"Akademikin son əsəri" haqqında mülahizələrim

 

Musa Xanbabazadə filoloq- ədəbiyyatşünas

Oxumuşam birnəfəsə Xalq şairi Sabir Rüstəmxanlının "Akademikin son əsəri" (Bakı, "Sabir Yazarlar Ocağı", 2017) romanını. Həm də təkrar-təkrar. Qeydlər, sitatlar götürə-götürə. Oxumuşam məni sehrləyən-cazibləyən cümlə və abzasların, epizod və ricətlərin altından qara karandaşla xətlər çəkə-çəkə. Oxumuşam millətin-xalqın başına rus-erməni cütlüyünün açdığı müsibətlərə gözlərimdən qan-yaş tökə-tökə. Oxumuşam repressiya işgəncələrində zülm-zülm qətlə yetirilən türkçü və turançıların qırılan ömürlərinə yas tuta-tuta. Oxumuşam XX əsrdə belə Bakıda repressiya qurbanlarının balalarına sarısaçlıların ikrahla "xalq düşməninin balası" atmaca-replikalarında dona-dona, üşüyə-üşüyə. Oxumuşam Vətənin hər cövr-cəfasına kişi-kişiyanə sinə gərən milli ruhlu, cəngavər xislətli mərd-mübariz qəhrəmanların önündə səcdə edə-edə, baş əyə-əyə.

Zamanca bizə həm uzaq, həm də yaxın tarixi gerçəkliklərin bədii-publisist ifadəsi, inikasıdır "Akademikin son əsəri" romanı. Əlbəttə, istər uzaq, istərsə də yaxın tarixi gerçəkliklərin geniş epik təsviri yoxdur romanda. Hər biri ayrılıqda bir roman çərçivəsinə sığmayan bu hadisələrə yazıçı müxtəlif obrazların fikir və düşüncələrində, mülahizə və mühakimələrində yer ayırır, qısa, yığcam və lakonik, lakin məna yükü və tutumu ağır təsvirlərdə tarixə qovuşmuş həmin tragik olayların milli şüur və intibaha, əxlaq və mənəviyyata vurduğu sosial-siyasi, əxlaqi-mənəvi zərbələri yaddaşlarda təkrar-təkrar canlandırır.

Romanın başlıca qəhrəmanları (Ziyad Şıxlı, Altay Qızılbaş, Aydın Mirzəzadə, Murad, Əkbər, Şahin, Aysel, Komendant...) müasirlərimizdir. Və bu qəhrəmanların əksəriyyətinin arxasında bu və ya digər bir prototip dayanır: Ziyad Şıxlı obrazının arxasında akademik Ziya Bünyadov, Aydın Mirzəzadənin prototipi isə akademik Azad Mirzəcanzadədir. Altay Qızılbaş obrazı bütün parametrlərilə Xalq şairi Sabir Rüstəmxanlıdır.

Bu mənada "Akademikin son əsəri" romanı "bioqrafik roman strukturunda qurulmasa da" (Tehran Əlişanoğlu) bioqrafik cizgilərdən də məhrum deyil.

"Akademikin son əsəri" romanının ideya-məzmun, əxlaqi-mənəvi ağırlığı, əsasən, üç obrazın çiyinlərindədir: Ziyad Şıxlı, Altay Qızılbaş və Murad. Murad əvvəlki iki obrazdan çox-çox sonralar romana daxil olur və bilavasitə bu iki obrazın ictimai-siyasi, əxlaqi-mənəvi təsirilə formalaşır, püxtələşir və nəhayət, çiyinlərini millətinin ağır yükünün altına verir.

Romanın qəhrəmanları, xüsusən Ziyad Şıxlı və Altay Qızılbaş adi, sıravi adamlarla eyni mühitdə yaşayır, eyni dərd və ağrıları bölüşürlər. Lakin istər intellekt, istərsə də ictimai-siyasi hadisələrə münasibət baxımdan bu qəhrəmanlar adilərdən kəskin fərqlənirlər. Belə ki, adilər mühitə sığır. "Palaza bürün, ellə sürün!" psixologiyası ilə yaşayır. Zamanın hər amansızlığına acizanə baş əyir. Qarın-mədə əsiridir. Ehtiyac və möhtaclığın girdabında çabalayır. Allahın ömür payını yalnız ailəsinin babat gün-güzəranına sərf edir. Zamanı dəyişdirmək fikirlərindən belə keçmir. Qəhrəmanlar (qeyri-adilər) isə adi, bəsit, cansıxıcı normativlərə sığmır. Toplumu sıxan-boğan, ruhu, şəxsiyyəti ayaqlayan mövcudluqla barışmır. İçlərində hüquq və azadlıqların boğulmasına, millətin düşünən başlarını "qırmızı qatarlara" doldurub Orta Asiyanın cəhənnəmlərində qətlə yetirən Stalin-Mikoyan-Bağırov üsul-idarəsinə ehtiraslar nəhri çağlayır. Ömürlərini qorxmadan-çəkinmədən millətin-xalqın milli istiqlalına, əxlaqi-mənəvi, əqli-zehni sağlamlığına fəda edirlər. Həm daxili, həm xarici yırtıcılara, türkün cani və qatillərinə eyni nisbətdə amansız və qəddardırlar. Ardıcıl, sürəkli dirənişçidirlər həm fiziki terror və repressiyalara, həm də milləti (bəşəriyyəti) fəlakətə aparan, qiyaməti yaxınlaşdıran səssiz mənəvi savaşlara - gen və sperma, yaddaşsızlıq və unutqanlıq savaşlarına. Və qəhrəmanlar tam əmindirlər ki, "...bütün bu savaşlar, repressiyalar milləti düşünülmüş və planlı şəkildə məhv etməkdir" (səh.156).

Roman qəhrəmanları həmçinin mənəvi cavabdehlik daşıyırlar, ən uca kürsülərdə öz vicdan səslərini ucaldırlar Aral və Urmiyə göllərinin duzlaşmasına, ermənilərin mis mədənlərinin zəhərini Araza axıtmasına, "Kürün Gürcüstandan keçən hissəsinin suvarmaya belə yararsızlığına, Sumqayıt kimya zavodlarının Abşerona yağdırdığı yandırıcı qazlara... Bu fəlakətlərin türk dünyası, eləcə də bəşəriyyət üçün nə demək olduğunu dərk edən roman qəhrəmanları öz alim-vətəndaş, şair-vətəndaş, aspirant-vətəndaş mövqelərini ortalığa qoyur və dünyanı müasir ekoloji hərəkatın bayrağı altında mübarizəyə haraylayırlar: "...repressiyanı bu müharibədən (gen müharibəsindən M.X) ayıra bilməzsən! Başqa cür da baxmaq olmaz, hədəf də, məqsəd də birdir. Yüz illər təkcə insanımızı deyil, təbiətimizi də hədəfə çeviriblər. Üzdə görülən savaşlardan başqa, gizli savaşlar da gedir və heç cür də qarşısını almaq olmur. İnsan təkcə təbiəti deyil, həm də özünü məhvə aparır. Buğdadan-meyvəyə qədər genlər dəyişdirilir. Hər şey mutantlaşacaq" (səh. 160-161).

Elm fədaisidir Ziyad Şixli - həm də "yuxarıya sıçrayan mundarlıqlardan qorxmayan fədai!" (Əlibəy Hüseynzadə) Araşdırır xalqın minillik tarixini. Üzə çıxarır əsl həqiqətləri. Sübutlayır tarixi faktlarla türklərin (azərbaycanlıların) dünyada ən qədim xalq olduğunu. Dünya sivilizasiyasını nadir elmi kəşflərlə, yüksək sənət inciləri ilə zənginləşdirdiyini. Ötkəmliklə susdurur xalqın-millətin kökünü, mənşəyini farslara bağlayan elm dəllallarını: "...mən sənin kimi (Qafar Vəliyev nəzərdə tutulur - M.X) tarixçi deyiləm. Sənə qalsa bizim tariximiz İran tarixindən başqa bir şey deyil, biz də farsdan əmələ gəlmişik. Sən ağlını və savadını millətin xeyrinə işlətmirsən. Sənin tariximizə vurduğun ziyanı on ilə, iyirmi ilə də düzəltmək olmaz. Bu halınla erməni tarixçilərindən nə fərqin qaldı ki?" (səh. 27, 28).

Təkzibedilməz elmi əsaslarla darmadağın edir Ziyad Şıxlı ermənilərin Qarabağ haqqında uydurduqları mif və yalanları. Silkələyir, vahimələndirir Qarabağ həqiqətlərilə həm respublikanın təslimçi rəhbərliyini, həm də ermənilərin qıl verəni SSRİ prezidenti Qorbaçovu: "Ermənilər "Qarabağ! Qarabağ!" deyirlər. Tarix qalsın bir yana, ermənilərin cəmi yüz əlli il öncədən bura köçüb gəldiyini bilməyən yoxdur. Onlardan əvvəl burada məskunlaşmış yerli xaçpərəstlərin erməniyə aidiyyəti yoxdur" (səh. 63).

Heyrətlənir Ziyad Şıxlı rus-erməni anlaşma və cinayətlərinin bu günədək necə də ardıcıllıqla davam etdirilməsinə. Yanır-alovlanır qəlbən-ruhən millətinin, yurdunun başına gətirilən işgəncə və zülmlərə: "Biz yazıqların nə qədər düşməni var? Hara əl atıram - cinayət, hiylə, saxtakarlıq, yalan, qan... Təkcə adamlarımızı öldürməyiblər, tariximizi, tarixlə birgə ruhumuzu da öldürüblər. Görmürsən ermənilər nə hoqqalardan çıxır? Rusiyanın qucağında oturub iki yüz ildir bu məzlum milləti qırdırdıqları azmış kimi, tarixi də saxtalaşdırırlar. İndi də iştahlarından Qarabağ keçir" (səh. 45).

Ziyad Şıxlı çox-çox sonralar anlayır ki, o, öz gəncliyini "eşşəklərə qurban" verib. Anlayır ki, o, Avropa yollarını dizin-dizin sürünərək faşistləri Rusiyadan çıxaranda "o qəhbə oğlu Stalin" onun millətini Krımdan, Şimali Qafqazdan, Gürcüstandan, Ermənistandan qoparıb evlərini yağmalatdırırmış: "O, (Stalin - M.X) arxada bu planları quranda biz Stalin uğrunda vuruşurduq. Mənim hər biri lay divar, əjdahaya bənzəyən igidlərim dəstə-dəstə ölüm maşınının ağzına atılırdı" (səh. 44).

Ucalır. Böyüyür. Azmanlaşır. Pəhləvanlaşır gözlərimizdə Ziyad Şıxlı respublikanın II katibi Konovalovla görüşündə. Məğrurdur. Vüqarlıdır. Əyilməzdir O, bu görüşdə. Susdurur. Kiçildir. Balacalaşdırır O, "çar dövrünün canişinlərindən fərqlənməyən" (səh. 51). Konovalovu: "Bunun adı ikinci katibdir, əslində çar dövrünün canişinlərindən fərqi yoxdur. Bizimki (yəni I katib Vəzirov - M.X) oturub birinci yerdə quzu kimi, hökm verən budur". (səh. 51)

Həcmcə kiçikdir Ziyad Şıxlı - Konovalov epizodu. Fəqət böyükdür, tutumludur, kəskin siyasi xarakterlidir məna - mündəricə baxımdan. Açır-tökür ortalığa Ziyad Şıxlı SSRİ rəhbərliyinin azərbaycanlılara (türklərə) qarşı antihumanist, antixalq siyasətini. Konovalov,,. sizin bəzi hərəkətləriniz Moskvadakıları da narahat edir. Kimlərisə təhqir etmisiniz. Mənə tapşırıblar ki, bu məsələni aydınlaşdırım" (səh. 51) deyəndə ucalır Ziyad Şıxlının cürətli-cəsarətli, ovxarlı-neştərli hərbi geyimli sözləri. Sanki hər söz komanda gözləyən əsgərə dönür, yer-yerdən Konovalovun üstünə yeriyir: "-Açıq danışaq, Konovalov! Mən hərbçiyəm. Elm də mənim üçün savaş meydanıdır. Kimi təhqir etmişəm? Erməni arvadının çaldığına oynayan Saxarovu? Onların yanındakı missionerlər dəstəsini? Onların nə məqsədlə gəldiyini siz bilmirsiniz məgər? Mən onu təhqir etməmişəm, yerini göstərmişəm... Bonnerin, Staravoytovanın fitvası ilə sərsəmləyən bu qocaya nə cavab vermək olardı? Dedim, Ermənistana torpaq istəyirsənsə, buyur, Rusiyada iddialı olduqları Krasnodar vilayətini, yaxud Armavirin çevrəsini bağışla onlara. Sənin torpaqlarındır, özün bilərsən. Ancaq mənim torpaqlarımla işin olmasın. Bu missioner dəstələri Qorbaçovun oyunlarıdır", (səh. 52). "Moskva qan töküləcəyindən qorxur" (səh.52) cümləsi Konovalovun ağzından çıxar-çıxmaz Ziyad Şıxlının amiranə, sərt, nifrətli-qəzəbli "Bəs Ermənistanda tökülən azərbaycanlı qanı qorxutmur Moskvanı?" cümləsi od-alov kimi qarsıyır Konovalovu. Konovalov hiss edir Ziyad Şıxlı ilə dialoqda gücsüzlüyünü, dözümsüzlük və səbatsızlığını. Yerindən dikəlir. Barmaqlarını akademikə uzadıb təhdidedici bir tərzdə: "Siz ekstremistsiniz!" deyir. İdarəolunmaz alim döyüşə atılmağa hazır bir aslan qətiyyətilə ayağa qalxır. Bu, qorxudur Konovalovu. Alimin onun üzərinə cumacağından ehtiyatlanırmış kimi kresloya büzüşür. Bir addım atır Konovalova doğru Ziyad Şıxlı. Düzəldir qamətini. Şax, məğrur dayanır önündə Konovalovun. Yağdırır sözlərini ox kimi, mərmi kimi Konovalovun cəmdəyinə: "Bu layiq olmadığın kresloda oturub dünyanın kefini çəkir, mənim Vətənimin naz-neməti içində şellənirsən, qara kürünü qaşıqla ötürürsən, rəssamlarımızın misilsiz rəsmlərini su qiymətinə və ya hədiyyə kimi qoparıb Rusiyadakı xarabana göndərirsən və özünü də kişi hesab edirsən. Qonşuların bir-birini necə qırdığını riyakarlıqla seyr edir, üstəlik mənə ekstremist də deyirsən. Əsl ekstremist və riyakar sənsən!.. Mən rus torpağını qoruyanda sən yançağında cırıq şalvar bazarlarda tum satırdın. Kimə ekstremist dediyini düşünsən, utanıb yerə girərsən" (s. 54).

Bu və buna bənzər digər epizodları (Ziyad Şıxlı - Primakov xətti: Ziyad Şıxlı - Razumovski xətti; Ziyad Şıxlı - Polyanıçko xətti; Ziyad Şıxlı - Yazov xətti; Ziyad Şıxlı - Vladimir xətti; Ziyad Şıxlı - Altay Qızılbaş xətti) oxuyarkən oxucu neçə də qürurlanır, necə də iftixarlanır! Qürurlanır - iftixarlanır ki, məmləkətdə sarsılmaz - əyilməz Ziyad Şıxlı kimi kişilər nə yaxşı ki var. Sevincindən yerə-göyə sığmır ki, həm dış, həm də iç düşmənlərlə döş-döşə gələn, kəllə-kəlləyə qoyan mərd-cəsur Ziyad Şıxlılarla əsrdaş, yurddaşdır. Ürəyindən keçir ki, kaş Azərbaycanın bütün ziyalıları: alimləri, şairləri, həkimləri, müəllimləri... Ziyad Şıxlı xislətində, Ziyad Şıxlı qüdrətində olaydı - mərd-mübariz, devrimçi-savaşçı, prinsipial, qətiyyətli, haqsevər, halallıqsevər, xeyirxah, qayğıkeş...

Epizodlardan görünür ki, Ziyad Şıxlı özündən qat-qat böyük və güclü qüvvələrlə döyüşür. Və bu qüvvələrin hər biri siyasət-rəyasət adamıdır, SSRİ prezidenti Qorbaçovun əlaltısıdır, diplomatik korpusun hiyləgərləşən-kələkləşən buqələmunudur, hökm-fərman sahibidir. Adi məntiqə görə, gərək Ziyad Şıxlı onların qabağında susaydı, dilini qısaydı, həddini aşmayaydı, qorxa-qorxa, yazıq-yazıq danışaydı, hər dediklərinə "Baş üstə", "Bəli, bəli" deyəydi. Lakin millətinin-xalqının bu qatı düşmənlərinə, əlləri türkün təmiz qanına batan, 1990-da Bakını qan dənizində çimizdirən bu insan geyimli canavarlara meydan oxuyur, çarizmin, habelə SSRİ-nin Cənubi Qafqaza məqsədli gəlişini, Rusiya imperator, Baş katib və prezidentlərinin Birinci Pyotrun siyasətindən bir o qədər də fərqlənməyən mürtəce-avantürist siyasətini, ikibaşlı, üçbaşlı çirkin oyunlarını cəsarətlə üzlərinə çırpır: "Açıq deyin ki, biz Bakıya düşmənçiliklə gəlirik. Azərbaycan xalqının azadlıq, müstəqillik, torpağını qorumaq istəyi bizim vecimizə deyil, dərdimiz ancaq erməniləri qorumaqdır. Bu ikiüzlülük sizin kimi ciddi vəzifə sahiblərinə yaraşan iş deyil. Bəlkə, Bakıda bir milli qırğın tamaşası yaratmağa çalışırsınız. Hamınız yığışmısınız. Köhnə ssenaridir: 1905, 1918-ci illərdə sınaqdan keçirilib. İndi təzələmək istəyirsiniz onu", (səh. 76, 77)

Qane etmir Ziyad Şıxlını SSRİ rəhbərliyinin fəaliyyəti. Çəkinmir həmin rəhbərlərə tənqidi münasibət sərgiləməkdən belə. Bir-bir üzlərinə oxuyur buraxdıqları nöqsanları və atdıqları yanlış addımları, vəzifə səlahiyyətlərindən sui-istifadəni. Sovet ittifaqı qəhrəmanlığının qızıl ulduzlarını döşünə düzməyi sevən Baş katib Brejnevə tərəddüd etmədən etirazda bulunur: "Əlinizdə ixtiyar var deyə, xalqı alçaltmayın. Qızıl Ulduzu qəhrəmanlığa görə alırlar, vəzifə borcunu yerinə yetirməyə görə yox". (səh. 65). Hiddətləndirir Kremldəkiləri Ziyad Şıxlının Brejnevə ünvanladığı məktub. Hətta Ziyad Şıxlını tənbeh üçün bir məmur da atlanıb Moskvadan gəlir Bakıya. Görüşünə dəvət edir Ziyad Şıxlını. Lakin gerçəkləşmir təşəbbüsü. Bir dəstə yaltaq yerli məmurla özü gəlir Ziyad Şıxlının yanına. Ziyad Şıxlı çox çalışır ki, əsaslandırsın məktubdakıları. Qonağın qanmazlığını yəqinləşdirən Ziyad Şıxlı çoxmərtəbəli söyüşlərlə ballanan dilini işə salır:

"Zırramanın biri zırrama! Sən kimsən mənim üstümə gəlmisən. Sənin kimi podonokları çox görmüşəm. Oxuyub nəticə çıxarmaqdansa atıla-atıla bura niyə gəlirsiniz. Minlərlə dostum bu ölkə üçün yaşamaq haqqından keçdi. İndi söz haqqımızı da əlimizdən alacaqsınız? Lazım olsa, yazdıqlarımın ardınca özüm gələrəm və yazmadığım başqa sözləri də üzünə deyəcəyəm". (səh. 66) Ziyad Şıxlı bir müddətdən sonra Berlinə - Qələbənin ildönümünə Baş katiblə birgə gedərkən ürəyini ona da boşaldır: "Qəhrəmanlığı ucuzlaşdırmaq olmaz. Biz qan töküb onu almışıq".

 

(ardı gələn sayımızda)

 

Ədalət 2018.- 15 fevral.- S.5.