Azərbaycan poeziyasının Vurğunu

 

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, qələmi, ictimai fəaliyyəti ilə özünün ədəbi məktəbini yaratmış Səməd Vurğunun 110 illiyi qeyd olunur. Poeziyaya, sənətə vurğun olan bu söz dahisi ölkənin bütün ədəbi qurumlarında, təhsil ocaqlarında anılır. Martın 29-da isə Azərbaycan Yazıçılar Birliyində (AYB) Səməd Vurğunun anadan olmasının 110 illik yubileyi münasibətilə qələm adamları bir araya gəldilər. Adalet.az xəbər verir ki, öncə xalq şairinin Fəxri Xiyabanda məzarı ziyarət edildi. Daha sonra qurumun "Natəvan” klubunda Azərbaycanın ilk xalq şairi, əməkdar incəsənət xadimi olan Səməd Vurğun yaradıcılığı, şəxsiyyəti bir daha xatırlandı.

AYB sədri, xalq yazıçısı Anar tədbiri açaraq diqqətə çatdırdı ki, Səməd Vurğun Azərbaycan ədəbiyyatında özünəməxsus yer yutub. Onun qələmindən çıxan şeirlərin, poemaların çox hissəsi uşaqlı-böyüklü hər kəsin dilində əzbərdir. Azərbaycan xalqının ədəbi düşüncəsi, bədii təfəkkür ənənəsi Səməd Vurğun poeziyasında öz yüksək haqqını alıb.

Daha sonra xalq şairi Fikrət Qoca çıxış edərək Səməd Vurğunun Azərbaycanı təkcə keçmiş Sovetlər Birliyində deyil, bütün dünyada layiqincə təmsil etdiyini vurğuladı: "Səməd Vurğunun təkcə tarixi poemaları həmin dövrün bütün xüsusiyyətlərini, mənzərəsini müfəssəl şəkildə gözümüzün önünə gətirir. Əfsuslar olsun ki, son zamanlar bu böyük insana qarşı haqsız iradlar, qərəzli münasibət sərgilənir. Kimliyi bilinməyən gənc yazarlar, hansı düşüncəyə xidmət etdiyi anlaşılmayan saytlar vaxtaşırı Səməd Vurğun haqqında xoşagəlməz fikirlər ortaya ataraq böyük şairin yaradıcılığına kölgə salmaq istəyirlər. Halbuki onun yaradıcılığından cəmi bir-iki şeir oxumaqla, Azərbaycan ədəbiyyatına olan xidmətlərindən xəbərsiz halda ucuz şöhrət axtarırlar. Bu mənəvi terrordur və qarşısı mütləq alınmalıdır”.

 

 

 

Azərbaycanın siyasi və dövlət xadimi, diplomat, alim Həsən Həsənov Səməd Vurğun yaradıcılığına olan sevgisindən söz açdı, xatirələrini tədbir iştirakçıları ilə bölüşdü: "Səməd Vurğun elə bir şairdir ki, onun qələmindən çıxan şeirləri oxumaqla təkcə ədəbi zövq alınmır, həm də səlis Azərbaycan dilini, ifadəliliyini formalaşdırmaq mümkündür”. Həsən Həsənov həmçinin ulu öndər Heydər Əliyevin də Səməd Vurğun yaradıcılığını təqdir etdiyini, şairin yubiley mərasimlərini xüsusi qayğı ilə təşkil etdirdiyini diqqətə çatdırdı.

Milət vəkili, filologiya elmləri doktoru Nizami Cəfərov Səməd Vurğun yaradıcılığından bəhs edərək, onun ədəbi nümunələrinin  zəngin olduğu qədər sadəliyini də vurğuladı: "Onun "Azərbaycan” şeiri qədər heç bir obraz, metafora, epiteti olmayan ikinci bir şeir tapılmaz. Sadə, xalq dilində olan sözlərdir, amma dili intonasiyalıdır, ruhu oyandırır. Səməd Vurğununu fərqi, üstünlüyü də elə bu idi. Səməd Vurğun haqqında yazmaq, onu təhlil etmək çox çətindir, çünki onun təhlilə ehtiyacı yoxdur, sözlərin, ifadələrin sadəliyi özü özünü açır. Onun yaradıcılığının düşüncə kökləri, coğrafiyası çox genişdir”.

Tədbirdə AYB-nin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi, ədəbi tənqidçi Vaqif Yusifli, şairə, ədəbiyyatşünas Gülxani Pənah və başqaları çıxış edərək Səməd Vurğunun Azərbaycan ədəbiyyatında əfsanələşdiyini, əbədiləşdiyini bildirdilər. Qeyd olundu ki, Səməd Vurğun həm də gözəl dramaturq, tərcüməçi idi. Onun təkcə "Vaqifpyesi ilə Azərbaycan səhnəsində neçə-neçə peşəkar aktyor yetişib. Səməd Vurğun Aleksandr Puşkinin məşhur "Yevgeni Onegin”, Nizami Gəncəvinin "Leyli və Məcnun” poemalarını elə mükəmməl tərcümə edib ki, oxucu bu əsərlərin sanki Azərbaycan dilində yazıldığını zənn edir. Qeyd olundu ki, görkəmli şair eyni zamanda mütəfəkkir, dərin düşüncə sahibi olub. Gənclərə xüsusi qayğısı ilə seçilib.

Tədbirdə həmçinin Səməd Vurğun yaradıcılığından ən məşhur şeirlər səsləndirildi.

 

Şəfiqə ŞƏFA

Ədalət.-2016.-30 mart.-S.4.