Seymur Baycan: Son hekayəmi yazıb ədəbiyyatdan gedirəm

Adalet.az Ayxan Ayvazla hazırda Tiflisdə yaşayan tanınmış yazıçımız Seymur Baycanın söhbətini təqdim edir.

- Seymur, nə vaxtdır müsahibə vermirsən. Səsin-sorağın gəlmir. Hesab edirəm ki, Azərbaycanda ən maraqlı müsahibə verən adamlardan birisən. Müsahibə də sanki sənin üçün yaradıcılıqdır. Necə hesab edirsən, bizim yazıçılar müsahibələrində kifayət qədər səmimi ola bilirlərmi?

- Nikolay Tsiskaridze çıxışlarından birində maraqlı bir söz demişdi. Demişdi ki, müsahibə almaq istəyən adamlara məmnuniyyətlə "hə cavabı verirəm. Çünki elə vaxt gələ bilər ki, heç kimin yadına düşmərəm, özüm müsahibə vermək istəyərəm, amma məndən müsahibə alan adam tapılmaz.

Əslində bəndənizə hər ay azı iki saytdan müsahibə üçün müraciət edirlər. Amma mədəni şəkildə müsahibə verməkdən imtina edirəm. Baxıram ki, müsahibə almaq istəyən adam yazılarımdan xəbərsizdir. Məni bir publisist, yazıçı kimi deyil, müğənni kimi danışdırmaq istəyirlər. Mən isə müsahibə vermək xatirinə müsahibə vermək istəmirəm. Buna bir qram da ehtiyacım yoxdur. Yazılarımdan, kitablarımdan xəbərsiz adamla nədən danışa bilərəm?

Bəli, müsahibəni yaradıcılığın bir növü hesab edirəm. Müsahibə oxumağı çox sevirəm. Xüsusən haqq dünyasına getmiş məşhur yazıçıların, rejissorların müsahibələrini daha diqqətlə oxuyuram. Çünki nələrin daha tez, nələrin daha gec köhnəldiyini öyrənmək, zaman adlı anlayışı dərindən hiss etmək üçün rəhmətə getmiş adamların müsahibələri əvəzedilməz mənbədir.

Təəssüf ki, bizim yazıçılar, ümumən sənət adamlarımız müsahibələrində səmimi ola bilmirlər. Bunun da bir yox, bir neçə səbəbi var. Azad deyillər, az oxuyurlar, az baxırlar, geniş, bəşəri düşünə bilmirlər, ən əsası yaradıcılıq onların nəzərində vəzifə kreslosuna dırmaşmaq üçün vasitədir. Ona görə də müsahibələri süni, vəzifəli, pullu adamlara təşəkkürlərlə, minnətdarlıqlarla, yaltaqlıqlarla zəngin, darıxdırıcı alınır.

Səsin-sorağın gəlmir sözünü isə başa düşmədim. Son üç ildə hekayələrdən ibarət üç, yazılardan ibarət iki kitab nəşr etmişəm. Səsimin-sorağımın gəlməsi üçün daha nə etməliyəm? Gedib Azadlıq meydanında lüt gəzməliyik

- "Quqark romanın ən çox satılan əsərin oldu. Amma ondan sonra roman yazmadın. Hekayələr yazmağa başladın. Çoxları Seymuru romançı kimi görürdülər. Roman yazmaq üçün də pul lazımdır, demişdin. İndi nə fikirdəsən? Hər halda Tiflisdəsən, yazmağa şəraitin də var. Yeni bir roman gələcəkmi?

- Yox, roman gəlməyəcək. Bir hekayə mövzusu var, çox güman, 31 dekabrda yazıb ədəbiyyat sahəsində fəaliyyətimə son verəcəm. Yazmaq üçün xüsusi ovqat lazımdır. Mətn başımda tam bişsə də, xüsusi ovqatsız masa arxasında otura bilmirəm. Son illər 31 dekabrda, adətən, kədərli oluram. Sanki bayram üstümə bir yük qoyur. Təbrik almalısan, təbrik etməlisən. Nəsə xoş sözlər deməlisən. Bir növ elə bil adam adi həyat ritminə dəyişiklik etməyə məcbur olur. Üstəlik keçmiş yolkalar, oyuncaqlar, şaxtababalar, qarqızlar, bayram süfrələri, ölüb getmiş adamlar, dağılmış məkanlar yadıma düşür, çox əziyyət çəkirəm. Həm də dəqiq bilirəm ki, nə qədər adam maddi baxımdan bayram süfrəsi açmaq, uşaqlarına hədiyyələr vermək, onları sevindirmək iqtidarında deyil. İmkanım olsaydı, heç olmasa, beş ailəyə köməklik edib yüngülləşərdim, təskinlik tapardım. İmkanım olmadığına görə özümü daha çox günahkar hiss edirəm. Bu acizlik məni çox ağrıdır. Belə məqamlarda pul qazana bilməmək bacarığımın olmamasına görə özümü çox qınayıram. İstərdim, çoxlu pulum olsun, ehtiyacı olan adamlara xərcləyim. Həqiqətən də, başqalarına yardım etmək imkanı olduğu halda yardım etməyən adamları başa düşə bilmirəm. Onlar nə qədər itirdiklərinin fərqində deyillər. Xüsusən, bayramlarda imkansız adamları sevindirmək, onlara yaxınlaşmağa cəhdlər etmək böyük alicənablıqdır, deyərdim ki, ibadətlərin ən gözəlidir. Keçən il 31 dekabrda küçə itləri üçün çoxlu sümük aldım. Yeni ili onlarla keçirdim. Sonra gəlib yatdım. Bu il isə əlahiddə bir hadisə baş verməsə, çox güman oturub hekayə yazacam.

- O hekayəni yazandan sonra ədəbiyyatdan gedəcəksən?

- Gedəcəksən sözü bir az təmtaraqlı səslənir. Ədəbiyyat sahəsində fəaliyyətimə son verəcəm desəm fikrimi daha təvazökar bir tərzdə ifadə etmiş olaram.

- Seymur, "Gecikmiş hekayələr kitabın çap olundu. Ondan sonra da bir neçə hekayə ilə çıxış elədin. Sənə çoxlu iradlar gəldi. Hekayələrinin alınmadığını deyənlər də oldu, fərqli görənlər də. Necə düşünürsən, Seymur yaxşı hekayəçidir?

- Bir dəfə demişəm, indi bir daha deyirəm. Ədəbiyyatın elə bir həddi var ki, bizim ədəbiyyatımızda o həddə qədər üç adam çıxa bilib. Cəfər Cabbarlı, Hüseyn Cavid və mən. O hədd hansı həddir və Cəfər Cabbarlı, Hüseyn Cavid hansı əsərlərində, hansı məqamlarda ora çatıblar, onu deməyəcəm. Bu barədə danışmağa ehtiyac görmürəm.

Seymur yaxşı hekayəçi deyil, Seymur əla hekayəçidir. Azərbaycanlıların bədii zövqü biabırçı vəziyyətdədir. Azərbaycan oxucusunun səviyyəsi hekayələrimdəki koloritin, professionallığın, bədiyyatın və sairə amillərin heç üç faizini qiymətləndirmək iqtidarında deyil.Azərbaycanlılar əgər şükür etməyi bacarırlarsa, şükür etməlidirlər ki, onların dilində "Ocaqxanada, "Qərəzsiz arzular qəbiristanlığı, "Uğursuz şairin ölümü, "Sentimental səyahət kimi hekayələr yazılıb. Sözün açığı bu mənada yumşaq desəm, mirvariləri sağa-sola səpələməkdəyəm. Bunu bilmək böyük dərddir. Elə bil lənətlənmişəm.

- Sadə yazmağa üstlünlük verirsən. Adi bir hadisədən hekayə yaradırsan. Və çox qəribədir ki, biz bəzən yanımızdan ötüb keçən bu detallara fikir vermirik. Mənə elə gəlir ki, Seymuru adi hadisələr daha çox təsirləndirir. Yazmaq üçün çox da dərinə getmirsən...

- Henrix Böllə bir dəfə sual vermişdilər ki, sən niyə daha çox kiçik adamların həyatından yazırsan? O isə demişdi ki, kiçik adamla böyük adamın arasındakı sərhədi kim, necə müəyyən edir? Söhbət təxminən yadımda belə qalıb.

Özün ədəbiyyatla məşğul olan adamsan. Bu nə sualdır, mənə verirsən? Bilirsən, yaxud artıq bilməlisən ki, ədəbiyyatda kiçik və böyük mövzu yoxdur. Nədən yox, necə yazmaq vacibdir.

- Yazılarında keçmişə bağlılığın var. Sanki Seymur indiki zamanda olmaqdan razı deyil. Hətta qələmlə yazırsan. Yeni dövrə uyğunlaşmaqda çətinlik çəkirsən. Nədir bunun səbəbi? Seymurun keçmişi dahamı işıqlıydı?

- Keçmişə çox bağlıyam. Həqiqətən də, bir hadisəyə qiymət verməyim üçün mütləq həmin hadisə keçmişə çevrilməlidir. Bir dəfə qarlı dağlara səfərə getmişdim. Orda səfər yoldaşım sual verdi ki, bu səfərdən sənin yadında daha çox nə qalacaq? Dedim ki, indi cavab verə bilmərəm. Mənim nə bu günüm var, nə də sabahım, mənim ancaq dünənim var. Bu heç, bunu qoyaq kənara. Digər tərəfdən həqiqətən də yaşadığım dövrə uyğunlaşmaqda çətinlik çəkirəm. İki dəfə bank hesabı açmışam, ikisində də bank kartımı itirmişəm. Bank kartı, bankomat görəndə özümü pis hiss edirəm. İstəyirəm adamlar əlini salsın cibinə, pulu çıxartsın aldığı əşyanın, ərzağın qiymətini ödəsin. Hər dəfə kommunal xərcləri ödəmək lazım gələndə itə dönürəm. Hər dəfə kiminsə köməyinə ehtiyac yaranır. Ömrümdə bir dəfə də olsun, "Votsapdan mesaj almamışam. Köhnə "Nokiadan istifadə edirəm. Neçə dəfə yaxın dostlar təzə telefon almaq istəyiblər, razı olmamışam. Gənclər oturub söhbət edəndə bilmirəm nədən danışırlar. Özümü çox köhnə hiss edirəm. Robotlar, peyklər, gələcək haqqında söhbətlər məni əsəbiləşdirir, yorur, darıxdırır.

Bax elə dünən piyada gəzməyə çıxmışdım. Azı 15 kilometr gəzdim. Parkda gəzərkən tualetə ehtiyac yarandı. Əvvəllər həmin parkda adi qaydada tualet fəaliyyət göstərirdi. Balaca köşkdə bir arvad otururdu. Pulunu verib adam balası kimi keçirdin içəri. İndi orda təzə tualet quraşdırıblar. Pulu harasa qoymalısan, sonra hansısa düyməni basmalısan. Bilmirəm, qapı necə açılır, necə bağlanır. "Min bir gecə nağıllarında Sindbad nəhəng yumurtanın ətrafında fırlanıb qapı axtaran kimi tualetin ətrafına fırlandım, orasına-burasına baxdım, heç nə başa düşmədim. Məcbur qalıb sürətli addımlarla getdim parkın yaxınlığındakı ticarət mərkəzinə.

- Həmişə deyirdin ki, mən təsadüfən ədəbiyyata gələn adamam. Məncə, Seymur ədəbiyyatsız yaşaya bilməz. Sən necə düşünürsən? Ədəbiyyatı bir kənara qoyub başqa işlə məşğul ola bilərdin?

- Görəsən, hansı sahədə fəaliyyət göstərib başımı saxlaya bilərəm? Bu barədə çox düşünmüşəm. Mənə elə gəlir ki, ədəbiyyatı bir kənara qoysam, qoyun otara, qaz saxlaya bilərəm. Qoyunları və qazları çox sevirəm. Düzdür, qoyun otarmaq, qaz saxlamaq heç də asan deyil, amma başqa işlərlə müqayisədə bunlar nədənsə mənə öhdəsindən gələ biləcəyim işlər kimi görünür.

- Tez-tez giley dolu yazılar yazırsan. Gəncləri danlayırsan. Və belə bir təəssürat yaranır ki, Seymur artıq ağsaqqalıq edir. Yazılarında çıxış yolu göstərmirsən, deyirlər. Razısan bu fikirlərlə?

- Razı deyiləm. Nə giley dolu yazılar, nə danlamaq, nə ağsaqqallıq? İşim-gücüm yoxdur? Avarayam mən? Bunlar yersiz, mənasız söz-söhbətlərdir. Publisistikam son iki ildə çox dəyişib. Adamlar isə beş il, yeddi il, on il əvvəl oxuduqları yazılara əsaslanaraq haqqımda fikir bildirməkdə davam edirlər. Bir neçə ay əvvəl "Tolstoyun vida məktubu adlı yazı yazdım. O cür yüksək səviyyəli yazı yazmış adam haqqında ağsaqqallıq edir, gəncləri danlayır sözlərini demək nə dərəcədə ədalətlidir?

Ədalət.-2018.-18 dekabr.-S.5.