AY MUSA YAQUB!

 

Böyük şairimiz Musa Yaqubun "Xalq şairi” fəxri adı alması münasibətilə

 

"Xalq şairi” adına layiq görüldün,

Növrağın xoş xəbər Azərbaycana,

Yayıldı xoş xəbər Azərbaycana,

Sorağın mübarək, ay Musa Yaqub!

 

Onsuz da xalq sənə şairim – deyirdi,

Könül duyğularla şerim – deyirdi.

Dağlarda yaşayan şirim – deyirdi,

Oylağın mübarək, ay Musa Yaqub!

 

Canın ağrıyanda deyirsən, "ehi...”

Dizə məlhəm olur otların şehi,

Darayır saçını dağların mehi,

Darağın mübarək, ay Musa Yaqub!

 

Çox çeşmə başında "şam” eyləmisən,

Ömrü söz yolunda şam eyləmisən,

Qələmlə kağızı şum eyləmisən,

Varağın mübarək, ay Musa Yaqub!

 

Şeirdə açmısan sən yeni bir iz,

Ustadsan, arxanca addımlayırıq biz,

Nadanı sözünlə çökdürmüsən diz,

Yarağın mübarək, ay Musa Yaqub!

 

Sən dönük çıxmadın öz adətinə,

İlahi eşqinə, məhəbbətinə,

Pirsən, Dilqəm gələr ziyarətinə,

Çırağın mübarək, ay Musa Yaqub!

 

****

DAHA QOCALIRSAN, AY MUSA YAQUB!

Gedib dirənəydim dağ yoxuşuna,

Etdiyim tövbələr yada düşəydi.

Nə əvvələm, nə indiyəm,

Səksənimin içindəyəm,

Axırıncı keçiddəyəm,

Keçidimi keçim gedim.

 

Musa Yaqub

Qaya-qafçalıqdan en, aşağı düş,

İndi sənlik deyil o dikdir, o şiş,

Babayla, Həzrətlə halallaş, görüş,

Daha qocalırsan, ay Musa Yaqub!

 

Nəfəs güclə gəlir, titrəyir əllər,

Quruyub mamır tək, tökülür tellər,

Gözün didəsindən sellənir sellər,

Daha qocalırsan, ay Musa Yaqub!

 

Daha keçəmməzsən Yelligədikdən,

Daldalan kahıda qardan, küləkdən,

Üzülür əllərin körpə əlikdən,

Daha qocalırsan, ay Musa Yaqub!

 

Çəmən çiçəkləri dözməz ərkinə,

O dəvə təpələr almaz tərkinə,

Çox da tamahlanma meyvə bərkinə,

Daha qocalırsan, ay Musa Yaqub!

 

Çox gedib dirənmə dağ yoxuşuna,

Qoy xəyalın uçsun uzunquşuna,

Düzənlər, çəmənlər gəlsin xoşuna,

Daha qocalırsan, ay Musa Yaqub!

 

Əzəldən bağlısan qayaya-daşa,

Dağ çayları tək gələrdin çoşa,

Söykənib palıda gedirsən huşa,

Daha qocalırsan, ay Musa Yaqub!

 

Qocalıq insanı fağırlaşdırır,

Azman dağlar təki ağırlaşdırır,

Dəliqanlını da ağıllaşdırır,

Daha qocalırsan, ay Musa Yaqub!

 

Səksəni, doxsanı, yüzü keçəsən,

Çəməndə dincəlib, düzü keçəsən,

Girdiman çayı da üzüb keçəsən,

Kaş qocalmayasan, ay Musa Yaqub!

 

Orda dağlar uca, dərələr dərin,

Keysər bulaqların suları sərin,

Oldun nəğməkarı mənzərələrin,

Kaş qocalmayasan, ay Musa Yaqub!

 

Bir həyat çağlayır xoş nəfəsində,

Duymayaq titrəyiş, təlaş səsində,

Qalasan həmişə söz zirvəsində,

Kaş qocalmayasan, ay Musa Yaqub!

 

Təki şairliyin, təbin bol olsun,

Ürəkdən ürəyə yaxın yol olsun,

İlhamın könlünə dolhadol olsun,

Kaş qocalmayasan, ay Musa Yaqub!

Dilqəm TƏMRAZ                   

Ədalət 2019.- 30 may.- S.6.