Anar Heybətov: "Sən polislərin adını batırırsan"

 

Hər bir aktyorun teatrda və filmdə oynadığı obrazlardan əlavə onun bu sənət haqqında fikirləri oxucuya maraqlı olur. Belə aktyorlardan biri də Əməkdar artist Anar Heybətovdur. O, həm teatrda, həm də filmlərdə oynadığı obrazlarla tamaşaçıların sevgisini qazanıb. Biz də istədik ki, onunla teatr və film haqqında söhbətləşək.

 

Adalet.az həmin söhbəti sizə təqdim edir.

 

- Hər bir aktyorun vizit kartı hesab olunan bir obrazı olur. Tamaşçı sizi ən çox hansı obrazla tanıyır?

 

- Fərq etmir, teatrda ya filmdə, düşünürəm ki, aktyor ifa etdiyi rolların hər birini sevməlidir. Sevməsə, ifa etmək çətin olur. İnsan Vətənini, atasını, anasını, xanımını necə sevir? Bax, aktyor da rolunu elə sevməlidir. Həm də gərək öz rolunu sevdiyin kimi də qısqanasan. Mən ifa etdiyim bütün rolları sevirəm.

 

- Bu günlərdə Fuad Poladovun ölümündən sonra yazar Həmid Herisçinin onunla bağlı bir yazısı çıxdı. Yazıda o, Fuad Poladovla söhbətini qələmə almışdı və söhbət əsnasında aktyor öz rollarını qumar kartlarına bənzədirdi. Rollarını tuza, karola, valentə bölürdü. Mənə maraqlıdır ki, sizin özlüyünüzdə buna oxşar bir bölgü varmı? Yəni oynadığınız rolların hansını daha yaxşı hesab edirsiniz?

 

- Açığı belə bir bölgü haqqında heç düşünməmişəm. Bu sualı qəfil verdiniz deyə cavab verməyim çətin olar. Teatrda oynadığım bütün rolları sevmişəm. Düzü, bizi ən çox tanıdan televiziya olur. Amma teatrda da tamaşaçılarımız az deyil. Son zamanlar Cəlil Məmmədquluzadənin "Ölülər”ində oynadığım Kefli İsgəndər də tamaşaçılar tərəfindən sevildi. Bu mənim uşaq vaxtlarımdan arzuladığım obraz idi. Mənə qədər bu əsərə bir neçə dəfə müraciət olunub. O vaxt bu rol əməkdar artist Sabir Məmmədova tapşırılmışdı. Dublyor kimi də məni seçmişdilər. O vaxt cavan idim. Razılaşmadım ki, Sabirə mane olaram. Qoy, Sabir bunun üzərində tək dayansın, tək işləsin. O vaxt qismət olmadı. Son illərdə Azərpaşa müəllim tamaşaya yenidən quruluş verdi. Bu rolun nə dərəcədə öhdəsindən gəlmişəm, deyə bilmərəm, amma tamaşaçıların reaksiyası müsbət oldu.

 

- Tamaşalardan sonra tamaşaçılar sizə internet vasitəsilə, ya da teatrdan kənarda təşəkkürlərini bildirirlərmi? Yoxsa, eləcə baxırlar, əl çalırlar, gedirlər?

 

- Demək olar ki, əksər tamaşalarımızdan sonra teatrın xidməti qapısında bizi gözləyənlər olur. Tamaşaçı ordusu olmasa da, 5-10 nəfər də olsa yaxınlaşır, şəkil çəkdirir, təşəkkürlərini bildirirlər. Sosial şəbəkədə də həmçinin.

 

- Fuad Poladovla eyni səhnəni bölüşmüsünüz. Qacarda da, Hamletdə də. Onunla tərəf müqabili olmaq necə hiss idi? Aranızda roldan kənar nə söhbətlər olurdu? Hansı xatirələriniz var?

 

- Fuad Poladovu uşaqlıq illərimdən tanıyıram. Düşünürəm ki, hətta bu sənətə həvəsim də Fuad Poladovu tanıyandan yaranıb. Biz bir məhəllədə yaşamışıq. Uşaq idim, əlimdən tutub məktəbə aparırdılar və Fuad müəllimi işə gedən görürdüm. O çox vaxt işə piyada gedib gəlirdi. Bir dəfə gördüm ki, o, çox xırda əl və mimika hərəkətləri ilə öz-özünə danışır. Anamdan soruşdum ki, Fuad əmi yaxşıdır? Niyə elə hərəkətlər edir? Görəsən ona nə olub? O vaxt mənə onun hərəkətləri çatmırdı. İndi arada özüm də Fuad müəllim kimi yol gedərkən o hərəkətləri edirəm. (gülür)Rəhmətlik anam mənə dedi ki, yəqin hansısa rolun üzərində fikirləşir.

 

Sonra elə oldu ki, mən İncəsənət universitetinə daxil oldum. Bizi 2 kursa böldülər. Bir kursun rəhbəri Ağakişi Kazımov olacaqdı, o biri kursun rəhbəri isə Fuad Poladov. Mən də istəyirdim ki, Fuad müəllimin rəhbəri olduğu kursa düşüm. Elə də oldu. Birinci dərs günü idi. Qapı açıldı və içəri Azərpaşa Nemətov girdi. Hamımız dedik ki, müəllim, siz səhv gəlmisiniz, bizə Fuad Poladov dərs deyəcək. O da qapıya tərəf dönüb zarafatyana dedi ki, istəyirsinizsə, çıxım gedim. Dedik ki, bizi kursa böləndə belə deyiblər. Azərpaşa müəllim dedi ki, Fuad Poladov bu il dərs götürməyib deyə sizə mən dərs deyəcəm. Eyni zamanda da Gülşad Baxşıyevadan dərs alırdıq.

 

Düşünürəm ki, Fuad Polovun dünyasının dəyişməsi, böyük bir aktyor məktəbinin bağlanmasına səbəb oldu. O, həm də maraqlı dost idi. Çox rahat danışırdı. Mən onunla söhbətdə daha çox çəkinirdim. Amma onunla söhbət edəndə bir də ayılırdım ki, biz onunla dostcasına danışırıq. Onunla eyni səhnəni bölüşmək həqiqətən də qürurverici hiss idi.

 

- Fuad Poladovun həyat yoldaşı bu yaxında müsahibəsində deyib ki, Fuad tamaşalara, filmlərə hazırlaşanda çox rahat olurdu. Yəni harda gəldi hazırlaşırdı, məşq edirdi Konkret bir otağa qapılıb hazırlaşmırdı. Bəs siz?

 

- Məndə də elədir. Sizinlə danışarkən belə hansısa obrazı beynimdə canlandıra, o obraz haqqında paralel düşünə bilərəm.

 

- Filmlərə dəvət alırsınız?

 

- Açığı bir o qədər də yox, heç elə bir film də yoxdur axı ki, dəvət alım.

 

- Az da olsa dram filmləri çəkilir axı.

 

- Son vaxtlarda dostumuz Kənan M.M bir filmə dəvət etdi, çəkildim. Sonra filmə baxanda nə özümü bəyəndim, nə də kimsəni.

 

- Filmlərə çəkilmək üçün özünüzdə bəlli etdiyiniz şərtlər, kriteriyalar varmı?

 

- Əslində olmamalıdır. Məsələn, teatrda bizim imtina etmək hüququmuz yoxdur, hansı obrazı verirlərsə, onu da oynayırıq. Amma filmə dəvət alanda, qonorarın azlığına görə, yaxud başqa səbəbdən imtina edə bilərik.

 

- Deməli, qonorardan razı deyilsiniz.

 

- Xeyr. Amma yoxa lənət. (gülür)

 

- Bəs, çəkilən filmlərdən razısınız?

 

- İndi biraz filmi kommersiya tərəfə yönləndiriblər. Komediya filmləri çəkilir. Mən də hazırcavabam, zarafatcılam, yumor hissim var, amma o filmlərin heç birinə gülə bilmirəm. Məsələn, filmdə hansısa zarafatı edirlər, sonra açıqlamasını verirlər. Siz bunu deyin, qoy açmasını tamaşaçı özü tapsın. Hərdən olur ki, KVN-nin tamaşalarında gülməyə nəsə tapıram, həm də düşünürəm.

 

- Bəs, Rəfael və Coşqun?

 

- Onlar yaxşı aktyordurlar. İndi iş belə gətirib ki, onlar da bu yöndə özlərini inkişaf etdiriblər. Onların fərqi bircə bundadır ki, iki adamlıq tamaşalar qururlar.

 

- Adətən, serialların tamaşaçı kütləsi daha çox olur. Aktyorlarsa müəyyən qonorar xətrinə, daha çox tanınmaq naminə bəzən çox bayağı seriallara çəkilirlər. Bu öz istedadına, sənətinə xəyanət deyilmi?

 

- Bəlkə də saymaq olar. Amma Rəfaellə Coşqun teatrın tamaşaçısının az olduğu müddətdə bu işə başladılar. Yəni tamaşıçını teatra cəlb edə bildilər. Qaldı seriala çəkilməyə. Bir neçə il qabaq dövlət tərəfindən maliyyə dəstəyi oldu, amma əksəriyyəti ortaya keyfiyyətli bir iş qoya bilmədilər. Bir bizim serial idi, "Pərvanələrin rəqsi”, bir də eyni kanalda "Sirr” serialı. Amma ən reytinq verən serial bizimki idi. Səs-küyə səbəb olmuşdu. Bu da Rövşən İsaxın və senaristin uğuru idi, heyəti düzgün yığmışdılar. Məsələn, o filmdə heç kim heç kimi vurmadı, silah işlənmədi ki, tamaşaçını hadisələrə inandıra bilək. Mən ümumiyyətlə, gündəlik seriala çəkilməyə tövbə eləmişəm. Çünki həftədə beş dəfə çəkilir, hər gün günün demək olar ki, çox hissəsini çəkilişdə olursan. Biz "zənci qul” deyilik ki.

 

- AzDrama-da son dövrlər çox söz-söhbətlər yayılır. Azərpaşa Nemətov haqqında da çox tənqidlər oxuyuruq, sizcə bunun səbəbi nədir?

 

- Mənə belə şeylər gülməli gəlir. İnsanlar eşitdikləri şaiyələrə niyə inanır, niyə özləri bu haqda düşünmürlər? Öz adıma deyirəm, Azər müəllim mənim müəllimim olub, ağsaqqallıq edib. O qısa müddətdə özünə qarşı bizim valideynimizə olan sevgimizi qazandı. İnstititut illərindən sonra bizi, əməkdar artist Məsmə Aslanqızını, Şəlalə Şahvələdqızını teatra apardı. İlk dəfə, 1999-cu ildə Elçinin "Mənim ərim dəlidir” tamaşasında mənə rol verdi. Mənim Azərpaşa müəllimdən bir insan kimi, ağsaqqal kimi narazılığım olmayıb. Olub ki, üstümüzə qışqırıb, acı söz deyib, biz onu böyüyümüz kimi, valideynimiz kimi qəbul eləmişik. Sonra görmüşük ki, düz eləyib. Fuad Poladovla onun münasibətinə gələndə isə, düşünmürəm ki, Fuad Poladov Azərpaşa müəllimlə münasibətlərinə görə teatrı tərk edib. Onu teatrdan heç kim uzaqlaşdırmayıb. Yadımdadır ki, axırıncı dəfə Qacarı oynayanda özünü nasaz hiss edirdi. Həmişə tamaşadan əvvəl, ya sonra hazırlaşdığımız otaqda görüşürdük, söhbətləşirdik. Eşitdim, dedi ki, növbəti Şah Qacar olmayacaq. Suallara isə cavab vermədi. Atam rəhəmətə gedəndə yas yerinə gəlmişdi, səsi tutulmuşdu. Həmin dövrdə mənim də səsim tutulmuşdu. O vaxt xəstəlik gəzirdi, hamı virusdan şikayətlənirdi. Fuad müəllimə dedim ki, filan dərmanları içdim, yaxşılaşdım, bəlkə siz də edəsiz? O dedi ki, baxaram, Anar. Elə bilirdim ki, o da bizim kimi adi bir xəstəliyə yoluxub. Sən demə, elə deyilmiş.

 

Mənim atam da, anam da eyni xəstəlikdən dünyasını dəyişib. Atam yox, amma anam çox əziyyət çəkirdi, bunu çox biruzə verirdi. Fuad Poladovun yaxşı bir sözü var idi. "Getdikcə bu xəstəliyi sevməyə başlamışam, onunla dostluq etməyə başlamışam”. Bunu demək üçün insanda güc lazım idi.

 

- Şair Vaqif Səmədoğlu haqqında belə bir yazı çıxmışdı. Ki, bir gün Vaqif qızına zəng edir. Deyir, gələndə mənə pivə al. Qızı soruşur ki, yanında çərəz kimi pendir alım, yoxsa, xərçəng? Vaqif deyir ki, qızım, pendir al, xərçəng özüm də var. Bu da Vaqif Səmədoğlunun öz xəstəliyinə maraqlı yanaşması idi.

 

- Teatrın hər bir dövründə bu cür söz-söhbətlər olur və olacaq da. Amma mən bu söz-söhbətlərin mətbuata çıxarılmasını yaxşı qəbul eləmirəm. Teatr bizim ikinci evimizə çevrilib. Bir-birimizlə doğmalaşmışıq. Mənim teatrdan giley-güzarım da olsa, bunu mətbuatda gündəmə gətirmərəm. Bir dəfə İsrafil İsrafilovun dövründə olub, o da teatrdan kənar insanların teatra müdaxiləsinə reaksiya vermişdim. Özlərini ağıllı sayırdılar. Mən onların tamaşanı yarımçıq qoyub getməklərini görmüşəm. Sonra da Gümrah Ömər premyera günü geyinib-kecinib səhnəyə çıxıb baş əymişdi. Həmişə fikirləşirdim ki, görəsən, reaksiya versəm necə olar? Buna haqqım çatırmı? Amma sənəti olmayan, sənətdən anlamayan adamların belə müdaxilələrini görəndə, dedim ki, yox, haqqım çatır.

 

Jurnalist tənqid edə bilər, amma teatr işçisi, rejissor dəqiqəbaşı çıxıb teatr haqqında ağzına gələni danışa bilməz. Mənim yaşadığım Sovetskidə dostlarım var, onlar biraz başqa cür böyüyüblər, bilirsiniz. Bir də görürəm ki, ailələri ilə bilet alıb tamaşaya baxmağa gəliblər. Mən onlarda teatra sevgi yaratmışam. Təsəvvür edin, mən də çıxıb teatrımız haqqında ağzıma gələni danışıram, bəs necə olar? Deməzlər ki, Anar bizdə teatra sevgi oyadan adam idi, indi niyə belə danışır?

 

Misalçun, deyirik ki, ana müqəddəsdir, Azdrama da ana teatr sayılır. İnsan anası haqqında azğına gələni necə danışa bilər?

 

- Hamınızın Hollivud filminə çəkilmək arzunuz var.

 

- Hollivud bizim xəyallarımızdır (gülür).

 

- Hollivud filminə pulsuz çəkilmək üçün dəvət alsanız, qəbul edərsiniz?

 

- Elə şey olmaz axı. Yəni deyirsiz ki, Hollivuddursa, vəssalam, pulsuz da çəkilmək olar? Elə şey olmaz. Hər halda yaxşı qonorar verərlər. Düşünürəm ki, yaxın 5-10 ildə çətin belə bir şey baş verə. (gülür)

 

- Erotik rollara təklif alsanız? Özünüzdə elə bir sədd varmı ki, açıq-saçıq səhnələrə çəkilmək olmaz?

 

- Bizdə belə şeyə mentalitet çərçivəsindən baxırlar, amma belə bir qadağa olmamalıdır,. Yaratdığımız obrazın şəxsimizə aidiyyatı yoxdur.

 

- Bizim tamaşaçı obrazla aktyoru çox vaxt səhv salır...

 

- Elədir. Vahid Mustafayevin "Qaydasız döyüş” filmində mənfi polis leytenantı obrazını oynamışdım. Bir dəfə polislərlə möhkəm bir mübahisəm düşdü. Mənimlə zarafat eləmək istədi, amma uğursuz alındı. Düzü, mən də yüngül bir cavab verdim, mübahisə biraz da böyüdü. Dörd nəfər idilər. Polislərdən bir nəfər salam vermədən dedi ki, polislərin adını batırırsan. Ona başa salmağa çalışdım ki, bu filmdir, axı sənə bu qədər niyə təsir edir ki? Mən aktyor adamam, görmüsən, tanımısan, adam bir salam verər, hal-əhval tutar. Özün də formadasan, səninlə artıq heç bir söhbət etmək olmur. Formanı çıxart, gedək, necə istəyirsənsə elə də danışaq. Axı, qalan üç nəfər heç danışmırdılar. O, nə demək istədiyimi başa düşdü, daha da əsəbiləşdi. Sonra məsələ həll oldu. Bəlkə də o obrazımın hansısa mənfi xüsusiyyəti onun içində var idi deyə əsəbiləşmişdi.

 

Hətta bu mənfi obrazı mənə tapşıranda aktyorlar da yığılmışdı, Vahid Mustafayev də orda idi. Vahid müəllim rejissor Yaşar Əhmədovdan soruşdu ki, polis leytenantı Rauf Ələsgərovu kim oynayacaq? Yaşar müəllim dedi, Anar Heybətov. Çevrilib mənə baxdı, dedi, nəsə bu obraz ona uyğun deyil. Bu obrazı hündür, kobud, üzündən zəhrimar yağan bir adam kimi düşünürəm. Amma rejissor onu inandırdı. Vahid müəllimin son sözü bu oldu ki, bütün aktyorları bəyəndim, yaxşı seçmisən, amma Anara sən cavabdehsən. Açığı kollektivin içində bu sözü eşitmək yaxşı hiss deyildi. Pis olmuşdum.

 

Filmin birinci baxışında Vahid Mustafayev ayağa qalxdı, zala səsləndi ki, bu filmi film edən Anardı. Onun bu sözü mənə ruh verdi, yaxşı təsir göstərdi. Müsahibələrimin birində demişdim ki, tamaşaçının nifrətini qazansam, bu mənim uğurum olacaq. Polisin o hərəkəti ilə rastlaşanda, əmin oldum ki, arzuma çatmışam.

 

- Anar bəy, bizim işimiz yazmaqdır amma hər zaman təriflənmirik. Bəzən təhqir də edirlər, bəzən söyürlər də. Bundan ən çox bizim ailəmiz ziyan çəkir. Siz belə bir hadisə yaşamısınızmı ki, sizə qarşı hansısa təhqir, hədə-qorxu gəlsinlər? Bu sizi narahat edərmi?

 

- İşimi ailəmə qatmıram. Yalnız tamaşama gəlib baxanda, hansısa fikirlərini deyirlər, vəssalam. İndiyə kimi başqa nəyəsə şərait yaratmamışam. Ki, hansısa müsahibədə dediyim bir fikri müzakirə etsinlər. İstər ailəm, istərsə də qohum-əqrəbam.

 

- Xarici filmləri izləyirsinizmi, sevdiyiniz aktyorlar, rejissorlar varmı?

 

- Vaxt olduqca... Müqayisə edəndə, belə bir şey ortaya çıxır. O vaxt "Bakıfilm”in çəkdiyi "Yaddaş” serialında rol almışdım. 4 dost ermənilərə qarşı döyüşürdü. Atam rəhmətlik dedi ki, bu necə olur, 4 nəfərə bu qədər adamı qırdınız? Dedim, ay ata, necə olur ki, Rembo təkbaşına Vyetnamı dağıdır, inanırsan, amma buna inanmırsan? Düzdür, çəkilişlərdə fərq var. Əgər bunu mənim atam belə deyirsə, düşünürəm ki, onun kimi insanlar az deyil. Xarici aktyorlardan "Daşıyıcı” filmindən Ceson Stathamı bəyənirəm. Orada da fantastik şeylər var, amma maraqlıdır. Türklərdən Sultan Süleymanı oynayan Xalit Ergenci bəyənirəm. Amma çox da vaxt olmur filmlərə baxmağa.

 

- Axı sizin işiniz budur. Gərək film sahəsini də izləyəsiniz.

 

- Düzdür. Biz bu cavabı verən ən çox aldığımız cavab bu olur.

 

- Bəs, öz filmlərimiz?

 

- Çox istəyərdim ki, bizdə film adına film çəkilsin. Misalçun, Elxan Cəfərovun çəkdiyi "Dolu” filmi həqiqətən də son çəkilən filmlər içində ən yaxşı filmimizdir.

 

 

- "Yarımçıq xatirələr”i də çox adam sevdi.

 

- Açığı ona baxa bilmədim. "Dolu”da rolum kiçik idi, amma o filmə çəkilməsəydim belə filmi yaxşı qarşılayacaqdım. O filmin başlanğıcı adamı cəlb eləyir. Dolunun yağması, qrafika və s. Yəni Elxan bu filmi çox yaxşı işləyib. Son vaxt çəkilən "film”lərin adından film sözünü götürüb başqa sözlə əvəz etmək lazımdır.

 

 

Anar Heybətov Azdrama-nın səhnəsində "Kefli İsgəndər" obrazında

 

İmza:Emin Akif

 

Ədalət  2018.- 17 may.- S.4.