"SÖZÜN QÜDRƏTİ, KƏLAMIN HİKMƏTİ"

 

Hər dəfə yeni bir kitabla qarşılaşanda bir anlıq da olsa, onun müəllifinin imzasını içimdə vərəqləyirəm. Yəni, bu imzaya öncə rast gəlib-gəlmədiyimi içimdə dəqiqləşdirmək istəyirəm. Təbii ki, tanıdığım imzaları oxumaq, onların yeni kitablarıyla tanış olmaq mənim üçün həmişə xoşdur.

 

Ən azından ona görə ki, bu imza sahibinin nəyə qadir olduğunu, hansı təzə fikri dilə gətirəcəyini təxmin edə bilirəm. Elə bu səbəbdən də yeni kitablar məndə maraq doğurur. İndi barəsində fikirlərimi bölüşdürmək istədiyim kitabın müəllifini də hələ kiçik yaşlarımdan tanımışam. Doğulduğum, orta təhsil aldığım Füzuli rayonunda "Araz" adlı qəzet nəşr olunurdu. Bizo qəzetin daimi oxucuları idik. Atam qəzetə abunə yazılmışdı. Hər nömrəsini səbirsizliklə gözləyirdik. Çünki, bu qəzetdə rayonumuz haqqında bir-birindən maraqlı yazılar çap olunurdu. Mənim uşaq yaddaşıma həmin imzaların demək olar ki, əksəriyyəti yazılıb. Bu güno imza sahiblərinin özlərini də, sözlərini də axtarıram.

 

Haqqında söhbət açmaq istədiyim kitabın müəllifinin imzasına da "Araz" qəzetində rast gəlmişdim. Oqtay müəllimin rayonumuzun mədəni, sosial həyatı ilə bağlı maraqlı yazıları qəzetin əsasən ikinci, ya üçüncü səhifəsində dərc olunurdu. Birnəfəsə oxuyurdum. Hətta oxuduqlarımı yaddaşıma da yazırdım. Bu gün böyük maraqla oxuduğum "Sözün qüdrəti, kəlamın hikməti" kitabını müəllifin hədiyyəsi kimi qəbul edəndə çox sevindim. Ustad bir jurnalistin, yazıçının aftoqrafla bağışladığı kitabı qəbul etmək də, oxumaq da çox xoşdur. Mən də o xoş təəssüratla kitabdakı kəlamların demək olar ki, hamısını fikir süzgəcindən keçirdimilk ağılma gələn də bu oldu ki, min illərdir səsləndirilən atalar sözləri, aforizmlər, deyimlər, məsəllər də yəqin ki, elə bu cür - Oqtay müəllim kimi dəyərli ziyalılar, müdrik insanlar tərəfindən yaradılır, söylənilir, kağıza, yaddaşa köçürülür. Çünki artıq zərb-məsəl olan, yerli-yerində səsləndirilən aforizmlərin demək olur ki, bütün ruhu, incəlikləri səliqə-sahmanlı şəkildə Oqtay müəllimin kəlamlarına hopub. Məsələn: "Ətrafa baxırsan boş papaqlarya papağı boş qalmışlar nə çoxdur…" və yaxud "Heç kəsin ünvanı el qınağına tuş gəlməsin!". Nümunə kimi göstərdiyim bu deyimlərin hər birinin özünəməxsus yozumu var. Əgər o yozumları ya çözsən, ya da bir toplum halına gətirsən, onda görərsən ki, deyilən fikirlərin alt qatında şəxsiyyət, sözü bütövlük, kişilik, mərifət, əxlaq və sairə dayanıb. Müəllifin də ustalığı, bacarığı imkan verir ki, bütün bu dediklərimi bir cümlədə, bir fikirdə ifadə etsin.

 

Ümumiyyətlə, Oqtay müəllimin bu "Kəlamlar"ı bir neçə bölümdə toplansa da, hamısının əsas qayəsi insanlıq, əxlaq, Vətən, namus, sədaqət, ən başlıcası isə vətəndaşlıqdı. Ona görə də bu kəlamları oxuduqca bəzən adamın gözünün önünə tanıdığı müxtəlif cildli insancığazlar gəlir. Və həmin an özündən asılı olmadan Oqtay müəllimin obraz yaratmaq istedadına bir minnətdarlıq ifadə edirsən. Yəni, bir cümlə, bir fikirlə sifətləri şərh etmək, fikirləri mənalandırmaq, sözləri dəqiq nöqtəyə ünvanlamaq Oqtay Ərgünəşin ən böyük uğurudur.

 

Mən Qarabağımızın, doğulduğum elin dəyərli ziyalısını, hörmətli yazıçı-publisist Oqtay Ərgünəşi, bu uğurlu "Kəlam"larına görə ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzu edirəm. Və inanıram ki, kitabın işıq üzü görməsində xidməti olan hər kəs Oqtay Ərgünəşin uğurlu kəlamlarından ruhlanıblar. Nəticədə də belə bir oxunaqlı, nəfis bir kitab araya-ərsəyə gəlib.

 

Ədalət.-2017.-21 aprel-S.4.