Gecənin vahiməsi

Yazağzı nərilti-gurultuyla başlanan güclü yağışların arası kəsiləndən iki-üç gün sonra yer təpiyər-təpiməz həm dombalan, həm də şomun yığmaq üçün tay-tuşlarımızla ucu-bucağı görsənməyən, güllü-çiçəkli, yovşanlı dərələrə üz tutardıq. Dombalan da yalnız qoyun-quzu ayağı dəyən yerlərdə olardı. Şıdırğı yağışlardan sonra çıxan günəşin al şəfəqlərindən isinən dombalan şişib torpağı bir az aralayırdı. Çatlayan yer isə sanki üzümüzə gülümsünüb ::::burada dombalan var:::: - deyirdi. Biz də sevinə-sevinə onu çıxarıb çiynimizdəki torbaya yığardıq. Bəlkə də, xoş qoxusundan idi ki, dombalan yovşan kollarının dibində məskən salırdı.

Şomun yığmaq üçün əvvəlcədən bəzi hazırlıqlar görürdük. Günorta yeməyi, içməyə xeyli su götürüb yola düzəlirdik. Səhər ertədən kənddən çıxar, axşam şər qarışana kimi geri dönərdik. Anam yığıb gətirdiyim şomundan kətə və çilov bişirərdi. Bəzən də tərəni qaynadıb düyü ilə qatığa qatıb ləzzətlə yeyərdik.

Yaz yenicə gəlmiş, dərə-təpələr yaşıl libasa bürünmüş, gül-çiçəklər qalxıb torpaqdan boy vermişdi. Çöllərdə uçuşan quşlar bu gözəlliyə nəğmə qoşub oxuyurdular. Dərələrdə ot dizə çıxırdı. Şomun yığmağa getməyin əsl vaxtıydı. Ən yaxın dostum Qismətlə, məhəllə uşaqları ilə danışıb Yazı düzünə getməyi qərara aldıq. Səhər ertədən çaylaqda toplaşıb yola düşməli idik. Səkkiz nəfər gedəcəkdik - dörd qız, dörd oğlan. Qızlar sinif yoldaşlarımız Ceyranla Gülcamal, qonşumuz Bənövşə, əmim qızı Lətifə idi. Oğlanlar isə dostlarım Qismət, Fətəli, Məhəmməd və mən.

Sakit yaz səhəri yenicə açılmışdı. Üfüqdə əl-üzünü yuyub yer kürəsinə yenicə boylanmaq istəyən günəş bütün günü bizi isidib odlu şəfəqlərini üstümüzdən çəkməyəcəkdi. Məhəllədən çıxan kimi Bulaq dərəsinə üz tutduq. Dizə çıxan otların arasından üzümüzə rəngbərəng çiçəklər boylanırdı. Onların hərəsindən bir cür qoxu gəlirdi. Bu güllərin çoxunun adını da heç dəqiq bilmirdik. Onların adları əsasən quşlarla, heyvanlarla bağlı idi. Məsələn, şanapipikgülü, qarğasoğanı, dovşanqulağı, dəvədabanı, ətirgülü, məxmərgülü, yemlik, sarıçiçək, nənəgəzər, saqqızotu və s. Dərə-təpələrin gözəl mənzərələrini seyr edə-edə gedirdik. Örüşə ötürülmüş qoyun-quzular yamaclara yayılmışdı.

Kəddən bir az aralanandan sonra sevimli oylağımız olan Quru dərənin ətəyinə çatdıq. Dərənin belinə kəmər kimi dolanmış enli bir cığır var idi. Gözümüzü işıqlı dünyaya açandan bu dərəni o cığırla bir yerdə görmüşdük. Şomun bitən sahələrə gedib çıxmaq üçün çətini bu cığıra düşmək idi. Bu dilsiz-ağızsız yol özü adamlara bələdçilik edib gəyənə - Yazı düzünə aparıb çıxarırdı. Danışırdılar ki, bu cığırı illərcə əvvəl kolxozun qoyununa gedən çobanlar salıblar. Gediş-gəliş çoxaldıqca cığır enlənmişdi. Addımladığımız bu torpağın üstündə minlərin, milyonların izi qalmışdı.

Cığıra düşəndən sonra işimiz asanlaşdı. Bir az da yeyin tərpənib Quru dərənin üstünə çıxdıq. Küm qayanın yanından irəliyə - gedəcəyimiz yollara boylandıq. Uzandıqca uzanıb gedən dərə-təpələrin ucu-bucağı görsənmirdi. Bir-birinə bənzəməyən bu dərələr sanki kürək-kürəyə söykənərək yerlərində möhkəm dayanmışdılar. Hələ qarşıda xeyli yolumuz var idi. Günəş yuxarı qalxdıqca hava da yavaş-yavaş isinirdi. Kənddən xeyli aralansaq da, şomun yığacağımız dərə-təpələrə çatmağa hələ xeyli məsafə qalmışdı.

Axır ki arxaca - fermaların yanına çatdıq. Şomun bitən sahələri beş barmağımız kimi tanıyırdıq. Çobanlar kolxozun sürülərini geniş dərələrin yamaclarına yaymışdılar. Uzaqdan baxanda qoyunlar yaşıl dərələrin döşündə mirvari dənələri kimi ağappaq görsənirdi. Elə bil dərələr boyunbağı taxmışdı. Şomun yığacağımız sahələr bir az ora yaxın idi. Gen cığırı tutub dayanmadan gedirdik. Çobanların yanına çathaçatda sürüləri qoruyan itlər hürüşə-hürüşə üstümüzə cumdular. Yeddi-səkkiz it dayanmadan bizə tərəf qaçırdı. Sanki yanımıza tez çatmaq üçün bir-birilə yarışa girmişdilər. Bilirdik ki, çoban itləri qurdbasan olurlar. Onların qarşısında dayanmaq hər adamın işi deyildi. Qucağımıza çoxlu daş yığdıq ki, yaxınlaşanda itlərə atıb özümüzdən uzaqlaşdıraq. Amma bu köpəkləri daş-kəsəklə geri qaytarmaq çətin məsələydi. Qızlar qorxularından arxamızda gizlənmişdilər. İtlər bizi keçib onları tutsaydı biabır olacaqdıq. Şükür, hər şey yaxşı qurtardı. Yanımıza çatmağa az qalmış sahibləri hirsli köpəkləri səsləyib geri çağırdılar. İtlərlə üz-üzə gəlmək təhlükəsindən sovuşduq.

Çobanlar bir az yuxarıları bizə göstərib dedilər ki, oralarda şomun lap çoxdu, xamlıqdır, oradan yığın. Onların yanında çox ləngiməyib göstərilən səmtə getdik. Doğrudan da, orada əl boyda, iri-iri şomunlar var idi. Səliqə ilə əlimdəki qəməltini torpağın altına salıb bir an içində dairəvi fırladıb tərəni kökündən kəsib torbaya atırdım. Hərdən dostuma da kömək edirdim. Şomun yığa-yığa üzü yuxarı gedir, yavaş-yavaş çobanlardan uzaqlaşırdıq. Birdən başını yuxarı qaldırıb ətrafı gözdən keçirən Qismət dedi:

- Ay uşaqlar, deyəsən, xeyli yuxarı gedib yolumuzu uzatmışıq. İrəli qaçmağın bir qayıtmağı da var, onu da fikirləşin.

Mən dostumun dedikləri ilə razılaşdım. Daha oradan yuxarı getməyib, şomunu yan-yörədəki yamaclardan yığdıq. Yükümüzü tutandan sonra arxayınca çörəyimizi yeyib, bir az da ordan-burdan söhbət etdik. Yavaş-yavaş gün günortadan keçirdi, kəndə qayıtmaq vaxtıydı. Amma söhbətə başımız qarışdığından tələsmək heç yadımıza da düşmürdü. Oturub gələcək arzularımızdan danışır, xəyallar qururduq. Söz-sözü çəkib durna qatarı kimi bir-birinin ardınca müxtəlif ünvanlara aparırdı. Mövzular dəyişir, söhbətlər qol-budaq atıb pöhrələyirdi. Gülüş səsləri dalğa-dalğa ətrafa yayılıb torağayların şən nəğməsinə qarışırdı. Vaxt isə dayanmadan dağ çayları kimi sürətlə axıb gedir, saatın əqrəbləri ləngimədən irəli dartınırdı. Çənəmiz necə qızışmışdısa, vaxtın ötüb keçdiyini hiss etmirdik. Sığırçınlar, göyərçinlər dəstə-dəstə yaxınlıqdakı zəmiyə tökülüşürdü. Onlar bir az eşələnir, gül-çiçəklərin ləçəklərini qırpıb dimdikləyirdilər. Torağaylar isə gah sağdan, gah da soldan qəflətən yaxınlığımızdan pırıldayıb uçurdular.

Çobanlar bizi səsləməsəydilər söhbətimiz hələ bir az da uzanacaqdı. Bu yerləri beş barmaqları kimi tanıyan çobanlar əlllərini yelləyib kəndə qayıtmağımıza işarə edirdilər. Onlar düz deyirdilər, burada çox ləngisəydik qabağımız qaranlığa düşər, yolu azardıq. Günyavaş-yavaş əyilirdi, deməli, evə tələsməliydik. Şomun yığdığımız iri torbaları kürəyimizə atıb yola çıxdıq. Yaşıl dona bürünmüş güllü-çiçəkli, yovşanlı dərə-təpələrdən keçib kəndə qayıdırdıq. Çobanlar, qoyun sürüləri, bu yerlərə ayaq basanda qəzəblənib üstümüzə diş qıcıyan itlər yavaş-yavaş bizdən arxada qalırdı. Hiss olunurdu ki, hava sərinləyir, qüruba doğru əyildikcə elə bil günəşin istisi də azalırdı. Şomunu çox yığdığımızdan yükümüz ağır idi, onu güclə aparırdıq. İri torbaları gah o, gah da bu çiynimizə keçirir, çox yorulanda da hərdən oturub dincəlirdik. Hərdən qızların da şələlərinə əl atırdıq.

Səhər ertə üfüqdən doğan qırmızıya bürünmüş günəş artıq günün sonunda solğun şəkildə qüruba enirdi. Rəngi saralmış günəş səhərki kimi gülərüz deyildi, elə bil bir az qaşqabaqlı görsənirdi. Sanki heç qüruba enməyə tələsmir, səmanın ənginliklərində dolaşmaq istəyirdi. Amma könülsüz-könülsüz olsa da, aşağı enirdi. Elə bil vaxt onu arxadan itələyib tələsdirirdi. Rəngbərəng şəfəqlər dağların arxasından səmaya dikili qalmışdı. Bu mənzərə bir anlıq seyrək dişli darağı xatırladırdı. Sanki günəş rəngbərəng şüaları ilə göy üzünə sığal çəkir, ayın, ulduzların saçını daramağa hazırlaşırdı. Gün batsa da, hələ bir müddət hava işıqlı olacaqdı. Qərara aldıq ki, yorulsaq da oturmayaq, qaranlıq düşənə qədər dayanmadan gedək. Amma nə qədər tələssək də, nə dərələr qurtarır, nə də yollar bitirdi. Gen cığır acı bağırsaq kimi uzandıqca uzanıb gedirdi.

Tez yeriyib-yüyürsək də şər qarışana qədər kəndə çata bilmədik. Elə bil göylər də qaranlıq çadırını yer üzünə əvvəlki günlərdən tez sərməyə çalışırdı. Tərslikdən ay da hələ çıxmamış, hər tərəf zülmətə bürünmüşdü. Söhbət edib ləngidiyimizə görə qaranlıq bizi kəndə çatmamış haqlamışdı. Hələ nə yaxşı çobanlar bizi səsləyib tələsdirmişdilər, yoxsa orada xeyli oturacaydıq. Səhər-səhər buralardan dərələrin yaşıllığından, gül-çiçəyindən zövq ala-ala keçirdik. Gecənin qaranlığında isə həmin dərə-təpələr bizə olduqca qorxulu görsənirdi. Elə bil ətrafımızda olan hər şey üstümüzə hücum çəkib bizi ağuşuna almaq istəyirdi. Qaranlığın belə vahiməli olduğunu ilk dəfəydi görürdük.

Ətraf nə qədər qaranlıq olsa da, cığırdan kənara çıxmadan kəndə tərəf addımlayırdıq. Ayaqlarımızı yerə qorxa-qorxa basırdıq. Tez-tez cığırın böyür-başından torağaylar pırıldayıb uçurdu. Belə olanda dayanır, qorxub bir neçə addım geri qaçırdıq. Əlimizdə elə bir silahımız-zadımız da yox idi ki, vəhşi heyvanlar üstümüzə hücum çəkəndə özümüzü müdafiə edək. Silahımız yalnız şomun yığdığımız qəməltilər idi. Onları da əlimizdə möhkəm tutub asta-asta irəli gedirdik. Qabaqda Qismətlə Fətəli arxada da Məhəmmədlə mən gedirdim. Qızları araya almışdıq ki, qorxmasınlar.

Getdikcə gözümüz qaranlığa alışırdı. Bəzən çaylaqlardan keçəndə cığırı itirir, yolu təzədən axtarmalı olurduq. Bir dəfə çaylağı keçəndən sonra çaşıb başqa cığıra düşüb xeyli qabağa getdik. Yaxşı ki, sonra səhv etdiyimizi bilib geri döndük.

Qızların içində ən qorxağı mənim də çox xoşum gələn Gülcamal idi. Yol getdiyimiz vaxt birgörürdük ki, oturub zırın-zırın ağlayır. Ağladıqca da deyirdi ki, hamımız buralarda ölüb qalacaydıq. Onu birtəhər sakitləşdirib yolumuza davam edirdik. Şükür, hər tərəfdə sakitlik idi, qorxulu, təhlükəli bir şey diqqətimizi cəlb etmirdi. Bir-birinə bənzəməyən dərələr elə bil dərin yuxuya getmişdi. Hərdən İsaq-Musaq quşlarının səsi eşidilirdi. Onlar bir vaxtlar haradasa itirdikləri qızıl inəklərini indi gecənin qaranlığında bizim dərələrdə axtarırdılar.

Ən çox ilandan, əqrəbdən və bircanavarlardan qorxurduq. Eşitmişdik ki, guya ilanlar, əqrəblər gecələr cığırlarda, yollarda yatır. Allah eləməmiş, bizlərdən birimizi ya ilan, ya da əqrəb vursaydı, öləcəkdik. Çölün düzündə, özü də zülmət gecənin içində əlimiz hara çata bilərdi ki? Bayaq şər qarışmamış hamımız dil-boğaza qoymadan danışıb gülürdük. Qaranlıq qara çadırını yer üzünə sərəndən sonra qorxumuzdan cıqqırımızı da çıxarmadan, kəndə tərəf addımlayırdıq. Elə bil həyəcandan səsimiz batmış, dilimiz söz tutmurdu. Həm su ehtiyatımız tükənmiş, həm də acmışdıq. Amma nə yemək, nə də su içmək yadımıza düşürdü. Yeganə istəyimiz bu zülmət qaranlıqdan, vahiməli gecədən sağ-salamat çıxıb evimizə qayıtmaq idi. Dərələrin qoynunda - güllü-çiçəkli çöllərdə ölüb qurd-quşa yem olmaq bizi yaman qorxudurdu.

Ətrafa çox diqqətlə göz qoyurduq. Hər an, hər dəqiqə təhlükə ilə üzləşəcəyimizdən qorxudurduq. Bu yerləri, bu yolları nə qədər yaxından tanısaq da, gecənin qaranlığı adamı çaşdırırdı. Sən demə, gecə yol getmək insandan çox böyük hünər, iradə tələb edirmiş. Fikirləşirdik ki, yəqin bütün gecəni çöllərdə qalacaq, ömrümüzün bir axşamını qaranlıq və zülmət içində keçirəcəyik. Nə bilmək olar, bəlkə də heç səhərə sağ çıxmayacağıq. Qorxudan bağrımız yarılacaq, ürəyimiz partlayacaqdı. Gecə dərinləşdikcə ətrafdakı səs-küy qorxumuzu bir az da artırırdı. Bir şıqqıltı, bir tıqqıltı eşidən kimi cəld hərəkətlə yerə oturub ətrafa diqqət kəsilirdik. Hər an canavarlarla qarşılaşacağımızı düşünürdük. Axı, cansız-çəlimsiz bir neçə uşaq bıçaqla bu yırtıcılara neyləyə bilərdik? Buna baxmayaraq, ürəyimiz qəhrəmanlıq, igidlik eşqi ilə döyünürdü. Yırtıcılardan söz düşəndə Qismət ::::Qorxmayın, mən kitablardan oxumuşam ki, istilər düşəndə canavarlar dağlara çəkilirlər. Amma buna arxayın olub ehtiyatı əldən verməyin,:::: - dedi.

(ardı gələn sayımızda)

Məhərrəmov, Vahid

Ədalət  2019.- 28 fevral.-  S.7.