XOCALI ŞİKƏSTƏSİ

 (roman)

Ulduz Qasım

(əvvəli ötən saylarımızda)

Dilarə qapını açanda gələnlərin arasında Fərhadı görüb çaşdı. Başını aşağı saldı. Amma yenə də hamıya "xoş gəldin" etdi. Bəxtiyar utandı, başını qaldırıb nişanlısının üzünə ötəri də olsa baxa bilmədi. Qonşu arvad Narınc xalayla, qızı Gözəl də gəlmişdilər. Üzüklər taxılıb, çaylar içiləndən sonra Səməndər kişi sözə başladı:

-Mənim gözəl balam, səni oğluma almaqla özümu dünyanın ən xoşbəxt adamı hesab edirəm. Allah sizi bir yastıqda, bir damın altında xoşbəxt ailə etsin! Atanın, ananın da ruhları şad olsun! Biz səni öz doğma övladımız kimi qəbul edirik. Sən də bizə güvənə bilərsən.

Sonra Fərhad həkim danışdı:

-Bacım Dilarə, sənin bəxtin gətirib. Belə gözəl aliən olacaq. Bu ailə məni tanımaya-tanımaya evlərinə aldı. Bağırlarına basdılar. Övladları, doğmaları kimi qəbul etdilər. Deyirəm, onların da bəxti gətirib. Sənin kimi layiqli gəlinləri olacaq.

Dilarə yenə başını qaldırmadı. Gözləri yaşarmışdı. Nə dəyəcəyini bilmirdi. Olanlar yuxu kimi gəlirdi ona. İnsanlar öz xoşbəxtliklərinə inanmırlar bəzən...

... Kimsədən səs çıxmırdı. Ortaya dərin sükut çökmüşdü. Şəfiqə əslində onu bu halda qoyub getmək istəmirdi. Amma evindən, uşaqlarından nigarandı. Neçə vaxtdı burdaydı. Horadizə qayıtmaq niyyətini hələ ki, xalası qızına açıb deməmişdi. Onsuz da ömürlük burda qalası deyildi ha.

O dərin sirli məsələ isə balaca Fuadın Məryəmin əl çantasını eşələyib içində nə varsa yerə-yurda səpələməsiylə aşkarlandı. Aysel uşağın tökdüklərini yığışdıranda dörd qatlanmış kağızı gördü, Məryəmdən soruşdu:

-Sumkandan düşdü, ana, bu nədi belə?

Məryəm məktubu xəstəxanada ölüm döşəyində yatan Həmid kişinin verdiyini xatırladı. Zərfi alıb açdı. Gözü bir necə sənədin arasında ona yazılan vərəqə gözü sataşdı. Kağızın qatını açıb oxudu: "Qızım Məryəm, sən bunları oxuyanda yəqin ki, həyatda olmayacam. Sənin doğma və yeganə övladım olduğunu xəstəxanada o gecə bildim. Sən huşunu itirmişdin. Pasportunu istədilər, çantandan götürəndə arasından şəkil düşdü. Ananın şəkliydi. Mələyin həmin şəklindən biri də məndə olub həmişə. Onu ürəyimin üstündən bir an da qırağa qoymadım. Ömrümü o şəkillə danışa-danışa sona yetirdim. Mələk həyatımda sevdiyim və evləndiyim tək qadın olub. Onu heç zaman heç kimə dəyişməmişəm. Həmin şəkli də zərfin içinə qoyuram". Məryəm dəli kimi zərfin içindəkiləri yerə tökdü, eşələməyə başladı. Kiçik, ağ-qara fotonu tapıb bağrına basdı. Evdəkilər heçbaşa düşmür, nə baş verdiyini anlamırdılar. Şəfiqə də cürət edib bir kəlmə soruşmurdu. Məryəm həmin ağ-qara fondakı balaca şəkli dəfələrlə öpüb gözünün üstünə qoydu, bağrına basdı göz yaşları tökə-tökə. Deyim, biləsən sanki içini yeyib-dağıdan həsrətini boğmaq istəyirdi. Sonra təkrar həmin məktubu götürüb oxumağa davam etdi: "İtirmə onu. Əgər mənim məzarımın üstə gəlsən, o şəkli də gətir. Sənin doğulduğun gün məni Əfqanıstana ordu rəhbəri göndərdilər. Moskvadan gəlmişdi əmr. Hətta gedib ananla görüşməyə, vəziyyəti anlatmağa imkan olmadı. Elə həmin gün Mələyin ağrıları başlayıb. Nənənlə baban onu xəstəxanaya aparıblar. Mənimsə harasa qaçdığımı zənn ediblər. Onlar heç zaman məni sevmədilər əslində. Səbəbini də bilmədim. Ananla evlənəndə də zorla razılıq vermişdilər. O ağsaqqal qalmamışdı minnətə göndərməyəm. Mələk də məni sevirdi. Sən doğulan gün anan dünyasını dəyişib. Allahın rəhmətinə qovuşub. Nə qədər məktub yazdımsa, cavab gəlmədi. Döndükdən sonra yazdığım məktubların hamısını evdə tapdım. Nənəngilə gəldim. Mənə qapını açmadı. Bir neçə dəfə gəldikdən sonra qapının arxasından "Mələk də, qızında öldü", dedi. Günlərlə ağladım. Müharibəni lənətlədim hər zaman. Çünki burda ancaq günahkar müharibəydi. Heç kimi heç zaman günahlandırmadım. Özümə gələ bilmədim. Xəstəxanaya düşdüm. Bu xəstəliyim də həmin gündən başladı. Sonra da eşitdim ki, köçüb Xocalıya gedib nənən. Heç ağlıma da gətirməzdim ki, mənim qızım sağdı. Əgər bunu hiss etmiş olsaydım, əl çəkməzdim onlardan. Dizin-dizin qapılarına sürünərdim səninlə görüşmək üçün. Həmin gecə bunu biləndə sənə heç nə deyə bilmədim. Sevindiyimdən bilmirdim neyləyəm. Göyün yeddinci qatındaydım. Özümü güclə saxlayırdım. Heç olmasa, bircə dəfə saçlarını sığallamaq, səni oxşamaq istəyirdim. Amma nə üzlə bunu edəcəyimi bilmirdim. Tez-tez sizə gəlsəm də, cəsarətim çatmadı bu haqda söz açmağa. Sənin məni anlamayacağından qorxdum. Düşündüm ki, gedib üzünü görürəm, bəsdi". Məryəmin hönkürtüsü ürəkləri parçaladı. Şəfiqə xalası qızını qucaqladı:

-Nə baş verir, Məryəm? Yoxsa, dilim-ağzım qurusun, Fərhaddan bəd xəbər yazılıb orda?

Məryəm də Şəfiqəni qucaqladı. Əlindəki kağızı ona uzatdı dinməzcə. Çünki dili söz tutmurdu. Şəfiqə tələm-tələsik kağızı götürdü, sürətlə oxumağa başladı. Oxuduqca arada başını qaldırıb çaşqın nəzərlərlə xalası qızına baxırdı. Sanki demək istəyirdi ki, bütün bunlar nə deməkdi? Ancaq baxışlar danışırdı. Nə Məryəm dillənə bilirdi, nə də Şəfiqənin dili söz tuturdu. Elə bil hər ikisi yuxudaydı. Nə baş verdiyini anlamağa cəhd edirdilər. Belə şeyləri ancaq kinolarda görmüşdülər, əfsanələrdən eşitmiş, romanlarda oxumuşdular. Sən demə, kinolarda göstərilənlər, kitablarda yazılanlar da elə həyatda baş verənlərdi. Elə əfsanələr də belə hadisələrdən yaranır. Şəfiqə məktubu bitidikdən sonra özünü saxlaya bilmədi:

-İlahi, sənə şükürlər olsun! Burda deyiblər e, yatsam yuxuma da girməzdi.

Gözünün yaşını silən Məryəm də onun dediyini təsdiqlədi:

-Haqlısan. Sən işə bax! Hər gün gördüyüm insan sən demə, mənim dost-doğma atam olub. Sən buna inanırsan?

-İnanıram, inanıram, bacı. Allahın o qədər möcüzəsi var ki. Bir deyil, iki deyil. Gördün ki, beş dəqiqənin içərisində nələr eşitdik.

Şəfiqə dolabdan sakitləşdirici həb götürüb birini Məryəmə verdi, biriniözü icdi.

-Az qala ürəyim dayanacaq. Mən belə olanda, gör sən nələr yaşayırsan. Bəlkə bizi qara basır, aaz?

-Sən sona qədər oxudun yazılanları?

-Yox. Gücüm çatmadı.

-Özünə gəl, oxuyarsan.

-İstəyirəm gedəm qəbiristanlığa.

-Nə?

-Onun qəbrini ziyarət etmək istəyirəm, ata qəbri kimi.

-Başın xarabdı sənin. Bu gecə vaxtı qəbiristanlığa getmək olar. Dəlisən? Qoy səhər açılsın, bir yerdə gedərik...

Səhərin gözü açılar-açılmaz Məryəm qəbir üstünə özü tək getmək istədi. Şəfiqə inciməsin deyə, uşaqları bəhanə elədi:

-Balacalar təkdi, Şəfiqə, sən onların yanında ol, yoxsa nigaran qalacam.

Şəfiqə israr eləmədi. Məryəmi başa düşürdü. İllər sonra sağlığında ürəkdolusu "ata" deyə bilmədiyi doğmasına təklikdə deyəcəkləri vardı...

Bir dəstə qızıl gül aldı. Atasının qızıl gülü sevdiyini bilirdi. Bir neçə dəfə onun evində vazada təzə qızıl güllərin qoyulduğunu görmüşdü.

Qəbiristanlıqda kimsə gözə dəymirdi. Gülləri məzarın üstünə düzdü, səliqəyə saldı. Əlləriylə onları oxşamağa başladı: "Niyə mənə demədin bunu. Niyə qoymadın sənə dünya gözüylə bir dəfə "ata" deyim? Qəsdin nəydi? Bilirsən bu kəlməni bircə dəfə deməyin həsrətini necə çəkmişəm? Dodaqlarım parçalanıb. İçim yanıb. Dəryada balıqların bağrı yanan kimi yanıb külə dönüb. Niyə bunu mənə çox gördün? Niyə? Heç olmazsa boyuna sarılardım. Nəfəsini duyardım. Bilərdim nə deməkdi ata nəfəsi. Necə ürəkləri isidir o hiss? Necə adama güc verir, insanı qürurlandırır? Sinənə söykənərdim. Saçlarımda əllərinin şəfqətini duyardım. Hamıya, el-obaya car çəkərdim. Deyərdim, görürsünüz, mənim də atam var, tək deyiləm, kimsəsiz deyiləm. Güc gələrdi qollarıma. Lap dağları aşırardım. Özümü dünyanın ən qüvvətlisi sanardım. Hər şey dəyişərdi, ata, hər şey! Niyə buna cəsarət etməmisən? Niyə düşünmüsən ki, səni bağışlamaram? Düzgün başa düşmərəm olub-keçənləri. Bəyəm mən o qədər əzaziləm? İndi bu sualların cavabını kimdən alım? Görürsən necə tək-tənhayam? Söykənəcəyim heç kimsəm yoxdur, Allahdan savayı!"

Təqribən iki saat yubandı orda, ağladı, dilsiz daşa, hələ istisi soyumamış ata ruhuna suallar verdi. Təbii ki, bütün sorğular cavabsız qaldı. Olan olub, keçən keçib. Amma bu boyda həngamənin içində Məryəmə təskinlik verən bir məqam da vardı. O, xəbərsiz olsa da, Həmid kişi dünyadan sonsuz, züryətsiz olaraq köçmədiyini, baş ucunda duran qadının doğmaca qızı olduğunu bilib! Digər tərəfdən, dünyaya əbədi göz yumarkən övladı, gözünün ağı-qarası olan qızı atasının son nəfəsində onun yanında olub! Düz deyiblər ki, yazıya pozu yoxdu...

...Tini buruldu. Yataqxanaya çataçatda yerində quruyub qaldı. Nəriman maşınını yataqxanadan əlli-altmış metr aralıda saxlayıb, özü də söykənmişdi "Jiquli"nin qapısına. Sifətində Məryəmin xoşlamadığı iyrənc bir ifadə vardı. Arsız-arsız irişirdi. O elə yer seçmişdi ki, Məryəm mütləq şəkildə onun bir addımlığından keçməliydi. Qadın addımlarını sürətləndirib sərt tövrlə ona yaxınlaşdı:

-Sənin burdaişin var? Sən kim olursan ki, mənim arxamca gəzirsən? Deməmişəm adımı belə xatirindən çıxar? Yaddaşından sil? Hansı üzlə gəlirsən bura?

-Bəsdi, Məryəm. Nə qədər belə yaşayacaqsan? Harda yetim uşaq, çölə atılmış qoca, ayağı şikəst var, yığmısan başına. Güldürmə milləti özünə. Burax boş işləri. Nə gündəsən, özündən xəbərin var? O gözəllikdə simandan əsər-əlamət qalmayıb. Mən səni ovcumun içində saxlaram. Yenə rəngin-ruhun özünə qayıdar, gül kimi açılarsan. Dünyanın ən xoşbəxt qadını olarsan. Sənə bütün şəhər həsrətlə baxar...

- Həsrətlə baxar? Ərinə, evinə xəyanət edən qadına? zamandan mənim elim-obam bu xislətdədi? Görünür, sən hələ öz xalqını düzgün tanımırsan. Gözünü pisliklər örtüb. Heyf ki, səni tanımışam, çox heyf! Bir bunların heç bir əhəmiyyəti yoxdu. Bilirsən, Nəriman, mənim üçün ən acı, ən dəhşətli halım səni görməkdi. Yazığım gəlir sənə. Sən ki, dost dediyin bir şikəst insanı çöllərə saldın. Xəyanət arxasınca qaçdın. Dünyada bundan alçaq var ki? Sənsə başqalarını geyiminə görə səfil adlandırırsan. İnsan ac qala bilər, kasıb olar, köhnə geyinər. Amma vətəninin yolunda şikəst qalmış bir qəhrəmana xəyanət edərsə, bunu bağışlamaq olmaz. Heç zaman! Boş yerə zamanını xərcləmə. Nəfəsini tükətmə. Sənə demədim yolumun üstünə çıxma bir ? Yaxşı bilirəm, Fərhada dedinsə yalandan, çıxıb getdi. İnandi sənə. Çünki bilirsən, o, ağlına da gətirməzdi ki, ona yalan deyərsən. Çünki onda heç kimə qarşı xəyanət hissi olmayıb sənin kimi. Ən rəzil insansan sən!

-Hardan öyrənmisən belə danışıqları?

-Çıx get dedim.

-Yadında qalsın, Fərhad qayıtmayacaq. Ağlını başına yığ, dəlilik etmə.

-Onu bilirəm. Amma mən onu gözləyəcəm son anıma qədər. Qayıtmayacağını bilə-bilə. Və o, mənim ömrümdə ilkson kişi olacaq. Bunu heç zaman yadından çıxarma.

Məryəm bu sırtıq adamın sifətıinə tüpürməkdən özünü zorla saxladı. Daha heç nə demədi, çevrilib iti addımlarla yataqxananın giriş qapısına doğru addımladı.

Məryəm hirsindən yerə-göyə sığmırdı. Özü də anlamadı ki, beş-on dəqiqə əvvəl baş verən iyrənc hadisəni xalası qızına niyə danışdı. Şəfiqədən başqa dərdini söyləyəcək bir kimsəsi də yoxdu axı...

(ardı var)

Ədalət 2019.-22 fevral.- S.6.