"Uzaqdan gələn səs” hamını sevindirdi

 

Ötən həftənin sonlarına yaxın Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xəttiylə "Mütərcim” nəşriyyatı tərəfindən nəşr olunan "Uzaqdan ğələn səs” almanaxının Mingəçevir şəhər Bələdiyyəsinin iclas zalında təqdimat mərasimi keçirilmişdir.

Mingəçevirli ədəbiyyatsevərlərlə yanaşı paytaxt Bakı, Cəncə, Şamaxı, Gədəbəy, AğdaşYevlaxdan gələn söz adamlarının da qatıldıqları təqdimat mərasiminin aparıcısı,- AYB-nin Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadənin dilində səslənən: "Bəzən uzaqdan gələn səs daha cazibəli, doğmayaddaqalan olur,- elə bu gün işığına yığışdığımız "Uzaqdan gələn səs” almanaxında olduğu kimi. Mənə elə gəlir ki, bir əyalət şəhərinin ədəbi aləmindən gələn bu "səs” eşidilməz olmayacaqdır”- kəlmələri tədbirin əlamətdar bir hadisəyə çevriləcəyindən soraq verdi.

Mingəçevir şəhərindəki təbiət, riyaziyyathumanitar təmayüllü liseyin şagirdləri- Ağakişi və Ayşən almanaxda yer alan "Azərbaycan əsgəri” şeirini əzbərdən söyləməklə zaman-zaman yurd savaşında düşmənlə üz-üzə gələn ərənlərimizin yenilməz olduqlarını bir daha diqqətə çatdırdılar.

2014-cü ildə geniş oxucu kütləsi tərəfindən hərarətlə qarşılanan "Aranın söz sovqatı” almanaxından sonra "Uzaqdan gələn səs” toplusunun da Mingəçevir ədəbi aləmi haqqında geniş təsəvvür yaratmaq gücündə olduğunu vurgulayan Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçisi, fəlsəfə doktoru Sahib Əliyev çıxışını yazarlara uğurlar arzulamaqla sonucladı.

Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov otuz səkkiz nəfər yerli yazarın şeir və hekayələrinin yer aldığı almanaxda illər öncəsi dünyalarını dəyişən tanınmış söz adamlarından Böyükkişi Təmkin, Faiq Şəmiloğlu, Qaraş İsmayıl, Zahid Kədər, Museyib Eloğlu və Məhəmməd Nəbiyevin əsərlərindən nümunələrin də olduğunu yüksək dəyərləndirdi. Şəhər İcra Hakimiyyətinin 1N-li sahə inzibati-ərazisinin rəhbəri Rizvan Mikayıllı "Uzaqdan gələn səs”lə bağlı çeşidli fikirləri ilə sözə-söz adamlarına, ümumilikdə isə sənət aləminə yüksək dəyər vermək qabiliyyətini bir daha nümayiş etdirdi.

Almanaxda yazıları çap olunan bir neçə qələm sahibinə və dünyasını dəyişən yazarların ailə üzvlərinə, o cümlədən mərasimə qatılanların bir qisminə almanaxın xeyli sayda nüsxələri təqdim olunandan sonra, bölgədə ustad aşıq kimi tanınan Duman Qasımov sazda ifa etdiyi bir nəğməylə hamını məftun etdi.

Təqdimat mərasiminə qonaq qismində qatılan tanınmış qələm sahiblərindən Mətanət Ulu Şirvanlı, Tural SahabAğdaş Humanitar Kollecinin təmsilçisi Dilarə Manafova "aybKitab” layihəsi ilə Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin nəşr etdirdiyi almanaxın bölgədə yaşayan söz adamlarının tanınmasında mühüm rol oynadığını əminlik hissiylə söyləməklə bərabər, "Uzaqdan gələn səs”in çoxlarının yaddaşında iz salacağını da dilə gətirdilər.

Tədbirin ayrı-ayrı məqamlarında ifa etdikləri qədim saz havaları ilə ədəbiyyatsevərlərə unudulmaz anlar bəxş edən aşıqlar,- Hikmət Həsənov və Qoşqar Kərimov ötüb keçən anlara bir daha söz-nəğmə şirinliyi qatdılar. Almanaxda şeir və hekayələri dərc olunan həmmüəlliflərdən "Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, 35 saylı Kəlbəcər köçkün orta məktəbinin direktoru, tanınmış şair Elşən Əzim, AYB-nin üzvü, yazıçı-publisist Zümrüd Rəhimova, hüquqşünas-şair Bəhman Gülövşəli, mingəçevirlilərin gözəl ziyalı-söz sərrafı kimi tanıdıqları Eyyub Cabbaroğlu, Mingəçevir Turizm Kollecinin direktor müavini, yazıçı-dramaturq Əşrəf Əsgərov və şəhər Bələdiyyəsinin üzvü yazıçı-publisist Zahid Qasımlı da tədbirin ayrı-ayrı zaman kəsiminda etdikləri çıxışlarında "Uzaqdan gələn səs”də sərgilənən yazıların böyük bir qisminin insanlara nəcib hisslər aşılamaq baxımından yüksək təsir gücünə malik olduğunu və nəfis şəkildə oxuculara təqdim edilən üçyüz səhifəlik kitabı bütövlükdə dəyərli bir söz sovqatı hesab etdiklərini diqqətə çatdırdılar. Sonda hər üç el aşığı birgə ifaları ilə "Uzaqdan gələn səs”in sorağının yaxın-uzaq ellərə yayılmasına yardımçı oldular.

 

Zəminə Dəmirova,

Mingəçevir şəhəri 

Ədalət.- 2016.- 6 iyul.- S.4.