SÖZÜN İŞIĞINI TUTUB GEDƏN ŞAİR

            

Qurban Bayramov,

tənqidçi-ədəbiyyatşünas,

professor

 

Vəliyulla Novruzun şeirləri ilə əvvəllər tanış deyildim. Ustadımız, professor Qəzənfər Kazımovun təqdimatında oxudum və mənə olduqca maraqlı gəldi və özümə inanmadım ki, mən niyə bu günə qədər bu imza ilə qarşılaşmadım?!. Şeirlərini respubilkamızın ən mötəbər mətbuatlarında oxuyarkən ulu, XX əsr poeziyamızın korifeyi Səməd Vurğunun keçən əsrin istedadlı gənc şair Adil Babayevin "Çinar" şeirindən təsirlənərək yazdığı "Mənim arzum" (1945) şeirinin ilk misraları yadıma düşdü: "Şair! Nə incədir rübabın sənin! Uçurdu ruhumu çaldığın bu saz. "Şəxsiyyəti nəhəng yaradıcılığından da ucada duran böyük şairin indi defisitə çevrilən alicənablığından, qayğıkeşliyindən bir daha qürur duydum! Vaxtilə ulu şairimiz Səməd Vurğunun iyirmi yaşlı Adilə şeir ithaf etməsinin səbəbini də elə bunda görürəm - alicənablıq və istedadlının qayğıkeşi olmaq kişiliyi...

Doğrusu, ahıllıq çağını haqlayan şair Vəliyullanın şeirlərini oxuduqca onun şeir rübabının, poetik avazının incəliyini hiss etdim... Hisslərimi bölüşmək qərarına gəldim və bu adı da sərlövhəyə çıxardım...

Hər şairin poeziyasını səciyyələndirən, onu özünəməxsus obrazı ilə yaddaqalan edən təkcə vəzn, üslub, məcazlar sistemi və digər sənətkarlııq xüsusiyyətləri deyil, həm də şeirin ovqatına çökən ruhun və hissin özüdür... Lap bu günlərdə oxudum, Sovet dövrü Rus poeziyasının korifeyi Andrey Voznesenskinin tez-tez təkrarladığı sözüdür: "Poeziyanı təkcə sözlə yazmırlar, onu əməllə də yazmaq mümkündür, necə ki, bu poeziyanı Puşkin duellə yazdı... Bir də, deyillər ki, rus poeziyasında Voznesenski ilk dəfə poeziyanı təkcə mətnlə deyil, həmçinin mətnlə birgə birləşdirdiyi şairin səs-obrazı ilə təqdimini kəşf etdi... Estrada poeziyası belə yaranmışdı...

Vəliyulla Novruzun şeir oxumasını eşidəndə bu əhvalat da yadıma düşdü... Onun qəribə bir səslə, tələffüzlə şeir oxuması var... Elə bil, səsini, səsinin avazını şeirinin avazına hopdurur...

Onun belə bir misrası da var, Vəliyullanın yox, Andreyin: ""No vse ravno, daje esli isçeznu sam, ə isçeznutğ tebe ne dam, ne isçezay" - tərcüməsi təxminən belədir: "Əgər, birdən özüm yox olsam da, hər halda qoymaram sən yox olasan, ona görə yox olmağa tələsmə..."

Vəliyulla da, şeirin ruhunu yox olmağa qoymur... Yəni, Vəlyulla Novruz, mənə görə, deyəsən şeirin arxitektoru mövqeyində işləyə bilir, yəni sözdən şeir yapır, necə arxitektor yaradacağı obrazın ilkin modelini gildən-gipsdən yapır... Başqa sözlə, Vəliyullanın şeirlərini həm öz dilindən eşidirkən, həm də oxuyurkən, bilmirəm, yanlış-düz, belə bir hiss keçirdim... Mənə elə gəlir ki, onun bir çox şeirləri, xüsusən, payız obrazı ilə süslənən "Nədən gecikdin, payız?", "Payızda nə gözəl olur meşələr", "Bu payız gözümdə qızıl payızdı" qəbildən şeirləri arxitektonik formatlı şeirlərdir...

 

Bu payız necə də gözəldir, Allah!

Ağaclar sarışın bir qıza bənzər.

Budaqdan asılan sarı yarpaqlar,

Gecələr sayrışan buluda bənzər.

 

"Ağaclar sarışın bir qıza bənzər" - orijinal obrazdır, sarı saçlı Selcanxatundur!..

 

Sarı libasını geyinir meşə,

Dünyanın ən gözəl qızı payızdı.

Günəşin şöləsi yayılır döşə,

Bu payız gözümdə qızıl payızdı...

 

O, poetik hissi rəssam dəqiqliyi ilə təsvir etməyə yox, arxitektor dəqiqliyi ilə canlandırmağa daha çox cəhd edir, burda onun iç dünyasına özünə ustad hesab etdiyi Məmməd Arazdan, Musa Yaqubdan bir işıq şüləyi ayrılıb qaranlıqda çırpınan iç dünyasını işıqlandırır... Elə bu işığın hesabına da, onun şeirlərinin kompozisiyası duyumlu, düşündürücü, təsirli məzmun və mahiyyət kəsb eləyir.

"Uçuruma yuvarlanmaqdan bizi inam saxlayır!" - müdriklərdən birinin sözüdür. Əslən cənub bölgəsindən - Cəlilabaddan olan Vəliyulla Novruzu da həyata, gerçəkliyə, əxlaq və mənəviyyata bağlayan, poeziya köhlənindən yıxılmağa qoymayan onun qələminə, poetik sözünə, idealına və imanına, inandığına inamıdır... Müntəzəm olaraq 1980-ci ildən respublika miqyaslı mətbuatda çıxış etməyə başlayıbdır. Ədəbiyyat müəllimidir. Cəlilabad rayon orta məktəbində tədrislə məşğul olur. Respublika mətbuatını ardıcıl izləyir, tanımadığı, yəni oxumadığı şair, yazıçı, alim, demək olar ki, yoxdur... Fenomenal yaddaşa malikdir, özünəməxsus, obyektiv təhlil üsulu var... Sözə, mətləbə ehtiramla yanaşır...

 

Hissimi, duyğumu vermişəm sözə,

Söz mənim qəlbimin parlaq aynası.

Səyyar xəyalımı uçurur göyə,

Yaxşı söz bir həzin ana laylası.

 

O, sözü "and yeri, öyüd yeri, qala yeri", "şair duyğusunun libası" hesab edir və qaranlıqlar aləmində "sözün işığını tutub" sözə - haqqa doğru gedir:

 

...Sözün işığını tutub gedərlər,

Sözə qiymət verən, söz anlayanlar.

Sözün qarşısında səcdə edərlər,

Sözün məqamını düz anlayanlar...

 

İnsafən, şair Vəliyulla Novruz "sözün məqamını düz anlayanlar" cərgəsindədir...

Onun bu günlərə qədər "Bu dünyada nə görmüşəm hələ mən", "Bu gecə gecənin içindən keçdim", "Lalələr tonqal təkin yanır" şeirlər kitabı var. Dördüncü kitabı çapa hazırlanır... 2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür... Qapı-pəncərə döyənlərdən deyil... Səmimi və təvazökardır... Yaradıcılığı haqqında mötəbər ədəbiyyat adamları - Fikrət Qoca, Musa Yaqub, Məmməd İsmayıl, Qəzənfər Kazımov, Qəşəm Nəcəfzadə, Vaqif Yusifli, Ədalət Salman, Əlizadə Nuri, Əlirza Həsrət, Meyxoş Abdulla, Əfrahim Abbas, Əlirza Xələfli, İsmayıl Kazımov və başqa qələm dostları rəğbətlə söz açıblar, fikir söyləyiblər...

Şairliyin, yaradıcı adamın ən mühüm cəhətlərindən biri də odur ki, o, heç kəsin görə bilmədiyini, duya bilmədiyini görə və duya bilsin. Bu hələ işin bir tərəfidir. Yaradıcı şəxs bu gördüyünü, duyduğunu əks etdirə bilsin - şair sözüylə, rəssam fırçası-rəngilə, bəstəkar notla, arxitektor tişəsi ilə... Vəliyulla sözə sığına bilir, dərdinə ağlaya bilir:

 

Ağlayıram öz dərdimi,

Gözlərim boşalır, dolur.

Külək qovur buludları,

Buludlar saçların yolur.

Yenə də yağış yağır,

Boz buludlar gör nə deyir?

Çölümü isladan yağış,

İçimi isladan deyil.

Gözlərimin axır yaşı,

Bu yaş gör necə durudur!

Axıb gəlir ürəyimdən,

Axıb içimi qurudur...          

 

Vəliyulla təbii istedada malik lirik şairdir, onun yaradıcılıq barəsində heç bir kompleksi yoxdur. Gerçəkliyin nəbzini tutan, öz sözünü kompromissiz deməyi bacaran müəllifdir. Mənə elə gəlir ki, onun yaradıcılığı ilə şəxsiyyəti arasında ziddiyyət, disharmoniya yoxdur. Nəyi və necə düşünürsə istedadının imkanları daxilində onu da olduğu kimi qələmə alır, ən ümdəsi sosial asılılığı yoxdur... Onda daxili bir sərbəstlik var. O, mənəviyyatı kor edən zülmətdə işıq axtarmağı bacarır və elə ona görə də onun şeirlərinin bir qismi gecə obrazı ilə bağlıdır, "Bu gecənin sonu yoxdu", "Gecə keçib yarıdan", "Bu gecə gecənin içindən keçdim" qəbildən şeirlərində olduğu kimi:

 

Bu gecə gecənin içindən keçdim,

Gördüm ki, hər tərəf geyinib qara.

Dağlara dırmanan cığırı seçdim,

Yorulmaq bilmədən yüyürdüm ora.

Bu gecə gecənin içindən keçdim,

Tamam islanmışdım şehli çəməndə.

Üzümü ətirli otlara sürtdüm,

Yeni bir həvəs də oyandı məndə.

 

Onun poetik statusunda cəmiyyətlə diskurs yoxdur, mənəviyyatla, insani faktorlarla, zaman-dünya amili ilə isə ciddi diskursdadır... Onun şeirlərində mənəviyyat və milli əxlaqi məsələlər prioritetdir, ən ümdəsi onda eyforiya, pafos yoxdur, hadisələrin sakit axarda səmimi poetik şərhi var.

Vəliyulla Novruzun şeirləri ağrılarının yüngülləşməsi, daşıdığı kədərdən azca da olsa təsəlli tapması, üstəgəl, həqiqətlərin və yalanların fəlsəfi motivlərinə impulsiv reaksiyasıdır:

 

Nədən bəxtim yatıbdır,

Əl açıram göylərə _

Dərdimi hara səpim,

Bəlkə dərdim göyərə!!

 

Vəliyulla belə poetik yorum-yozumla işığa da can atır, "Gözlərimə işıq verdi, Qəlbimə nur saçan baxış"larda ovunmaq istəyir, "Bu gün sizdən ötrü çox darıxmışam" şeirində olduğu təkin təəssüratlarını nostalji ovqatla oxucuları ilə bölüşür:

 

Bu gün sizdən ötrü çox darıxmışam,

Axı necə vaxtdır görmürəm sizi.

Ağlım da çaşıbdı, lap karıxmışam,

Özümdə, sözümdə deyiləm, düzü.

Vəliyulla Novruzun mövzu sferasında əlahiddə elektorat yoxdur. Ona görə də onun baxışlarında idealizə də yoxdur, gerçəklikdən ala biləcəyi nə varsa odur... Real məntiqə söykənir... Onun yaradıcılığı azad düşüncə və sərbəst yanaşma formatındadır. Heç bir məqamda həyatdan ümidi üzülmür:

 

Nə yaxşı arxalı bu dağlar varmış,

Axarlı, baxarlı bulaqlar varmış.

Arxamca əl edən budaqlar varmış,

Gözəldir yurdumun çölü, çəməni,

Bir arzu, bir ümid yaşadar məni.

 

Onun şeirləri ölümlə üz-üzə dayanan, amma əsil simasını saxlamaq uğrunda mücadiləyə qalxan insanların hisslərinə həsr edilibdir... Vəliyulla üçün siyasi yox, sosial-mədəni və əxlaqi mühit maraqlıdır...

Onun üçün insanın əxlaqi-mənəvi xisləti "Gəldim xeyir-duamı ver" şerində olduğu kimi daha maraqlıdır:

 

...Mən piyada, kədər atlı,

Kəməndini mənə atdı,

Bu da belə bir həyatdı,

Gedim göy üzündə yatım,

Ömrün o üzündə yatım!

 

Vəliyulla, göründüyü kimi, hissin, duyğunun, fikrin yan-yörəsindən yox, içindən keçməyi və poetik obrazlarına ictimai-sosial enerjini yükləməyi bacarır... Şairin şeirlərinə nəzər salanda burada işlənən əksər bədii təsvir vasitələri, onun şeirlərinin bədii təsir gücünü, poeziya nümunəsinə çevrilməsini şərtləndirən başlıca amilə çevrilir...

Canlı bədii təsvir vasitələri, metafora, təşbeh və mübaliğələr onun poeziyasına xüsusi bir rəng qatır. Şeirin bədii səviyyəsi insanda xoş ovqat yarada bilir. Məişətimizə daxil olan predmet və əşyanın təsviri heç də yorucu təsir bağışlamır, əksinə, bu adi təsvirlər elə təqdim edilir ki, müqayisələr fonunda əsil poeziya yaranır. Vəliyulla dilə, obraza həssasdır - "həsrətim çiçəkləyib", "mən piyada, kədər atlı", "gözümün cilovunu çəkib yollardan yığım", "Ay sevgisi", "ürəyin aynası söz", "Ayı oraq edib gecəni biçdim", "Bəxtimi hara səpim, bəlkə bəxtim göyərə" qəbildən onlarla poetik obrazlar, xırman, vəl, sovulmaq, kəmənd, quşteli, çatı, örüş, kövşən, küt və s. sözlər ki, vaxtilə kənd həyatında işlənmiş arxaizmlərdir onun şeirinə qəribə bir ovqat aşılayır, köhnədə, keçmişdə qalmış kənd məişətini, bu məişətin səmimiyyətini bu obrazlar hesabına yenidən canlandırır... Lakin bu səmimiyyət, bu həlimlik arxada qalıb, şair demiş, daha "bu payız ömrümüzə o yaz bir də açılmaz":

 

Bu payız ömrümə o yaz açılmaz,

Soyuqdan, sazaqdan ayaz açılmaz.

Bir də o yerlərə şəfəq saçılmaz,

Dağların soyuğu dondurur məni.

Şaxtada dolaşan qar quşu kimi

"Eləmədiklərim yandırar məni".

 

Vəliyullada vətəndaş hüquqları yox, mənəvi hüquqlar pozulanda baş alıb dünyadan getmək üsyanı baş verir. Onun ədəbi-estetik zövqü buna bağlıdır.

Vəliyullanı cəmiyyət qanunlarının - hüquqi qanunların pozulması düşündürmür və ya, az düşündürür, daha doğrusu, bunun fərqinə baxmır. Onu narahat edən insanlıq üçün Allahın bəxş etdiyi dəyərlərin itirilməsidir və bunun fərqində olanlar çox azdır. O inanır ki, bu dəyərlər itməsə cəmiyyət qanunları da dürüst olar... İnsanın mənən zədələnməsi, mənəviyyatca deqradasiyaya uğraması onu az qala öz axarından çıxarır... O, siyasi azadlığı yox, mənəvi asudəliyi istəyir... Və bunlarla əlaqəli olan məsələləri poetik təfəkkür süzgəcindən keçirərək şeirə çevirir...

 

Dünənimdən güc almışam,

Bu günümə ucalmışam.

Ağlamağı bacarmışam,

Gülməyi öyrədin mənə.

 

Şairin leksikonunda ümumxalq danışıq dilinin nümunələri şeirə hopdurulur. Onun şeirlərini oxuduqca, kitablarını vərəqlədikcə oxucu bir şeyi hiss edir ki, Vəliyulla Novruz təsvirçilikdən, yerli-yersiz təmtəraqlı və pafoslu sözlərdən istifadə etməkdən çox uzaqdır. "İllər sığal çəkdi ağ saçlarıma", "Yenə də ağ yağış yağır", "Artdı dərdim", "Bilməliyik", "Bu gecə gecənin içindən keçdim", "Bu ömür", "Çəkil yolumdan", "Bu payız içimi üşüdür mənim", "Sizə güvəndiyim dağlar", "Bu Yalançı dünyanın", "Musa Yaqub"a, "Mən kəndə gələndə uşaqlaşıram", "Bu dünyanın əlindən", "Şah İsmayıl Xətainin məzarı önündə düşüncələr", "Hamı yalandan ağlayır", "Bu dünya qocaltdı məni" və digər şeirlərindəki bərcəstə ifadələr şairin poetik düşüncə tərzinin gözəlliyindən xəbər verir.

Vəliyulla Novruz bica yerə öz bölgələrində nəşr olunan "Sözün işığı" ədəbi jurnalı və Cəlilabad rayon İcra Hakimiyyətinin dəstəyi ilə bir qrup qələm dostları ilə birgə 2016-cı ilin ədəbi yekunlarına görə diplomla təltif edilib. Bu diplom ona ən yaxşı təbiət şeirlərinə görə verilibdir. Onun "Bahar duyğuları" təkin təbiət duyumu, doğrudan da mükafata layiqdir:

 

Yazın müjdəçisi gəlir qaranquş,

Dağların başına çəkilir bu qış.

Ağaclar gör necə puçurlayıbdı,

Qönçənin dodağı uçuğlayıbdı.

 

Şeir bütövlükdə poetikdir, lakin "Ağaclar gör necə puçurlayıbdı, "Qönçənin dodağı uçuğlayıbdı" misraları obrazlarının yeniliyi ilə görümlüdür, duyumludur, lətifdir, incədir... Və yaxud, "Çoxdan bu yerlərə gəlməmişdim heç" şeirindəki duyum da incədir, nostalji hissləri ilə kövrəkdir:

 

Yamanca kövrəldim, yamanca düzü,

"Mən sizi görəndə özümü gördüm".

Gəzdim qarış-qarış yamacı, düzü,

O yerlərdə itən izimi gördüm.

 

Vəliyulla Novruz bölgədə istedadları ilə fərqlənən gözəl bir ədəbi mühitdə yaşayıb yaradır. Onun qələm dostlarından Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Ədalət Salman, Mirkamil Mirxəliloğlu, Əfrahim Abbas, Gülbala Teymur, Meyxoş Abdullah, Əlirza Həsrət, Əlizadə Nuri, Böyüş Yaquboğlu, Mübariz Məftun və digərləri bu qəbildəndir...

Vəliyullanın yazı manerası, dili, poetik təhkiyyəsi, obrazların mükəmməlliyi və sonucda oxucuya çatdırmaq istədiyi mesajlar da öz ədəbi mühitinin parlaq nümunələrindəndir... Çağdaş poeziyamızda ədəbi mühitinin nəfərləri cərgəsində onun öz yeri, öz nəfəsi duyulmaqdadır... Bu isə Vəliyulla Novruzun avtoportretidir:

 

Gecələr nur saçan ay həmin aydı,

Kükrəyib axan çay həmin o çaydı.

Nədən həlimləşib indi lal axır,

Sular qəmli-qəmli üzümə baxır.

Elə bil hissimlə, duyğularımla

O dərin sularda çimməmişəm mən.

Uşaq inadımla, uyğularımla

Öz qarğı atımı minməmişəm mən.

Həyatda qəm-kədər, qüssə çəksəm də

Dərdimi kimsəyə danışmamışam,

Ağrımı, acımı oda töksəm də

Özgə ocağında alışmamışam.

Bir kimsədən küssəm qan vurar məni,

Hardasa xeyirxah insanlar kimi

"Eləmədiklərim yandırar məni".

 

Vəliyulla Novruz şeirlərinin birində bu misraları söyləyir: "Aylarım, illərim nə tez ötüşdü, Gecəm gündüzümlə gəlib görüşdü..." Bu, 60 yaşını haqlayan bir şair ömrünün axarıdır... Bu axarda Vəliyulla Novruz üstünə ədəbi-poetik missiya götürmür, sakit bir

 

tərzdə öz qələm dostları ilə birgə öz yaradıcılıq ömrünü yaşayır və bu ömrü yaşamaqda ona uğurlar arzulayıram...

 

Ədalət.-  2018.- 29 iyun.- S.8.