Kürdəmirdə Nəsimi müsabiqəsi

Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi böyük söz ustaları içərisində diqqətəlayiq yer tutan, bədii və fəlsəfi fikir tarixində dərin iz qoymuş mütəfəkkir şair Seyid İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyət kəsb edir.

2019-cu ildə Nəsiminin anadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılmışdır. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə "Nəsimi ili” élan etmişdir.

Bu məqsədlə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı, Kürdəmir Regional Mədəniyyət İdarəsi, Kürdəmir rayon Təhsil Şöbəsi ilə birlikdə bir sıra kütləvi tədbirlər keçirməyi planlaşdırmışdır. İlk tədbir olaraq:

"Heç kimsə Nəsimi sözünü kəşf edə bilməz,

Bu quş dilidir, bunu Süleyman bilir ancaq.”

adlı qəzəl müsabiqəsinin keçirilməsi nəzərdə tutulmuşdur.

Fevral ayının 21-də Kürdəmir rayon Mədəniyyət Mərkəzində müsabiqənin yekun turu keçirilmişdir. Tədbiri giriş sözü ilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq İmadəddin Nəsiminin tərəqqipərvər ictimai-fəlsəfi ideallarla zəngin irsindən, yüksək bədii estetik səviyyəyə malik poeziyasından, Azərbaycan ədəbiyyatı tarixində məhsuldar yeni mərhələ təşkil etməsindən, eləcə , türkdilli xalqların da ədəbi inkişafında əhəmiyyətli faydalı təsirindən danışmışdır.

Müsabiqənin ilkin turlarından seçilmiş qiraətçi şagirdlərin çıxışları dinlənildikdən sonra qaliblər müəyyənləşdirilmişdir.

Kürdəmir şəhər 3 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Sahilə Abdullayeva 1-ci yerə, 1 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Təranə Heydərova 2-ci yerə, 6 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Tünzalə Babayeva 3-cü yerə layiq görülmüşlər.

Qaliblər AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Kürdəmir Regional Mədəniyyət İdarəsinin və Təhsil Şöbəsinin fəxri fərmanları ilə təltif edilmişlər.

Ədalət  2019.- 22 fevral.-S.7.