Basqal-tarixin özü qədər qədim

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Qafqaz sıra dağlarının cənub yamacında, Niyaldağ silsiləsinin ətəyində, Girdman çayının sol qolu olan Basqal çayının sahilində qərarlaşan, qos-qoca tarixin enişli-yoxuşlu, sərt döngəli yollarını dizinə dolaya-dolaya, gözünə-könlünə yığa-yığa yizilliklərin o tayından boylanaraq günümüzə əsrarəngiz təbiət mənzərələri, bənzərsiz gözəllikləri, təkrarsız sənət nümunələri ilə çatan qədim-qayım Basqalın hər addımı bir tarixdi, hər addımı tarixləri özündə yaşadan çanlı salnamədir. Yüz illərdir ki, yaşıllıqlar içərisində itib-batan, qədim mədəniyyət nümunələrini, tarixi memarlıq abidələrini qoruyb saxlayan Basqal özünəməxsus görünüşü ilə insanları heyrətləndirməkdədir. Baş-başa verib, çiyin-çiyinə söykənən, ayağı torpaqdan, başı buludlardan nəm çəkən dağlar bu yerlərin vüqar özülü, əzəmət simvolu, qüdrət rəmzidir

Xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mədəniyyət abidələri, orta yüzilliklərə aid qalalar, istehkam qurğuları, qala divarlarının qalıqları, səngərlər, tarixi-memarlıq tikililəri, yazılı daşlar, naxışlı məişət əşyaları, sənətkarları ilə öyünən qədim məhəllələr, məscidlər, pirlər, ocaqlar, yaşı bilinməyən qəbiristanlıqlar, tarixlərin yaşıdı olan qədim yol izləri, hamamlar, bulaqlar, bazar meydanı, su və kürəbənd kəlağayı şəbəkələri və s. infrastruktur sahələri Basqalın əzəlliyi, gözəlliyi və özəlliyidir.

Hündürlüyü 2100 metrə çatan möhtəşəm dağlar, yamyaşıl bağlar, büllur bulaqlar, müalicə və şəfa qaynaqları, səfalı seyrangahlar, və sıx meşələrlə əhatə olunan Basqal qədim və zəngin tarixə, çoxəsrlik ənənəyə malikdir.

Basqalın adaçımı da dediklərimizlə tamam üst-üstə düşür. Basqal toponiminin yaranması ilə bağlı yaranan bir sıra ehtimalın kökündə də "gözəllik", "yaşıllıq" dayanır.

Bəzi tədqiqatçılar Basqal oykonimini türk dillərindəki basqa, baskı ("başlanğıc", "mənbə") və yal sözlərindən ibarət olduğunu bildirirlər. Azərbaycan dilinin dialektində basalax, basmalax, basna kimi sözlər "nəsil", "tayfa" mənalarında işlənir. Qal, kal, xal komponenti isə kalın sözünün kökü kimi dilimizdə lap qədim zamanlardan "sıx", "qalaq", "yığın", "cəmlənmiş", "kütlə" mənalarını ifadə edir. Həqiqətən də basqallılar yaşadığı ərazidə kompakt halda öz kiçik cəmiyyətlərini yaratmışlar. İsmayıllı rayonunun ərazisində Girdman çayının qolu olan Basqalçay da öz adını bu yaşayış məntəqəsinin adından almışdır.

Akademik Z.Bünyadovun fikrincə "Basqal" türk sözüdürbu söz qala bas, qala yarat, qala qur-ucalt mənalarını ifadə edir.

Yerli sakinlər isə Basqal sözünü belə mənalandırırlar ki, Basqalın axarbaxarlı təbiəti, səfalı guşələri, göz oxşayan mənzərələri, yüksək şəhər mədəniyyəti buraya gələn səyyahları, tacirləri, eləcə də digər qonaqları o qədər valeh etmişdir ki, onlar bu məkanı ayaq bas-"bas", burda qal-"qal", "Bas-qal" səsləndirmişlər.

Doğrudan da Basqal gözəl havası, digöynədən bulaqları, zümrüd meşələri, bənzərsiz təbiəti ilə seçilən bir yerdir.

Azərbaycan Sovet Ensiklopediyasında yazılır ki, Basqal 16-17-ci əsrlərdə Şirvanın toxuculuq mərkəzlərindən biri idi. Burada müxtəlif növ qanovuz və kəlağayı toxunurdu. Boyaqçılıq, toxuculuq və ipəkçilik nəsildən nəslə keçən sənətkarlıq sahələri idi.

XİX əsrin ikinci yarısında Basqal sənətkarları bir çox beynəlxalq sərgilərdə iştirak etmiş və hazırladıqları yüksək keyfiyyətli məmulat üçün fəxri fərman və mükafatlara layiq görülmüşdür. Bu dövrdə Basqalda 250 dəzgahı olan 70-90 toxuculuq karxanası var idi. Basqalda hələ orta əsrlərdən evlərdə hamam olmuşdur. Memarlıq abidələri olan məscid və hamam təqribən XVİİ əsrlərdə tikilmişdir. Kanalizasiya sistemi də təqribən həmin dövrdən mövcuddur. Sənətkarlıq və ticarət Basqalın inkişafında mühüm rol oynamışdır. AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Solmaz Məhərrəmova yazır ki, Basqal öz möhtəşəm qalaları ilə Şirvanşahlar dövlətinin mühüm müdafiə məntəqəsi olmuşdur. Günümüzədək qalmış "Qala yeri" adlanan sahə, Xankəndi və Kürdüvan adlı ərazilərdəki müdafiə tikililəri Basqalın eramızın ilk əsrlərindən başlayaraq son orta yüzilliklərə qədər möhkəmləndirilmiş qala olduğunu sübut edir.

Tarixi-etnoqrafik baxımdan qədim mədəniyyəti, yerli sakinlərin toxuculuq təcrübəsini, sənətkarlıq irsini qoruyub saxlayan Basqal hələ orta əsrlərdə coğrafi mövqeynə və strateji səviyyəsinə görə böyük əhəmiyyət kəsb edən məntəqələrdən biri kimi tarixdə iz qoymuşdur.

Ormanların içərisi ilə qıvrılıb gedən, amfiteatrı xatırladan Basqal lap qədim zamanlardan kiçik, lakin səliqəli bir şəhər, təbiət muzeyi, gözəlliklər çələngi kimi tanınıb. Orta əsr qaynaqlarında xatırlanan bu şəhər hələ dünyanın bir sıra iri şəhərlərində mövcud olmayan infrastruktura malik olub. Təkcə Şirvanda deyil, Azərbaycandan kənarda da özünü abad bir yaşayış məntəqəsi kimi tanıdan Basqalda kanalizasiya sistemi, su kəməri qurğuları, daş döşənmiş küçələri, ibadətgahları, inanc yerləri, Şərq memarlığı üslubunda tikilən hamamı, sarvanların pənah yeri olan karvansarası, kəlağayı sexləri, dəmirçi emalatxanaları, dükanları, çayxana və yeməkxanaları və s. orta çağlardan mövcuddur.

Ötən yüzillərə aid bir sıra mənbələrdə Basqalın adı bir sıra sənət sahələri ilə məşğul olan şəhərlər sırasında çəkilir. Bu barədə tarixçilərin, coğrafiyaşünasların, təzkirəçilərin əsərlərində qeydlər vardır.

Bu gün Basqalın yaranma-yaşanma tarixini konkret olaraq hər hansı bir tarxlə əlaqələndirmək sadəcə olaraq mümkün deyil. Ona görə ki, Basqalın Qalalar deyilən ərazisindən arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrini, məişət əşyalarını, küp qəbirlərini alimlərimiz eramızdan əvvəllərə aid edirlər. Təbiidir ki, hər hansı bir yaşayış məntəqəsinin qədimliyi orada tapılan maddi-mədəniyyət nümunələri ilə hesablanır. Basqalın da qədim yaşayış məskənlərindən biri olduğunu bu ərazidə tapılan əşyayi-dəlillər bir daha təsdiqləyir.

Adətən orta əsr yaşayış məntəqələri biri-birindən müəyyən məşğuliyyət, təsərrüfat, sənətkarlıq xüsusiyyətləri ilə fərqlənmişlər. Basqal şəhəri də Şirvanda bir sıra sənət sahələri ilə tanınmışdır. Burada əsasən ağacişləmə, metalişləmə, xalçaçılıq, kömürçülük, boyaqçılıq sənəti qədim zamanlardan yerli sakinlərin məşğul olduqları sahələr idi. Ən ümdə məşğuliyyət isə baramaçılığa və ipəkçiliyə yönəlmişdir.

Bəşər cəmiyyətində qadınlar həmişə müxtəlif formalı və ölçülü baş örtüklərindən istifadə etmişlər. Azərbaycan qadınlarının da istifadə etdikləri baş örtüklərinin bir neçə növü vardır. Bunların içərisində təbii ipəkdən toxunmuş "kəlağayı ipəyi" adlanan parçadan hazırlanan geyimlər daha səciyyəvidir.

(ardı gələn sayımızda)

 

Faiq Şükürbəyli,

tədqiqatçı-etnoqraf

Ədalət  2019.- 1 mart.- S.7.