Bizi soy-kökə çağıran roman

Musa Xanbabazadə,

filoloq və ədəbiyyatşünas.

 

Türklər bütün dönəmlərdə bəşəriyyətə örnəkçi olublar. Haqqı pozulmuşlara, yurdu dağılmışlara təmənnasız kömək-yardımda bulunublar. Zənginləşdiriblər bəşər sivilizasiyasını özlərinin nadir elmi kəşfləri, tarixə bəzək ədəbiyyat və incəsənət əsərləri, savaş meydanlarında nümayiş etdirdikləri cəngavərlik örnəklərilə. Bu baxımdan türklər tarixin yaddaşında daha çox qurucu-yaradıcı, qorucu-mühafiz xarakterlərilə daşlaşıblar. Yaratdıqları hər nə varsa (dövlət quruculuğu, hərbi-siyasi doktrina, maddi-mənəvi abidələr, əxlaq və gələnəklər - hamısı uzunömürlülük statusundadır. Yadigar qoyduqları ötəri-köçəri yox, əbədiyaşar hüquqludur. Və həm də yalnız özlərinə deyil, bütün bəşəriyyətə mənsubdur yaratdıqları. Bu, bu gün də belədir, sabah da belə olacaq. Bütün zamanların peyğəmbəri Məhəmməd əfəndimiz türklərin böyüklüyünü, aliliyini, məslək-əqidə sabitliyini, hakimiyyətlərinin uzun sürəcəyini, dillərinin geniş coğrafiyada yayıldığını hələ zamanında necə də dahiyanə bəyanlamışdır: "Türk dilini öyrənin, çünki onların hakimiyyəti uzun sürəcəkdir". Tarix ulu peyğəmbərin dediklərini artıq sübut etmədədir.

Ədəbiyyatımızın istər yaşlı, istərsə də gənc yazarları tez-tez türkün həm sənət sütunlarının, həm də qeyrət-cəsarət bütünlərinin həyatını, əbədi-bədii fəaliyyətini, ictimai-siyasi mübarizəsini, tarixi hadisələrdə öncül mövqe sərgiləməsini, türklərin bir millət olaraq tarix səhnəsində var olmasına ciddi çabalar göstərməsini əks etdirən maraqlı bədii nümunələr ortalığa qoymuşlar. Və yazarlarımızın türk tarixinə davamlı müraciəti bir sıra amillərlə bağlıdır: A.Qloballaşan dünyada Qərbdən Şərq (türk) xalqlarına və mədəniyyətinə güclü basqı və təzyiqlər səngimir. Bu axının, bu siyasətin zərərli təsiri gündən-günə böyüyür, artır və Şərq (türk) əxlaq və mədəniyyətinə güclü basqı və təzyiqlər yaradır. Bu baxımdan istehsalata vəsiqə alan bədii əsərlər (roman, povest, hekayə, dram) Qərbdən idxallaşdırılan bu antitürk siyasətin əsl məqsədini, pərdəarxası gizlinlərini oxuculara aşkarlamaqda yardımçı missiya daşıyacaq və oxucuları Qərb siyasətinə uymaqdan çəkindirəcək. B. Bu poetik salnamələrdən oxucular dərk edəcəklər ki, onlar sanlı-şərafətli tarix yaratmış ulu türklərin törəmələri, uruq-turuqlarıdır, qangen varisləridir. C. Bədii örnəklər gənclərin mürgülü-yuxulu yaddaşlarını silkələyər və onlar tarixdə yerini almış, zamanına möhürünü vurmuş böyük şəxsiyyətlərin həyat və mübarizəsini, fikir və düşüncələrini dərindən-dərin öyrənməyə səy və maraq göstərəcəklər. Ç. Janrından asılı olmayaraq, tarixi mövzulu hər hansı əsər gənclərə deyir ki, əgər vətən xəstədirsə dərmanı kənarda yox, öz içindədir. Yada deyil, millət (xalq) özünə, iradə və inamına güvənməlidir.

Böyük maraqla oxuduğum sonuncu tarixi roman "SULTAN MƏHƏMMƏD"dir (Bakı "OL MMC. 2018. 2008). Müəllifi Lənkəranda yaşayıb-yaradan ANAR SÜLEYMANOVdur. Çox gəncdir Anar. Yaradıcılığı iki istiqamətlidir - rəssamlıq və ədəbiyyat(nəsr). Hər iki sahədə qazandığı uğurlar respublikanın dünya şöhrətli ədəbiyyat və incəsənət xadimlərinin (akademik, xalq rəssamı Mikayıl Abdullayevin, rəssamlardan Altay Hacıyevin, Mürsəl Nəcəfovun, Ziyadxan Əliyevin, şair Şəkər Aslanın) diqqətindən yayınmamış və onlar özlərinin bu kiçik həmkarını təqdir-təbliğ etmiş, yaradıcılığında ona uğurlar arzulamışlar.

"Sultan Məhəmməd" romanının mərkəzində 1200-1220-lərdə Xarəzmin hökmdarı olmuş Sultan Məhəmməd dayanır. Atası Təkişin ölümündən sonra o, Xarəzmin qara bayrağını öpür, sultan tacını başına qoyur taxta çıxır və dövlət idarəçiliyinə başlayır. Əsas məqsədi bu olur ki, güclü Xarəzm dövləti yaratsın və Xarəzmin ərazisini genişləndirsin. Bu böyük amalını gerçəkləşdirmək uğrunda o yorulmadan çabalar göstərir, cidd-cəhdlərdə bulunur. Belə ki, hakimiyyəti illərində o, Xarəzmin hərbi-iqtisadi-siyasi gücünü xeyli artırır, böyükgüclü ordu yaradır, Xarəzmin sınırlarını Dəşti-qıpçaq çöllərinədək genişləndirir. Ölkə daxilində ciddi qayda-qanunlar yaradır. Atasının ölkədə bərqərar etdiyi haqq-ədalət, insaf-mərhəmət prinsiplərini daha da mükəmmələşdirir. Ölkədə əxlaq və mənəviyyata, inamimana söykənən idarəetmə üsulunu xeyli təkmilləşdirir, qanunsuzluqların, özbaşınalıq və hərki-hərkiliyin kökünü kəsir. Orduxalq, sultanxalq münasibətlərində bir mərhəmlik, bir yaxınlaşma, bir doğmalıq, bir istilik-munislik ovqatı yaradır. Ömrünü müharibə və savaş meydanlarında ordu ilə bir keçirir Sultan Məhəmməd. Ordu harda vuruşursa, Sultan Məhəmməd də orada yer alır. Yer alır ki, ordu bu canlı-əyani nümunədən ruhlansın, düşmən üzərinə daha cəsarətlə, daha qətiyyətlə hücuma keçsin, özünü vuruşlarda tək-tənha hiss etməsin. Hər hansı döyüşdə Sultan Məhəmməd ya öndə gedər, ya yüksək bir təpədən savaşa nəzarət edər, ya qoşunun ortasında irəliləyər, ya atının belində gah irəli, gah da qabağa çapar: "Qoşundan qabaqda kəşfiyyat dəstəsi, kəşfiyyatçılardan sonra on min əsgərdən ibarət xarəzmlilər gedirdi. Ortada Məhəmməd şah sərkərdələr və əyanları ilə mühafizə dəstəsinin müşayiətilə irəliləyirdi. Və ondan sonra qıpçaq xanları muzdlu qıpçaq ordusu ilə gəlirdi (səh.63). "Səhər Dövlətabad düzündə monqol qoşunu ilə Xarəzmşah Məhəmmədin iyirmi beş min nəfərlik qoşunu toqquşdu. Ağır döyüşlər başlandı. Məhəmməd şah özüadi döyüşçü paltarında savaş meydanında monqollarla vuruşurdu. O, xəncərlə bir monqolun başını bədənindən ayırdı, o birini ölümcül yaraladı" (səh.167).

Yazıçı təhkiyəsindən məlum olur ki, sultan Məhəmməd ordusunun əsas hissəsini kanqlı-qıpçaq türkləri təşkil edir. Bu mərd və cəsur kişiləri öz hakimiyyəti dövründə sultan Məhəmmədin atası Təkiş orduya dəvət etmişbu türklərin şücaət və qəhrəmanlıq hesabına sonralar Xarəzmin sərhədlərini Aral gölündən Bağdadadək uzatmışdır. Təhkiyədən və romandakı hadisələrin sonrakı inkişafından o da məlum olur ki, qıpçaqların orduda çoxluq təşkil etməsində və aparıcı canlı qüvvə olmasında Təkişin qadını-qıpçaq şahzadəsi Türkan xatunun misilsiz rolu olmuşdur. Xarəzmin ikinci hakimi adlanan bu hiyləgər, kinli, fəqət ağıllı qadının qıpçaq döyüşçülərə sayğı və qayğılarla yanaşmasının arxasında özünün çirkin ambisiyaları dururmuş. Sultan Məhəmməd dayılarını - Toqayİnnal Qahır xanları (hər ikisi orduda yüksək vəzifə daşıyır və Türkan xatunun qardaşlarıdır) vəzifə borclarını yerinə yetirmədikləri üçün zindana atdırır. Türkan xatun qardaşlarını həbsdən buraxdırmaq üçün oğlu sultan Məhəmmədin yanına xahişə gəlir: "Mənim oğlum, bilirsən ki, qıpçaqlar mənim bir sözümü iki eləməzlər. Əgər sən mənim istədiklərimi etsən, mən də onları sənin bütün yüyürüşlərində iştirak etməyə məcbur edərəm" (səh.28). Bu, göründüyü kimi, xahiş yox, hədə-qorxu, hərbə-zorbadır, ambisiyalı bir qadın-ananın dünyasının görünməyən qaranlıq tərəfidir.

Oxucular üçün maraqlı olsun deyə onu da qeyd edim ki, Türkan xatun tarixi şəxsiyyətdir, Əbül Müzəffərəddin Təkişin arvadıdır, Kanqlılar nəslindəndir, qıpçaq zadəganlarının başçısıdır. Oğlunun (sultan Məhəmmədin) monqollara məğlub olduğunu başa düşürbir çox qiymətli şeylər götürərək İranın dağlıq məmləkətinə qaçarkən monqollar tərəfindən əsir götürülür. Ömrünün qalan hissəsini Çingiz xanın sarayında şərəf və ləyaqətini itirmiş halda başa vurur: "Monqol qoşun dəstələri Hilal qalasını ələ keçirdilər. Uluğ Türkan xatunuonunla birlikdə qalada gizlənən keçmiş padşahın hərəmlərini əsir tutub, xəzinəni də ələ keçirdilər və Çingiz xaqanın Səmərqənd yaxınlıqdakı ordugahına apardılar". (səh.176). Çox təəssüf ki, həm tarixi mənbələr, həm də "Sultan Məhəmməd" romanı Türkan xatunun əsirlikdən sonrakı həyat və fəaliyyəti barədə susur.

Sultan Məhəmməd öz hakimiyyətini möhkəmləndirdikcə, irili-xırdalı şəhər və vilayətləri özünə tabe etdikcə, yaxın-uzaq ölkələr hökmünə-qərarına baş əydikcə özünə rəqib bildiyi, qatı düşmən hesab etdiyi Bağdad rejimi ilə apardığı siyasi mübarizəyə müharibə yolu ilə son qoymağı qətiləşdirir: "O, (Sultan Məhəmməd nəzərdə tutulur - M.X.) çox böyük bir qoşunla Bağdada hərbi yürüşə çıxdı. Qabaqda süvarilər, ortada piyadalar və axırda isə filə minmiş döyüşçülər gəlirdi. Bu döyüş filləri Məhəmməd ordusunu daha da əzəmətli göstərirdi" (səh. 17). Sultan Məhəmməd çox gözəl anlayırdı ki, Bağdaddakı siyasi rejim Xarəzmin gələcək hərbi-siyasi-iqtisadi inkişaf və tərəqqisinə ciddi maneədir. Və bu rejim var olduqca Xarəzm qorxu-təlaş, həyəcan-təşviş içərisində yaşayacaq. Digər bir amansız tədbir də sultana apaydın idi: "Xəlifə ən-Nəsir ona qarşı gizli təşkilatlar yaradır və onun sui-qəsdi üçün adamlar hazırlayırdı" (səh.26). Sultan Məhəmməd Bağdadı Xarəzmin paytaxtına çevirmək və bütün islam dövlətlərini özünə tabe etmək məqsədilə 1217-də Bağdada hərbi hücum edir. Lakin bu hücum sultan Məhəmmədə ağır başa gəlir: İran ərazisində güclü qar yağdığından, yollar, aşırımlar buz bağladığından, fillər soyuqdan qırıldığından, döyüşçülərin çoxu donduğundan və xəstələndiyindən, qar uçurumunun altında qaldığından, döyüşçülərə yezidi-kürdlər hücum etdiklərindəng Sultan Məhəmmədin böyük önəm verdiyi Bağdad yürüşü uğursuzluqla nəticələnir: "Xarəzmşah böyük itkilər verdiyini görüb sağ qalan əsgərləri ilə geriyə çəkildi və yürüşü dayandırmağı əmr edib geriyə qayıtdı" (səh.128).

Müəllif romanda, əsasən, iki böyük hökmdarın - Sultan Məhəmmədin və Çingiz xanın poetik obrazını canlandırır, fəaliyyətlərini, döyüş və savaşlarını qabardır. Hər ikisinin işğalçılıq və qəsbkarlıq siyasətinə kökləndiyini, birincilik və müstəsnalıq iddiasında qovrulub-yandığını müəllif tarixi həqiqətlərə kölgə salmadan mətnin canına-qanına hopdurur, hər iki cahangirin müsbət-mənfi, kamil-naqis dəyərlər daşıyıcısı olduğunu bu və digər bədii lövhələrdə əks edir. Çingiz xanla sultan Məhəmməd arasında ilk gərginlik, ilk konflikt Çingiz elçilərinin sultan Məhəmməd düşərgəsində hörmətsizliklə qarşılanmasından və başlarının kəsilməsindən sonra başlayır. Bu, qeyri-insaniliklə, milli gələnəklərə zidd tərzdə icra olunur ki, hətta sultanın oğlu Cəlaləddin belə bu vəhşi davranışa etirazlanır: "Elçiyə zaval yoxdur! Elçini öldürməzlər!" (səh. 128). İki xan arasında konflikt, bəlkə, heç yaranmazdı. Əgər sultan Məhəmmədin qıpçaq xanları sultanı aşağıdakı şərti çinlilərə çatdırmağa tələsdirməsə idilər: "Mən sizin xanınızı (Coci Buğanı) bir şərtlə Çinə geri qayıtmağa buraxa bilərəm ki, sizin xan malkitlərdən əldə etdiyi bütün qəniməti mənim ixtiyarıma buraxsın. Çünki mən böyük xərc sərf edərək yürüşə çıxmışam" (səh.129).

İki hökmdar arasında bu konflikt azmış kimi Sultan Məhəmmədin qıpçaqları, başda Qtrar şəhərinin hakimi İnnal Tahir xan olmaqla, iki dövlət arasında mövcud ticarət sazişi olmasına baxmayaraq, Çingiz xanın karvanlarını soyurlar, adamlarına işgəncələr verirlər. Çingiz xanın yaxınlarından biri - Onon monqol canını qıpçaqlardan qurtarır və tez özünü Çingizə çatdırır, vəziyyəti ona məruzə edir: Bu, Çingiz xanı hiddətləndirir və o, güclü bir ordu ilə Qtrar şəhərinə hücum çəkir. Qızğın döyüşdə İnnal xan əsir düşür, əli-qolu bağlı Çingizin hüzurunda dayanır. Çingiz çənəsindən tutub deyir: "Sən öz əməllərini bilirsən və böyük bir müharibənin başlanmasına bais olmusan. Səni ölüm gözləyir. Bunu yaxşı bilirsən. Amma mən səni elə-belə öldürməyəcəyəm. Səni əzabla öldürəcəyəm" (səh.159) - nökərlər xaqana bir qaşıq verdilər, qaşığa əridilmiş qurğuşun tökülmüşdü. Xaqan qaşıqdakı əridilmiş qurğuşunu İnnal Qahir xanın qulağına tökdü. Tükürpədici bağırtı aləmi götürdü. İnnal xan yerə yıxılaraq öldü (səh.156).

(ardı gələn sayımızda)

Ədalət  2019.- 23 fevral.- S.12.