MÜŞFİQ YENİDƏN DOĞULUR...

Mikayıl Müşfiqin qalıqlarının aşkar edilməsi ilə bağlı məlumatlar dövlət başçısının nəzarətindədir

Azərbaycan xalqının nakam şairi, qeyri-adi istedad sahibi, poeziyamızın əbədi gənci Mikayıl Əbdülqadir oğlu İmanzadə 1908-ci ildə Bakının "Dağlı" məhəlləsində dünyaya gəlmişdir. Rus-tatar məktəbində ibtidai təhsil almış, 12 saylı II dərəcəli məktəbdə oxumuş, Azərbaycan Dövlət Darülfünunda dil və ədəbiyyat fakültəsini bitirmiş, Bakının orta məktəblərində müəllimlik etmişdir. O "Gənc işçi" qəzetində nəşr etdirdiyi "Bir gün" şeiri ilə poeziya aləminə gəlmişdir.

Fitri istedadlı tanınmış şair, qəlbin, ruhun nəğməkarı, "səma şairi", söz boyası ilə lövhələr yaratmış, poeziyası xalq ruhundan qidalanmış Mikayıl Müşfiq 27 yaşında 10 kitab qələmə almış, nəyə qadir olması xalq tərəfindən qiymətləndirilmiş, əbədiyaşarlıq qazanmışdır.

Hüseyn Cavid Müşfiqə yüksək qiymət verərək demişdi: "Mikayıl Müşfiq bir günəşdir, yandıqca yandıracaq".

Repressiyanın qurbanı olmuş və 1938-ci ildə günahsız güllələnmiş Mikayıl Müşfiqin güllələndiyi yer, məzarının harada olması barədə kütləvi informasiya vasitələrində müxtəlif fikirlər yayılmışdır. Bu möhtərəm Prezidentimiz İlham Əliyevin diqqətini cəlb etmişdir. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bildiribki, Mikayıl Müşfiqin nəşinin qalıqlarının aşkar olunmasına dair yayılan məlumatlar dövlət başçısının nəzarətindədir və Azərbaycan Prezidenti Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların münayəndələrindən ibarət işçi qrupunun yaradılması ilə bağlı göstəriş verib. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yanında işçi qrupunun ilk iclasında yaradılmış, qrupa KİV-lərdə dərc olunmuş məlumatların öyrənilməsi, müvafiq arxiv materiallarının araşdırılması, Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən DNT analizinin aparılması və digər zəruri tədbirlərin həyata keçirilməsi barədə tapşırıqlar verilib.

Əli Həsənov bildirib ki, cənab Prezident həmişə Azərbaycan mədəniyyətinə, mədəniyyət və incəsənət xadimlərinə, xüsusilə repressiya qurbanı olmuş ziyalılarımızın xatirəsinə böyük diqqətlə yanaşıb. Bunun bariz nümunəsi kimi, dövlətimizin başçısının 2017-ci ilin fevralında Bakının Yasamal rayonu ərazisində, keçmiş Statistika dairəsi adlanan yerdə Mikayıl Müşfiqin heykəlinin demontajına münasibətini göstərmək olar. O vaxt cənab Prezident məsələnin araşdırılması, günahkarların cəzalandırılması, heykəlin dərhal öz yerində bərpa olunması ilə bağlı tapşırıq vermiş, həmin göstərişin qısa zamanda icra olunmasından sonra da heykəli ziyarət etmiş və önünə gül dəstəsi qoymuşdur.

Mətbuatda dərc olunmuş məlumatlara görə, Müşfiqin basdırıldığı yer Qaradağ rayonunun Puta qəsəbəsində və ya Bayıl qəbiristanlığındadır.

DNT (dezoksiribonuklein turşusu) analizinin keçirilməsindən sonra - yəni tapılmış nəşinin qalıqlarının Müşfiqə aid olub-olmadığını müəyyənləşdirmək olar. Bunun üçün şairin ata nəslindən olan yaxın qohumlarından müayinələr götürülüb.

Biz əminik ki, nəhayət uzun illərdən sonra nakam şairimizin də məzarı olacaq, nəşinin tapılmış qalıqları Müşfiqin adına layiq dəfn ediləcək, ədalət bərpa olunacaq, nakam şair öz haqqına qovuşacaqdır.

Bəli, Mikayıl Müşfiq yenidən doğulur. Son mənzili qəlbimizə yer alan Müşfiq dünya durduqca yaşayacaq.

P.S. Mikayıl Müşfiq 1933-cü ildə Lerikdə olmuş, rayonun bənzərsiz təbiətini "Mənim dostum" adlı poemasında vəsf etmiş, ziyalılarla görüşmüşdür. İ.Şükürlünün "Bolluq uğrunda" (indiki "Lerik") qəzetində "Müşfiq gəzib bu yerlərdə", "Dilbərin Müşfiqsiz günləri", "Xəzərdən soruşdum Müşfiqi, susdu, cavab vermədi" ("Lerik") adlı araşdırma məqalələrimi yazıb, oxuculara təqdim etmişdir.

Müşfiqin böyük qardaşı Mirzə 1938-ci ildən sonra Astara rayonunun Pensər kəndində, (bəzi məlumatlara görə Masallıda) yaşayıb, lakin şairin qardaşı olduğu üçün bu barədə kimsəyə bildirməyib. Bu ayrıca bir mövzu ola bilər.

İdris Şükürlü,

Publisist

Ədalət  2018.- 14 dekabr.- S.6.