"BƏDİİ SÖZ - MƏNA OCAĞININ KÖZLƏRİ"

 

Şair-publisist, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun imzası Azərbaycan oxucularına çox yaxşı tanışdır. Rafiq müəllim təkcə elmi-ədəbi fəaliyyətlə deyil, həm də naşirliklə məşğul olduğundan onun redaktoruluğu ilə çıxan "Göyərçin" jurnalının oxucuları tərəfindən də sevilən ziyalılarımızdandı. Bax, bu mənada hər bir yeni kitabı, yeni şeir çələngiylə oxucularını sevindirən Rafiq Yusifoğlu özünün publisist, eləcə də elmi məqalələri ilə də kifayət qədər oxucu auditoriyası toplaya bilibdi.

Bu gün bir çox dillərə çevrilmiş kitabların, bədii əsərlərin, elmi məqalələrin müəllifi olan Rafiq Yusifoğlu 2018-ci ildə də özünün iri həcmli, yəni 530 səhifəlik kitabı ilə oxucuların qapısını döyüb.

Elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri filologiya üzrə elmlər doktorları, professorlar Məmməd Əliyev, Məhərrəm Qasımlı və Şahin Xəlilli olan "Bədii söz - məna ocağının sözləri" məqalələr toplusu ADPU nəşriyyatında işıq üzü görübdü. Kitabın anatasiyasında oxuculara bildirilir ki, şair, ədəbiyyatşünas, əməkdar mədəniyyət işçisi, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu 20 ilə yaxındır ki, ali məktəblərdə tələbə auditoriyalarında mühazirələr də oxuyub. Onun "Ədəbiyyatşünaslığın əsasları", "Müasir ədəbi proses və ədəbi tənqid", "Uşaq ədəbiyyatı" kitabları ali məktəblərdə dərs vəsaiti kimi istifadə olunur. Çoxlu sayda elmi monoqrafiyaların müəllifi olan Rafiq Yusifoğlu yenicə işıq üzü görən kitabında da kifayət qədər sanballı mövzuları işıqlandırıbdı.

Bu kitabın birinci bölümü "Poetik söz və onun məna çalarları" adlanır. Həmin bölümdə müəllif bədii sözə, poeziyaya, xalq mahnılarına, aşıq yaradıcılığına, ümumiyyətlə, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Rəsul Rza və digərlərinin poetik düşüncəsinə işıq salmış, onlar barəsində özünün əsaslandırılmış elmi fikrlərini diqqətə təqdim etmişdi.

Kitabın ikinci bölümü tariximiz, bu günümüz adlanır. Həmin bölümdə də söhbət daha çox ədəbiyyat və bütövlükdə söz sənəti tariximizin aydınlarından olan Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə və digərləri barəsində fikir söyləməklə bu bölümün əhatə etdiyi söz sahiblərinin bu günümüz üçün də nə qədər önəmli olduğunu işıqlandırıbdı.

Bütövlükdə 7 bölümdən ibarət olan topluda Rafiq Yusifoğlu özünün müxtəlfi kitablara yazdığı ön sözləri, ədəbiyyatdan ədəbiyyətə baxışlarını, uşaq ədəbiyyatı barəsində fikirlərini, gəlimli-gedimli dünyaya poetik baxışlarını və nəhayət, dünya ədəbiyyatına özəl münasibətini qələm alıbdı.

Bir oxucu kimi qeyd etmək istəyirəm ki, topluda yer almış məqalələrin müəyyən hissəsi "Ədalət"in oxucularına da məlumdur. Ona görə də dəyərli Rafiq müəllimin "Bədii söz - məna ocağının közləri" kitabı barəsində fikirlərimi həm də onun daimi izləyicisi, oxucusu kimi ifadə etməklə müəllifə yeni yaradıcılıq uğurları arzu edirəm. Düşünürəm ki, onun bizlərə etdiyi bu söz hədiyyəsi qısa zamanda öz oxucularını tapacaqdı.

 

Mədətoğlu, Əbülfət.

 

Ədalət  2018.- 17 may.- S.6.