Bizi soy-kökə çağıran roman

Musa Xanbabazadə,

filoloq və ədəbiyyatşünas.

(əvvəli ötən sayımızda)

Çingiz xan Xarəzmşahlar imperatorluğunu iflasa uğratdı. Bu dövlətin tərkibində olan böyük əraziləri ilhaq etdi. Səmərqəndin 30 min sənətkarını Çinə göndərdi, şəhərin hakimini - Tuqay xanı edam etdirdi, Xocəndin adlı-sanlı adamları şəhərin rəmzi açarlarını təmtəraqla ona təqdim etdilər.

Xarəzm şahı sultan Məhəmməd məğlubiyyətilə barışdı. Yaxınları ilə görüşüb Xəzərdəki adaların birinə sığındı. Və günlərin birində "gbu yalquzaq" adanın yeni tənha sakini ayağa qalxdı. Barmağındakı qızıl üzüyün qaşını qaldırdı. Gözlərindən axan göz damcıları əlinin üstünə düşdü. Üzüyü ovucuna çırpdı və əlinin içinə bir parça zəhər töküldü" (səh.172).

Xarəzmşah dövləti Çingiz xana basıldı. Duruş gətirə bilmədi yadelli qarşısında. Bir zamanlar Şərqi təlatümə gətirən, ölkələri diz çökdürən Xarəzmşah indilərsə məğlubiyyət yaşayır, səltənəti alt-üst olur. Düşündürür oxucunu bu məğlubiyyətin səbəbləri, bu məğlubiyyətin fəsadları. Və romanı oxuduqca, romandakı situasiyaları analizdən keçirdikcə, dövlətin ayrı-ayrı nümayəndələrinin mülahizə və fikirlərini saf-çürük etdikcə məğlubiyyətin səbəbləri də oxucuya aydınlaşır: "Mən onu (yəni Teymur Məliki - M.X.) nahaq özümdən incik saldım. İndi onun yeri görünür" (səh.161). Bu, Sultan Məhəmmədin səsidir və o, güclü sərkərdəlik məharətinə qabil Teymur Məliki ordu komandanlığından uzaqlaşdırmağın faciəsini yaşayır. "Səmərqənd hakimi Tuqay xan qıpçaq xanları ilə məsləhətləşərək şəhəri monqollara təslim etmək qərarına gəldi. Şəhəri təslim etməklə biz həm özümüzü, həm də şəhəri xilas etmiş olarıq" (səh.163). Bu, muzdlu qıpçaq ordusunun sərkərdəsi, Xarəzmşah Məhəmmədin dayısının öz satqınlığına bəraət qazandırmağın etirafıdır. Bu, müəllifin (yazıçının) təhkiyəsindəndir, Xarəzmşah ordusunun məğlubiyyətini gerçəkləşdirən təslimçilik faktının təsdiqidir: "Türkmən Buğag uzun müddət şəhərin (Mərvin - M.X.) müdafiəsinə başçılıq edə bildi. Amma şəhərin ruhanilərindən və varlı tacirlərindən bir qrupu şəhəri monqollara təslim etmək istəyirdilər və Türkmən Buğaya qarşı üsyan qaldırdılar. Şəhərdəki üsyandan istifadə edən monqollar Mərv şəhərini hücumla aldılar" (səh.178). Aşağıdakı mətn isə əvvəllər sultan Məhəmməd ordusunun baş komandanı olmuş Teymur Məlikin sultan məğlubiyyətini şərtləndirən səbəblərdən ən vacibi, bəlkə, birincisidir: "Məhəmməd şahın məhvinə səbəb onun uzaqgörən olmaması və ətrafına yığdığı adamların nankor, satqın olması, bir də Qıpçaq çölünə və Bağdad üzərinə müvəffəqiyyətsiz yürüşlərdən sonra onda yaranan ruh düşkünlüyü oldu. Bir də, hökmdar, bir söz deyim, inciməyin. Sizin ətrafınızdakı adamlara da etibar etmək, inanmaq lazım deyil. Onlar həmişə var-dövlət, yeyib-içmək hərisi olublar" (səh.184). "Ordunu paralayıb, şəhərlərə böləndə bunu fikirləşmək lazım idi, ata. Mənim sözlərimi məşvərətdə heç kim qəbul etmədig Mən ordunu çayların sahilində toplayaraq, orada monqollarla cəngə girməyin bizə uğur gətirəcəyini deyirdim. Amma heç kəs məni dinləmədi. Nənəm Türkan xatun həmişə mənə qarşı pis fikirdə olsa da, mən onun məşvərətdə igidcəsinə söylədikləri sözlərə heyran oldum. O, ordunu bir yerə toplayaraq kafirlərlə açıq meydan savaşına çıxmağı məsləhət görürdü. Amma onun dediklərini də qəribçiliyə saldınız" (səh.165). Bu təəssüf dolu sözlər sultan oğlu Cəlaləddinə məxsusdur ki, bu sözlərdə döyüş zamanı hərbi əməliyyatların qeyri-peşəkarcasına aparıldığına etiraz, sultanın vaxtında ağıllı fikirləri qulaqardına vurmasına bir təəssüf, bir ironiya duyulmaqdadır ki, bütün bunlar da sultanın məğlubiyyətə dücarolma məqamını sürətləndirib.

Yuxarıdakıları ümumiləşdirib sultan Məhəmmədin məğlubedilməz ordusunun məğlubiyyət səbəbləri aydınlaşır: sultan Məhəmmədin uzaq görən olmaması, tez-tez ruh düşkünlüyünə tutulması, çevrəsindəkilərin çoxunun dövlət qulluğunda yarasızlığı, dövlət aparatında xain və satqınların, təxribatçı və çuğulçuların yer alması, hərbi əməliyyatların keçirilməsinin naşı və səriştəsizlərə tapşırılması, məslək və vicdanında yurd, xalq sevgisi olmayan istedad və bacarıqdan kəm qohum-əqrəbasına sultan Məhəmmədin məsul vəzifələr etibar etməsig

Əlbəttə, bubuna bənzər səbəblər hər hansı güclü dövlətdə kök salırsa, o dövlətin uzunömürlülüyünə tarix zəmanət vermir, çünki həmin səbəblər gözəgörünməz qurd kimi dövləti içəridən yeyir, gəmirir, sökür, dağıdır və nəticədə dövləti fənaya uğradır, necə ki, böyük Xarəzmşah imperatorluğunu çökdürür.

Yazıçı Anarın sultan Məhəmmədi kiçik məişət qayğıları, şəxsi rahatlıq və firavanlıq haqqında düşünmür. O, yurd qayğıları, məmləkət ağrı-acıları, türklərin (özbəklərin) yadelli əsarətində inildəməsi və digər qayğılarla baş-başadır. O, Çingiz xana məğlubiyyətindən sonra da Xarəzmin qeyri-müəyyən durumunu düşünür, onun sabahkı taleyindən narahatdır: "Xarəzm səltənəti dağılmaq üzrədir. Qıpçaq xanlarının bir-birilə didişməsi, nankorların satqınlığı, əhalinin isə qorxaqlığı nəticəsində dövlət məhv olur. Artıq nə güclü, əzəmətli, qüdrətli Xarəzm, nə də məğlubedilməz Xarəzm ordusu var. İndi elə bir adam lazımdır ki, bu ordunu yenidən canlandırsın, qüvvələri birləşdirsin, düşmənlə həlledici vuruşa girsin, yeni qoşun toplasın və müqəddəs torpaqlarımızı kafirdən azad etsin, əhalinin gücündən, xalqın birliyindən istifadə eləsin. Elə bir adam oğlum Cəlaləddindir. Oğlum Cəlaləddin, səni öz yerimə hökmdar - Xarəzmşah təyin edirəm" (səh.171).

Sultan Məhəmməd nitqini bitirəndən sonra ayağa qalxır. Başındakı şahlıq tacını Cəlaləddinin başına qoyur, qurşağındakı qızıl kəməri açır oğlunun belinə bağlayır, xəncərini ona əmanət edir, alnından öpür və sürəkli olaraq gənc sultanı dua-sənalayır. Cəlaləddin də öz növbəsindəg atasının əlindən öpdü, diz çökərək xəncəri qınından çıxartdı. Xəncəri öpərək ayağa qalxdı və məşvərətə yığışanlara dedi: "Mən bu gün Xarəzm səltənətini yox, Xarəzm ordusunu məhv olmuş halda qəbul etdim. Torpaqlarımızın çox hissəsi düşmən əlindədir. And içirəm ki, parçalanmış qüvvələri birləşdirəcəyəm, düşməni torpaqlarımızdan qovmaq üçün öz səy və qüvvəmi əsirgəməyəcəyəm, son damla qanımadək vuruşacağam, düşmənə qarşı amansız və sərt olacağam! Hərgah andımı pozaramsa, qoy bu cahanda mənim nəşimin üstünü örtməyə bir parça torpaq da tapılmasın" (səh.171).

Cana gəldi, ruhlandı, dərindən nəfəs aldı qoca sultan gənc sultan Cəlaləddinin qürur-vüqar-iftixar dolu qanadlı sözlərindən! Və qoca sultan indi özünü dünyanın ən xoşbəxti, ən güclüsü sayırdı, çünki yolunu, məslək-amalını şərəfə və ləyaqətlə davam etdirəni var. Xarəzmin beşiyi başında hünər və zəfər, birlik və azadlıq şərqiləri ötəni var!

Sultan Məhəmmədin gənc sultana - Cəlaləddinə ünvanlanan vəsiyyətnaməsi (nitqi), eyni zamanda, müdrik-ağıllı bir dövlət başçısının XIII əsrdən bizim günlərə - XXI əsrin mənəvi varislərinə mesajı, xəbərdarlığıdır; dövlətin başçısı dövlətin mənafeyinə xidmət etməlidir, dövlətin təhlükəsizliyini qorumalıdır, xalqın-millətin rahatlığının, asudəliyinin qarantı olmalıdır, millətin, dövlətin mənafeyinə zidd barışıq-sazişlərə getməməlidir. Vəsiyyətnamə bir də belə bir fikri qabardır ki, güclü dövləti yadlar-gəlmələr yıxa, sarsıda bilməz. Onu dövlətin içindəki qurdlar: oğrular, satqınlar, nankorlar, cahillər, yersiz didişmələr, səhv düşünülmüş hərbi planlar, ürəklərə işləməyən antimilli qərar və fərmanlar alt-üst edər, külünü göyə sovurar.

Sultan Məhəmməd əvvəllər oğlu Qütbəddin Ozlağı özünə vəliəhd təyin etmişdir. Lakin uzun illərin təcrübə və müşahidələri sultana anladır ki, Qütbəddin bacarıqsız və məsuliyyətsizdir, səriştəsiz və maymaqdır, dövlətə, xalqa laqeyd və biganədir, iraddəsiz və prinsipisizdir. O, dövlət başında dayansa, aparatdakılar Qütbəddindən öz mənafeləri naminə yararlanarlar, onu istədikləri kimi idarə edərlər. Qütbəddin idarə etməz, idarə olunar. Belə bir şəxsin hakimiyyətdə bərqərarı faciədir, ölkənin tərəqqi və inkişafının ləngidilməsidir. Məhz bu keyfiyyətlərinə görə sultan Məhəmməd Qütbəddinin vəliəhdliyini ləğv edir, ləğv edir ki, gələcəkdə dövlətin imic və ləyaqətinə, hərbi-siyasi qüdrətinə, əxlaqi-mənəvi ucalığına utanc, üzqaralığı, başağrısı gətirməsin.

"Sultan Məhəmməd" romanı dil-üslub baxımdan orijinaldır, cümlələr, abzaslar arasında məntiqi bağlılıq güclüdür, müəllifin fikir-düşüncələri aydın, səlis, rəvan nitq axarında reallaşır. Romanın hərb səhnələri ölüm-qan qoxuludur, fəryad-nalə bükülüdür. Bu səhnələrdə atlar kişnəyir, əsgərlər nərə çəkir, təbillər, şeypurlar çalınır, oxlar vıyıltı ilə uçur, qara, göy bayraqlar gah enir, gah qalxır, insan cəsədləri qalaq-qalaqdır, toqquşan nizələrin, bir-birinə dəyən qalxanların səsi göylərə ucalır, ulduzları diksindirir.

Əsasən müharibənin dəhşətlərini bədiiləşdirən bu romanda sevgi-məhəbbət süjetli epizodlar da yer alır. Cəlaləddin - Altunsaç, Teymur Məlik - Xansultan paralelləri məhəbbətin gücünü, insan qəlbinin təlatümlərini, sevgi-məhəbbətin hər şeyə qadirliyini incə-zərif bir poetikliklə ilmələyir. Düşmənlərin, böyük-böyük sərkərdələrin qabağında əyilməyən Cəlaləddin və Teymur Məlik topu-topxanası olmayan bu gözəllərin (AltunsaçXansultan) qənşərində diz qatlayır, boyun bükürlər. Canlarını ölümə təslim etməyən bu məğrurlar bu gözəllərə könüllü əsir düşür və nəticədə xoşbəxt olurlar.

Anar Süleymanovun "Sultan Məhəmməd" romanı süjet, kompozisiya, mövzuideya baxımdan böyük özbək (Azərbaycan) şairi Məqsud Şeyxzadənin (1907-1967) "Cəlaləddin Mənquberdi" (1941) mənzum dramı ilə yaxından səsləşir: hər iki əsərdə özbəklər (türklər) yadelli qəsbkarlara (Cinsiz xana) amansızdır, məmləkətin toxunulmazlığı uğrunda fədakardır, taxt-tacı milli istiqlal vasitəsi kimi dəyərləndirir, haqq-ədalət yolunda çarpışan ölkə başçılarına sədaqətli və inamlıdır. Hər iki əsərdəki baş qəhrəmanlar (Cəlaləddin, Sultan Məhəmməd) mübarizədə dönməz və ardıcıldır, mahir təşkilatçı və idarəçidir, qəhrəman və cəngavər xislətlidir, məğlubiyyətə uğrasalar belə qolları sustalmır, əksinə, qüvvəsini beş qat, on qat artırır. Həm Cəlaləddin, həm də sultan Məhəmməd anacanlı, bacıcanlı və dostcanlıdır və hər ikisi faciəli halda güclü təzyiq-basqı altında həyatlarını başa çatdırır. Hər iki əsərdəki qadınlar əsarətdə yaşamaqdansa özlərini Sind (hind) çayının coşqun sularına təslim edirlər. Çingiz xan hər iki əsərdə iştirak edir. O, türklərin qəhrəmanlığı, şücaəti önündə heyranlığını belə gizlətmir. Məqsud Şeyxzadənin əsərində Çingiz xan Teymur Məlikin oğluna ən ağır cəza kəsdirir - gözlərini oydurur. Teymur Məlik oğlu Danışmənd bu ağır zillətə dözür, sarsılmır. Və yaxud Çingiz xan Teymur Məliki öz tərəfinə çəkmək, onu qoşun başçısı etmək fikrindədir. Ata da Çingizin hiylələrinə uymur, vədlərinə aldanmır, öz türk ləyaqətinə, öz türk qeyrətinə arxa çevirmir. Hər iki epizod türkləri (ataoğulu) sındırmağa, alçaltmağa hesablanıb. Lakinata aldanır, nə də oğul sarsılır. Əksinə, sarsılan Çingiz xandır. Ataoğulun ölüm ayağında təslim aktına qol çəkməməsi heyrətləndirir Çingizi: "Necə də qorxusuz yanır gözləri // Beləsi olsaydı Çingiz əsgəri".

"Sultan Məhəmməd" romanında biz təkrar-təkrar türklərin qarşısında, türklərin cəngavərliyi önündə Çingiz xanın həm heyrətinin, həm də türklərə sonsuz həsədinin şahidi oluruq: "Çingiz xan heyranlıqla çayın o biri sahilində çaparaq uzaqlaşan Cəlaləddini oğlanlarına göstərib dedi: - Atanın oğlu gərək belə olsun. Düşmənimiz də olsa, qəhrəmandır. Əgər onu tutsaydım, öldürməzdim, ona həyat verərdim" (səh.190).

"Cəlaləddin Mənquberdi" əsərində Çingiz xan Xocənd hakimi Teymur Məlikin oğlunun gözlərini hansı qəddarlıqla oydurub kor edirsə, "Sultan Məhəmməd" romanında da eyni cəlladlıqla Xarəzmşah Cəlaləddinin balaca oğlunu qətlə yetirir: "Xarəzmşah Cəlaləddinin balaca oğlu monqolların əlinə əsir düşdü. Uşağı xaqanın hüzuruna gətirdilər. Çingiz xan uşağın sinəsini yardırdı və ürəyini çıxartdırıb itlərə atdırdı. - Vaxt gələrdi, bu uşaq da böyüyüb atası kimi igid olardı və o zaman mənim oğlanlarıma, nəvələrimə maneə ola bilərdi, - demişdi Çingiz xaqan" (səh.190).

İstər "Cəlaləddin Mənquberdi" dramında, istərsə də "Sultan Məhəmməd" romanında zəngin obrazlar silsiləsilə qarşılaşırıq. Bu obrazların bir qismi tarixi şəxsiyyətlərdirsə (Cəlaləddin, Teymur Məlik, Xarəzmşah Məhəmməd, Çingiz xang), digər bir qismi xalq nümayəndələridir (çoban Elbars, divanə qoca, bazar və kəndistan əhli, baqqallar, tacirlər). Hər iki müəllif xalqın ən gözəl sifətlərini aşağı təbəqənin içərisindən çıxmışların simasında təcəssüm etdirir. İlk baxışda igidlikdən uzaq görünən bu qəhrəmanlar fürsət düşüncə həm yerli, həm də gəlmə qəsbkarlara qan uddurmağa, mal-mülkünə od vurmağa hazırdır.

Həm Məqsud Şeyxzadə, həm də Anar Süleymanov yaradıcılıq prosesində mövzu ilə əlaqədar çoxlu tarixi mənbə və məxəzlərə müraciət ediblər. Lakin onların müraciəti yaradıcı müraciətdir, tarixi hadisə və faktlara fəlsəfi-siyasi, ədəbi-bədii baxışdır. Tarixi şəxsiyyətlərin fəaliyyətini, əməl və mübarizələrini sadəcə təsvir etməyiblər, həm də onların psixologiyasına, mənəviyyatına varıblar.

Mövzu, süjet, ideya bənzərliyinə baxmayaraq, ideya-bədii siqləti, sağlam Milli ruh və qəhrəmanlıq pafosu, dramatik konfliktin möhtəşəmliyi, bədii dilin yüksək poetizmi baxımından "Sultan Məhəmməd" "Cəlaləddin Mənquberdi"dən çox-çox zəif və sönükdür. Çünki biri ("Cəlaləddin Mənquberdi") gənc ustad qələminin, digəri isə ("Sultan Məhəmməd")dən həvəskar istedadının məhsuludur.

"Sultan Məhəmməd" o tarixi romanlardandır ki, oxucunu kökünə-soyuna, ata-baba ocağına, türk əxlaq və mənəviyyatına bağlayır, türkə türk olduğunu anladır. Anladır ki, ey oxucu, sən dünyaya böyük dahilər bəxş edən, Avropanın hər qarış torpağında izi-rizi qalan ulu bir millətin varisi, qocaman bir xalqın övladısan. Elə yaşa, elə çarpış, elə vuruş ki, ulu keçmişinə, bu keçmişin ucalıq və böyüklüyünə ləkə salma, ata-babaların kimi tarix qur, fəqət tarix yazma, millətçilik və türk düşmənçilik ovqatına köklənən bugünkü Avropa ölkələrinin antitürk siyasətinə heyran kəsilmə, türkün dünəninə, bugününə və sabahına qəbir qazma!

Ədalət.-2019.-26 fevral.-S.7.