsmi maaşı - digər
imkanlardan danışmıram - 4-5 min dollardan başlanır. Mən özəl xəstəxanalarda işləyən
azərbaycanlılardan danışmıram.
- Bəs,
təhsilini başa vurub geri qayıdanlar burada nə qədər
maaş alır?
- Rəsmi
olaraq dövlət xəstəxanalarındakı maaşlar hər
kəsə bəllidir.
- 160-170
AZN?
- Bəli.
Bəzi xəstəxanalarda hansısa fərqlər
olur. İcbari tibbi sığorta 2017-də
başlayacaq, amma bu sahədə ciddi bir fərq ortaya qoymaq
mümkün deyil. Sadəcə, bir neçə xəstəxana
var ki, dövlət xəstəxanası ola-ola həm də
özünümaliyyələşdirmə sistemində
çalışır və rəsmi bir şəkildə vergi
ödəyicisidir, o xəstəxanalar həkimlərə və
orta tibb personalına əlavə qazandığı dəyərin
müqabilində bəlli bir faizlərlə rəsmi maaş verirlər. Amma
ümumilikdə ölkə səhiyyəsinə baxdıqda, əlbəttə,
böyük bir fərq var. Bəlkə də bundan çox
şikayət edən yoxdur. Çünki
həqiqətən də Azərbaycanda yaxşı həkimi
Semaşkonun bir əsr əvvəl dediyi kimi, xalq
dolandırır. Amma əslində həkim
o şəkildə işləmək istəmir. Həkim sivil dünyada olduğu qaydada işləmək
istəyir. İcbari tibbi
sığortanı başlatdığımız zaman - bu,
eqoizm kimi qəbul olunmasın - bəlkə də işin
gözəl nəticəsini almaq istəyiriksə, birinci həkimlərin
sığortalanmasına nail olmalıyıq. Gecə-gündüz tibbi xidmətlə məşğul
olan insan yaşlandığı zaman özünün
müalicəsi üçün tibbi sığortaya malik
olmalıdır.
Ən azı, bu testi onların üzərində həyata
keçirə bilərik ki, özünüzə hansı xidmətin
göstərilməsini istəyirsinizsə, gələcəkdə
bu, xalqa da tətbiq olunsun. Yəni icbari tibbi
sığorta həkimlərin üzərində başlana bilərdi.
Elə təsəvvür edin ki, müəllim
özünə, öz balasına təhsil verə bilmir.
İcbari tibbi sığorta ilə əlaqədar
olan problem sadəcə hansısa sosial-iqtisadi problemli
insanların deyil, hər kəsin problemidir. Amma düşünürəm ki,
başlanğıc işin 50 faizidir. Hər
halda bunu 2017-də başlayacağıq.
Mən çox ümid edirəm ki, dövlətin ən azından qoymuş olduğu bu iradə sayəsində icbari tibbi sığorta sistemi gözəl bir nümunəyə çevriləcək və bu nümunə ölkənin hər yerinə yayılacaq. Amma bu işləri sadəcə hansısa bir ödəmənin alınıb-verilməsi kimi dəyərləndirmək doğru deyil. Bunun üçün birmənalı olaraq doğru taktikaların seçilməsi, gələcəkdə hansı xəstəlikləri əhatə eləməsi, kadr siyasətinin doğru aparılması, bunun sadəcə sözdə qalmayıb, əməli işdə reallaşması gərəkdir. Tibbi sığortadan yararlanma işinin iki tərəfi var. Bu, iki ayağı olan varlıq kimidir. Ayağın biri tibbi sığortadır, digəri sığorta tibbidir. Tibbi sığorta ödəməni edən maliyyə sistemidir, təşkilatçılıq işlərini görür. Sığorta tibbində isə söhbət sığortaya uyğunlaşmış səhiyyə xidmətini verən xəstəxanalardan, səhiyyə sistemindən gedir. Bu iki sistem birlikdə doğru addımlar ata bilməsə, o varlıq yerə yıxılar. Biri doğru işləməsə, digər işləsə, o, axsaq insana bənzəyər. Yəni tibbi sığorta ilə sığorta tibbinin eyni ahəng altında kardinal şəkildə işləməsinə ehtiyac var.
Elşad Paşasoy
- Musavat.com
Ədalət.-2016.-20 dekabr.-S.2.