SEYRAN SƏXAVƏT MƏNİM 73 YAŞLI BALAMDI...

 

XƏYALƏ ƏFƏNDİYEVA

 

əvvəli var

 

Bəzən etalon kimi... kiməsə dünyalar qədər çox istədiklərini deyirlər adamlar... mən elə demirəm, Ustad... Mən Gülnazın Atasına dediyi kimi "Səni göy boyda çox istəyirəm...” Və Dünya bu sevgini, bu ilahi bağlılığı ölçmək üçün ovuclarıma sığacaq qədər küçücük... Sən bizim İşıq dolu, nur dolu, hikmət dolu dünyamızsan... Sən böyük bir dünyasan... Nə xoşbəxtik ki, O dünyada payımız var, nə xoşbəxtik ki, sənin ürəyində yerimiz var...

 

 

Seyran Səxavət həm də mənim beynimdə ədəbi mühitlə bağlı bəzi qarmaşıq düşüncələrimi dağıdan obrazdı...

 

IV kursda oxuyurdum. İstedadlı bir yazıçının yaradıcılığı haqqında diplom işi yazırdım. Sağ olsun, özü də mənə xeyli material vermişdi ki, əziyyət çəkməyim. Haqqında yazılan ədəbi-tənqidi məqalələri ardıcıl oxuduqca qəribə bir məqamla rastlaşdım; qələminə inanmaq istədiyim bir tənqidçi onun əvvəlcə bəh-bəhlə təriflədiyi romanını 6 ay sonra elə yıxıb sürüyür ki, dədəm vay, xəbərimiz yoxmuş, bəs guya bu əsər Murakamidən plagiat imiş. Universiteti bitirməyimə az qalsa da, uşaq idim, qəbul edə bilmirdim belə şeyləri. Yəni necə ola bilər ki, o boyda kişi 6 ay qabaq yazdığını inkar edə... Qəzetləri götürüb getdim birbaşa yazıçının yanına. Adam mənə çox sakitcə qulaq asdı. Sonra dedi ki, qızım, incitmə özünü belə şeylərlə. Mən onun araq qonaqlığını yaxşı verməmişəm deyə inciyib elə yazır. Bu qədər sadə izahı var. O yazıçı danışdıqca elə bilirdim ki, Yer kürəsi dayanıb mən fırlanıram onun başına... Axı Söz müqəddəs şeydi, Sözün başına belə oyun açmaq kişilikdən deyildi. Onun dediklərini anladım. Amma həmin gün bir şeyibaşa düşdüm ki, araya "vodka" girəndə ədəbiyyatın fatihəsi oxunur. Vodkanın qradusuna uyğun yazılan tərifin, tənqidin ömrü onu yazanın ömründən çox qısa olur.

 

O gündən sonra elə bilirdim ki, ədəbi mühitdə adamlar bir – birinə elə bu müstəvidən yanaşır...

 

Seyran müəllimi tanıyanda isə yanıldığımı anladım. Başa düşdüm ki, bütün münasibətlərdən daha ucada dayanan əlahəzrət Sözdü... İlk dəfə Seyran Səxavəti tanıdığım gün bizim evdəki süfrə başında Rəşad Məciddən danışırdı: "Elə bilirəm ki, Rəşadnan min ilin doğmasıyıq...”

 

Sonra Yazıçılar Birliyində Seyran müəllimin yazı masasının üstündə Rəşad Məcidin şəklini görəndə də bu doğmalığın min ildən çox yaşı olduğunu duydum...

 

Bir sabah da mənə zəng edərək: "Qızım, Aqil Abbas təzə bir hekayə yazıb. Sədi Məmmədovun xatirəsinə. Mütləq oxu onu. Sadəcə şedevrdi...”

 

Belə... Adamları min ilin doğması, yazdıqlarını şedevr adlandıra biləcək ürəyə sahib olmaq üçün Seyran Səxavət olmaq lazımdı...

 

Bir gün də mətbuatdan oxudum, Fuad Poladovun xanımı deyir ki, Fuad dünyasını dəyişəndən sonra onun telefonuna bircə nəfərdən zəng gəlir – Seyran Səxavətdən. Hər həftə bizi axtarır, hər bayramımızda, dərdimizdə - sərimizdə.

 

Bu siyahını sabaha qədər uzatmaq olar: rəhmətlik Camal Yusifzadənin ailəsi də eyni fikirdədir, başqaları da. Bir sabah: "Hardasan, Baba? – deyə soruşanda "Uşaqlıq dostum rəhmətlik Zeynalın yoldaşı dünyasını dəyişib, bu gün dəfn edəcəklər, gedirəm onun balalarının yanında olum...” Bilmədim nə deyim...

 

Bir gündedi ki, bu gün səhərdən həyətdəki üzüm tənəkləri ilə məşğul olmuşam, dostum Adilin yadigarıdı onlar mənə...

 

Biz həyatımızda var olanlara dəyər verməyi bacarmayan adamlarıq. Qismətinə yazılan adamları Allahın verdiyi pay kimi yoxluğunda da əzizləməyi bacarmaq üçün Seyran Səxavət olmaq lazımdı.

 

Fuad Poladov dünyasını dəyişəndə bir yoldaş mənə dedi ki, Seyran müəllim özünü niyə elə zərbə altına qoydu. Fuad Poladovun dəfnində deyib ki, filankəslər Fuadın vida mərasiminə yaxşı ki gəlmədilər. Gəlsəydilər, Fuadın paklığına ləkə düşərdi...

 

O dediyin filankəslər hamısı "təfəkkürünün istifadə müddəti qurtarmış"adam"lardı - dedim. Seyran Səxavət özünü qanandan o nadan kütləyə qarşı mübarizə aparıb. Biz ayna bizi çirkin göstərəndə özümüzü - eyiblərimizi düzəltmək əvəzinə aynaları sındıran adamlarıq... Gerçəkləri heç zaman eşitmək istəmədik. Gerçəyi deyəni də sevmədik – Fuadı sevə, Seyranı anlaya bilmədiyimiz kimi...

 

Bəli, istedad həm də gerçəyi deyə bilməkdir. İstedad o vaxt böyük olur ki, cəsarətə söykənsin. İnsan o zaman şəxsiyyət olur ki, özünü xırdalamasın. Şərəfini, ləyaqətini, sözünü medala, evə, hər hansısa mandata, komforta dəyişən ruhu satılmışların yaşadığı bir toplumun içində hələ də nəfəs ala biliriksə, bu məhz şəxsiyyəti xırdalanmayanların, sürüşə-sürüşə ucalmaq sevdasına düşməyənlərin hesabınadır. Bu cür insanlar dəyərdi– Seyran Səxavət kimi. Sizlər var olduqca bizim yaşamaq, qorumaq və mücadilə etmək üçün nədənlərimiz olacaq, Ustad. Düşünəcəyik ki, Sözününözünün azadlığını kölgələməyən, xırdalanmayan beşcə nəfər belə varsa, onlara tutunub yaşamağa, yola davam etməyə dəyər. Xırdalanaraq böyümək, Azadlığı hər şeydən uca tutan Vicdanın – Böyük Ürəyin qarşısında baş əyirəm!

 

Yaxşı ki Varsan, Ustad!

 

Şərəfini, ləyaqətini, heysiyyətini ayaqlar altına atan, məddahlığı özünə peşə edən bu dünyanın tən ortasında Seyran Səxavəti qoruduğun, həm də məhz bu cür qoruduğun üçün Var ol!

 

Həqiqətləri deməyin yasaq olunduğu, yarımhəqiqətlərin və yalanların üstündə inşa olunan bir dünyada Seyran Səxavət şəxsiyyəti və yaradıcılığı arasındakı bütövlüyü, tamlığı qoruya bildiyin üçün Var ol!

 

Sözün müqəddəsliyini Bəylər dədənin, Əsgər kişinin, Zərif ananın ruhu təkin ağırlayıb-əzizlədiyin üçün Var ol!

 

Bütün qəlbimlə inanıram ki, Səni dinləyəndə - anlayanda Biz təmizlənəcəyik...

 

Biz o müqəddəs yola - Aydınlığa, aydınlanmağa doğru gedirik.

 

Yolumuzun başında Sən varsan, Səndən keçib durulacağıq, Ustad!

 

Yolçu yolda gərək! Yolumuz aydın olsun!

 

Ədalət  2019.- 16 aprel.- S.5.