CAVİDLƏŞMİŞ ÖMÜR

Ümummilli liderimiz Heydər Əliyevin "Naxçıvanda təhsilə, elmə, mədəniyyətə həmişə qayğı göstərilir, yüksək münasibət göstərilir və naxçıvanlılar da nəyə qadir olduqlarını dünyaya həmişə nümayiş etdiriblər" kimi müdrik kəlamından bütün varlığını, duyğu və düşüncələrini Azərbaycan poeziyasında fəlsəfi lirikanın təkrarsız nümunələrini yaradan Hüseyn Cavid dünyasına həsr edən, çiynində bu böyük sənətkarın cənazəsini uzaq Sibirdən gətirərək öz ömründə sirli-müəmmalı Cavid həyatı yaşayaraq ömrünün 80-ci baharını qarşılayan Həmid Cəfərova da pay düşür.

Həmid Qara oğlu Cəfərov 1938-ci il fevralın 8-də Azərbaycanın qədim diyarı, zəngin tarixə malik Naxçıvan Muxtar Respulikasında - Qaraxanbəyli kəndində el ağsaqqalı, böyük nüfuz sahibi olan, xeyirxah insan kimi tanınan Qara Nəcəfqulu oğlu Cəfərovun ailəsində anadan olub.

Həmid Cəfərov orta təhsilini Naxçıvanın Qaraxanbəyli kənd, Naxçıvan Dəmir Yolu 23 saylı, Bakı şəhərinin Artyom - indiki Pirallahı rayonundakı Maksim Qorki adına 186 saylı məktəblərdə alıb.

1958-ci ildə ordu sıralarına çağırılıb və Ukraynanın Simferopol şəhərində sərhəd qoşunlarında hərbi xidmətdə olub. Ordudan tərxis olunduqdan sonra Bakının Artyom rayonunun neft mədənlərində çilingər kimi əmək fəaliyyətinə başlayıb. Az müddətdə kollektivin dərin hörmətini qazanıb, rayonun ictimai-siyasi tədbirlərində fəal iştirak edib. İşgüzarlığı, bacarığı, yüksək təşkilatçılıq qabiliyyəti ilə başqalarından fərqləndiyinə görə Artyom rayon komsomol komitəsində təlimatçı vəzifəsinə irəli çəkilib.

Rayon rəhbərliyi 1960-cı ildə Həmid Cəfərova daha böyük etimad göstərdi. O, XXII partiya qurultayı adına Neft Daşları Neft-Qaz Çıxarma İdarəsinin komsomol komitəsinin katibi seçildi. Burada dünya şöhrətli neftçilər - əmək qəhrəmanları Bəxtiyar Məmmədov, Bəhmən Hacıyev, Xoşbəxt Yusifzadə, Akif Cəfərov kimi şəxslərlə birgə işlədi, neftçi gənclərin siyasi dünyagörüşünün formalaşmasında, onların sosial-məişət şəraitinin yaxşılaşmasında, vətənə layiqli xidmət göstərmələrində bilik və bacarığını əsirgəmədi. Bu illərdə rayon komsomol komitəsinin birinci katibi Hamlet Miriyev şəxsən ona daim dəstək verir, qayğı göstərirdi.

Həmid Cəfərov 1962-ci ildə ali təhsil almaq üçün sənədlərini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə verdi, qəbul imtahanlarını müvəffəqiyyətlə verərək tələbə adını qazandı, fakültənin partiya təşkilatının büro üzvü seçildi, ictimai işlərdə fəallıq göstərdi, respublikanın tanınmış alimlərindən dərs aldı, akademik Şəfaət Mehdiyevdən, professor Abbas Zamanovdan, Zinyət Əlizadədən sonsuz diqqət və qayğı gördü.

Həmid Cəfərova 1964-cü ildə daha bir etimad göstərilərək o, Bakı şəhər komsomol komitəsində təlimatçı vəzifəsinə təyin edildi, daha sonra Oktyabr rayon (indiki Yasamal) komsomol komitəsinin şöbə müdiri, ikinci katibi seçildi. Burada da özünün yüksək təşkilatçılıq bacarığı ilə fərqləndiyindən onu rayon partiya komitəsinin aparatına irəli çəkdilər və az sonra Bakı Ali Partiya Məktəbinə oxumağa göndərildi və oranı bitirdikdən sonra Azərbaycan KP MK-nın göndərişi ilə 1971-ci ildə Oktyabr Rayon Partiya Komitəsində işlədi. O, burada əvvəlcə təlimatçı vəzifəsində çalışdı, 1975-1976-cı illərdə isə Bakı şəhər Oktyabr rayon Xalq Deputatları Sovetinin deputatı, XDS İcraiyyə Komitəsinin katibi seçilərək bütün bilik və bacarığını rayonun iqtisadi, sosial problemlərinin həllinə yönəltdi.

Azərbaycanın siyasi rəhbərliyindəki dəyişiklikdən - 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra savadlı, yüksək mənəviyyata malik prinsipial, işgüzar, savadlı kadrlar irəli çəkildi. Həmid Cəfərovda da bu cəhətlər olduğundan ona böyük ümidlər bəslənildi.

Həmid Cəfərov 1976-cı ildə Naxçıvan Vilayət Partiya Komitəsinə işləməyə göndərildi. O, 1976-1978-ci illərdə təbliğat və təşviqat, partiya işi şöbələrinin müdiri vəzifələrində çalışdı.

Həmid Cəfərov 1978-ci ildə Moskvada Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında İctimai Elmlər Akademiyasında təhsilini artıraraq ali partiya təhsili aldı, dərin elmi bilik, əməli təşkilati və ideoloji təcrübəsi əldə etdi və yenidən Azərbaycana qayıtdı.

Respublikamıza qayıtdıqdan sonra Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev Həmid Cəfərovu qəbul etdi, onu dinlədi. Ümummilli liderimiz Heydər Əliyev Həmid Cəfərovun şəxsi keyfiyyətlərini, keçmiş fəaliyyətini yüksək qiymətləndirərək ona bundan sonra da hər cür kömək, qayğı göstəriləcəyini bildirdi və yenidən Naxçıvana göndərdi.

Həmid Cəfərov 1980-ci ildə X çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı, Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büroplenum üzvü, ideoloji üzrə vilayət partiya komitəsinin katibi seçildi.

Respublika rəhbəri Heydər Əliyev 1982-ci ildə Naxçıvana gələrkən dahi Azərbaycan şairidramaturqu Hüseyn Cavidin nəşinin uzaq Sibirdən gətirilməsi məsələsi müzakirə olundu. Ulu öndərin ən böyük arzularından birini reallaşdırmaq - uzaq Sibirdə dahi Hüseyn Cavidin məzarını tapmaq, onun nəşinin qalıqlarını Azərbaycana gətirmək kimi çətin, lakin olduqca şərəfli bir Naxçıvanın qeyrətli oğlu cavidsevər Həmid Cəfərova tapşırıldı.

Ümummilli liderimiz Heydər Əliyevin xeyir-duasından, dəyərli göstərişlərindən sonra Həmid Cəfərov və onun rəhbərlik etdiyi nümayəndə heyəti bu tarixi missiyanı məsuliyyətlə, uğurla yerinə yetirdi. Belə ki, Cavid əfəndinin nəşi Bakıya gətirildi, dahi şair doğma vətəni Naxçıvanda torpağa tapşırıldı.

Hüseyn Cavidin cənazəsinin Azərbaycana gətirilməsi ilə bağlı tarixi günlər Həmid Cəfərovun tərcümeyi-halının "qızıl səhifələridir":

 

2 OKTYABR, 1982-ci il

 

Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin Naxçıvana səfəri zamanı görkəmli Azərbaycan şairi Hüseyn Cavidin cənazəsinin qalıqlarının Sibirdən gətirilməsi müzakirə olundu.

Heydər Əliyev 1982-ci il 2 oktyabr tarixli Naxçıvan səfərində muxtar respublikanın ictimaiyyəti ilə görüşündə bu nəcib işə qəti qərarla xeyir-dua verdi.

 

12 OKTYABR, 1982-ci il

 

Naxçıvan Vilayət Partiya Komitəsinin bürosu Hüseyn Cavidin məzarının tapılıb Azərbaycana gətirilməsi haqda tarixi qərar qəbul etdi.

Qərarın icrası Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Cavid sevgili Həmid Qara oğlu Cəfərova həvalə olundu.

 

14 OKTYABR, 1982-ci il

 

Naxçıvan Vilayət Partiya Komitəsinin katibi Həmid Cəfərov Naxçıvan MR daxili işlər nazirinin müavini Telman Əliyev və Babək rayonundakı daş üzlük kombinatının fəhləsi, SSRİ Ali Sovetinin deputatı Zakir Nəsirovla Moskvaya uçaraq oradan Cavid sorağı ilə Sibirə yola düşdülər.

 

18 OKTYABR, 1982-ci il

 

Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsinin katibi E.N.Antipin tərəfindən Həmid Cəfərovun rəhbərlik etdiyi Azərbaycanın nümayəndə heyəti hərarətlə qəbul olundu. Tayşet rayonunun Şevçenko kəndindəki Hüseyn Cavidin vaxtilə "sakini" olduğu 21 -li koloniyanı və şairin dəfn olunduğu qəbiristanlığı tanıyan adamların müəyyən edilməsi üçün göstərişlər verildi.

Sov.İKP İrkutsk Vilayət Partiya Komitəsinin katibi E.N.Antipinin göstərişi əsəsında hüquqi məsələlərin əsaslandırılması, məhkəmə tibbi ekspertizanın keçirilməsi, təşkilati işlərin görülməsi üçün İrkutsk Vilayət Daxili İşlər İdarəsinin Tibb Şöbəsinin rəisi, polkovnik R.Q. Medvedyev, Ekspert-Kriminalistika Şöbəsinin rəisi, polkovnik V.V.Astaşenko və digər məsul əməkdaşlar Azərbaycandan gələn nümayəndə heyətinin qarşısında duran Cavid soraqlı vəzifələrin icra olunmasına səfərbər edildilər.

 

20 OKTYABR, 1982-ci il

 

Azərbaycanın nümayəndə heyətini Tayşetdə şəhər partiya komitəsinin birinci katibi O.İ.Qortunov qəbul etdi. Şəhərin rəhbər işçiləri ilə görüş oldu. Azərbaycanda söz ustadına qüdrətli Azərbaycan şairidramaturqu Hüseyn Cavidə olan ehtiram Tayşet şəhər ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi.

Repressiya qurbanı Hüseyn Cavidlə bağlı arxiv sənədləri öyrənildi.

 

21 OKTYABR, 1982-ci il

 

Tayşet rayon İcraiyyə Komitəsi 141 saylı sərəncamını verdi: "Böyük Azərbaycan dramaturquşairi Hüsen Cavid Rəsi-zadənin cənazəsi çıxarılıb aparıla bilər. Bu işi görmək H.Cəfərov yoldaşın rəhbərlik etdiyi nümayəndə heyətinə həvalə olunur".

Tayşet rayon Sanitar-Epidemioloji Stansiyasının 142 -li sərəncamı ilə Həmid Cəfərova Hüseyn Cavidin cənazəsinin qalıqlarının çıxarılıb aparılmasına icazə verildi.

Tayşetin Şevçenko kəndinə yollanan dəstə tərəfindən təhlükəli yollar ram edilərək 40 min qəbrə məkan olan məzarlıq, sonra isə gərgin axtarışdan sonra şairin dəfn olunduğu 59 saylı qəbir tapıldı.

Hüseyn Cavidin cənazəsi Sibir torpağından götürüldü.

100 yaylım atəşi ilə böyük söz ustadının xatirəsi yad edildi. Əslən Qarabağ bölgəsindən olan Qəhrəman Qurbanovun evində Hüseyn Cavidin ruhuna islam dəyərlərinə, milli adət-ənənələrimizə uyğun şəkildə ehsan verildi.

 

23 OKTYABR, 1982-ci il

 

Hüseyn Cavidin nəşinin qalıqları xüsusi vaqonda Tayşetdən İrkutska gətirilərək İrkutsk dəmiryol vağzalında xüsusi bir izdiham yaşandı.

Beləliklə, Azərbaycanın böyük oğlu Heydər Əliyevin təşəbbüsü və şəxsi qayğısı sayəsində onun tarixi tapşırığı yerinə yetirilərək Hüseyn Cavid fərqli bir tale yazısı ilə 100 hektarlarla ərazisi olan sərt Sibir meşəsindəki 40 min insanın dəfn olunduğu məzarlıqdan "qoparıldı".

 

24 OKTYABR, 1982-ci il

 

Hüseyn Cavidin nəşi ilə İrkutsk şəhərinə qayıdan Azərbaycanın nümayəndə heyəti vilayət rəhbərliyi tərəfindən qəbul olundu. Görkəmli Azərbaycan şairidramaturqu - Stalin repressiyasının qurbanı Hüseyn Cavidin 100 illik yubileyi uzaq Sibirdə qeyd edildi.

 

25 OKTYABR, 1982-ci il

 

Hüseyn Cavid İrkutskdan Moskvaya "uçarkən" Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin xüsusi tapşırığı Həmid Cəfərova çatdırıldı: - Hüseyn Cavid Moskva-İrəvan-Naxçıvan marşurutu ilə deyil, 861-ci reyslə Moskvadan birbaşa Bakıya "uçmalıdır!"

Heydər Əliyevin bu tapşırığı ilə marşrut dəyişildi. Bu, adi bir tapşırıq deyildibir tale yazısı idi - Cavid Bakıdan getmişdi, Bakıya da qayıtmalıydı.

 

26 OKTYABR, 1982-ci il

 

Hüseyn Cavid Moskvadan Bakıya "uçdu". Bakı hava limanında respublikanın rəhbər işçiləri, ədəbiyyat incəsənət xadimləri, ictimaiyyət nümayəndələri bir şairin yeganə yadigarı Turan xanım Cavidi qarşılayanlar arasında idi.

Hava limanında mitinq keçirildi. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini Fikrət Əhmədov, mədəniyyət naziri Zakir Bağırov, xalq şairi Bəxtiyar Bahabzadə, akademik Məmməd Cəfər tarixi gün haqqında çıxış etdilər. Bütün xoş sözlərin isə bir ünvanı var idi: - Heydər Əliyev!

Heydər Əliyevin təşəbbüsü tapşırığı ilə Hüseyn Cavidin cənazəsi Şirvanşahlar sarayına gətirildi. Noyabrın 2-dək burada ölkə ictimaiyyətinin Hüseyn Cavidlə vida görüşü oldu.

 

27 OKTYABR, 1982-ci il

 

Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyətində Hüseyn Cavidin harada dəfn olunması məsələsi Azərbaycan KP MK-nın katibi Həsən Həsənovun rəhbərliyi ilə müzakirə olundu. Xeyli məşvərətdən sonra Hüseyn Cavidin Naxçıvanda torpağa tapşırılması qərara alındı.

 

2 NOYABR, 1982-ci il

 

Hüseyn Cavidin 17 il Bakıda yazıb-yaratdığı evində - Əlyazmalar İnstitutunda şairlə vida görüşü oldu. Heydər Əliyev başda olmaqla respublikanın rəhbər işçiləri fəxri qaravulda dayandılar.

 

2 NOYABR, 1982-ci il

 

Hüseyn Cavid Bakıdan Naxçıvana "uçdu". Onu şairin qızı Turan Cavid, sənət adamları ictimaiyyətin nümayəndələri müşaiyət edirdi. Hüseyn Cavid doğma yurdda böyük sevgi ilə qarşılandı. Şair bir gün Naxçıvandakı evində "gecələdi".

 

3 NOYABR, 1982-ci il

 

Naxçıvan Dram Teatrında izdihamlı vida görüşündən sonra saat 15-00-da Hüseyn Cavid Naxçıvan şəhərində - Cavid bağında sonsuz ehtiramla, böyük xalq sevgisi ilə dünyaya göz açdığı torpaqda əbədiyyətə qovuşdu.

Həmid Cəfərovun 1976-1983-cü illərdə Naxçıvandakı fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. O, prinsipial mövqeyinə, uğurlu ictimai-siyasi fəaliyyətinə, yüksək təşkilatçılıq bacarığına, Muxtar Respublikanın iqtisadisosial inkişafındakı xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni, Naxçıvan Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.

1983-cü ildə respublika rəhbərliyi ümummilli liderimz Heydər Əliyevin namizədliyi əsasında Həmid Cəfərovun milli-mənəvi saflığını, yüksək təşkilatçılığını nəzərə alaraq onu inzibati orqanlarda xidmət etməyə göndərdi. Həmid Cəfərov Azərbaycan SSR Daxili İşlər Nazirliyində yeni yaradılmış siyasi şöbənin rəisi vəzifəsinə təyin olundu, Daxili İşlər Nazirliyi kollegiyasının üzvü seçildipolkovnik rütbəsində səkkiz il bu vəzifədə çalışdı.

Həmid Cəfərov 1990-cı ildə DİN-in Şəxsi Heyətin Sosial Hüquqi Müdafiəsi və Mətbuatla İş İdarəsinin rəisi vəzifəsinə təyin edildi. Bu idarə daxili işlər orqanları əməkdaşlarının dövlət, ictimai orqan və təşkilatlarla, kütləvi informasiya vasitələri ilə sosialhüquqi, informasiya münasibətlərini tənzimləyirdi.

Həmid Cəfərov daxili işlər orqanlarında da çalışdığı illərdə də özünü fəal ictimai xadim, vətənpərvər, milli mənəviyyatımızı və mədəniyyətimizi yaşadan ziyalı kimi tanıtmaqla yanaşı o, yorulmaq bilmədən Hüseyn Cavidlə bağlı bir sıra maraqlı tədbirlərin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı oldu.

Həmid Cəfərovun təşkilatçılığı sayəsində görkəmli sənət adamları ilə təşkil olunan görüşlər daxili işlər orqanları əməkdaşlarının mənəvi keyfiyyətlərinin formalaşmasında xüsusi rol oynadı.

1988-ci ildən başlayaraq mənfur qonşularımızın təcavüzünə məruz qalmış rayonlarımızda daxili işlər orqanları əməkdaşlarının qəhrəmancasına döyüşərək şəhid olduğu, yaralandığı bir dövrdə onların ailələrinə mənəvi və maddi cəhətdən yardım olunması işini yüksək vətənpərvərliklə təşkil etdi, yüzlərlə şəhid ailəsinə, yaralı polis işçilərinə mənəvi dayaq oldu.

Həmid Cəfərov 1994-cü ildə daxili işlər orqanlarından təqaüdə çıxdıqdan sonra 2012-ci ilədək əmək fəaliyyətini keçmiş Nəqliyyat Nazirliyinin Bakı Sərnişin Nəqliyyatı İdarəsində xüsusi şöbənin müdiri vəzifəsində davam etdirdi.

Ömrünün 80-ci baharını yaşayan Həmid Cəfərov qırx ilə yaxındır ki, Hüseyn Cavid irsinin öyrənilməsinə dəyərli töhfələr verir. O, bu gün də müxtəlif tədbirlərdə belə bir şərəfli missiyasını tükənməz həvəs və qəlbindəki sonsuz Cavid sevgisi ilə davam etdirərək cavidləşmiş ömrünün məna yükünü artırır.

 

Hikmət Xudiyev (Cəmilzadə)

Əməkdar jurnalist, tarix

üzrə fəlsəfə doktoru,

daxili xidmət polkovniki

 

Ədalət 2018.- 8 fevral.- S.5.