YAXŞI Kİ, SƏN VARSAN, AY MUSA YAQUB

 

AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

(əvvəli ötən sayımızda)

 

Axı, mən poemanın çap ediləjəyi barədə düşünməmişdim. Poemanı təzədən, Məmməd Rahimin dediyi qaydada işlədim və yenidən poçtla ona çatdırdım. Bir müddət keçəndən sonra gəldim Bakıya, Məmməd Rahimin yanına. Görüşdük, məni səmimiyyətlə qarşıladı. Dedi ki, poemanı göndərmişəm "Azərbaycan gəncləri" qəzetinə, get redaksiyaya, əlaqə saxla, gör nə vaxt çap eləyəcəklər. O dediyi kimi redaksiya ilə əlaqə saxladım, get-gəllər başlandı. O illər ədəbiyyata gəlmək, çap olunmaq indiki kimi asan deyildi. Uzun bir prosesdən sonra poema 1959-cu ilin mart ayında, dalbadal dörd nömrədə çap olundu. Poemanın əvvəlində kiçik bir komentariya verilmişdi, mənim hansı rayonda yaşamağım, nə işlə məşğul olmağım barədə bir-iki kəlmə söz yazılmışdı. Rayona gələndə hamı təəccüblə məndən soruşurdu, bu Musa Yaqubov sənsənmi? Səhərisi məni rayon maarif şöbəsinin müdiri çağırdı. Nə desə yaxşıdır: ay Musa müəllim , bəs niyə bizə deməmisən ki, şeir yazırsan? Gülmək tutdu məni.

V.Yusifli: Deməli, Məmməd Rahimin köməkliyilə, ədəbi qayğvsı ilə poeziyaya gəldiniz və bundan sonra sizin işiniz rəvan getdi..

M.Yaqub: Yox, elə olmadı. Əsl zülmüm o poema çap olunandan sonra başladı. Hansı redaksiyaya şeir aparırdım, çap eləmirdilər. Ona görə ki, şeirə tələbkarlıq böyük idi, təzə səs, təzə nəfəs lazım idi ki, başqalarından seçilim, fərqlənim. O poema isə indiyə qədər heç bir kitabımda getməyib, amma fikrim var ki, seçilmiş əsərlərim çıxsa, ora daxil edəjəyəm.

V.Yusifli: Beləliklə, poemanın çapından sonra sizdə yaranan o böyük sevinc hissini qəm-qüssə, kədər hissi əvəz etdi. Bu, hər bir şairin həyatında baş verə bilər, bəs özünüzü necə ələ aldınız?

M.Yaqub: İki il böhran keçirdim, hətta istədim şeirin daşını atam. Fikirləşirdim ki, axı mən də bütün şairlərin müraciət etdikləri mövzularda yazıram, niyə onlar çap olunur, mənim şeirlərimə isə yer tapılmır. O iki ildə "Azərbayjan gəncləri" qəzetində cəmi iki şeirim çap olunmuşdu. Ancaq bu böhran tezliklə həyatımdan çəkilib getdi. Günlərin bir günü həyətimizdə yaxından görünən dağlara baxdım, o dağlarda hələ çəkilib getməmiş ağappaq qara baxdım, təzəcə tumurcuqlanan ağaclara baxdım, qorxa-qorxa açan nərgiz çiçəyini gördüm. Ürəyimdə çox qəribə, amma mərhəm hisslər oyandı. Düşündüm ki, ay Musa, bir belə gözəlliyi görürsən, bəs bundan yaz da. Və üzümü tutdum təbiətə. Mövzumu tapdım. Həmin iki ili mən şair ömrümə yazmıram.

 

(İKİNCİ MÜSAHİBƏ

 

(Kəndlə şəhər arasında)

 

V.Yusifli: Musa müəllim, sizin ömrünüz şəhərlə kənd arasında dövrə vurub. Bilirəm ki, Buynuz kəndində eviniz-eşiyiniz var, şəhərdə də ev almısınız. Gah şəhərdəsiniz, gah da sorağınız kənddən gəlir. Və şeirlərinizdə də bu ünvanlar tez-tez dəyişir. Kənddə yaşadığınız üçün təbiətin min bir gözəlliyini vəsf edirsiniz, ağacların, quşların, çayın, zəminin, tarlanın, otun, gülün-çiçəyin şeiriyyətini poeziyaya gətirirsiniz, şəhərdə yaşayanda da öz mövzularınız olur, amma siz dünyaya o kənddən boylanırsınız. Mən elə hesab edirəm ki, bu "yerdəyişmələr" sizin yaradıcılığınıza təsirsiz qalmır.

M.Yaqub: İnsanın xarakterində, xasiyyət və rəftarında əvvəldən-axıradək sabit, dəyişməyən bir cövhər var, o, harada doğulursa, dünyanın hansı guşəsində olursa, özünü göstərir. Mən torpaq adamıyam, təbiət adamıyam. Mənim dəyişməyən, həmişə mənimlə bir addımlayan, dünyanın harasında olsam belə məni tərk etməyən duyğu və hiss elə budur-torpağa bağlılıq. Məkan tez-tez dəyişilə bilər, amma səni nizamlayan meyar və ölçü birdir. Yəqin ki, Azərbaycan yazıçılarının sorğu kitabında tərcümeyi-halımla tanış olmusunuz. Xeyli müddət rayonda müəllim işlədim, Buynuz kənd səkkizillik məktəbin müdiri oldum.Yetmişinci illərin əvvəllərində qərara aldım ki, Bakıya köçüm.Çünki ədəbi mühitlə təmasda olmaq istəyirdim, həm də maarif şöbəsiylə bağlı narazılığım vardı. Onu deyim ki, kənddə yaşayanda şair dostlarım, qələm yoldaşlarım tez-tez Buynuza gəlirdilər. Məsələn, Əkrəm gəlirdi, Fikrət Qoca gəlirdi, onlar istəyirdilər ki, Bakıya köçüm. Amma Bakıya köçmək olduqca çətin, müşgül bir məsələ idi.

Yetmiş dördüncü ilin may ayında gəldim Bakıya, uşaqları kənddə qoydum. Gəldim Yazıçılar İttifaqının sədri Mirzə İbrahimovun yanına. Gözləmədiyim bir səmimiyyətlə üzləşdim. Mirzə müəllim dedi ki, ay bala, hardasan, bir aydır səni gözləyirik. Təcili Yazıçılar İttifaqı kadrlar şöbəsinin müdiri Kübra xanımı çağırdı, mənim işlə təmin olunmağım barədə əmri hazırlamağı tapşırdı. Mən Yazısılar İttifaqı Nəşriyyat şöbəsinin müdirliyinə təyin olundum. Ancaq Kübraxanım dedi ki, Bakıda qeydiyyatın yoxdur, get bu məsələni təcili həll elə. Bax, məsələnin ən çətini bu idi. Hara getdimsə, hara üz tutdumsa, alınmadı. Bir gün Vaqif Nəsibin milisdə işləyən qardaşı mənə məsləhət gördü ki, Daxili İşlər Nazirliyi pasport masa rəisi Azad Talışoğlunun qəbuluna get, insan adamdır, özü də şeir yazır, o, sənə kömək edə bilər. Azad müəllim məni qəbul elədi, şeirlərimi oxuduğunu, məni tanıdığını söylədi. Biləndə ki, qeydiyyat məsələsi üçün gəlmişəm, çox sevindi: "mən Bakıya xuliqan gətirmirəm ki, şair gətirirəm". Tez mənim qeydiyyata düşmək istədiyim, amma düşə bilmədiyim rayonun milis rəisinə zəng elədi və beləliklə, Azad müəllimin köməyilə Bakı sakini oldum. Nəşriyyat şöbəsindən sonra Ədəbiyyatı Təbliğ bürosunda direktor müavini işlədim, sonra da "Azərbaycan" jurnalında poeziya şöbəsinə müdir təyin olundum. Mənim dörd illik Bakı həyatım belə davam etdi.

V.Yusifli: Amma yenə İsmayıllıya qayıtdınız..

M.Yaqub: İş belə gətirdi ki, gözəl bir insan, əsl azərbaycançı, yazıçı-publisist Qəşəm Aslanovu İsmayıllıya birinci katib gətirdilər. O, məni yaxşı tanıyırdı. İstəyirdi ki, mən rayon qəzetinin redaktoru olum və bunu mənə təklif eləyəndə dərhal razılıq verdim. Çünki kənd, təbiət məni özünə çəkirdi. Proses çox gizli gedirdi , bundan yalnız Yazıçılar İttifaqı rəhbərliyinin xəbəri vardı. 1978-ci ildən mən "Zəhmətkeş" qəzetinin redaktoru oldum. Onda bildim ki, rayonda belə bir vəzifədə işləmək yazıçının vaxtını necə payimal edir, istər-istəməz rayonun bütün əsas tədbirlərində iştirak etməlisən, raykomun iclaslarında oturmalısan, hər gün kolxozlara, sovxozlara getməlisən, qonaq qarşılamalısan. Ancaq mən bu gərgin, çox zaman ürəyim istəmədiyim, ayaqlarım getmədiyi iş-gücdən vaxt tapan kimi yaradıcılığımı davam etdirirdim. Ən sevindiyim anlar o olurdu ki, Bakıdan şair dostlarım, qələm yoldaşlarım İsmayıllıya ya da Buynuza gəlirdilər, oturub saatlarla söhbət edirdik, bir növ, səyyari bir ədəbi mühit yaranırdı. Sonralar, doxsanıncı illərdə, dünyanın çarxı dəyişdi, müstəqillik əldə etdik, quruluş da, insanlar da dəyişdi, münasibətlər təzələndi, amma mən ömür ağacımın kökünə xəyanət eləmədim.

V.Yusifli: Çox istərdim ki, Milli Məjlislə bağlı o beş ilinizi xatırlayasınız. Bu barədə respublika qəzetlərində kifayət qədər yazılıb, sizinlə müsahibələrdə bunları demisiniz isti-isti. İndi üstündən xeyli keçib, amma o günlər, o anlar unudula bilməz.

M.Yaqub: Əlbəttə, unudulan deyil. Bir həvəslə, bir böyük istəklə gəlmişdim, amma nə etmək olar ki, bu istəkləri reallaşdırmaq mümkün deyildi. Mən burada seyrçi olub qala bilməzdim, bəzən müəyyən bir məsələnin həllində mübahisəyə girişir və etiraz səsimi də qaldırırdım. Bir dəfə mənə belə bir sual verdilər: "Çox gözəl bilirik ki, rayon havası ilə şəhər havası eyni olmur. Rayonda daha saf, təmiz hava uduruq. Milli Məclisdəki havalar necədir?"

Cavab verdim ki, rayon havaları gözəl olur, bir də görürsən, yağış yağır, bahar gəlir, bənövşələr açır. Amma Milli Məclisin havasını təyin etmək çox çətindir. Çətin və ağır havadır, heç dözüləsi deyil. Mən orda gördüm və hiss etdim ki, əgər belə getsə, Azərbaycan "itmiş Atlantida" aqibəti yaşayacaq

Amma Milli Məclis mənim şeir yazmağıma mane ola bilmədi. Haçansa demişdim ki, bəlkə Milli Məclisdə olmasaydım, bir silsilə şeirlər də yaranmazdı. Doğrudur, mən dünyanı Milli Məclisin içində yox, dünyanı dünyanın içində görürəm, amma hər halda, orada da dünyanın müəyyən hissəciklərini, münaqişələrini görmüşəm. Amma dünyanın böyüklüyünü qayalarda, dağlarda, çaylarda, yaşadığım yurdlarda görmüşəm.

 

(ardı gələn sayımızda)

 

Ədalət  2018.- 11 avqust.- S.6.