Azərbaycanda mart qırğınları

 

Bütün dostalara xoş arzular və salamlar."

V. Ulyanov (Lenin)

Bakı qırğını

1918-ci ilin martında Bakı kəndlərinin - Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Bibi-Heybət, Hökməli, Zabrat, Sabunçu, Ramana, Xırdalan və digər kəndlərin sakinləri erməni silahlı dəstələrinin vəhşiliklərinin qurbanı olmuşlar. Həmin günlərdə Bakının küçələrində və onun ətraf kəndlərində 1917-ci ilin fevralında Petroqradda döyüşlər və ya oktyabrda "qansız" bolşevik çevrilişi zamanı ölənlərdən daha çox adam həlak olmuşdu. Meyitlərin sayı isə o qədər çox idi ki, onların şəhərin küçə, həyət və evlərindən yığışdırılması bir neçə gün davam etmiş və bu iş müxtəlif şəxslərdən ibarət ayrı-ayrı dəstələr tərəfindən görülmüşdür. Sənədlərdən aydın olduğu kimi, müsəlmanların çoxlarının meyitləri həm hadisələrin baş verdiyi günlərdə, həm də sonradan ermənilər tərəfindən yanan evlərin içindəki alova, quyulara və dənizə atılırdı...

Azərbaycanlı bolşevik S.M.Əfəndiyev yazırdı ki, mart hadisələri zamanı "daşnaklar yalnız müsavatçıları deyil, ümumiyyətlə bütün müsəlmanları qırırdılar. Hadisələrin gedişi elə vəziyyət yaratmışdı ki, Sovetin başında duran yoldaşlar - Şaumyan, Caparidze və başqaları, özləri daşnakların əsirinə çevrilmişdi". N.Nərimanov Şaumyana və Caparidzeyə yazdığı məktubunda qeyd edirdi ki, "bu hadisələr Sovet hakimiyyətini ləkələmiş və onu gözdən salmışdır", azərbaycanlıların "Hümmət" təşkilatının qəzeti isə yazırdı: "Biz, bolşevik olmaqla, eyni zamanda müsəlman yoxsullarının nahaq yerə axıdılan qanının cəzasız qalmasına imkan vermərik. Biz bütün gücümüzlə müsəlmanlara qarşı törədilən bütün o alçaqlıqları aydınlaşdırmağa çalışacağıq". Bununla bərabər, S.Şaumyan, hakimiyyətini bolşevik "Hümmət"in də qəbul etdiyi Bakı Sovetinin rəhbəri kimi, "müsəlmanlara qarşı alçaqlığın törədilməsində" şəxsən özünün və başçılıq etdiyi orqanın birbaşa rolunu heç gizlətmirdi və üstəlik, onu "erməni polkunun köməyindən istifadə etməyə" "vadar etmiş" əsas səbəbi açıq şəkildə göstərirdi: "Şəhərimizin milli tərkibi bizi qorxudurdu. Biz qorxurduq ki, mübarizə arzuolunmaz çalar ala bilər". "Vətəndaş müharibəsi nəticəsində yoxsul və evsiz- eşiksiz müsəlmanlar kütləsinin zərər çəkdiyini" etiraf etməyə məcbur olmasına baxmayaraq, Şaumyan elə oradaca qeyd edirdi: "... qələbə isə o qədər böyükdür ki, bu, gerçəkliyə az kədər gətirir". Lakin gerçəklik əslində o qədər qanlı və faciəli idi ki, heç kimi - nə Azərbaycan əhalisinin geniş təbəqələrini, nə də qonşu İranı, Türkiyəni, Türküstanı, Mərkəzi Asiyanı, Rusiyanın müsəlman hissəsini etinasız qoya bilməzdi. Ermənilər və bolşeviklər tərəfindən Bakıda dinc müsəlman əhalisinin kütləvi şəkildə qırılması bu ölkələrin ictimaiyyətində hədsiz hiddət oyatmışdı. Bütün Bakı cəmiyyəti, o cümlədən həmin "dəhşətlə dolu" günləri yaşamış qeyri-müsəlman əhali kimin təqsiri üzündən "tamamilə dinc bir şəhərdə belə bir şeyin necə baş verdiyini" aydınlaşdırmağa çalışaraq, mart qırğınlarını ən qızğın şəkildə müzakirə edirdi. Mübarizə aparan siyasi qüvvələrin özləri isə - bir tərəfdən bolşevik- erməni ittifaqı, digər tərəfdən "Müsavat" - artıq qanlı hadisələrin başlandığı andan bir-birini əhalinin ayrı-ayrı hissələri arasında silahlı qarşıdurma yaratmaqda ittiham edirdilər. Bu zaman "Cənubi Qafqazın müqəddəratı həll olunurdu gƏgər onlar Bakıda üstün gəlsəydilər, şəhər Azərbaycanın paytaxtı elan edilərdi... Müsəlman əksinqilabçı ünsürləri bütün Zaqafqaziyada vəziyyətə hakim ola bilərdilər. Əgər onların siyasi məqsədi - Zaqafqaziyanı Rusiyadan ayırıb Türkiyə protektorluğuna tabe etdirmək məqsədi nəzərə alınarsa - aydındır ki, Bakıda onlar qalib gəlsəydilər, Zaqafqaziya Rusiya üçün itirilmiş olardı" - deyən S.Şaumyan açıq şəkildə etiraf edirdi: "Biz bunu dəf etməli idik və biz ilk fürsətdən, atlı dəstəmiz üzərinə ilk silahlı hücum cəhdindən istifadə edərək bütün cəbhə boyu hücuma başladıq". Artıq təkcə bu etirafın özü "Müsavat" partiyasının mart hadisələrini törətməkdə ittiham olunmasını əsassız edir. Bu cür ittihamların əsassızlığını partiyanın lideri Məmməd Əmin Rəsulzadə də məntiqlə sübut edirdi: "Mart hadisələrində "Müsavat"ı günahlandırırdılar. Bu tamamilə əsassız idi, çünki müharibənin elan edilməsi üçün hər hansı fiziki qüvvəyə malik olmaq lazım idi ki, bu da "Müsavat"da yox idi". Mart hadisələri ərəfəsində azərbaycanlıların, o cümlədən "Müsavat"ın Bakıda və onun ətraf kəndlərində hər hansı iri hərbi birləşmələrinin olmadığı, sonralar 1918-ci ilin martında baş vermiş hadisələrin mahiyyətini araşdıran ilk sovet təhqiqatçıları da, tamamilə qərəzli mövqelərinə baxmayaraq, təsdiq edirdi. Məsələn, Bakıda mart hadisələrini yaşamış Britaniya konsulu Ronald Mak Donell mart hadisələrində erməni millətçi qüvvələrinin xüsusi rolunu qeyd edir və hesab edirdi ki, ermənilər olmasaydı, bolşeviklər heç vaxt müsəlmanlarla belə davranmağa cürət etməzdilər: "4 gündən sonra müsəlman gəmisinin tərksilah edilməsi səbəbindən bolşeviklərlə müsəlmanlar arasında münaqişə başladı, bu da mart qırğınları ilə nəticələndi. Ermənilər bolşeviklərlə birləşdilər və demək olar ki, müsəlmanları Bakıdan sıxışdırıb çıxardılar. Bu vaxt mən Erməni Milli Şurası qarşısında öz etirazımı bildirmişdim və indi də iddia edirəm ki, müsəlmanlara qarşı mübarizədə bolşevikləri dəstəkləməklə, onlar öz tarixlərində ən böyük səhvlərdən birini etmişlər... Bu siyasətə görə bütün günahı erməni siyasi təşkilatı "Daşnaksütun"un üzərinə qoymaq lazımdır. Ermənilərin dəstəyi olmasaydı, bolşeviklər heç vaxt müqavimət göstərən müsəlmanlara qarşı əməliyyatlara başlamazdılar".

 

Bakının Türk Ordusu

tərəfindən azad edilməsi

 

Qafqaz İslam Ordusu Komandanlığı Bakının düşmənlər tərəfindən ələ keçirilməsinə heç cür razı ola bilməzdi. Ona görə də, belə bir vaxtda Bakını xilas etməyə gələn Qafqaz İslam Ordusu, Bakıya yaxınlaşdıqca, Bakı Xalq Komissarları ətrafındakı siyasi qüvvələr də ayrılmağa, get-gedə parçalanmağa başlamışdı. Azərbaycan türklərinin milli mənafelərini təmsil etməyən bu dairələr, Bakının əldən çıxacağı təqdirdə, etdikləri qırğın və zorakılıqların hesabını verməkdən qorxurdular. Bu vəziyyətdən çıxış yolu axtarmağa başladılar. Şaumyana müxalif dairələr, ingilis ordu birləşmələrinin Bakıya gələrək, türklərə qarşı vuruşmasının yeganə çıxış yolu olduğu qənaətinə gəldilər.

Bakı istiqamətində irəliləyən Türk orduları, şəhərin ətrafındakı mühasirəni get-gedə daraldırdı. Bakıda böyük bir gərginlik hökm sürürdü. Düşmən təyyarələri tez-tez havaya qalxır, Türk orduları üzərində kəşfiyyat uçuşları edirdi. Bakıda 32 batalyonluq Rus bolşevik və erməni daşnak qüvvələri toplanmışdı. Böyük bir qorxu içərisində olan Qızıl Ordu birlikləri bu sayın az olduğunu düşünürdülər. Cəngibostan bölgəsində əsir alınan ingilis zabitinin verdiyi ifadəyə görə, ingilislərin kömək təklifini daha əvvəl rədd edən bolşeviklər, bu dəfə onlardan kömək istəmişdilər. Ancaq Qəzvində olan General Deustervil, bunun mümkün olmayacağı cavabını vermişdi. Bolşeviklər, daha sonra, bəzi erməni qrupların da təkidi ilə təkrarən İranda olan ingilislərdən kömək istədilər. İngiltərə bolşevizmə, onların dünyagörüşünə qarşı idi. Lakin Bakının Türk Qafqaz İslam Ordusunun əlinə keçməsini də istəmirdi. Bakıda bir də, bolşeviklərə qarşı olan və çarizm tərəfdarı rus kazakı podpolkovnik Biçeraxovun orduları var idi.

22 iyulda Biçeraxov komandirlik vəzifəsindən ayrıldığını və öz yerini də Avetisova verdiyini bəyan etdi. Biçeraxov Bakının müdafiəsinə isə kömək edəcəyini bildirirdi.

Ələt və Hacıqabul ətrafında min nəfərlik bir bolşevik qüvvələri toplanmışdı. Bakıda olan Biçeraxova tabe qüvvələr Bakının şimalındakı Biləcəri stansiyasında müdafiə tərtibatı almışdılar. Bakı istiqamətində Biçeraxovun Qızıl Ordu birliklərinə kömək edəcəyinə inam son dərəcə az idi. Biçeraxovun orduları bəzi hallarda Qızıl Ordu birlikləri ilə kiçik çaplı da olsa, silahlı münaqişəyə girirdilər. Biçeraxovun Dağıstana getmək üçün hazırlıq gördüyü də gələn xəbərlər içərisində idi. Bakıya Biçeraxov ilə birlikdə dörd ingilis zabiti və əlli əsgər gəlmişdi. Yanlarında zirehli maşın və yük maşınları da vardı. Bakıya köməyə gələcək əsl birliklər bundan sonra Ənzəlidən yola çıxacaqdılar. Əsir ingilis zabitinin verdiyi məlumata görə, Şaumyan ilə bəzi bakılı ermənilər arasında ciddi bir anlaşılmazlıq ortaya çıxmışdı. Yerli ermənilər Türk Ordusu ilə sülh imzalamaq istəyirdilər. Buna görə də iki qrup arasında şiddətli bir mübahisə və münaqişə yaşanırdı.

Şaumyan hökumətinin Türk Qafqaz İslam Ordusunun qarşısını kəsmək üçün göstərdiyi cəhdlər bir nəticə vermirdi. Rus bolşevik və erməni daşnak birliklərində fərarilik günü-gündən artırdı. Bakı hərbi komissarı Petrov, Şaumyan və Karqanova 24 iyulda cəbhədən göndərdiyi məktubda bolşevik Sovet əsgərləri arasında olan vəziyyəti bu cür təsvir etmişdi:

"Mən başa düşə bilmirəm, insanların "xalq azadlığı yolunda canlarını fəda etmək" kimi böyük bir mübarizəyə getdiyi cəbhəyə düşmüşəm, yoxsa Allah bilir, haraya gəlmişəm. Amirov ilə Hamazasp öz tabeliklərində olan süvariləri cəbhədən çəkmək istədilər. Mən də onlara, "Cəbhədəki əsgərlər yeni qüvvələrlə əvəz olunmayana qədər cəbhədəki əsgərlərin çəkilməsi, cəbhəni boşaltmaq məğlubiyyət deməkdir, əgər belə olarsa, mən də vəziyyəti Moskvadakı Xalq Komissarları Sovetinə bildirəcəyəm."

5 avqust 1918-ci il tarixində Qafqaz Ordusunun Şimal qrupu Bakının cənub-qərbindəki Bayıl yüksəkliklərini ələ keçirərək, şəhərə daha da yaxınlaşdı.

Qafqaz İslam Ordusu, düşmən birliklərinin telefon danışıqlarını da dinləyirdi. Bunlardan birindən başa düşüldüyü qədərincə, türklərin şəhərə girməsi halında mümkün olan yol və istiqamətlərin top atəşinə tutulması kimi tədbirlərdən söhbət gedirdi. Başqa bir dinləmədə də şəhəri qorumağa çalışan düşmən qüvvələrinin sol və sağ cəbhələrinin süqut etmək üzrə olduğu məlum oldu. Buna görə adının podpolkovnik Əzizov olduğu bildirilən bir bölük komandiri, Bakının müdafiəsini idarə edən general Kornilovu təcili telefona çağırırdı. Əzizov müdafiə xətlərinin qırıldığını və türk əsgərinin şəhərə girmək ərəfəsində olduğunu bildirərək, bu vəziyyətdə nə edəcəklərini soruşurdu. Bu və buna bənzər məlumatları vaxtında qiymətləndirən Şərq Cəbhəsi Komandanı Mürsəl paşa, vəziyyəti Nuru paşaya vaxtında çatdırır və hücumun planlaşdırılan şəkildə uğurla davam etdiyini söyləyirdi. Türk ordusu, Bakının yandırılıb-dağıdılmasını, xaraba olmasını istəmədiyi üçün, şəhərin ziyan vurulmadan alınacağına olan ümid getdikcə artırdı...

Qafqaz İslam Ordusunun Bakıya yürüş planı 15-ci piyada diviziyasının yardıma gəlməsiylə, Qafqaz İslam Ordusu Komandanlığı 10 sentyabrda bir əmr yayaraq, cəbhədəki bütün hərbi birləşmələrin hücum hazırlığına başlamasını tələb etdi. Şərq Cəbhəsi Komandanlığı və buna tabe olan şimal Qrupu ləğv edilərək, hərəkata başçılıq edəcək Qafqaz İslam Ordusunun tabeliyinə verildi. 5-ci Qafqaz piyada diviziyasında Mürsəl paşa, 15-ci piyada diviziyasında podpolkovnik Süleyman İzzət bəy, Cənub Qrupu hərbi birliklərinə isə polkovnik (albay) Cəmil Cahid bəy komandanlıq edəcəkdi. Podpolkovnik Həlim Pərtəv bəy də Cənub Qrupu tabeçiliyində olan Azərbaycan Türklərindən təşkil olunmuş milislərdən ibarət 4-cü alayı sövq və idarə edəcəkdi. Qafqaz İslam Ordusu Qərargahı ilə 5-ci Qafqaz piyada diviziyasının qərargahı Güzdəkdə, 15-ci piyada diviziyasının qərargahı isə Binəqədidə olacaqdı.

Bakı hücumundan əvvəl şəhərdə əhval-ruhiyyələr xeyli fərqli idi. Şəhərdəki türklər səbirsizliklə Türk Qafqaz İslam Ordusunun hücuma keçməsini gözləyirdi, rus, erməni və ingilislər isə təlaş içində idilər.

Hücum hazırlıqlarının başa çatdığını görən Qafqaz İslam Ordusu Komandanı Nuru paşa, 13 sentyabr 1918-ci il tarixində diviziya komandanlıqlarına göndərdiyi əmrdə, 14 sentyabr gecə saat 02.00-da hücumun başlayacağını bildirdi.

Xəlil paşa Bakıya edilən hücumun ilk günü döyüş meydanında gördüklərini və yaşadıqlarını bu cümlələrlə ifadə edir: "Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünə məxsus qışqırıqları (Allah, Allah) ilə qumbara və süngü hücumuna başlanıldı. Hücum qoluna sağdan və soldan həmlə edən düşmən ehtiyat qoşunları, "qəmə" şəklində irəliləyən türk birliklərinin sağa-sola açdığı yaylım atəşləri ilə geri oturdulurdu".

Bakı hücumunun birinci günündə türk əsgərinin düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi, general Deustervili heyrətə gətirmişdi. O, xatirələrində bunları belə qeyd edir:

"İnanmaq mümkün deyil. Cəbhəmizin ən güclü xətti türklər tərəfindən ələ keçirilmişdi. Həm də türklərin hücuma keçəcəyinin bütün birliklərə xəbər verilməsinə baxmayaraq, işğal edildi. İnanmaq çətin olsa da, mövcud vəziyyət belə idi. Cəbhədəki bütün üstünlüklərin bizim tərəfimizdə olmasına baxmayaraq, hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrimizin artıq nəsə edə biləcəyinə ümid qalmamışdı. Bu vəziyyətdə üzərimizə düşən əsl vəzifə, geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq idi".

İkinci Bakı hücumunda Azərbaycan milislərinin gücündən də kifayət qədər istifadə olundu. Maştağa dəstəsi Qışla məntəqəsini döyüşsüz ələ keçirdi. Zehni bəyin dəstəsi isə Zığ təpələrinə sığınan iki yüz erməni daşnak və bolşevik rus əsgərinə böyük ziyan vurdu və geri oturdaraq şəhərin şərq tərəfini tamamilə öz nəzarəti altına götürdü. Ləzgi süvari alayı da nəzarət və mühafizə tapşırığı ilə Zığ təpələrində yerləşdirildi.

Bakı küçələrində saat 15.00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Artıq təslim olmaqdan başqa çarələri qalmamışdı. Hələ 14 sentyabrda Bakının kənar məhəllələrinə girən türk əsgəri, tələfat verməmək üçün irəliyə hərəkəti dayandırmışdı. Türklərin şəhərə girmək istədiyini görən ingilislər, gəmilərə minərək səhər saatlarında Bakıdan qaçmışdılar. Erməni və rus komandirləri ilə şəhər rəhbərləri də gəmilərlə qaçırdılar. Buna görə də birləşmiş düşmən qüvvələrində böyük bir çaxnaşma meydana gəlmiş, cəbhələri və qoşunları tamamilə dağılmışdı.

Türklərin Bakıya girməsi xəbəri, Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşaya 16 sentyabr 1918-ci il tarixində bildirildi. Nuru paşanın bununla bağlı şifrə teleqramı belə idi:

"Allahın yardımı ilə Bakı şəhəri otuz saat davam edən şiddətli müharibədən sonra 15.09.334-də saat 9 radələrində zəbt edilmişdi. Bütün ordunun, xüsusilə minbaşı Fəhmi bəyin komandası altındakı 56-cı alayın qəhrəmanlığı təqdirəlayiqdir. Təfsilat ərz olunacaqdır. - N 424-".

Azərbaycanın və Bakının düşmən işğalından qurtuluşu münasibəti ilə Hərbiyə Naziri və Baş Komandan vəkili Ənvər paşa ilə bir çox dövlət nümayəndələri, 29 yaşlı gənc komandir Nuru paşanın şəxsində türk əsgərini bu uğur münasibəti ilə təbrik etmişdi. Ənvər paşa Şərq Orduları Qrupu Komandanı Xəlil paşa ilə yanaşı Nuru paşaya da məxsusi bir mesaj göndərmişdi. Mesajda belə deyilirdi":Böyük Turan İmperiyasının Xəzər kənarındakı zəngin bir qonaq yeri olan Bakı şəhərinin fəthi xəbərini böyük şadlıqla qarşıladım. Türk və İslam tarixi sizin bu xidmətinizi unutmayacaqdır. Qazilərimizin gözlərindən öpürəm, şəhidlərimizin ruhuna fatihə ithaf edirəm."

Bakının azad edilməsi istər şəhərin tarixində, istərsə də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə olmaqla müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni bir dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisənin birinci ildönümündə "Azərbaycan" qəzeti yazırdı: "Əgər 28 may tarixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 sentyabr gününü, Azərbaycan qoşunlarının və Azərbaycan hökumətinin Bakıya daxil olduğu günü dövlət quruluşunun bünövrəsinin və əsaslarının qoyulması günü kimi hesab etmək olar".

Beləliklə, 1918-ci ilin mart-aprel aylarında Bak?, ?amax?, Quba, L?nk?ran, Salyan,Göyçay, Muğan, Hacıqabul və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Bu cür qanlı hadisələrin bir daha təkrarlanmaması üçün xalqımız milli birlik nümayiş etdirməli və hər zaman çətin anlarımızda harayımıza yetişən Türk xalqının yanında yer almalıdır.

 

Camal ZEYNALOĞLU

Ədalət.-2016.-30 mart.-S.4.