TOPONİMİK
RƏVAYƏTLƏR
(əvvəli ötən
saylarımızda)
Ana qızından soruşmuş:
-Naxırçıya gedərsənmi?
-Nəyi var naxırçının-demiş. Nə evdə hanası var, nə də naxırda danası. Bir həsirdi, bir də Məmmədnəsir. Bir ağacıdı, bir də boğazı. Onunku odur-gündüz naxıra, axşam axura. Yayda topuğa, qışda lopuğa işləyəndir. Bir cüt çarıq, onun da bağı qırıq.
-Çobana gedərsənmi?
-Elə gedərəm.
-Nəyə görə?-sormuş ana.
-Qoyunu da var, oyunu da. Yayda dağın qaşında, qışda süfrə başında. Yaylaqda yağ yeyəcəm, qışlaqda qaymaq. Məndən hərəkət, süfrəmdə bin-bərəkət. Motallarım bucaqda, ağ oğlanım qucaqda. Övladlarımı da ağırlayıb-əzizləyəndə də deyəcəyəm: "Malım, qoyunum, varım-dövlətim". Dədələr qohum içində qayın, mal içində qoyun-deyiblər. Bir də Həzrəti Musa peyğəmbər az bilirdi məgər? Kişi ömrü boyu çobanlıq eləmişdir.
Sözə qüvvət: Naxırçılar ya həftəliyə, ya da aylığa durardılar. Sağmal inəklərin altı günlük südünü mal yiyəsi, bir gününü isə naxırçı götürərdi. Sənin həftəliyindən kar aşmaz-deyimi də kasıb adama işarədir.
Belə də deyirlər ki, uzun sözün azı-uzu, çobana vermə qızı, ya qoyun güddürər, ya quzu-bu da ki, çobana sataşmaqdan yanadır.
Lələlilər yeri
Lələnin adı ilə bağlı yer-yurd adları çoxdur. O, özündən sonra zəngin irs qoyduğu kimi, xeyli toponim də yadigar qoymuşdur.
Ərdəbilin Ərşaq mahalında Lələli kəndi, Gürcüstanın Bolnisi rayonunda Lələpaşa kəndi, Qərbi Azərbaycanda Lələkənd, Lələguğ ("guğ" ermənicə kənd deməkdir. Ermənilər bu azərbaycanlılar yaşayan kəndin adını öz dillərinə tərcümə etmişlər), Astarada Lələkəpeştə, Lerikdə Lələdulan, Lələkəran kəndləri, Zərdab rayonunda Lələağacı, Lələpaşa kəndləri, Laçın rayonunun Qazıdərə kəndində Lələ abidəsi, Lələbağırlı oymağı, Füzuli rayonunun Əhmədallar kəndində Lələ qəbri (Buna Aşıq qəbri də deyirlər), Yağlıvənd kəndində Lələli məhəlləsi, Horadiz kəndi ərazisində Lələ düzü, Böyük Bəhmənli kəndində Lələş tayfası, Füzuli rayonu ilə Cəbrayıl rayonu arasında Lələ dağı (buna Lələ təpəsi də deyirlər)... Qaracallı kəndindəki Lələlilər yeri də bu qəbildəndir.
El şairi Lələnin adı ilə bağlı yurd yerləri hələ bunlarla bitmir...
Bir ağız Lələ bayatısı:
Lələ bir dəyə tikdi,
Üzün güneyə tikdi
Nə gələn var, nə gedən,
Bilmədi nəyə tikdi.
Cinni dərə
Mahmudlu kəndində qeydə alınan oronimlərdən biri Cinni dərə adlanır. Oronimin mənası "cin olan dərə" deməkdir. Yeri gəlmişkən: Gecə yarısı dəyirmançı Nəsir kişi görür ki, dəyirman birdən-birə yatdı. Baxıf görür ki, dəyirmanın suyu quruyuf. Belini götürüb dəhnəyə sarı gedir. Dəhnəyə çatanda görür ki, yastanadakı çəmənlikdə bir toy-büsat, bir vur-çatlasın var ki, gəl görəsən. Qara zurnanın səsi ətrafı başına götürüf. Adamlar dəstə-dəstə yallı gedillər, sındıra-sındıra süzüllər. Qovurma qazannarı, plov qazannarı yan-yana düzülüf. Yemək-içməyin iyi neçə verstlihdən adamı bihuş edir.
Nəsir kişini görən kimi hərə bir tərəfdən onu məclisin başına çəkir. Nəsir kişi süfrənin qırağında oturur. Onun qabağına bir qab plov qoyullar. Deyillər:
- Nəsir kişi, ye!
Nəsir kişi, əlini çörəyə uzadarkən "bissimillah!" deyir. Bu zaman kimsə onun başına bir qapaz ilişdirir. Nəsir kişi huşunu itirir. Hannan-hana ayılıb görür ki, çəmənlikdə uzanıb. Yan-yörəsində bir inni-cinni də yoxdu.
Nəsir kişi anlayır ki, o cinnərin yığnağına düşübmüş. Sonra da şükür edir ki, "nə yaxşı "bissimillah" dedim, yoxsa cinnər məni dəli edəjəhdilər!".
Sohralar Nəsir kişi deyirdi ki, cinnər toy eliyəndə evlərə girif evlərdən ət, yağ, düyü, qab-qacax oğurruyuf aparıllar. Onnar yalnız plov bişirif yeyillər. Əgər bəni-adəm onnarın dil-felinə allanıb həmin plovdan yesələr, o saat olallar cinnərin tayı.
Cinnər "bismillahdan" çox qorxurlar. Odur ki, adam oturuf çörək yeyəndə çörəyi kəsməmişdən qabax gərəh "bismillah" desin. Bismillah desən cinlər çıxıf gedəllər, sən də oturuf rahatca yeməyıı yəə bilərsən.
Daşkəsən kəndi
Cəbrayıl rayonunda, Qarabağ silsiləsinin ətəyindədir. Daş kəsilən adam, daş kəsilən yer mənasındadır. Daşkəsən kəndinin igid-qoçaq oğulları olmuşdur. Bu xalq ədəbiyyatında da müəyyən deyimlərlə təsdiqlənir. Dildə-ağızda belə bir oxşama yaşamaqdadır:
Balama qurban Daşkəsən,
İgidləri baş kəsən.
Daşkəsən dağı
Buna Daşkəsən təpəsi də deyirlər. Dağ başdan-başa daşlıq və qayalıqdır. Burada daş karxanası da mövcud idi. Lap qədim zamanlardan yerli əhali ilə yanaşı ətraf kəndlərin də sakinləri ev tikmək üçün bu daşlardan kəsib aparırmışlar. Ona görə də dağ belə adlandırılmışdır.
Deyilənə görə, Qarabağda ilk dəyirman daşları da Daşkəsən dağında kəsilirdi. Yerli sakinlərin dediyinə görə, Daşkəsən kəndində 3 su dəyirmanı fəaliyyət göstərirdi ki, onların da daşları məhz Daşkəsən dağında kəsilirdi.
Xalq təbabəti
Füzuli rayonunun Şükürbəyli kənd sakini 80 yaşlı Şöhlət Alış qızı Qurbanova türkəçarəçi kimi tanınır. Təbiətin dilini-sirrini çox gözəl bilir. Bitkilərin insan həyatı üçün vacibliyini yaxşı bilir və bəzi xəstəlikləri türkəçarələrlə müalicə edir. Şöhlət nənə yalnız ona müraciət edənlərə köməklik göstərir. Uzun müddət yaylaq-yazlaq həyatı keçirən Şöhlət nənənin təbiətlə bağlılığı lap gənc yaşlarından başlayıb. Öskürək, zökəm, boğaz ağrısı, soyuqdəymə, diş ağrısının təbii yolla müalicəsini gözəl bilir. Hansı bitkinin ağ ciyər xəstəliklərinə, nəfəs yollarına, oynaq ağrılarına, mədəyə, bağırsaqlara faydasını ilk andaca müəyyənləşdirir. Ağız yarası, boğaz şişi, sinə ağrısı, keyləşməni, mədənin sıxlaşması, əsməcə halları onun köməkliyi ilə asanlıqla müalicə edilir.
Atəvəliyi
Kökündən və meyvələrindən dəmləmə və bişirmə halda islaha qarşı, dizenteriya xəstəliyinin müalicəsində istifadə olunur. Kökündən mədə-bağırsaq xəstəliklərində istifadə edilir.
Andız
Mədə-bağırsağı və qara ciyəri möhkəmləndirir. Cinsi həvəsi artırır. Öskürək, zökəm, boğaz ağrısı, ağciyər xəstəlikləri zamanı tövsiyə edilir. Balda bişirmiş mürəbbəsi öskürək, çətin nəfəs alma hallarında faydalıdır.
Təpitməsi dəri xəstəlikləri üçün çox yaxşıdır.
Acıyonca
ürək ağrıları və böyürək xəstəlikləri zamanı çiçəyini qurudub çay kimi dəmləyib icmək faydalıdır.
Alaqanqal
Köpmə, bel və onurğa ağrıları zamanı istifadə olunur. Gövdəsinin təpitməsi bəlğəmli şiş, şirəsi isə susuzluq və iltihab zamanı məsləhət bilinir. Kökü böyrək daşına qarşı faydalıdır.
Baldırğan
Huşsuzluğu aradan qaldırır, zehni qüvvətləndirir. Köpməni, həzm orqanlarında olan problemləri nizamlayır. Əsəb xəstəlikləri, nəfəs yolları xəstəlikləri, sinə ağrısı, öskürək, oynaq ağrıları zamanı faydalıdır. Mədəyə xeyri var. Mum və gül yağı ilə təpitməsi xeyirlidir.
Bağayarpağı
Yarpağı yaraları bitişdirmək üçün, mayesi böyrək, sidik kisəsi, qan təzyiqi, qızdırma, boğaz ağrılarında çox faydalıdır. Böyrək və sidik kisəsi ağrıları zamanı xeyirlidir. Yarpaqlarını çiban və yara üzərinə qoyduqda mikrobları məhv edir. Bağayarpağının qaynanmış suyu ilə göz xəstəliyini yumaq fayda verir. Öskürək və qızdırma zamanı istifadə edilir. Onun kökünü qaynadıb bir qədər bal qatmaqla ağız yarası, boğaz şişi zamanı bir qədər qarqara etmək xeyirlidir. Toxumları qulaq ağrıları, oynaq ağrıları və müxtəlif yaralar zamanı gül yağında təpitmə kimi işlənir. Toxumları baş ağrılarını bənövşə yağı ilə sakitləşdirir. Onun yarpaqlarını duz ilə qarışdırıb quduz it dişləyən yerə qoyurlar. Yanıq zamanı yarpağına yumurta ağı yaxaraq bağlamaq ağrıları aradan qaldırır.
Çobanyastığı
İki növündən
istifadə edilir. Birincisinin çiçəyi
ağ, ikincisinin
çiçəyi isə
sarıdır. Ağ çiçəkli
çobanyastığını xörəyə qatdıqda
həzmi yaxşılaşdırır,
burun sulanmasının
qarşısını alır,
baş ağrısını
kəsir, əsəbləri
möhkəmləndirir, sidik,
süd və tər ifrazını artırır. Sinə ağrısı,
zökəm, öd kisəsi xəstəlikləri,
qadınlarda bətn iltihabı zamanı işlənir. Mədəni möhkəmləndirmək, ağrılarını
sakitləşdirmək üçün
çay kimi dəmlənib içilməsi
faydalıdır. Kökü cinsi
həvəsi artırır.
Çiçəyini iyləmək beyin
üçün xeyirlidir.
İkinci növündən istifadə bədənin müqavimətini artırır.
Qanı təmizləyir, öd kisəsinin yollarını
açır, tər ifrazını çoxaldır.
Sidik kisəsinin, böyrək daşının, dalaq ağrısının müalicəsi
üçün faydalıdır.
Ürəkgetmə hallarına qarşı
istifadə edilir.
Çiçəyini iyləmək yuxu
gətirir. Qulunc xəstəliyi
olanlar üçün
də məsləhətdir.
Gülxətimi
Gülxətimi çiçəyi öskürəyi
kəsir, sinəni yumşaldır və səsi açır. Zökəm və
boğaz ağrısı
üçün çox
faydalıdır.
Kəklikotu
Sinəni təmizləyir, böyrəyi
möhkəmləndirir, nəfəs
yollarını mikroblardan
qoruyur. Həzmə kömək edir
və iştahanı açır. Mədə üçün
xeyirlidir. Kəklikotu çayı
qripin dərmanıdır.
Qaynanmış suyunu buruna çəkmək, başı
onun buxarına tutmaq qripə və zökəmə qarşı faydalıdır.
Sifətin rəngini duruldur,
mədə və oynaqlarda olan yeli çıxardır.
Zehni gücləndirir. Qaraciyər üçün
faydalıdır.
İkinci
mətn
Kəklikotu ot və balıqdan hazırlanan xörəklərdə
işlədilir. Ondan çaya
ətir vermək üçün də istifadə edilir. Kəklikotunu qurudub, narın döydükdən
sonra çay kimi dəmləyir, diş və boğaz ağrısında
qarqara edirlər. Kəklikotu gülünün mürəbbəsi
zeyhni qüvvətləndirir.
Üçüncü mətn
Sifətin rəngini duruldur, qara cigər üçün faydalıdır. Mədə və
oynaqlarda olan yeli çıxardır, zökəm üçün
xeyirlidir. Zehni artırır.
Mədə pozğunluğu zamanı
faydalıdır. Kərəvəz suyu ilə sidik
kisəsi zamanında istifadə olunur. Kökəldir. Mikrobu məhv edir.
Qarın
və bağırsaqlarda
soyuqdəymədən olan
ağrılara qarşı
istifadə olunur.
Toxumu daha təsirlidir. Ondan çəkilən yağ ilə
bədəni sürtmək
və ya qoymaq, onu içmək
əsəcə, iflic
və oynaq ağrıları zamanı
faydalıdır.
Qırxbuğum
Yarpaqları qanı duruldur, qan təzyiqini aşağı salır, mədə-bağırsağı təmizləyir, sinəni
yumşaldır. Bağırsaqlardakı şişlərə kömək edir. Qadınlarda bətn iltihabı, əsməcə halları
zamanı istifadə edilir, döşdə çox süd toplanarkən təpitməsi
məsləhət görülür.
Həm təzə, həm də qurudulmuş yarpağından istifadə
etmək mümkündür.
Şirin
biyan
Kökü mədə iltihabı və susuzluq zamanı faydalıdır. Sidikqovucudur. Səsi açır, sinəni yumşaldır. Mədə bərkiməni
aradan qaldırır.
Şirəsi mədənin genişlənmə
və sıxılmasının
qarşısını alır,
mədə xorası hallarında və xoranın tez yaxşılaşmasına kömək
edir.
Yemlik
Sinəni yumşaldır, yaraları
sağaldır, iştahanı
artırır, qan üçün faydalıdır. Öskürəyi sakitləşdirir, xıltları
təmizləyir. Kökü yel
və dəri xəstəlikləri üçün
faydalıdır. Keçi piyi
ilə təpitməsi
əzələ ağrısı,
dəri çatlaması
zamanı məsləhət
bilinir.
Faiq ŞÜKÜRBƏYLİ,
Tədqiqatçı-etnoqraf
Ədalət 2018.- 30 avqust.- S. 14.