TARİXİN ŞAHİDİ QALALAR

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

(əvvəli ötən sayımızda)

 

Azərbaycan coğrafiyasındakı qalaların mühafizəsi, öyrənilməsi və onların tariximizə verdiyi bilgiləri elə tarixin öz kitabına köçürülməsi üçün planlı işlər görülür. Bu sahə ilə mütəxəssislər, xüsusilə AMEA-nın Tarix İnstitutu ciddi məşğul olur. Biz də həmin institutun araşdırmalarına, açıqlamalarına söykənərək deyə bilərik ki, qalalar öz mühafizə, yəni insanları qorumaq imkanını daha çox barıt, yəni top, tüfəng meydana gələndən sonra itirməyə başladı. Xüsusilə XIV əsrdən başlayaraq orduların artilleriya qurğularından istifadə etməsi qalaların başı üzərində bir şimşək kimi çaxmağa başladı. Doğrudur, hələ ondan öncə də daha kustar üsulla hazırlanmış silahlardan istifadə edilirdi. Amma onların qarşısını almaq nisbətən qala mühafizəçiləri üçün nisbətən asan idi.

Bu gün tarixi ədəbiyyatlara üz tutanda onda aydın olur ki, dünyanın inkişaf mərhələlərindən biri olan feodalizm dövründə şəhərsalmanın yeni modelləri meydana gəldiyindən qalaların da ilkin əhəmiyyəti xeyli azaldı. Amma buna baxmayaraq, yenə də şəhər ətrafında hündür divarlar ucaldılır və bu divarların da eni iki-üç qat olurdu. Bununla yanaşı, yenə də həmin divarların xaric, yəni çöl tərəfindən dərin xəndəklər qazılıb su ilə doldurulurdu. Bu, mühafizəçilərə qalanı hücumlardan qorumasına müəyyən imkanlar verirdi. Həmin dövrün tarixi ədəbiyyatlarında da təsvir olunan təsvirlərdə dediklərimizi görmək mümkündür. Və o da ədəbiyyatlardan məlum olur ki, ölkəmiz ərazisində tikilən qalaların bir qismi daha əlçatmaz, daha yüksək yerlərdə tikilirdi. Bu qalalar xüsusilə dağ yamaclarında, qayalıqlar üzərində ucaldılırdı ki, onun da mühafizəsi daha etibarlı olurdu. Belə qalaların sırasına Çıraqqalanı, Cavanşirqalanı, Əlincəqalanı, eləcə də Gülüstan qalasını, Qız qalasını, Uğur qalasını aid edə bilərik. Bunlarla yanaşı, onu da xatırlatmaq lazımdır ki, Kəlbəcər rayonu ərazisində Lex qalası da özünün erkən orta əsrlər dövrünə aid olması ilə yanaşı, həm də möhkəmliyi ilə diqqəti çəkəndir. Çox maraqlıdır ki, bu qalanın adı onun öz görünüşünü bir növ ifadə edir. Yəni Lex sözü hardasa dəvə boynu mənasını verir və qalanı görənlər də təsdiq edə bilər ki, karvan yolu üzərində tikilmiş bu qala məhz həmin o formanı özündə ehtiva edir. Özübu qalanın divarları üstündə daşdan yonulmuş nəzarətçilərin dayana biləcəyi yerlər də varonlar da burda dayanmaqla karvan yolunu nəzarət altında saxlayıblar. Burada bir maraqlı məqamlardan biribudur ki, həmin Lex qalasının başında, yəni üst tərəfindən qayadan yonulmuş və dərinliyi 3-5 metrə çatan quyular da var. Alimlərin fikrinə görə, həmin quyularda qala sakinləri özləri üçün ehtiyat su və ərzaq saxlayırmışlar. İşğala qədər, yəni ermənilərin Kəlbəcəri öz nəzarətləri altına aldıqları zaman kəsiyinə qədər burada elmi işlər aparmış mütəxəssislər, eləcə də yerli sakinlər öz müşahidələri əsasında bildirirlər ki, sonradan həmin quyularda iri palıd ağacları bitmişdi. Və bu palıd ağaclarının da həmin yerlərdə, yəni quyularda bitməsi görünür, o da tarixin bizə bir ironiyasıdır. Yəni o qalaları qoruya bilməmək barəsində ironiya.

Burda onu da xatırlatmaq yerinə düşər ki, Lex qalasının üzərində yerləşdiyi və Ləf çayı adlanan həmin axarın önündə iki böyük mağara da var. Həmin mağaralar da təbii ki, tədqiqatlar zamanı tapılıb, müəyyənləşibdi. Arxeoloqların fikrinə görə, yayda olduqca sərin, qışda isə isti olan bu mağaralar qala sakinlərinin yaşayış yeri olubdu. Göründüyü kimi, Lex qalası Kəlbəcərdə uca dağ zirvəsində inşa edilib, özü dağın üstündə qaya daşlarından tikilərək müdafiə məqsədi daşıyıbdı.

Qeyd etmək yerinə düşər ki, ərazimizdəki qalalar arasında Kəlbəcər rayonundakı Comərd qalasının da öz yeri var. Bu qala da neçə minillikləri öz yaddaşına köçürüb və Comərd kəndinin yaxınlığında olduğundan ona Comərd qalası deyirlər. Doğrudur, kənd nisbətən düzən yerdə olsa da, qala özü qayaların bir növü əlçatmaz nöqtəsində inşa edilibdi. Bu ərazidə Uluxan qalası və Qaraçanlı qalası da inşa olunub ki, həmin qalalar da bu ərazini tanıyanların qeyd etdiyi kimi İstisuya gedən yolun sonunda inşa olunub.

Kəlbəcər ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkarlanmış Qalaboynu qalasının ərazisində 200-dən çox bina yerləri, yəni özüllər, kalafalar müəyyən olunmuşdur. Araşdırmaçılar müəyyən etmişdilər ki, qala sakinləri çox uzaqdan qalaya yeraltı sular da çəkiblərmiş. Bu da qalanın su ehtiyatı baxımından təminatlı olmasını xəbər verir.

Barəsində bəhs etdiyimiz ərazidə Laçınqaya və Ərizə qalası da var. Ərizə qalası daha çox Qaçaq Nəbinin adı ilə bağlıdır. Çünki bu qalada şikayətlərə, ərizələrə baxıldığından ona görə də buranı Ərizə qalası kimi dillərdə yaşadıblar. Laçın qaya isə monqolların Azərbaycana hücumu zamanı dağıdılsa da, amma tarixin yaddaşından birdəfəlik silinməyib. Onu tarix öz qoynuna alıbdı.

Bölgələrimizdəki qalalar arasında Qazax rayonundakı qalaların da özünəməxsus yerirolu olmuşdur. Bu qalalar da coğrafiyamızın həmin bölgəsində daha çox mühafizə üçün tikilmişdir. Bu gün həmin qalaların bir çoxunun yalnız dağıntıları qalmaqdadır. Amma bu dağıntıların özü də araşdırmaçılar üçün tutarlı mənbədir. Onu da qeyd edək ki, zamanında ucaldılan qalaların tikintisində daha çox yerli materiallardan istifadə olunubdur. Məsələn, Abşeron rayonu ərazisindəki Şağan qalasının tikintisində daşlardan istifadə olunub. Bu da onun tanınmasında, başqa qalalardan seçilməsində bir fərqli detal kimi müəyyən rol oynayıbdı.

Ötən yazılarımızda qeyd etdiyimiz kimi, Əsgəran, Şuşa, Girdiman qalaları da ayrı-ayrılıqda bir tarixi mənbə, bir araşdırma ünvanı kimi çox maraqlıdır. Şuşa qalasının Qarabağ xanı Pənahəli xan tərəfindən tikilməsi bir tarixi fakt olaraq heç bir sübut tələb etmir. Bu qala Pənahabad adlanıb və uzun müddət Şuşa şəhərini düşmənlərdən mühafizə edibdir. Daha doğrusu, qaladan onun mühafizəçiləri yararlanıblar. Həmin qala Ağa Məhəmməd Şah Qacarın 33 gün Şuşaya daxil olmasına əngəl yarada bilibdi.

Qalalar sırasında Naxçıvandakı abidələrin də özünəməxsus yeri var. Bunlar barəsində də bilgilər verəcəyik.

 

Əbülfət MƏDƏTOĞLU

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət 2017.- 15 dekabr.- S.7.