I Gəncə Beynəlxalq Musiqi Festivalı

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Üç günün unudulmaz anları

 

2016-cı ilin sentyabr ayının 16-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən MDB-nin Dövlət Başçıları Şurasının 25-ci yubiley sammitində Gəncə şəhərinin 2017-ci ildə MDB-nin Mədəniyyət Paytaxtı olması xəbəri gəncəlilər tərəfindən böyük sevinc və ruh yüksəkliyi ilə qarşılanmışdır.

Bu gün qədim Gəncə təkcə Azərbaycanın ikinci böyük şəhəri deyil, həm də çoxəsrlik tarixi keçmişi, zəngin mədəniyyəti və dahi şəxsiyyətləri ilə seçilən, eləcə də müasir dövrümüzdə respublikada gedən sürətli inkişafa öz töhfələrini verən ən önəmli mədəniyyət mərkəzlərindən biridir. Əsrlərlə fərqli sivilizasiyaların bir-birinə qovuşduğu məkanda yerləşən Gəncə, mədəni dəyərləri ilə bu cür qarışıqlı mühitdə formalaşaraq inkişaf edib. Bu vaxta kimi bir çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edən Gəncə MDB-nin mədəniyyət paytaxtı titulunu da şərəflə doğrultmuş və burada layihə çərçivəsində mühüm tədbirlər həyata keçirilmişdir.

Bu günsə layihə çərçivəsində gəncəlilər I Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edir. MDB dövlətlərindən bir qrup nümayəndə heyəti I Gəncə Musiqi festivalında iştirak etmək üçün Gəncəyə gəlib.

 

Qonaqlar Nizami yurdu ilə tanış olublar

 

Axşamdan yağan yağış sanki, gündən-günə gözəlləşən şəhərin bugünkü büsatına yeni rəng, yeni təravət vermişdi.

Şəhər rəhbərliyi və ictimaiyyətin nümayəndələri beynəlxalq hava limanında qonaqları hərarətlə qarşılayırlar. Onlar dörd min ildən bəri dünya söz-sənətinə, musiqi və mədəniyyətinə böyük şəxsiyyətlər bəxş etmiş Gəncənin bugünkü sürətli inkişafı, şəhərsalmanın ən müasir tələblərinə cavab verən abadlıq və yenidənqurma işləri ilə tanış olmaq üçün ilk öncə Heydər Əliyev Park-kompleksinə gəlir, müstəqil Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyev Mərkəzi qarşısında ucaldılmış abidə önünə gülqoyma mərasimində iştirak edir, dünya şöhrətli siyasətçinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirlər.

Sonra Heydər Əliyev Mərkəzi ilə, ümummilli liderin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını əks etdirən foto və sənədlərlə tanış olurlar. Onlar park-kompleksinin geniş və abad xiyabanlarını gəzir, xatirə şəkilləri çəkdirirlər.

Növbəti səfər Gəncə Qala Qapıları Arxeologiya və Etnoqrafiya muzeyi Abidə-kompleksi, Nizami Gəncəvi məqbərəsi və Nizami Gəncəvi muzeyinə olur. Qonaqlar Gəncənin zəngin və çoxəsrlik tarixi mədəniyyəti haqqında dəyərli məlumat əldə edirlər. Həmçinin qədim Gəncənin son illərdə inkişafı barədə fikir mübadiləsi aparıblar.

Qala Qapıları Arxeologiya və Etnoqrafiya muzeyi abidə-kompleksində qonaqlar Gəncə şəhərinə, eləcə də ölkəmizə aid qiymətli eksponatlar, dekorativ tətbiqi sənət nümunələri, misgərlik, dəmirçilik, dulusçuluq, xalçaçılıq məmulatları, qədim silahlar, döyüş vasitələri, məişət əşyaları, milli geyimlərə tamaşa etmişlər.

Eksponatlarla tanışlıqdan sonra onlar rəmzi qala bürclərinin ən yüksək zirvəsindən şəhərin mənzərəsini seyr etmişlər. Qonaqlar Azərbaycanın böyük mütəfəkkir şairi Nizami Gəncəvinin məqbərəsində, Nizami muzeyində olmuş, xatirə şəkilləri çəkdirmişlər.

Gəzinti zamanı şəhər İcra Hakimiyyəti başçısının müavini, professor Sevda Qurbanəliyeva son illərdə görülmüş işlərlə qonaqları tanış edərkən Gəncənin elm, təhsil, mədəniyyət sahələri və dahi şəxsiyyətləri barədə danışaraq qeyd etmişdir ki, Gəncə dünyaya tolerantlıq və multikulturalizm ənənələri bəyan edən Nizami Gəncəvinin vətənidir. Gəncə orta əsrlərdə şərq aləmində hüquqsuz qadın haqqında danışılanda gender bərabərliyini sübut edən Məhsəti Gəncəvinin şəhəridir. 2016-cı il üçün Avropanın Gənclər Paytaxtı olan Gəncə son illər bir sıra beynəlxalq layihələrə ev sahibliyi edərək bu layihələrin uğurla həyata keçirilməsində fərqlənib. Söz yox ki, MDB-nin mədəniyyət paytaxtı kimi də öz dəyərli sözünü deyəcəkdir.

 

Gəncəli gənc istedadlar çıxış ediblər

 

Təntənəli tədbirin ikinci günü qonaqlar Məhsəti Gəncəvi Mərkəzi ilə tanış olublar.

Layihə çərçivəsində Nizami yurdunun istedadlı gəncləri - Musiqi kollecinin və Gəncə Dövlət Universitetinin tələbələri "Gənc istedadlar" adlı konsert proqramında çıxış edərkən layihənin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini dilə gətirmişlər.

Konsertdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva, Millət vəkili Pərvin Kərimzadə, MDB dövlətlərindən I Gəncə Musiqi Festivalında iştirak etmək üçün Gəncəyə gələn qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

"Gənc istedadlar" adlı konsert proqramında gəncdər dünya şöhrətli Üzeyir Hacıbəyovun, Qara Qarayevin, Müslüm Maqomayevin və dünya bəstəkarlarının əsərlərini məharətlə ifa edib, alqışlarla qarşılanmışlar.

 

İkiqat sevincin ünvanı

 

Günün ikinci yarısı Heydər Əliyev Park-kompleksi özünün qələbəliyi ilə yaddaşlara yazıldı. Gəncəlilər böyük ruh yüksəkliyi, sevinc və fərəh hissi ilə kompleksdə yerləşən amfiteatra tələsirdilər.

I Beynəlxalq Musiqi Festivalının məhz 28 May - Respublika Gününə təsadüf etməsi şəhər sakinlərinə ikiqat bayram sevinci yaşadıb. 99 il bundan əvvəl yaradılan Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı Gəncə şəhəri olub. Məhz o zaman Gəncədə dövlətimiz üçün taleyüklü məsələlər müzakirə edilib. Tarix etibari ilə qısa, lakin şərəfli yol keçən Azərbaycan Xalq Cümhuriyyətinin bəşəri və demokratik ideyalarını xalqımız qoruyub saxlayaraq sonrakı dövrlərdə azadlıq və müstəqillik yollarında əsas amilə çevirib. Artıq müstəqilliyinin 25 illiyini böyük təntənə ilə qeyd etmiş bugunku Azərbaycan isə suveren və demokratik prinsiplər üzərində inkişaf edən, dünya birliyi tərəfindən böyük ehtiramla qarşılanan dövlətdir. İndi Azərbaycan mədəniyyətlər, dinlər, sivilizasiyalar arasında dialoqa təkan verən beynəlxalq mərkəzə çevrilib.

Ölkə başçısı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində digər bölgələrimiz kimi qədim elm və mədəniyyət mərkəzi olan Gəncə şəhəri də çoxəsrlik tarixi irsini, özünəməxsus mədəniyyətini qoruyub saxlamaqla gündən-günə müasirləşir, gözəlləşir və inkişaf edir.

Budur, I Gəncə Beynəlxalq Musiqi Festivalının keçirildiyi amfiteatrda əyləşən musiqisevərlər məhz bu hisslərlə yaşayırlar.

"Gəncə MDB-nin Mədəniyyət Paytaxtı - 2017" layihəsi çərçivəsində qədim Gəncədə MDB-nin iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə Gəncə şəhər İcar Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən Musiqi festivalının konsert proqramı ilə çıxış edən N.P.Osipov adına Rusiya Xalq Çalğı Alətləri Milli Akademik Orkestrinin gənc soilstlər ansamblı, Tacikistan Respublikasının məşhur "Bazmoro" rəqs ansamblı, Belarus Respublikasının əməkdar kollektivi, Belarus Dövlət Filarmoniyasının "Kupalinka" folklor qrupu, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri, eləcə də "Göygöl" Dövlət Mahnı və Rqəs Ansamblı, respublikanın paytaxtı Bakı şəhərindən gəlmiş tanınmış incəsənət ustaları - Azərbaycan Respublikasının xalq artisti Azər Zeynalov, əməkdar artistlər Abbas Bağırov, Nərgiz Kərimova, Təyyar Bayramov, Gülüstan Əliyeva, Səbuhi İbayev, İlham Nəzərov və başqalarının musiqisevərlər qarşısındakı ifaları şəhər sakinlərinə unudulmaz anlar yaşatmışdır.

Həmin günün axşamı "İmperial" restoranında festival iştirakçıları üçün qala şam yeməyi təşkil edilmişdir. Rəngarəng musiqi proqramından sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev festivalda iştirak edən musiqi kollektivlərinin üzvlərinə sertifikatlar təqdim etmişdir.

 

Yeni görüşlərədək...

 

Festivalın üçüncü günü qonaqlar şəhərin Heydər Əliyev meydanında, Miniatür Kitab muzeyi Gəncə filialında olmuş, Cavad xan məqbərəsini ziyarət etmişlər.

Günün ikinci yarısında festivala gəlmiş Rusiya, Belarus və Tacikistan nümayəndələri üç gün ərzində qədim Gəncədə keçirdikləri xoş anların təəssüratları altında yola salınarkən hər biri bir daha gündəngünə çiçəklənən Gəncəyə - MDB ölkələrinin 2017-ci ildə Mədəniyyət paytaxtına "yeni görüşlərədək" deyib ayrıldılar.

Ötən bu üç gün hər bir kəsə unudulmaz anlar, xoş duyğular yaşatdı.

 

Füzuli RÜZİGAR

Ədalət.-2017.-1 iyun.-S.3.