"Həkim anama deyib ki, bu
uşağın böyük gələcəyi
var"
getdik, gördük atamız
çoxdan ölüb...
anamız evimizlə
bərabər qocalıb,
əldən düşüb.
bacılar gəlin
köçüb, evlənib
qardaşımız
həyət də ağaclardan, ağac da güldən düşüb...
Bu misraların müəllifi
şair Əsəd Qaraqaplandır. Ədəbi mühitdə tanınan
gənc yazarlardandır.
Özünəməxsus yumor hissi olan qələm sahiblərindəndir. Bir neçə
kitabın müəllifidir.
Əsəd bəyin həm
də bu gün doğum günüdür. Şairi
təbrik edir, yaradıcılıq uğurları
arzulayırıq!
Adalet.az şair Əsəd
Qaraqaplanla müsahibəni
təqdim edir.
-Freydin fikridir, insanlar daim iki şey
haqqında düşünürlər:
seks və dahi olmaq istəyi.
Sən daha çox nə haqda düşünürsən?
-Universitetdə oxuyanda dəyər verdiyim müəllimlərdən biri
bir gün bütün qrupa belə sual verdi: "Həyatda
ən ədalətli şey nədir?” O vaxt qrup yoldaşlarımdan
bu suala müxtəlif və qeyri-müəyyən cavablar
gəlmişdi. Onda uzun müddət düşünmədən, inistink
olaraq suala belə cavab vermişdim: "Həyatda
ən ədalətli şey ölümdür”.
Uzun müddət xoşbəxtliyin,
daha doğrusu, mütləq xoşbəxtliyin
nədən ibarət
olduğunu düşünmüşəm.
Yaşadıqlarımdan, gördüklərim
və duyduqlarımdan
belə anladım ki, mütləq xoşbəxtlik yalnız orqazm anında olur... İnsan həyatı boyu əsasən iki şey haqqında düşünür: Seks
və Ölüm. Təbii ölümün də bir "orqazm” – rahatlama olduğunu düşünsək, əslində,
insan həyatının
bütün əsas çabalarının seks
və ölümə
– orqazma görə olduğunu anlayarıq.
Yəni insan həyatı əsasən seks və ölümə – ölümsüzlüyə görədi.
Sufilərin o məşhur üç
sualında –"Mən
kiməm? Hardan gəlmişəm?
Hara gedəcəm?”– olduğu kimi,
bizim "hardan gəldiyimiz” Seks, "hara gedəcəyimiz” də Ölümdü. "Kimliyimiz” sekslə
ölüm arasında
ölümsüzlüyü axtarmağımızdı, məncə.
-Kənd, yoxsa şəhər?
-Kənd. İnsan öz yuvasından kənara çıxmamalı
– öz elindən-obasından.
Hər kəs öz doğulduğu yerdə – doğulduğu yuvada xoşbəxtdir. Uzun illərdir
evimizdən uzaqdayam.
Bunu sonra anladım ki, insan çıxıb
getməyi bacarmayan varlıqdır. O çıxıb
getdiyində hər şeyi və hər kəsi satar – xəyanət edər. İnsan getmədiyində daha çox özü olar, daha çox ruhuna sadiq, daha
çox varlığını
və kimliyini qoruyar. Mən də getdim,
mən də xəyanət etdim. Xəstəlikli bir sevgiylə
buranı sevir, tərk edib gedə bilmirəm. Hər şey nə qədər üstümə
gəlsə də, bundan ötəsində belə sahib olduğum yerə – var olduğum məkana xəyanət edə bilmirəm. Burdan çıxıb getmək mənə cəhənnəm istisindən
çıxıb dəhşət
bir soyuğa düşmək kimi gəlir. Elə bilirəm hara
getsəm, kiminlə olsam, əllərim çox üşüyəcək,
ruhum heç bir yerdə qərar tutmayacaq. Hara getsəm, xəyanət
elədiyim yuvamın ahı məni izləyəcək gecə-gündüz.
Bəli,
yanlış anlamayın,
soysuz biriyəm mən. Sıradan bir kəndçiyəm.
Sadə fəhlə ailəsində
doğulmuş bir uşağam.
-Bir az uşaqlığınızdan danışın...
-Mən bacımla əkizəm. Dünyaya iki saat fərqiylə gəlmişik
– birinci mən, sonra bacım. Mamam deyir ki, bacım
onun bətnində həmişə sakit dayanar, mən isə hey çabalayar və təkmələyərmişəm
onu. Hətta bir dəfə onu necə təkmələmişəmsə,
dözməyib qarnına
bir yumruq ilişdirib ki, a bala, sakit dayan. (gülür)
Dünyaya gələndə ölü doğulmuşam.
Anam demiş: gömgöy, qapqara. Həkimin iki sərt şilləsindən
sonra ayılıb dünyaya qayıtmışam.
Yeddi aylıq olanda yaman xəstələnmişəm,
qızdırmam qalxıb.
Atam da məni möhkəm
büküb ki, tərləyim, soyuqdəyməm
çıxsın. Bir də
görüblər ki,
rəngim solub, halım özümdən
gedib. Anam qışqırıb ki, ay Yadi, uşaq
öldü. Tez üstümü
açıb havaya çıxarıb və ondan sonra özümə
gəlmişəm”.
İki yaşım
olanda ikinci bacım (12 yaşı vardı) məni eyvandan həyətə (təxminən iki metr yarım hündürlükdən) "çiş”
tutmaq istəyəndə
başı gicəllənib,
əlindən betonun üstünə düşmüşəm. Evdə bacılarım
və anam çığır-bağır salıblar ki, bəs uşaq öldü. Elə bu
vaxt mənim iməkləyə-iməkləyə pilləkanları çıxdığımı
görəndə hamısı
dəhşətə gəlib.
Üç yaşım olanda təndirxanamızın arxasına
yığılmış butulkaları
daşla vurub sındıranda bir şüşə parçası
gəlib köynəyimdən
içəri düşmüşdü. Axşam evdə
dördüncü bacım
köynəyimi çıxaranda
şüşə birbaşa
alnımı kəsir.
Sifətimi qan götürür.
Birtəhər bağlayıb sarıyırlar.
Sonra həmin yara öz-özünə
sağalmışdı: həkimsiz-zadsız.
İndi alnımdakı çapıq
o vaxtdan yadigardı.
Özlüyümdə ona
ad da qoymuşam: "Tanrının imzası”.
Hər dəfə
məni çimizdirəndə
böyük qardaşım
barmaqlarını qayçı
şəklində göstərir,
yəni məni çimizdirib sünnət
elətdirməyə aparacağıyla
qorxudurdu. Beş yaşım olanda
bir gün məni çimizdirəndə
yenə eyni şey elədi, ama bu səfər
ona inanmadım. Çünki həmişə belə deyirdi, ancaq yalan çıxırdı.
Tərslikdən həmin gün
məni xəstəxanaya
apardılar. Atam
könlümü almaq
üçün mənə
yolda bir oyuncaq kamaz da
aldı... Həmin gün dəqiq
yadımdadı; həkimlər
məni otağa aparanda atamın da gəlməsini istəmişdim, amma demişdilər ki, atan sənə dondurma almağa getdi. Atam xəstəxanaya girəndə biraz əsəbləşdi, çünki
gördü ki, mən dəhlizdə
"kamaz”ıma ip bağlayıb sürürəm.
Əsəbi halda həkimlərdən
soruşdu ki, bəs siz bu
uşağı sünnət
eləməyibsiz? Həkimlər deyib ki, eləmişik.
Onda atam dəhşətə gəlmiş, həkimlərdən
biri isə anama deyib ki,
bu uşağın böyük gələcəyi
var.
-Savaş, yoxsa sevgi?
-Savaş və sev. Məncə, dünyada ən
gözəl şey müharibədir, çünki
orda insanlar səmimi-qəlbdən ölürlər.
Heç kim
onları ölməyə
məcbur etmir. Nə qədər qorxaq olsa belə, insan müharibədə cəsarətlənir, sanki
ömründə bircə
dəfə olsa da, ölümü yenəcəyini düşünür.
Və orda ölənlər gerçəkdən ölümü
yenmiş adamlar olurlar.
Yoxsa sülh
şəraitində adamlar
daha çox saxtakar, daha çox oyun oynamaq üçün imkana, vaxta, düşüncəyə sahib olurlar. Ölümün onları çox
uzaqda gözlədiyini
düşünərək başqalarının, daha
doğrusu, özlərinin
başına min oyun açır, pislik eləmədən bir yerdə dayana bilmirlər.
-Dostoyevski,
yoxsa Tolsoy?
-Əlbəttə, Dostoyevski.
Bu eybəcər dünyada
böyük əsərlər yaradanlar dahilər yox, axmaqlar olublar.
Hamısı ya ruhi xəstə,
ya kompleksli, ya da homoseksual
olub. Hansı dahiyə baxırsan sadəcə
bir axmaq görürsən.
Nə qədər onlara haqq
qazandırmağa çalışsan da, sonda gəlib yenə xəstəliyə
tapınırsan.
Ədalət 2017.- 8 iyun.- S.4.