PƏNAH XAN MƏRKƏZ KİMİ NİYƏ AĞDAMI SEÇMİŞDİ!

 

Bildiyiniz kimi, artıq bir çox nazirliklər özlərinin regional təşkilatlarını yaradırlar bu regional strukturlar həm idarəetməni asanlaşdırır, həm bir çox üstün cəhətləri var.

Amma bu regional təşkilatlar yarananda mərkəz düzgün seçilməlidir.

Məsələn, Təhsil Nazirliyinin Qarabağ üzrə regional idarəsi Tərtərdə yerləşir. Bura daxildi Füzuli, Xocavənd, Beyləqan, Laçın, Ağcabədi, Ağdam, Tərtər deyəsən, Bərdə. Əslində mərkəz Ağcabədi olmalıydı. Niyə? Füzuli ilə Tərtərin arası təxminən 190-200 kilometrdi. Deməli, təhsil işçisi hər hansı bir problemini həll etmək, ya sənəd üçün, ya bilim üçün Füzulidən Tərtərə getməlidi ya Xocavənddən ya Beyləqandan. Bir günü batdı getdi, həm yol xərci, yemək xərci bunu da gəl üstünə. Həmin idarə Ağcabədidə yerləşsəydi düz mərkəzə düşürdü. Kilometrlə deyim, Füzuli-Ağcabədi təxminən 90-100 kilometr, Tərtər-Ağcabədi 90 kilometr, Beyləqan-Ağcabədi, Xocavənd-Ağcabədi 40-50 kilometr, Ağdam-Ağcabədi təxminən elə sair ilaxır.

Hələ gec deyil, Təhsil Nazirliyi bu haqda fikirləşə bilər. mən bunu heç yerliçilik hissi ilə yazmıram. Mənim üçün Ağdam, Ağcabədi qədər doğmadısa, Füzuli qədər doğmadısa Tərtər bir o qədər doğmadı.

Mədəniyyət Nazirliyi özünün regional təşkilatına mərkəz kimi Ağcabədini seçib mətbuatda oxudum ki, ağdamlılar buna çox ciddi etiraz ediblər, hətta müəyyən təşkilatlara müraciətlər ünvanlayıblar. Səbəb onu göstəriblər ki, sənət ocağı Ağdam ola-ola niyə regional mədəniyyət idarəsi Ağcabədidə yaradılıb? İnanıram ki, bu, Ağdam camaatının bütövlükdə fikri deyil, hansısa müəyyən qrupların işidi. Əvvəla, Mədəniyyət Nazirliyi düzgün seçim edib. Deyəsən, üç rayon baxır bura: Laçın, Ağdam, Ağcabədi. Ağcabədi bu üç rayonun ortasındadı. Yəni əlverişli bir yerdi.

İkincisi, məsələni o cür qoymaq olmaz ki, sənət Ağdamdadı. Ağcabədi böyük bir mədəniyyət ocağıdı. Ən azı Üzeyir Hacıbəyovun vətənidi. Hələ mən Dədə Qorqudu, Füzulini, Aşıq Vəlini demirəm. Ağcabədi Pənah xanın doğulduğu torpaqdı. Mirzə Cəlilin ömür-gün yoldaşı, Azərbaycanın görkəmli ziyalısı Həmidə xanımın vətənidi. Mütəllim əminin, Yaqub əminin, İsi Məlikzadənin vətənidi , Ənvər Əhmədin, Əhməd Elbrusun vətənidi.

Ümumiyyətlə, belə yanaşma düz deyil. Azərbaycanın hər bölgəsi tarixə böyük şəxsiyyətlər, böyük kişilər, böyük alimlər, böyük sənət adamları veriblər, təbii ki, Ağdam da elə Ağdamdı.

Ağdamlılara bir məsələni xatırladım. Əzizlərim, Fövqəladə Hallar Nazirliyinin regional idarəsi sərəncamla Ağcabədidə yaradılmalıydı, amma Ağdamda yaradıldı. Amma onda ağcabədililər üsyan eləmədilər ki, niyə dövlətin sərəncamına əməl edilməyib niyə bu Ağdamda yaradılıb.

Orda ən əsas bir səbəb vardı. Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi niyə bu qərara gəldi?

Ağcabədi yerində oturmuş bir rayondu. İnkişafı da göz qabağında, həm abadlıq-quruculuq baxımından, həm yerlərinin açılması baxımından. Ağdam isə yerində deyil Quzanlı da o zaman bir qəsəbə idi, indi şəhər statusu alıb, elə inkişaf etməmişdi abadlıq-quruculuq baxımından, yerlərinin açılması baxımından.

Nazirlik Quzanlını ona görə seçdi ki, o qəsəbənin infrastrukturuna öz təsirini göstərsin. Həm orda gözəl möhtəşəm bir bina tikdi, gözəl bir park saldı, parkda Ulu Öndərin büstünü ucaltdı, yüzdən artıq, dəqiq rəqəmi bilmirəm, daha çox yeni yerləri açıldı bu idarəyə həm təkcə ağdamlılar deyil, Quzanlıya yaxın Ağcabədi kəndlərindən mütəxəssislər cəlb edildi. Qəsəbəyə bir şur gətirdi. Neçə rayondan insanlar Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə daxil olan məsələlərlə bağlı Quzanlıya gəlməyə başladılar. Şəhərin ab-havası dəyişdi.

onu da qeyd edim ki, regional idarənin Ağcabədidə deyil, Ağdamda yaradılmasında mənim müəyyən qədər rolum oldu. Amma ağcabədililər bunu bilsələr məndən küsmədilər.

Əzizlərim, canım-gözüm ağdamlılarım, kimlərinsə təxribatına uymayın.

sonda. Qarabağ tarixindən.

Qarabağ xanlığının paytaxtı Şuşa şəhəriydi. Amma Pənah xan xanlığın mərkəzi kimi Ağdamı seçmişdi. Ağdam şəhərinin inkişafı üçün müxtəlif sərəncamlar vermişdi. Məsələn, sərəncamlardan biri bu idi ki, kim Ağdam şəhərinə yatırım yapsa vergidən azad olunur. Bura sənətkarlar daxil idi, tacirlər daxil idi, faytonçular daxil idi, zərgərlər daxil idi, silah-sursat düzəldənlər daxil idi sair ilaxır. Ona görə Qarabağın bütün bölgələrindən hamı Ağdama axışdı. Ağdam bir şəhər kimi sürətlə inkişaf elədi. Özü vəsiyyət elədi ki, mən öləndə məni Ağdamda basdırın. Niyə Bayatda yox, Ağdamda?! Bilirdi ki, onun məzarı ziyarətgaha çevriləcək, bu da Ağdam şəhərinə bir müqəddəslik gətirir.

Niyə Ağdamı seçdi? Ağdam Qarabağın düz mərkəzindədi. Ağdamdan Laçına 70 kilometr, Yevlaxa 70 kilometr, Füzuliyə 48 kilometr, Ağcabədiyə 48 kilometr, Bərdəyə 48 kilometr (qəribədi), Şuşaya 37 kilometr, Ağdərəyə 37 kilometr, Xankəndinə 25 kilometr, Kəlbəcərə 90 kilometr, Goranboya 70 kilometr. Yəni bütün qarabağlılar üçün ən əlverişli bir nöqtə.

Bunu da ona görə qeyd elədim ki, regional strukturlar yaradan nazirliklər və komitələr Pənah xanın bu təcrübəsindən öyrənsinlər və bəhrələnsinlər.

 

AQİL ABBAS

Ədalət.-2016.-2016.-16 noyabr.-S.1-2.