Zamanın yaddaş kodları

 

Bu gün ətrafımızda cərəyan edən mürəkkəb hadisələri vicdanla qələmə almaq, həqiqətə sadiq qalaraq yaşadığımız dövrün gerçək salnaməsini yazmaq, bu fonda müasirlərimizin portretini cızmaq hər bir vicdanlı jurnalist üçün mənəvi ehtiyacdır. Yazdıqlarını toplayıb kitab halına gətirmək isə artıq dövrün ab-havasını kağıza hopdurmaq, onu bir növ əbədiləşdirmək, gələcəyə cığır salmaq, zamanın yaddaş kodlarını yaratmaq deməkdir. Tanınmış yazıçı-publisist Nurəddin Ədiloğlunun bu kitabda toplanmış və təxminən yarıməsrlik bir dövrü əhatə edən bədii-sənədli hekayətlərini oxuduqca beynimdən keçən bu fikirlərin dəqiqliyinə bir daha əmin oldum.

Ölkənin qələm əhli arasında parlaq istedadı, fakt və hadisələrə fərqli yanaşmaları, yorulmaq bilmədən axtarışlarda olması, peşə dəyərlərinə münasibəti, sözününxarakterinin bütövlüyü ilə tanınan N.Ədiloğlu yetkin qələm sahibidir, 20-yə yaxın publisistik və bədii kitabın müəllifidir. Zamanın nəbzini tutan, toplumun dərdlərinə işıq salan, yaradıcılığında müasir insanın düşüncə və qayğılarını gündəmə gətirməyi bacaran söz sahibidir.

Onun adını ilk dəfə məşhur "Bulaq" verilişində eşitmişdim. Onda yaşadığı Masallı rayonunda eşitdiyi-bildiyi folklor nümunələrini, el əhvalatlarını yazıb bu verilişə göndərirdi. Daha sonra onun barəsində bir yazıçı kimi rejissor dostum Rövşən Almuradlı mənə danışmışdı. Böyük rejissor hələ 15-20 il əvvəl N.Ədiloğlunun "Azərnur" romanını oxuyub vəcdə gəlmişdi, "kino üçün əla dramaturji material var bu romanda, vəsait tapılsaydı əla film çəkərdim" demişdi. Onun sözü ilə "Azərnur"u ("Qanlı ocaq") tapıb oxumuşdum və insanın özündənkənar baş verən hadisələrin bilavasitə onun mənəvi dünyası ilə ruhi bağlılığını magik realizm üslubunda təsvir etmiş müəllifin ədəbi istedadını çox bəyənmişdim. Maraqlı hadisələrlə oxucunu cəlb edən bu romanda yazıçının bir obanın timsalında bəşəri əxlaq problemini qabartması onun bədii təfəkkürünün dərin qatlarından xəbər verirdi. Sonralar N.Ədiloğlunun postmodernist üslubda yazdığı və ötən əsrin qaynar 90-ci illərində Bakıda, döyüş bölgələrində baş verən olaylardan bəhs edən "Qara sarmaşıq" romanını oxuyanda da eyni zövqü aldım. Əsərdə humanizmi təbliğ edən müəllif, siyasi intriqalardan əziyyət çəkən, haqsızlıqlara üsyan edərək öz haqqı uğrunda mübarizə aparan bir xalqın dolğun bədii obrazını yaratmağa nail olmuşdu.

Bədii düşüncənin gücü ilə çoxsaylı hekayə, povest, roman, hətta dram əsərləri yazmış N.Ədiloğlu, ilk növbədə jurnalistdir, dövrün salnaməsini yazan, insan psixologiyasını dərindən bilən, bu insanın cəmiyyətlə birmənalı olmayan münasibətlərini qələmə alan, əsrin təlatümləri fonunda onun duyğu və düşüncələrini yazılarında təsbit edən istedadlı publisistdir. Nurəddin əmək fəaliyyətinə də elə mətbuatdan başlayıb, 42 ildir ki, bu sahədə külüng çalır, qəzetdə korrektor kimi də çalışıb, bölgə müxbiriolub, müstəqil qəzetə baş redaktorluq da edib. Yazdığı tənqidi məqalələrə, həqiqəti üzə çıxarmaq üçün apardığı jurnalist araşdırmalarına görə bəzən təqiblərə də məruz qalıb. Yəni o, həyatını həsr etdiyi jurnalistikanın acılı-şirinli bütün üzlərinə bələddir. Bu kitabda toplanan yazılar da, məhz N.Ədiloğlunun jurnalist qələminin, onun iti müşahidələrinin, publisistik yaradıcılığının məhsuludur. Təbii ki, jurnalist fəaliyyəti, həyatda üzləşdiyi ağlı-qaralı hadisələr həm də onun bədii yardıcılığı üçün zəngin həyat materialı verib.

Mənim fikrimcə, istənilən qələm sahibi, o cümlədən yazıçı publisistikada bir xarakter kimi daha aydın və şəffaf görünür. Yəni hər hansı problemə münasibətdə yazıçı bədii əsərdəki obrazların arxasında gizlənə, mövqeyini pərdələyə bilər, amma o, publisistikada açıq meydanda, göz qabağındadır, gizlənməyə də yeri yoxdur. Əslində spesifik "sosial təcrübə" olan publisistika, həqiqətin əks etdirilməsi üsulu kimi elə müəllifdən öz vətəndaş mövqeyini ortaya qoymasını, əhəmiyyətli problemlərə toxunmasını tələb edir. Bu mənada N.Ədiloğlu iti müşahidəsi, yüksək hissiyyatının gücüintellektual bəsirəti ilə mövcud ictimai həyat məsələlərini işıqlandırır, ortaya aktual ictimai prosesləri ehtiva edən yazılar qoyur, buya başqa problemlərə münasibət bildirir.

Kitabda toplanmış yazıları nəzərdən keçirdikcə oxucu N.Ədiloğlu publisistikasında, məhz bu dediyimiz məqamların izini görür. Burada ən müxtəlif mövzulara, hətta başqalarına mübahisəli görünən problemlərə belə müəllifin aydın baxışı vardır. Bu baxımdan kitabda yer almış "Qəlbimizi şumlayan dərdlər" silsiləsi daha xarakterikdir. Burada Azərbaycan tarixinin ən həssas dövrlərinə milli düşüncə baxımından yanaşan müəllif, həm də bizlərə bu tarixi öyrənməyin və ondan ibrət götürməyin vacibliyini aşılayır. Tarixdən ibrət götürməyəndə müəllifin real qəhrəmanlarından olan Zülfi kişi kimi fərdin də taleyi millətin taleyi kimi dözülməz cəhənnəm əzabına çevrilir. Şərə boyun əyməmək, həqiqətin təhrif olunması ilə barışmamaq, düşmənin məkrini vaxtında anlamaq, milli ləyaqət uğrunda mübarizə aparmaq fikrinin bir çox esselərdə vurğulanması son dövr hadisələrinin məntiqi ilə təbii bir şəkildə səsləşir. Bu fikirlər müəllifin Qarabağ problemi, xüsusən Xocalı qətliamı ilə bağlı məqamları işıqlandıran yazılarının da canına hopub.

Bu kontekstdə N.Ədiloğlunun "Bəşəri xəcalət" adı altında "Qəlbin yaddaşı" kitabının müəllifi, rus şairi Aleksandr Fomenkova yazdığı məktub çox təsirlidir. A.Fomenkov 1999-cu ildə Bakıda Şəhidlər Xiyabanını ziyarət edərkən gördüklərindən çox təsirlənib. Azərbaycan analarının solğun çöhrələrinə baxıb və "bizi (yəni rusları-red.) bağışlayın!" deyib. Sonra da "indən belə nə qədər yaşayacağımı bilmirəm, bircə onu bilirəm ki, ruhən rus olsam da, qəlbən son nəfəsimədək bakılı olacağam" - deyə poetik and içib. Təbii ki, belə bir insani məqam parlaq yazıçı təfəkkürü olan N.Ədiloğlunun diqqətindən yayınmır və o, öz yazıçı həmkarına ilahi sözün qüdrəti ilə müraciət edir. "Əziz Saşa, sənin bir insan kimi vətənində öz məişət qayğılarının bitib-tükənmədiyi bir vaxtda, köksündə gəzdirdiyin rus qəlbinin həm də bu gün Azərbaycan naminə şövq ilə döyünməsi və yorulmadan bütün ruhuyla insanlıq və həqiqət uğrunda çarpışması məni riqqətə gətirir. Aydındır ki, Allah bizim hamımızı xoşbəxt etmək niyyətində olmayıb, ancaq istəyib ki, biz hamımız dost olaq və haqqı-ədaləti müdafiə edək. Dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir insanda sülhsevərlik diləyi ədalət hissiylə bağlıdır". Əslində N.Ədiloğlunun qandan, gendən, milli əxlaqdan və təbii ki, həm də islamdan gələn bu kövrək insani yanaşması bir daha onu göstərir ki, sözfikir adamları əl-ələ verib istənilən siyasi şərin qabağını kəsə, haqsız qanların axmasını dayandıra bilərlər. Amma bunun üçün dünyadakı bütün vicdanlı insanların birləşməsi, bir müqavimət qalxanı yaratması çox vacibdir. Belə olmasa, daim aqressiv separatizm, müharibə qorxusuterror təlaşı keçirən bəşəriyyət həmişə təhlükələrlə üz-üzə qalacaq, bir ailənin dərdi, bir xalqın faciəsi bütün dünyanın faciəsinə çevriləcəkdir.

Kitabdakı yazıların əksəriyyəti müasir publisistikamız üçün xarakterik olan portret-oçerk janrındadır. N.Ədiloğlu bu oçerklərdə gördüyü, tanıdığı dəyərli şəxsiyyətlər, elm və təhsil xadimləri, söz və sənət adamları, bir sözlə millətin ruhunu ifadə edən dəyərli insanlar haqqında sevgi ilə söz açır. Bu baxımdan onun milli yaddaşımızda ayrıca yerləri olan Oljas Süleymenov, Sabir Rüstəmxanlı, Məmmədağa Sultanov, Əhmədağa Muğanlı, Zeydulla Ağayev, general Ənvər Aslanbəyov, partiya və dövlət xadimi Zəbi Quliyev, Qaçaq Mozu, tarixçi alim Musa Quluzadə haqqında yazıları həm faktik materialların cazibəsi, həm də müəllifin yazı üslubu baxımından çox maraqla oxunur. Onun sənət adamları haqqında, xüsusən böyük səhnə ustası, xalq artisti İlham Əsgərov, şair Qiyas Həmid, məşhur qarmon ifaçısı Abutalıb Sadıqov, istedadlı jurnalist həmkarımız Zöhrab Əmirxanlı haqqında yazılarını da həyəcansız oxumaq mümkün deyil.

Kitaba "Masallının söz boxçası" adı altında vaxtilə "Bulaq" verilişində getmiş bəzi bədii nümunələri, el-oba əhvalatları da daxil edilib. Mən bunu bir az rəmzi mənada qavradım. Belə anladım ki, müəllif oxuculara belə fikri təlqin etmək istəyir ki, ən böyük yaradıcı güc xalq təfəkkürüdür, ən işıqlı fikirlər, ən böyük hikmətlər xalqın tükənmək bilməyən sözfikir xəzinəsindədir. Təbii ki, "söz boxçası" kitaba ayrıca bir hava verir, oxucunu bir az fərqli düşüncə qatlarına aparır.

Əslən polyak olan Amerika esse ustası və şair, Nobel mükafatçısı Çeslav Miloş vaxtilə deyirdi ki, vicdanın məzəmmətinə cavab verməyin yeganə yolu həqiqəti yazmaq, insanların nədən narazı qaldıqlarını dilə gətirməkdir. Görünür, yaradıcı adamların bir çoxunun "ona görə yazmağa başladıq ki, narazıydıq..." (A.M. Matute) deməsi təsadüfi deyildir. Bu mənada publisistikanın bir missiyası da cəmiyyəti narahat edən problemləri gün işığına çıxarmaq, insanları düşündürən suallara cavab verməkdir.

Əli daim həyatın nəbzi üstündə olan yazıçı-publisist Nurəddin Ədiloğlunun bu kitabda toplanmış məqalələri, esse və oçerkləri göstərir ki, yazılanlar həyatın özündən qaynaqlanırsa, el-obanın, torpağın dərdini, cəmiyyətin qayğı və problemlərini dürüst əks etdirirsə, həm də müəllif düşüncəsindən süzülüb bəlli bir formada cazibədar əsərə çevrilirsə oxucunun qəlbini oxşaya bilir. Məhz belə parlaq publisistik əsərlər yaxşı poeziya və nəsr nümunəsi kimi məyusluğa və ruh düşkünlüyünə qalib gəlməkdə oxucuya kömək edir.

 

Qulu Məhərrəmli,

Filologiya elmləri doktoru,

Bakı Dövlət Universitetinin professoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti.

 

 

Ədalət  2018.- 16 yanvar.- S.7.