ÖZ YARADICILIQ İQLİMİ OLAN ŞAİR-YAZIÇI YUSİF HƏSƏNBƏY

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 

(əvvəli ötən saylarımızda)

 

Demək olar ki, bu əsərlərin hamısında müasirlik, ictimai problemlər, sosial mühitin sıxıntıları, milli-mənəvi, əxlaqi dəyərlər, bu dəyərlərə insani münasibətlər, ruhi məqamlar, intellekt sahibi olan bəşər üzvünün Tanrısı ilə saflıq axtarışlarında ruhi söhbətləri, dünyadan "cənnətin" nədənsə üzümüzə bağlı qalan yollarının axtarışları, bu yolları yenə mənəviyyat açarı ilə "vicdanın açarı ilə açmaq istəyi, insanı təmizliyə, mənəvi saflığa çağırış istəkləri, arzuları Pir babanın bizlərə qoyub getdiyi Pir bulağının itirdiyimiz saflığına, duruluğuna" inama qayıdış bəzən zəif, bəzən güclü, amma təmiz, xoş yazıçı niyyəti ilə qələmə alınmışdır.

Bu cəhətdən "Cənnətin bağlı yolları" poeması xüsusən fərqlənir. Burada "cənnət" mistik obraz deyil, Cənnət kimi gözəl olan Qarabağa işarədir:

 

Üz tutmamış yaramdı Qarabağım!

sönür, qaysaqlanır,

Sulandıqca dağlanır.

Dağıdılmış yuvamdı Qarabağım!

Al qumaşı Paris salonlarına

işıq saçan,

İndi şöləsi qaralan şamdı Qarabağım!

...Əfsanəyə dönmüş o yurdum,

Viranəyə dönmüş o yurdum,

...Ucalığımdı,

İntibahımdı, yeni eramdı!

Çox müsibətlər görüb elim,

Amma Qarabağ süqutu

Şekspir dramlarının qabağına

Doqquz qoyan bir dramdı.

qədər ki,

Düşmən əlindədir torpağımız,

Yatdığımız yuxu haramdı, qardaşlar,

İçidiyimiz su haramdı.

 

Onun bu qəbildən olan poemalarında, ümumiyyətlə, şeir yaradıcılığında gerçəklik, həyatilik emosional müstəvidə təqdimi yaxşı bir cəhddir, amma mühitlə səsləşən, həmahəng olan sadəliyə, adiliyə meyilli emosionallıqdır. Yusif Həsənbəyin şeirlərində psixoloji-analitik təhlildən çox real hadisələrə müraciət, monoloqlar üstündür. Onun ictimai məzmunlu şeirləri birtərəfli monoloqdur, dialoqa çevrilmir; şairin oxuculara ünvanlanan düşüncələridir... Onun üslubunda poetik-bədii situasiyanın tərənnümdən çox, şərhinə üstünlük verilir... Ümumiyyətlə, Yusif Həsənbəyin misra intonasiyasında bir nəsr düzümü, nəsr sərbəstliyi var. Həmçinin, nəsrində, xüsusən povest hekayələrində sadə lirizm, şairanə müşahidələr üstünlük təşkil edir. Onun təhkiyyəsində şeir dilinin sintaktik biçimləri çimlənir. bu biçimli hekayələr oxucusuna lirik, şairanə effekt aşılayır...

İndinin özündə , Yusif Həsənbəy böyük Səməd Vurğun demiş "Əlimdədir hələ qələm!" gənclik enerjisi ilə yazıb-yaradır. Müstəqillik dövrünün ən seçmə mətbuatında tez-tez silsilə şeirləri dərc edilir. Bu şeirlərdəki lirizm, yeni deyim tərzi, gənclik ehtirası, orjinal qafiyə bənzətmələr diqqəti cəlb edir. Onun bu yaxınlarda "525-ci qəzetdə dərc edilən "Bahar gəlir", "Səndən heç istəmirəm", "Məhəbbət şirin acıdır", "Qocalar tələsmir", "Dənizdə fırtına var" şeirlərinə göz atdım bu şeirlərdəki coşğun ovqatı elə bil özünün "Qocalar tələsmir" şeirində təsvir etdiyi:

"Alnım qırış-qırış, sanki xış kəsib,

Basır kipriyimi codlaşan qaşım!

Qamətimi elə hey dikəltsəm ,

Qurşaqdan yuxarı qalxmayır başım!"

 

- deyən, qocaman şair yazmayıb! "Səndən heç istəmərəm" şeirdəki şövqə, ehtirsa diqqət yetirin:

 

Bir sən olasan, bir mən,

Səndən heç istəmərəm!

Ölüm istərəm əcəldən,

Səndən heç istəmərəm!

 

...İstəsəm qaynar ağuşlar,

Dolana boynuma saçlar,

Qarışa ağıllar, huşlar!

Gəlsin baş-başa qaşların.

Od püskürsün baxışların!

Sel-sel axsın göz yaşların!

Yağdır başıma yağışlar.

Qoy məni yaxsın atəşlər,

Sönsün gözümdə günəşlər.

Gözlərin köksümə xəncər,

Sözlərin qəlbimə şeşpər!

Səndən heç istəməsəm,

Tökülər başıma daşlar!

Dondurar yazımı qışlar!

Çəkərəm şövqümə neştər.

Yetər sona bu təşvişlər

Səndən heç istəmərəm!

 

... Yusif, dəryadı səbrimiz,

Hər möhnətə dözərik biz.

Nola bir düşə qəbrimiz,

Məzarda yox,

Yar qoynunda, o cənnətdə,

Sinə boyu, qol boyunca,

Sən doyunca, mən doyunca.

Aşkar öpüşə qəlbimiz, -

Odlara düşə qəlbimiz.

Bir ocaqda külə dönsək,

Uf demərəm,

Ancaq səndən,

Səndən heç istəmərəm.

 

Bax, poeziya budur, sehr budur, şeir budur, sirr budur = 85 yaşında olan şairi Məcnuna çevirir... "Qayıda bilmərəm, gözləmə məni" ("Ədalət" qəzeti, 14.11.2014) şeiri , bu qəbldən, deyərdim ki, ən təsirli şeirlərdəndir.

"Bu şeirlər erosdur, erotomiyadır (ağılsız məhəbbət), sadəcə poeziyaya çevrilmiş insani məhəbbətdir bu məhəbbətin yaratdığı iztirablardır!!

 

Axan göz yaşımdan yollar islanar,

Sənə qucaq açan qollar islanar!

Saçına düzdüyüm güllər islanar.

Daşlar parçalanar, qumlar tozlanar,

Sənsiz bir köləyəm, şahımdan kənar,

Quru bir tənəyəm salxımdan kənar.

Bir dəli Məcnunam ağlımdan kənar,

Bülbüləm gülümdən, bağımdan kənar!

Yer Göyə qarışar, fəryad çəkərsəm,

Sönmüş ulduzalr da ahımdan yanar.

Qayıda bilmərəm, necə qayıdım?

Qayıtsam ürəyim sevincdən sınar,

Qayıda bilmərəm, gözləmə məni.

 

"Yusif Həsənbəy sədaqətini, ülviliyini qorumaq naminə, poeziyanın ən kövrək və kontrastlı imkanlarını gerçəkləşdirmişdir. Epitetlər, poetik assosiasiyalar, zərif nüanslar məhəbbətin bakirəliyini işıqlandırır." (Allahverdi Eminov).

Yusif Həsənbəy ömrü boyu ədəbiyyatımıza bu gənclik şövqü ilə xidmət etmişdir. Gücünü-qüvvətini əsirgəməmişdir.

Yusif Həsənbəy keçən il (2016) bir müsahibəsində "Qız bənövşəli" illərini yada salaraq deyib: " Qubaya gedəndə həmişə gəncliyimi, ilk sevgimi axtarmışam. "Qız bənövşə" deyilən bir yer vardı, elə qız kimi utancaq, nazlı-qəmzəli bir məkan idi. Yeniyetməlik cağlarımda tez-tez qaçıb ora gedərdim. Oğrun baxışlarla sevdiyim qızın yanından keçmək üçün həyəcandan boğulardım. Sonralar o "Qız bənövşə"ni dağıdıb-tökdülər, yerində nəsə tikdilər, amma xatirələrimi basdıra bilmədilər. İndiQubaya gedəndə xəlvəti yolumu oradan salıram, yenə o qızın yanından keçmək, əlindən tutmaq istəyirəm. Elə bilirəm o qız hələ də orada durub məni gözləyir. Kaş o qızın əlini bərk-bərk tutub saxlayaydım, getməyə qoymayaydımg İndi də belə yana-yana qalmazdım, xatirələr məni qovurmazdı. Gedirəm axtardığımı tapa bilmirəm, gözüm dolur, qəhərlənirəm, geri qayıdıram..."

Bu fikir və hisslər sübut edir ki, Yusif Həsənbəy 85-də də cavanlıq, ərgənlik, "Qız bənövşə"li illərinin həvəsi ilə, ehtirası ilə yaşayır... Bu ona enrjili yaradıcılıq stimulu verir...

Yusif Həsənbəy həm yaradıcılığının, həm də həyatının müdriklik çağlarını yaşayır. Yeni əsərlər üzərində işləyir... Yusif Həsənbəy sakit, məhsuldar bir yaradıcı ömür yaşayır, bədii-poetik sözə sərf olunan yazıçı ömrü... Bu ömrün məqamları görümlü, duyumludur... Bu çətin, əzablı, axtarışlı, səmərəli, özünəməxsus, zəngin, öz iqlimi, öz ab-havası olan yaradıcılıq ömrünün məqamlarıdır...

Yusif Həsənbəyin bir şerivar - "Doya bilmirəm" adında. Məna və mahiyyəti, ovqatı, ruhu 85 yaşını haqlayan Yusif Həsənbəyin özünə də, yaradıcılığına da çox yaraşır. Onun son bəndi belədir:

 

Həyat beş gündü, beşcə gün,

Sevdalı hər gün, toy-düyün.

Mənası eşqdir ömrümün,

Başqa bir məna bilmirəm.

 

Bu çətin, əzablı, axtarışlı, səmərəli, özünəməxsus, "mənası eşq olan", həmişə Qubanın "Qız bənövşə" adlanan məkanında ilk məhəbbətini axtaran zəngin yaradıcılıq ömrünün qızbənövşəli - 85-ci məqamında ona sağlam can, sözdən süzülən yeni-yeni uğurlar, yorulmazlıq arzulayırıq...

 

Qurban BAYRAMOV,

tənqidçi-ədəbiyyatşünas

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Ədalət  2017.- 21 noyabr.- S.7.