"İçərişəhər"dən... "Xocalı"yadək

 (Tələbə-dizayner Günay Nəbiyevanın ilk fərdi yaradıcılıq sərgisindən qeydlər)

...Yol İçərişəhərdən başlandı. Qədim memarlıq-şəhərsalma mədəniyyətini özündə yaşadan tikili abidələr məkanından. Əyri-üyrü, darısqal küçələri, gündüşməyən mənzilləri, az qala bir əl uzunluğu qədər məsafəyə malik eyvanları, sanki şiddətli Bakı küləyindən qorunmaq üçün bir-birinə bərk sığınıb yan-yana düzülmüş evləri olan məhəllələr asta-asta gəlib göz önündən keçir qədim şəhərin - İçərişhərin... Sonra yol davam edir... Təbiətin yamyaşıl bir güşəsinə "çatırıq". Ətrafda qollu-budaqlı, hündür ağaclar boy-boya verib. Çəmənliyə sanki xalı döşənib. Günəşin parlaq şəfəqləri altında süslənən rəngbərəng güllər-çiçəklər elə bir laləzarlıq yaradıb ki... Daha sonra axar-baxarlı bir kəndin "qonağı" oluruq. Dörd tərəfi meşəlik. Evlər də yerin quruluşuna, relyefə uyğun tikilib: düzənlikdə, dərə boyu, təpəlikdə. Bir neçə ev çayın lap sahilində yerləşir. Uzaqda, lap uzaqda isə susuzluğunu yatırmaq üçün çay yatağına enmiş heyvanların silueti görünür... Daha sonra "payız düşür". Otun-çiçəyin soluxsuyub quruduğu, ağacların köynəyini "soyunub çıxardığı" "sarı günlər" gəlir... Hər iki tərəfi qarla örtülü, hündür ağaclı yol isə uzanıb gedir. Hara getdiyi də naməlum... Tənhalıqdır... Ətrafda bir vəhşət duyulur. Sanki qara, qorxunc, məşum bir nəsnə izləməkdədir yolçunu. Yol isə uzanmaqda... Budur, nəhayət gəlib çatdıq. Bu da... Xocalı. Faciənin baş verdiyi an... Ana harayı... Qulaq kəsilsən bəlkə fəryad səsini də eşidərsən... Hər yan qan içində... Hər yan ölüm qoxulu... Baxışlardan süzülən kədər, damarlarda donan qan...

Qoy oxucular bu təsvirləri qarışıq-dolaşıq yol təəssüratı kimi qəbul etməsinlər. Onlar heçyol təəssüratı deyil. Bütün bunlar gənc dizayner Günay Nəbiyevanın öz rəsm əsərlərində "əbədiləşdirdik"ləridir. Onları bir məkanda - yaradıcılıq sərgisində toplayıb sənətsevərlərə təqdim edir.

...Günay hələ tələbədir. Azərbaycan Dövlət Memarlıq və İncəsənət Universitetinin memarlıq fakültəsində oxuyur - ikinci kursda. Şəkil çəkməyə marağı lap erkən yaşlarından yaranıb, hələ üç yaşı olandan. İlk çəkdikləri - uşaq oyuncaqları, ağac və güllər, ev heyvanları, təbiət mənzərələri olub. Getdikcə marağı da artıb. Üçüncü sinifdə oxuyarkən rəssamlıq dərnəyinə yazılıb. Düz yeddi il - M. Şeyxzadə adına Texniki-humanitar təbiət gimnaziyasını bitirənə qədər sərasər məşğələlərə gedib.

Hələ orta məktəb illərindən əl işləri maraqla qarşılanıb. Odur ki, müsabiqələrdə, sərgilərdə həvəslə iştirak edib - həm Ağdaş rayonu, həm də respublika miqyaslı sərgilərdə. Həmişə də fəxri yerlər tutub.

Xocalı faciəsinə həsr olunmuş rayon müsabiqəsində fərqlənib ilk Fəxri fərman alanda vur-tut üçüncü sinifdə oxuyurdu. Altıncı sinif şagirdi olarkən isə sevimli idman növü üzrə respublika müsabiqəsində birinci yerə çıxaraq sabiq təhsil naziri M. Mərdanov tərəfindən Fəxri fərmana layiq görülmüşdü. Günayın "Fövqəladə hallar uşaqların gözü ilə" müsabiqəsinə təqdim etdiyi rəsm əsərləri də maraqla qarşılanaraq nazirlik tərəfindən buraxılan albom-kitabçaya salınmışdır. Ümumiyyətlə, bugünədək onun əl işləri sırasında Fəxri fərman, diplom və müxtəlif mükafatlara layiq görülənləri heçaz deyil...

Günay tələbə adını daşıyandan öz sevimli peşəsi ilə daha şövqlə, böyük həvəslə məşğul olur. Müəllimlərdən, peşəkar sənətkarlardan aldığı biliklər, mənimsədiyi vərdişlər indi ona daha mühüm, daha çox ictimai əhəmiyyətli mövzulara girişməyə imkan verir. Belə olmasaydı, yaradıcılıq üçün o qədər də çox sayılmayan vaxt ərzində bu qədər maraqlı, baxımlı rəsm əsərləri ortaya çıxara bilməzdi. Odur ki, Günayın yaradıcılığına ictimai baxışın keçirilməsi fikri hamı tərəfindən birmənalı qarşılandı.

...Həmin gün Universitetin sərgi salonunun qarşısına xeyli adam toplaşmışdı: professor-müəllim heyəti, tələbələr, dəvət olunan qonaqlar, bir də səbəbkarın Ağdaşdan gələn valideynləri, yaxın qohum-əqrəbası. Tədbiri açan memarlıq fakultəsinin dekanı Zahidə Məmmədova dedi:

- Universitetimizdə istedadlı gənclərimiz çoxdur. Rəhbərlik də, dekanlıq da, professor-müəllim heyəti də onlara həm təhsildə, həm də digər yaradıcılıq işlərində lazım olan dəstəyi göstərir. Biz hər bir tələbənin arxasında durur, ona öz bacarığını, istedadını üzə çıxarmağa yardımçı oluruq. Elə bu sərgi salonunu vaxtaşırı onların üzünə açırıq ki, yaradıcılıqlarını nümayiş etdirsinlər. Ayda iki dəfə belə tədbir keçirilir. İndi isə növbə Günayındır, məkanı o qazanıb. Günay bizim nümunəvi tələbələrimizdəndir. Dərslərini yaxşı oxuyur, qrup nümayəndəsidir, ictimai işlərdə fəal iştirak edir. Səmimi qızdır. Günay həm də güclü istedada malikdir. Rəssamlıqla yaxından məşğul olur. Çoxlu ciddi işləri var. Odur ki, qərara gəldik: qoy rəsm əsərlərinin sərgisini təşkil edək. Hamı tanış ola bilsin. Daha da ruhlansın, yeni enerji ilə işləsin. Müxtəlif sərgilərdə, müsabiqələrdə çox iştirak etsə də, bu onun ilk fərdi sərgisidir. Həm dərslərində, həm də yaradıcılığında ona böyük uğurlar arzulayırıq!

Tədris işləri üzrə prorektorun köməkçisi Şəfi Danyalov öz çıxışında rəhbərlik səviyyəsində tələbələrin təhsilinə və kamil mütəxəssis kimi yetişməsində göstərilən qayğıdan danışaraq Günaya xoş arzularını bildirdi.

Sonra Günayın babası, uzun illər Ağdaş rayon təhsil şöbəsinin müdiri işləmiş Lütfü Paşayev söz aldı:

- Mən tələbələrə yaradılmış bu şəraitə görə hər kəsə - universitetin rektoru Gülçöhrə Məmmədovaya, professor-müəllim heyətinə, fakultə dekanı Zahidə Məmmədovaya, dekanın müavininə təşəkkür edir, eyni zamanda sərgiyə gələnlərə minnətdarlığımı bildirirəm. Burada gördüklərim məni çox razı saldı: müəllim-tələbə münasibəti, tədrisə və yaradıcılığa yetirilən diqqət, səmimilik və s. Bütün bunlar olan yerdə hər bir uğura çatmaq mümkündür. Uzun illərki pedaqoji təcrübəmə əsaslanıb deyə bilərəm ki, hər bir tələbədə istedad, bacarıq var. Lakin onu üzə çıxarmağa şərait, dəstək olmayanda, qayğı və diqqət göstərilməyəndə nəticə gözləməyə dəyməz. Bu ali təhsil ocağında isə mənzərə tam başqadır. Hər birinizə elm, təhsil, yaradıcılıq yolunda uğurlar arzulayıram. Günayın əl işləri sərgisini təşkil etdiyinizə görə bir daha təşəkkürümü bildirirəm.

Sonra Günay da öz ürək sözlərini söylədi. Qırmızı lenti kəsərək tamaşaçıları sərgi salonuna dəvət etdi. Sənətsevərlər bir-birindən maraqlı təbiət mənzərələri, peyzajlar, natürmortlar... və s. rəsm əsərləri ilə maraqla tanış oldular.

Sərgi haqda təəssüratını bölüşən təsviri incəsənət kafedrasının baş müəllimi Oqtay Murtuzayev dedi:

- Günay mənim ən yaxşı tələbəmdir. Çox istedadlıdır. Əl işləri çox idi. Biz seçim apardıq. Ən yaxşılarını buraya qoyduq. Günay dizayn ixtisasına yiyələnir. Gələcəyin mahir dizayneri olacaq. Sərgidə dizayna aid işləri də yer alıb. Çox maraqlı işlərdir. Rəng duyumu o qədər güclüdür ki, dizaynda onları seçməyə, paylamağa həmişə yüksək səviyyədə nail olur.

Tələbəsinə böyük ümidlər bəsləyən müəllim Bayram Qasımbəyli:

- Günay qızımız yaradıcılığa çox ciddi yanaşır. Özünə qarşı da çox tələbkardır. Daim üzərində işləyir. Sərgidəki işləri çox maraqlıdır. Artıq özü haqda rəy yaradır. Rəng duyumu, rəngkarlıq hissiyyatı çox güclüdür. Ona görə də rəngləri yaxşı effekt yaradır, maraqlıdır; arxa plan, qabaq plan yaxşı göstərir onları. Özü də cürbəcür texnikalarda işləyir: həm yağlı boya ilə, həm akvarellə, həm quaşla, həm də karandaşla. Potensialı imkan verir ki, gələcəkdə daha böyük əsərlər yaratsın. Bu yolda ona uğurlar arzulayırıq.

AzMİU-nun tarixi muzeyinin direktoru Gülmira Məmmədova müzey barədə bir neçə kəlmə dedi:

- Əvvəla onu qeyd edim ki, Universitetimizdə daha bir muzey - ulu öndər Heydər Əliyev adına muzey də fəaliyyət göstərir. Tələbələr burada ümummilli liderin həyat və fəaliyyətini yaxından öyrənir, onun dövlətçilik yolunda gördüyü cahanşümul işlərlə ətraflı tanış olurlar. Sərgi salonumuz tarix muzeyinin nəzdindədir. Fəaliyyətə 2001-ci ilin may ayından başlamışıq - professor Elturan Avalovun sərgisi ilə. Bu gün 123-cü sərgidir ki keçirilir. Bir qayda olaraq, müəllimlərin, doktorantların, tələbələrin rəsmləri, əl işləri, layihələr nümayiş etdirilir. Eyni zamanda xarici ölkə nümayəndələrinin sərgiləri də təşkil edilir. İndiyədək Misir, Türkiyə, Almaniya, İtaliya memarlarının layihə işləri sərgilənib. Beynəlxalq əlaqələrimiz getdikcə artmaqdadır. Ümumiyyətlə, sərgilərimiz Universitet miqyasında keçirilsə də, maraqlananlar, kənardan gələn qonaqlar, xarici müşahidəçilər üçün də qapımız həmişə açıqdır.

50-yə qədər rəsm əsərinin nümayış etdirildiyi sərgi noyabrın 30-dək davam edəcək.

Ədalət.-2018.-27 noyabr.-S.7.