DAHA BİR İTKİ

 

Yəqin hamı Xalq yazıçısı Anarın "Evləri köndələn yar" televiziya tamaşasına baxıb. O tamaşada ikinci dərəcəli bir rol var - Şair. Bazarkom Nadirin (Səyavuş Aslanın) yanına balıq almaqdan ötrü gələn, özü ilə hələ üstündən mətbəə qoxusu getməmiş "150 qramlıq" ilk şeirlər kitabını da gətirən "fağır, məzlum", amma iddiası böyük Şair. O Şairi bir də tamaşanın sonunda - elçilik mərasimində görürük. O "mərasim"də Səyavuş Aslan, Səməndər Rzayev, Hamlet Qurbanov, Yaşar Nuri, Elxan Ağahüseynoğlu kimi gözəl sənətkarları gördük (Allah hamısına rəhmət eləsin!). İlham Namiq Kamal var idi (Ömrü uzun olsun). Və Şairin gülüş doğuran, amma reallığı əks etdirən oyunu heç yaddan çıxandımı? Anar müəllim sonralar "Evləri köndələn yar"ın personajlarını bir daha səhnəyə gətirdi. O Şairi birgördük, amma bu dəfə epizodik yox. "Evləri köndələn yar"dakı Şair heç dəyişməmişdi, amma əsl şair kimi yox, lağlağı obyektinə çevrilən, mənasız, məzmunsuz sicilləmələri ilə özünü külünc vəziyyətinə salan qrafoman Şair...

Birbaşqa bir tamaşanı xatırlayaq. Vaqif Səmədoğlunun "Yaşıl eynəkli alam" tamaşasını. Burada adi bir milis işçisi obrazı. Sırf komik obraz. Çiyni paqonlu, amma əslində, taleyi rəisindən asılı daxilən məzlum bir insan. Heç unudularmı?

Ancaq yadınıza salım ki, o tamaşalardan xeyli əvvəl bu rolu oynayan aktyoru "Xor-Xor" kimi tanımışdıq. Sultan Məcid Qənizadənin eyni adlı əsərində baş rolun ifaçısı kimi.

Nəhayət, İsi Məlikzadənin "Qatarda" televiziya tamaşasında nar satan oğlan-bu da həmin aktyor idi. "Nar var ha, nar" və başlayır bülbül kimi ötməyə. İstəsəniz, daha neçə belə obrazları xatırlaya bilərəm. Teatrda, kinoda, televiziya tamaşalarında...

Deyəsən, tanıdınız. Axı, necə tanımaya bilərsiniz? Bütün Azərbaycanda bu sifətdə, bu görkəmdə ikinci bir aktyor yox idi. Siz onu təsadüfən küçədə, metroda, bulvarda, oradakı məşhur çayxanada da görürdünüz. Əynində həmin o şairin gödəkçəsi, gülümsünəndə dişləri par-par parıldayır, üzündə-gözündə bir uşaq məsumluğu.

İndi o yoxdur. Dekabrın 21-də dünyasını dəyişdi. Respublikanın Əməkdar artisti Ələsgər Məmmədoğlu. Səhnəmizin daha bir fədaisi - əlli ilə yaxın Akademik Milli Dram Teatrının səhnəsində yorulmadan çalışan, teatrı öz doğma ocağı sanan Ələsgər Məmmədoğlu. Həmişə üzünə-gözünə öyrəşdiyimiz, bizi gülüşüylə ovunduran Ələsgər. Elə bilirəm, onun qəfil vəfatı təkcə sənət dostlarını deyil, yüz minlərlə tamaşaçısını da sarsıdıb. Hamımızın ürəyindən belə bir nisgil keçir: "Gərək Ələsgər ölməyəydi". Amma təsəllimiz budur ki, o, teatrda öz izini qoydu, teatrımız tarixində bir səhifə yazdı.

Əsilləri Bakının Saray kəndindən olan Ələsgərin atası Məmməd kişi vəfat edəndə Ələsgər on yaşındaydı. Ailə çox əziyyətlərə qatlaşdı. Ələsgər neçə il Montin adına zavodda tokar işlədi, amma uşaqlıqdan içində yaşayan, onu rahat buraxmayan aktyorluq həvəsini heç vaxt tərk etmədi, İncəsənət İnstitutunu bitirdi.

11-12 yaşı olanda sinif yoldaşları ilə birgə Dram teatrına-"Almaz" tamaşasına baxmağa getmişdilər. O tamaşada gör kimlər oynayırdı? Möhsün Sənani, Leyla Bədirbəyli... Bu aktyorların oyunu Ələsgəri valeh eləmişdi. Elə orada ürəyində teatra məhəbbət alovlandı, "mən də aktyor olacağam" dedi.

Arzu ürəkdə boy atırsa, onun qarşısını almaq çətin olur. Və Ələsgər o zaman Xalq artisti Lütfü Məmmədbəyovun həvəskarlardan təşkil olunmuş bir teatrı vardı. Azərbaycan səhnəsinin bir çox tanınmış aktyorları Lütfü müəllimin o teatrında sənət dərsi keçiblər. Ələsgər də o ocağın yetirməsi oldu.

İlk rolu Mir Cəlalın "Bir gəncin manifesti" əsərində uşaq rollarınından biri oldu. Sonra həmin tamaşada bəy rolunu oynadı. Daha sonra Qorkinin "Həyatın dibində" pyesində Satini, C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"nda uçiteli...

Sonra Ələsgərin tələbəlik illəri başladı. Amma əyanidə yox, axşam şöbəsində oxudu, çünki ailəni dolandırmaq üçün gündüz işləməliydi.

İnstitutda tanınmış rejissor Əşrəf Quliyevin kursundaydı. O ustadın öyüd və nəsihətləri, tövsiyələri bu idi ki, Ələsgər, boş-boşuna gəzmə, həmişə obrazla yaşa, onu "özününküləşdir". Elə institut tələbəsi olanda da çox rollar oynadı - "Yaşar"da Əmirqulunu, "Zorən təbib"də Sqanareli, "Nvlənmək"də Aniçkini. Diplom işi "Hacı Qara" komediyasında Hacı Qara rolu oldu.

sonra Akademik Teatr.

Mən Ələsgər Məmmədoğlunu bir aktyor kimi o tamaşada izləmişəm. Əksərən epizodik, ya ikinci dərəcəli rollar oynayıb. Amma heç vaxt "ikinci dərəcəli aktyor" olmayıb. Səhnədə həmişə kiçikolsa, həmin obrazı yaddaşımıza həkk eləyib. Onun aktyor ampulası çeşidli idi. Daha çox komik planda nəzərə çarpsa da, dramatik rollarda da mahir idi. "Xanuma"da III knyaz, "Şöhrət və ya unudulan adam"da gözətçi, "Əks-səda"da Zəfər, "Vaqif"də Teymur, "Qılınc və qələm"də Bağban, "Əliqulu evlənir"də Səfər, "Maqbet"də birinci qatil, "Bizim qəribə taleyimiz"də Musa, "Yalan"da Fərman... Ən çox xatırladığım "Əliqulu evlənir"də Səfər rolu idi. Bu rolu ondan əvvəl məşhur aktyorlar oynamışdı, amma Ələsgər də öz naxışını vurdu. Ələsgər kiçik rolların mahir ifaçısıydı. Səhnədə az müddət ərzində görünürdü, amma oynadığı rolun mahiyyətinə vara bilirdi, reallıqdan qətiyyən uzaqlaşmırdı və tamaşaçı "bu obrazı mən həyatda görmüşəm" qənaətinə gəlirdi.

Ələsgər deyirdi ki, səhnədə lap sözü olmayan bir rol da sənə doğma sayılmalıdır. Mənə Milli teatrımızda şah rolunu da təklif ediblər, amma imtina etmişəm. Ancaq oynadığım elə rollar var ki, mən onları əsas rol hesab edirəm. Məsələn, "Gecə döyülən qapılar"da Vəlizadə, "Kral Lir"də Təlxək.

Ələsgər bütün tanınmış rejissorların sevimlisiydi. Kim ona hansı rolu etibar edibsə, onun öhdəsindən gəlib.

O ki qaldı Ələsgərin kinoda televiziya tamaşalarındakı rollarına, Ələsgərin uğurları daha çoxdu.

Bu, "Qərib cinlər diyarında" - Təlxək. Gəlir, hamını güldürür yaddan çıxmır.

"Şir evdən getdi - Yanğın söndürən

"Xoşbəxtlik qayğıları" - Əlövsət.

"Qəm pəncərəsi" - məşədilərdən biri.

"Tehran-45" - Qulammirzə.

"Topal Teymur"da, "Mehmanxana sahibəsi"ndə, "Alov" televiziya tamaşalarında da Ələsgər bir aktyor kimi kölgəyə çevrilmədi, az sözüylə çox söz deyə bildi.

Mənim Ələsgər Məmmədoğlu ilə ilk görüşüm on səkkiz il öncə, teatrda oldu. "Panorama" qəzetinə bir müsahibə hazırladım. O müsahibənin adı belə idi: "Ələsgər Məmmədoğlu" Gün haradan doğdu ki, mən yada düşdüm". Onda Ələsgər mənə dedi ki, neçə ildi bu teatrda çalışıram, qədər rollar oynamışam, amma bir kimsə məni yada salmır. illər keçdi, doğrusu, Ələsgər Məmmədoğlu ilə bağlı başqa bir yazıya təsadüf etmədim. Sonralar Ələsgərlə bir neçə dəfə üz-üzə gəldik, salamlaşdıq.

Çox sadə insan idi. Bunu aktyor yoldaşları da dönə-dönə söyləyirlər. Heç bir kəslə azacıq da olsa, kiçik ixtilafda olmayıb. Hara gedibsə, hansı məsələdən ötrü xahiş edibsə, sözünü yerə salmayıblar. Lap gəncliyindən, televiziyada teatrda ilk rollarını ifa edəndən tamaşaçıların rəğbətini qazanıb. Deyirdi ki, yolla gedəndə ona "Xor-Xor" deyirdilər, amma qətiyyən əsəbiləşmirdi, əksinə, sevinirdi-yaddaşlara bir qırıq da olsa keçə bildiyi üçün.

Eh... Gərək ölməyəydi Ələsgər, -deyirəm. Görünür, xəstəlik yaşı yetmişə az qalmış onu yaxaladı bir itkiyə göynədik. Qəbri nurla dolsun!

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

Ədalət.-2016.-8 yanvar.-S.4.