"DƏRVİŞ"

 

Şair-publisist Qiymət Məhərrəmli yeni kitabının adını "Dərviş" qoyub. Burada söhbət heç də hansısa bir dərvişdən, haqq yolçusundan getmir. Həyatı, əməlləri, yaradıcılığı ilə dərvişləri xatırladan bir insandan - Giya Raçxataşvilidən bizə söz açır. Mənşəcə gürcü olan Giya Paçxataşvili Qax rayonunun Qax-Gürcü kəndində doğulub. Lomonosov adına MDU-nun jurnalistika fakültəsini bitirib. Həm gürcücə, həm də Azərbaycanca şeirlər yazan Giya Azərbaycan, GürcüstanRusiya Yazıçılar Birliklərinin üzvüdür. Onu Azərbaycan, rusgürcü ədəbi ələqələrinin yorulmaz təbliğatçısı hesab etmək olar, belə ki, bu vaxtadək Azərbaycan dilindən rus dilinə 30, gürcü dilinə bir neçə kitab tərcümə edib. Giya bir insan kimison dərəcə maraqlı adamdır və Qiymət xanım bu vaxtadək onunla neçə müsahibə çap etdirib. "Dərviş" kitabında da bütün varlığı ilə Azərbaycanı sevən, onun söz sənətinə heyran kəsilən Giyanın ədəbi portreti canlandırılıb.

Əvvəlcə Qiymət xanımın Giya Paçxataşviliyə verdiyi dəqiq qiymətlə tanış olaq: "Ona "Azərbayjan ədəbiyyatının dostu" deyirlər çox zaman.

Zənnimcə, bu qeyri-dəqiq ifadə şamil edildiyi insanın üzərinə götürdüyü missiyanı heçtam olaraq özündə ehtiva eləmir. Çünki Giya Paçxataşvili adlı ruh, könül adamı nəinki sadəcə Azərbaycan ədəbiyyatının dostudur, daha dəqiq desək, bu ədəbiyyatın dərvişi, ozanı-külüngçalanıdır həm dəgböyük şairdir bizim Givi, eyni zamanda misilsiz tərcüməçidir. Jurnalist kimi, publisist kimimisilsizdir. Azərbaycan, gürcürus dillərinin bütün incəliklərinə vaqif olduğundandır ki, yazdığı hər şeir, bir dildən başqa dilə çevirdiyi hər poeziya nümunəsigbütöv bir yaradıcılıq nümunəsi kimi ərsəyə gəlir". Qiymət xanımın təriflərində bəlkə də "böyük şair", "misilsiz tərcüməçi" ifadələri kimlərisə qıcıqlandıra bilər, o ifadələri "istedadlı" sözü ilə əvəz etsək, daha dəqiq olar. Bəli, Giya istedadlı insandır. Bir şair kimi də, tərcüməçi kimi də.

Qiymət xanım, ilk növbədə, Giyanın Azərbaycana, doğulduğu torpağa bağlılığını ön plana çəkir. Misallar çoxdur. Birini göstərək. Doxsanıncı illərin o məlum hadisələri zamanı Giya Azərbaycan xalqının başına gətirilən bütün müsibətlərə ürək yanğısı ilə şeirlər həsr edirdi. Qətiyyətlə deyirdi ki:

 

Lazımsa, mən gəlim düşüm qabağa,

Məni bir qılınctək ora buraxın.

Haydı, igidlərim, düz Qarabağı!

Qeyrət məqamıdır, ayağa qalxın!

 

Givi Paçxataşvili Azərbaycan ədəbiyyatı, xüsusilə, müasir yazarlarımızın yaradıcılığınıa yaxşı bələddir və özü də Azərbaycan dilində gözəl şeirlər yazır. Kitabda o şeirlərdən xeyli nümunələr verilir və baxıb görürsən ki, Giya Paçxataşvili bizim dilin incəliklərinə necə bələddi. Həm də müasir poeziyamızda baş verən prosesləri dəı gözəl bilir. "Sükutun rəngləri" adlı bir şeiri var, onu içində Azərbaycan poeziyasına vaqif olan bir şair yaza bilər.

Sükutun qara rəngi-

zil qaranlıq gecədir,

Mavi rəngində sükut

qız gözündən incədir.

Yaşıl rəngində sükut-

əlçatmaz bir adadır.

Qırmızı rəngli sükut-

qəlbə dolmuş qadadır.

Bəyaz rəngli sükut da-

kəfəndəki həyatdır.

Sükutun əlvan rəngi-

ömürlə zarafatdır.

Rəngi olmayan sükut-

səssizliyin gurudur.

Odlara yaxan sükut-

göydən baxan Allahdır.

Ümid rəngində sükut-

açılan xoş sabahdır.

Şairlərin sükutu-

əzablarla görüşdü.

Səssizliyin dadlısı-

ölümlə son öpüşdü.

 

Müəllifi əvvəlcədən məlum olmasa, hamı deyəcək ki, bu şeiri Azərbaycan şairi yazıb. Əslində, millətindən asılı olmayaraq bizim dilimizdə gözəl şeirlər yazan hər müəllifə Azərbaycan şairi deyə bilərik. Təbii ki, o şeirdə Azərbaycan ruhu olsun.

Kitabda ayrıca "Müsahibələr" bölməsi var. Qiymət xanımın bir neçə dəfə Giya ilə həmsöhbət olmuş, onun həyatı, taleyi, yaşadığı mühit, yazıçılarımızla dostluq münasibətləri, çevrəmizdə baş verən hadisələrlə bağlı suallar vermiş bu müsahibələr Giyanın ədəbi insani portretini daha mükəmməl canlandırmağa yardımçı olmuşdur. Bəzi cavabları oxucuların nəzərinə çatdırıram.

-Əslində, sadaladığınız insani peşəkarlıq keyfiyyətlərinin zirvəsində dayanan bir Givi var - o da Azərbaycan mənəviyyatının ədəbiyyatının dostu Giya Paçxataşvilidir. sözün əsil mənasında onun qəlbində yurd salmış yazıçıların ittifaqının da əsas meyarı insanlıq sənət məhrəmliyidir.

-Orta ali təhsilimi rus dilində almışam Azərbaycan ədəbiyyatına məni bağlayan dostum Fikrət Mursaqulov olub. O, Gürcüstanın elə bölgəsində doğulmuşdur ki, orada türkçülük, Azərbayjan mənəvi-estetik dəyərləri insanı cəlb etməyə bilməzdi.

-2003-cü ildə Azərbaycan Dövlət Televiziyası haqqımda " adam" sənədli filmini çəkmişdir. 2005-ci ildə isə İctimai Televiziya "Sözün sehri" verilişini mənim bədii yaradıcılığıma həsr etmişdir.

-Mən Vətənə, dostlara xəyanət edib başqa ölkələrin gəlişigözəl təkliflərinə uyub Azərbaycandan gedə bilməzdim. Çünki, mənə görə, hələ məmurlar dövlət strukturları Azərbaycan demək deyil.gƏdəbiyyat, zəngin mənəviyyat dostlara bağlılıqdır mənimçün Azərbaycan.

Kitabda Giya Paçxataşvilinin dostları mərhum həyat yoldaşı Lamara xanımla bağlı əsil sevgisi haqqında da maraqlı məlumatlarla tanış oluruq. Giya-Lamara sevgisi lap məhəbbət dastanlarında olduğu kimi qibtəediləndir. Oxuyuruq: "Aşiq Givi Lamaranın ölümünə ölümsüz şeirlər yazdı. Xanımının müqəddəs ruhuna ithaf olunmuş "Son-Əvvələ gedən yol"da bu şeirlərin çox az qismi toplanıb.

 

Sənsizliyə söykənmişəm,

Sənsizlikdən tükənmişəm.

Sənin acı tikənmişəm,

Lamara.

 

Əldən düşüb halım, heyim,

Sənsizlik-acı gileyim.

Mənzilim-sevgi muzeyim

Lamara.

 

Dostum-ağlayan varağım,

Sənsizliyim-ağ bayrağım.

Lamara.

 

"Dərviş" kitabı Azərbaycanın və Azərbaycan şairlərinin dostu Giya Paçxataşvili haqqında dolğun bir əsərdir və Qiymət Məhərrəmli doğrudan da belə bir kitabı nəşr etməklə Azərbaycan-Gürcü ədəbi əlaqələrinin canlı bir körpüsünü bizə təqdim edib.

 

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Ədalət.-2016.-25 oktyabr.-S.3.