Gedin deyin xan çobana...

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Musiqi dünyamızda elə səslər var ki, onları dinləmədən, eşitmədən, ziyarətinə getmədən gündəlik işlərinə şövqlə başlayıb xüsusi bir həvəslə başa çatdırmaq mümkün olmur. O səsləri deyirəm ki, onlar göylərdən gələn ilahi bir səs kimi yaddaşımı tərpədir. Mənə dünyalar içrə bir dünyanı xatırladır.

O dünya ki orda hər şey pakdır, təmiz və ülvidir. O dünya ki orda təzadla, ziddiyyətlə qarşılaşmıram. Orda kinə, nifrətə, bədxahlığa, bədgümanlığa yer yoxdur. Ora da hər gün gördüyümüz bu dünya kimi rəngbərəngdir, çoxçalarlı və əlvandır. Orda da gecələr ay çıxır, ulduzlar yanıb-sönür, gündüzlər səmadan, dağlar arxasından, dənizlər səthindən üzümüzə Günəş boylanır. Bütün gözəllikləri var dediyim o dünyadan - səslər dünyasından danışıram. Əlbəttə ki. ecazkar, öz qüdrətilə Tanrının izinə düşüb gedən səsləri nəzərdə tuturam. Şakərimdir, hər səhər işə gələndə o səslərdən bir neçəsini dinləyirəm - özüseçim etmədən. Nənəm demiş, giratıma hansı düşsə, ona da qulaq kəsilirəm. Gah Xana, gah Seyidə, gah Cabbara, Yaquba, Qədirə, Sabirə, qəlbini həsrət oymuş Məhəbbət Kazımova qədər... Bu səhər də Teymur əmini dinlədim. Teymur Mustafayevin şaqraq səsini, onun işıqlı simasını və oxuduğu muğam, təsnif, xalq və bəstəkar mahnılarını elə uşaq vaxtımdan sevərdim. İfasındakı yaşamı, duyğulanmanı, xalqımızın həyat tərzini, məişətini yada salan nəğməli görüşlərini hələ də unduda bilmirəm.

70-ci ildə doğulmuşam. Hardasa, 10 yaşımdan musiqi vurğunu olduğumu anlamışam. Evimizdə o dövrün ən "şöhrətli" texnikası sayılan - anamın cehiz gətirdiyi valla işləyən "patefon"da dinləyərdim, indinin klassiklərini. Orda Teymur əminin də mahnıları yazılmış val var idi. Çox da gur səsi olan radio açılanda səsi kəndi başına götürürdü. Evimiz bulaq başından 50-60 metr aralıqda yerləşirdi. Bulaq başına toplaşan gəlinlər, qızlar, uşaqlar, işdən-gücdən, otdan-ormandan qayıdan qocalar, ağbirçəklər sərin bulaq çeşməsindən üzlərinə çəkib "oxqay" deyəndə, eşitdikləri musiqinin sədaları da onlara özgə bir ruh verirdi. Teymur əmi oxuyurdu: "Sudan gələn sürməli qız", "Meşəbəyi", "Apardı sellər Saranı", "Bir an dayan, ey Sarivan" kimi mahnılarının sədaları həmin o dediyim bulaqdan çox-çox uzaqlara da yayılıb çölə, çəmənə, təbiətin hər guşəsinə sanki layla çalırdı. Əlbəttə, o vaxlar Teymur Mustafayev hələ Teymur əmi deyildi. Gur, qıvrım saçlı, geniş alınlı, işıqlı çöhrəsi olan bir gənc idi. Və o gəncin zənguləsi yəqin ki kəndimizdəki dağların, daşların da yaddaşında qalıb.

Teymur əmi musiqiyə həddindən artıq milli duyğularla yanaşan bir ustaddır.

Böyük məktəb keçib. Sənət müəllimləri Seyidin, Əhməd Bakıxanovun məktəbindən keçərək günümüzə qədər gəlib. Bu gün yaşının 80-ni haqlamasına baxmayaraq, yenə də böyük şövqlə, gənclik ehtirasıyla oxuyur. Onun Süleyman Rüstəmdən, Seyid Əzimdən, Nəbatidən, Səməd Vurğundan, Şərqin böyük filosof şairi Şeyx Sədidən, bir çox şair və qəzəlxanlardan oxuduğu şeirlər, qəzəllər, özü demiş, ruhumuzu rəvan bir axara yönəldir. Teymur əminin mahnılarında torpaq ətri, kənd havası, yurdun yaddan çıxmayan mənzərələri əbədiləşib. O, sözün həqiqi mənasında yurdla nəfəs alan, içindəki, ruhundakı Vətənlə birgə böyüyən hər kəsin dünyasını fəth edib. Mənim də könlümdə, ruhumda bir Teymur əmi yaşayır. Onun səsini, sözünü, milli ruhumuzun təcəssümü olan mahnı və təsniflərini nə zaman eşitməsəm özümü həyatdan, dünyadan kənarda bilirəm. İndiki stress, depressiya əsrində Teymur Mustafayevin səsi, təbiətindəki yumşaq yumor adama bir loğman təsiri bağışlayır.

Teymur əmi dünyanın bir çox ölkələrini gəzib-dolaşıb. Türkiyə, Rusiya, Əfqanıstan, Pakistan, İran, İraq, Suriya... getdiyi hər yerdə, hər ölkədə Teymur əmidən bir iz, bir xatirə, bir soraq qalıb.

İraqda iraq türkmənləri, İranda təbrizli, ərdəbilli, urmiyalı soydaşlarımız, Türkiyədə türk qardaşlarımız, indi küncə sıxışdırılmış, torpağının sərvəti talanan kərküklərimiz Teymur əmini ayaq üstə alqışlayıblar. İrandakı qastrol səfərindən bir videolent kimi qalmış bir xatirə yaddaşımda yenidən canlandı. İlk ifasına elə muğamın şərəfinə yazılmış "Muğam"la başladı.

Daş ürəklərdə yanıb,

daşları sındırdı muğam,

Haqqa düşmən olanı

haqqa tapındırdı muğam.

güman eyləmisən

ondakı tilsimləri sən?!

Kürü ahıyla qurutdu,

salı yandırdı muğam...

...Dəfn edin siz məni

Zabul seygahın himayəsinə,

Deyirəm, bəlkə məni

bir gün oyandırdı muğam...

 

...Bizi dünya içrə bu qədər böyük dərdlərimizlə ayaq üstə saxlayan, kim bilir, bəlkə də elə qanımızla, südümüzlə ruhumuza işləyən canlı muğam səhnələri, muğam mənzərələri və ən başlıcası, dünyanın humanist bir xalqının tərcümanı olan muğamdilli tariximizə sahib olmamızdır.

Böyük tənqidçi Asif Əfəndiyev türklüyə qayıdış, türklüyə dönüş müstəvisində həm də "Biz muğama qayıdırıq" fəlsəfəsindən danışırdı. Doğrudur, bir ara, bir dövr muğamdan uzaqlaşdıq. Ucuz şoulara, sənətin heç bir ölçüsünə tabe olmayan bayağı estradalara, şoumenlərin yaratdığı cəfəngiyyat xarakterli ekran, efir verilişlərinin işığına cəm olduq. Son nəticədə anladıq ki, bu işıq aldadıcı imiş. İblisin gözlərində parlayan işıq qədər qorxunc və məkrli... Bizim mənəvi dünyamıza, mədəniyyət tariximizə su, özüçirkli su calayan verilişlərdən uşaqlaşa bilməyimizə də bu gün bir şükür düşür. Bəli, biz muğama qayıtdıq. Dövlət səviyyəsində, hökumət səviyyəsində. Muğam dünyamızı yenidən tapdıq. Azərbaycanın muğam dünyası Azərbaycan mədəniyyətinin dünya, bəlkə də böyük sivilizasiya tarixində açılmış nadir səhifələrindəndir. Bu səhifədə hər sənətkarımız, hər müğənnimiz bir fəsil, bir yarpaqdı. İnsanın möcüzəsinə, insanın böyüklüyünə, xilqətin yaranışına məhəbbət oyadan müqayisəsiz bir nümunədir.

Muğam dünyası dedim, bu dünyada özünəməxsus xanəndəlik istedadı, məlahətli səsi və ictimaiyyətə təsir edə biləcək zövqüylə yadda qala biləcək bir xanəndə də Teymur Mustafayevdir ki, ona Teymur əmi deyirik. Bu mənəvi titul, xalqın verdiyi bu ad sıradan hər kəsə verilmir. Bu adı gərək qazanasan. Teymur əmi musiqi səhnəsinə gəldiyi ilk günlərdən şöhrətlənib. Onun unudulmaz Nəzakət Məmmədovayla oxuduğu əfsanəvi duetlər bu gün radiomuzun qızıl fondunda qorunan ən dəyərli səs yazılarındandır. Və birheç vaxt unudulmayan, yaddan çıxmayan "Sarivanı"ı. Bir an dayan, ey Sarivan, qoyma keçsin bu karvan....

Təəssüf ki, Allahın izni, əmri ilə daim hərəkətdə olan bu karvanı Teymur əmi nə qədər doğma, munis bir səslə oxusa da, saxlaya bilməzdi. Necə ki, vaxtsız qəzada faciəli şəkildə həyatını itirmiş oğlu Bakıxanın bu dünyadan köçən Karvanını saxlaya bilmədi.

Əlbəttə, insanlar nəsil-nəsil dünyaya gəlir və nəsil-nəsil də sirli, əzəldən tamaşa yaranmış bu dünyadan köçürlər. Köçün qarşısını kəsmək heç bir zaman mümkün olmayıb. Bu həm də bir qədər, tale, yığval işidir. İnsanın iqbalı üzünə gülməyəndə, başına hər nə desən gəlir.

Böyük bir Azərbaycan köçüQarabağdan qopdu. Ellərimizi, obalarımızı, minillik tarixi olan dədə-baba yurdlarımızı qəsb etdilər. Bizo qəsdlərin, qəsblərin qurbanı olduq. Amma bu gün ruhumuzla, içimizdəki mübariz "mən"imiz, mədəniyyətimiz, tariximizlə ayaq üstəyik. Biz o torpaqlara dönəcəyik. Muğamdilli tariximizlə, dünyaya səs salan muğam dünyamızla birgə. Və Teymur əmi yenə oxuyacaq: "Gedin deyin Xan çobana, qoy gəlsin bu il Muğana, Muğan dönüb gülüstana...

Qarabağda yenə gülüstan olacaq, elimiz, elatımız, yayda Qarabağa, qışda Muğana üz tutacaq. Bu da bir köçdü. Amma göz yaşıyla, qanla, qırğınla, ürək dağıyla müşayət olunan köç deyil. Bu köç firavanlıq köçüdü.

 

Fariz Çobanoğlu

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun

maliyyƏ yardımı ilƏ

Ədalət  2017.- 18 oktyabr.- S.7.