"İLAHİ, SƏN BİZİ SÖZƏ BAĞIŞLA"

Ədalət Salmana məktub

 

Bu günlərdə qapımı döydülər və mənə bir kitab bağışladılar. Kitabı gətirən adam bircə kəlmə dedi:

- Ədalət Salman göndərib...

Bəli, mən bu kitabı gözləyirdim. Xəbərim vardı onun mətbəədə olmasından. Və ondan da xəbərim vardı ki, Ədalət Salman 60 yaşın kürəyini yerə vurur. Necə deyərlər, 60 " bayraq" qaldırmaq üzrədir...

Bax, bu ovqatla da mənə göndərilmiş kitabı gözdən keçirməyə başladım. Doğrudur, kitabın ilk yazısı, yəni ön sözü çalışdığım qəzetdə işıq üzü gördüyündən filologiya elmləri doktoru, professor Vaqif Yusiflinin fikirləri mənə tanış idi. Amma bu tanışlığa baxmadan Vaqif müəllimin fikirlərini bir də gözdən keçirdim. Və elə həmin anda hiss etdim ki, bizim üst-üstə düşmə nöqtələrimiz var. Bu nöqtələr də Ədalət Salmanın poeziyasına baxış bucağımızın altında birləşmişdi. Bir az da açıqlama versəm, deyə bilərəm ki, mən də çox dəyərli ədalətşünas alimimiz kimi, Ədalət Salmanı "halal söz adamı" sayıram. Onun misralarında halallıq bir işıq kimi özünə özül atıbdı. Hər dəfə də Ədalətin şeirlərinə üz tutanda mən o halallığın işığına düşürəm. Bax elə onun "İlahi, sən bizi sözə bağışla" şeirində olduğu kimi.

 

İlahi, sən bizi sözə bağışla,

Sözlə yediririk balamızı da.

İlahi, sən bizi bizə bağışla,

Onsuz da çəkirik bəlamızı da.

 

Yaqin ki, misranın ağırlığı, çəkisi sizibir balaca silkələdi, yerinizdən tərpətdi və siz də Ədalət Salmana qoşulub İlahidən bağışlanmağınızı istədiniz. Bu bağışlanma təkcə məcazi mənada deyil, bu həm də ürəyin hökmü, ürəyin diktəsidi. Ona görə də Ədalət yazır ki:

 

Əli sözə çatmayanlar,

Dili sözə yatmayanlar.

Sözü atdan saldılar,

Şeiri gözdən saldılar,

Taxtdan, urvatdan saldılar...

İndi söz yığınına

Şeir adı qoyurlar.

Elə bil Nizaminin

Gözlərini oyurlar.

Nəsmini təzədən

Diri-diri soyurlar...

 

Yalandan sağlıq deyib

Özlərini öyürlər.

Elə bil üzümüzə

Ölümüzü söyürlər...

...Əl saxla söz qatili

Söz canlıdı öldürmə.

Şair deyib, özünə

Bu milləti güldürmə.

 

Bax, bu halallıqdan, bu səmimiyyətdən söz açmışdım mən ilk cümlələrimdə. gəlib bu şeirə çatanda düşündüm ki, siz mütləq oxuyub sonra mənim demək istədiyimi dəyərləndirəcəksiniz...

Buradaca qeyd edim ki, bir zaman gerçəyi var hər birimizin içində. O da yaranan fikrin, kağıza köçən yazının yaşamaq haqqı, gerçəyi göstərmək, yəni təqdir tərənnüm etmək haqqıdı. Məsələn:

 

Dövran başımızı sözlə qatıbsa,

Bəs şair neyləsin, bəxti yatıbsa?

Kredit paylayan banklar batıbsa,

Gör, borca özünü salan necədi?

 

Şairlər bu yurdun deyən dilidi

Döyünən nəbzidi, vuran əlidi.

Haqqı söyləyənə demə dəlidi,

Bir soruş, Ədalət Salman necədi?

 

Yəqin ki, daha o sualı Ədalət Salmana ünıvanlamağa ehtiyac qalmayacaq. Çünki öz misralarından onun hansı durumda olduğunu mən artıq öyrənib bildim. onu da özüm üçün dəqiqləşdirdim ki, demək Ədalət Salman da mənimlə eyni dərdin, eyni problemin daşıyıcısıdır. Üstəlik, o həm yaşadığı bölgənin, aid olduğunu ailənin həyatını həm yaşayır, həm misralara köçürür. Bunlara da diqqət yetirəndə, onda bir ziyalının, bir söz adamının durumu gəlib dayanır göz önündə. Daha dəqiq desəm, bizim dərdimizlə bir sırada.

Mən 176 səhifəlik bu kitabı səhifə-səhifə oxuduqca ovqatdan-ovqata köklənirdim. Ona görə ki, bu şeirlərdə həyat gerçəkliyi poetik bir dilnən, özü sadə formada oxucu qarşısına çıxarılıb. Oxuduqca hiss edirsən ki, şair mövzunu fəhm eləməyib, onu öz içindən götürübdü. Ona görə onun "Tövbəyə durmuşuq" deməyi normal qaşılanır.

 

Gəlib əfv diləsin öz günahına,

Naümud qaytarma suçlu bəndəni.

İlahi, üz tutub haqq dərgahına,

Tövbəyə durmuşam, bağışla məni.

 

İlahi, hamımız günah içində,

Hərənin nədəsə bir günahı var.

Xoşbəxt görünsə öz sevincində,

Günahkar bəndənin bir günahı var.

 

Bir anlıq bu şeirin arxa planına diqqət yetirsəniz, onda mənim , sizin hardasa, nədəsə günahkar olduğunuzu özünüz üçün ürəyimizdən keçirə bilərik. Bu fikri ona görə yazıram ki, Ədalət Salman onu artıq misralayıb tirajlayıbdı. Yəni gerçəyi bizim əvəzimizdən şeirə çeviribdi. Bax, poeziyanın, eləcə o poeziyanı yaradanın uğuru da gerçəyi hamının dilindən, hamının gerçəyi kimi deməyi bacarmasıdı. Şeirlən göründüyü kimi, Ədalət Salman həmin gerçəyi deməyi bacarıb. Hələ üstəlik onu da deyib ki, "Sən mənim nəyimi sevirsən axı".

 

Özünə, sözünə sığal verən qız,

Ay mənə sevgidən ağır verən qız,

Vurulub şeirimə, şairliyimə,

Sən Allah, "sevirəm, səninəm" demə.

Ömrümü-günümü izləmə mənim

Yollar ayrıcında gözləmə məni.

 

Ömrün çiçiək çağı, ömrün yaz çağı

Əlləri qoynunda dayanma elə.

Ağlaya-ağlaya boylanma elə,

İnsanam, ürəyim ağrıyır axı -

Sən mənim nəyimi sevirsən axı?!

 

... Maşallah sevməyə oğlanlar çox,

Vüsal həsrətiylə yananlar çox.

Vallah, qeyri-adi məndə heç yox -

Sən mənim nəyimi sevirsən axı...

 

Bəli, bunu da Ədalət Salman deyib. əslində o, burda bir şair fəndgirliyindən istifadə edərək özündə olanları olmayanlar kimi dilə gətirir. Sevgiyə layiq olduğunu birbaşa yox, dolayısıyla ona sevənə çatdırır. bununla da sevilmək haqqı olduğunu artıq necə deyərlər, faş edir. Yəni qəfəsdəki bülbülü açıb bağa-bağçaya buraxır.

Deməli, ədəbi priyomun bu özünüinkar üsuluyla özünü arxada saxlamaq məharətiylə Ədalət Salman demək istəyir ki, "sən məni niyə sevmirsən axı?!"

Elə həmin o duyğuların fonunda da mən hələ mətbəə qoxusu canından çəkilməmiş "İlahi, sən bizi sözə bağışla" kitabı haqqında balaca bir məktubu yazıb Ədalətə "kitabın mübarəkdir" arzusuyla ünvanlayıram. bir daha deyirəm: "kitabın da, yubileyin mübarək, Ədalət Salman!"

 

Ədalət.-2017.-3 noyabr.-S.8.