Sən gedəndən... Dünya o dünya deyil
Bəlkə də həyatımda ən böyük zərbələrdən birini həmin gün aldım. Bu elə bir zərbə idi ki, mən uzun müddət özümə gələ bilmədim və özümə gələndə də ilk ağlıma gələn bu oldu ki, doğulduğum kənd, böyüdüyüm ev ikinci dəfə işğal olundu… ikinci dəfə yandı… dağıdıldı… yerlə-yeksan edildi. İnanın ki, bunu tam səmimi deyirəm. Çünki o, mənim üçün bir ev idi, bir kənd idi, bütövlükdə Qarabağ idi. Mən hər dəfə telefonda onun səsini eşidəndə, onunla üz-üzə oturanda, onun süfrəsinin nemətlərini dadanda, ya da eləcə ədəbiyyatımızın altından girib üstündən çıxanda hamıdan güclü olurdum, hamıdan dözümlü olurdum, hamıdan təpərli olurdum və bir az da özümə yuxarıdan aşağı baxırdım. Çünki o yanımda idi... çünki mən ona güvənirdim. Üstəlik də tam səmimiyyətimlə deyim, ondan bir az da çəkinirdim də. Çünki o, bu dünyanın adamı deyildi… o, yalan bilmirdi… o, biclik anlayışını ağlına da gətirmirdi… o, yarınmağı da bacarmırdı… o…
Hə, orta məktəbdə oxuyurdum. Bugünkü kimi yadımdadı – 6-cı sinifdə. Bir gün əlimə «Araz» qəzeti düşdü. Qəzetin son səhifəsində bir elan var idi. Həmin elanda bildirilirdi ki, ayın son bazar günü «Araz» qəzetinin nəzdində fəaliyyət göstərən «Ərgünəş» Ədəbi Birliyinin növbəti məclisi toplanacaq. Arzu edənlər iştirak edə bilərlər… Elanı oxudum, qəzeti dörd qatlayıb pencəyimin qoltuq cibində gizlətdim. Həmin vaxta qədər məktəbin divar qəzetində, şeir dəftərçəmdə olan yazıları min dəfə alt-üst etdim. Axır ki, onlardan üzə çıxarılası bir neçəsini səliqə ilə kağıza köçürdüm, qoydum cibimə, başladım həmin günü gözləməyə. Elə ki, vaxt gəlib çatdı, evdən bir bəhanə ilə icazə alıb Tuğdan Füzuli şəhərinə gedən avtobusa əyləşdim. O da yadımdadı ki, rəhmətlik nənəm pensiyasından mənə bir rubl vermişdi. Avtobusla gedib-gəlmək 70 qəpik edirdi. Mən də o bir rublla və bir də qoltuq cibimdəki şeirlər, həmçinin «Araz» qəzeti olmaqla gəldim redaksiyaya. Redaksiyanın həyətində xeyli adam toplaşmışdı. İçərilərində yaşlılar da var idi, cavanlar da, mənim kimi orta məktəb şagirdləri də. İlk dəfə onda diri şair gördüm. O, həyatımda üz-üzə gəldiyim, qarşılaşdığım ilk canlı şair olan Mətləb Misirdi. Adını sonra öyrəndim, daha doğrusu, ona müraciət edənlərdən eşitdim bu adı. O, hamını içəri dəvət etdi. Mən yaxınlaşıb Tuğdan gəldiyimi bildirdim. Bircə kəlmə dedi:
- Noolar, xoş gəlmisən. Keç içəri görək, sənin çilədanında nələr var?
Bəli, məclis başladı, kimi şeir oxudu, kimi hekayə. Mən fikir verirdim ki, oxunan yazılara hamı münasibət bildirir. Amma yaşına görə cavan, lakin saçlarında xeyli bəyazlıq olan bir nəfər daha kəskin danışır. Necə deyərlər, onun tənqid qılıncının altından bir dənə də olsun yazı sivişib gedə bilmir və bu adama da yaşlılar da, cavanlar da hörmətlə yanaşırlar, onun fikirləri ilə demək olar ki, razılaşırlar. Yenə etiraf edim. Bu kəskin tənqidin yaratdığı mənzərə məni bir balaca qorxutdu. Özümdən asılı olmayaraq şeir yazdığım vərəqləri qatlayıb cibimə qoydum. Elə həmin vaxt Mətləb Misir üzünü mənə tutub:
- Bu oğlan Tuğdan gəlib, məktəblidi.
Gəlin indi də ona
qulaq asaq.
Geri
çəkilməyə yer qalmamışdı. Ayağa
qalxdım, vərəqləri cibimdən çıxardım.
Onları əlimdə tutanda əllərimin əsdiyi də
aydınca hiss olunurdu. Bax bu vaxt onun gözləmədiyim vaxtda
toxtaqlıq verən səsini eşitdim:
- Hə,
qağa, qorxub-eləmə, döşə gəlsin.
İnanın
ki, elə bir üstümə günəş doğdu.
Şeirləri oxudum. Bir anlıq ortaya sükut
çökdü. Heç kim danışmadı, hamı
bir-birinin üzünə baxdı və sonra məclisin
bütün üzvləri üzünü Vahidə tərəf
çevirdi. Elə bil içimdən soyuq bir külək əsdi.
Düşündüm ki, indi yıxıb sürüyəcək
məni və bununla da şeirə, qələmə əlvida
deyəcəm. Amma əksinə oldu…
-
Şeirlərin hamısına qulaq asdım. Bu yaşda belə
şeirlər yazmaq ümidvericidi, xüsusilə «Şorbulaq»
şeiri. Onun bir misrası xoşuma gəlmədi. Həmin
misraya əl gəzdirib çap eləmək də olar…
Bəli,
bu sözlərdən sonra hamı başladı fikir söyləməyə.
Elə bil ki, suyun ağzı açılmışdı. Hərə
bir tərəfdən mənim yazılarımın
uğurlu-uğursuz tərəflərini diqqətə
çatdırırdı. Nəhayət, məclis başa
çatdı. Mətləb Misir mənim «Şorbulaq
şeirimi də qəzetdə çap etmək
üçün götürdü və mən
dünyanın ən xoşbəxt insanı kimi loru dildə
desək, forslana-forslana hamı ilə birlikdə otaqdan
çıxdım. O, qarşıda gedirdi. Ürəyimdən
keçdi ki, yaxınlaşıb ona təşəkkür
edim. Elə bil ürəyimi oxudu. Bir azacıq geri boylanıb:
- Ə,
qağa, bir az cəld yeri - dedi.
Sürətimi
artırıb ona yaxınlaşdım.
- Bizdə
belə bir qayda var. Hər dəfə məclis bitəndən
sonra yığışıb gedirik qeyd eləməyə. Hərə
üçdən-beşdən qoyur ortaya, bir qısmət
çörək kəsib dağılışırıq. Bu
gündən sən də qoşuldun bizə…
Onun dedikləri
ürəyimcə olsa da, cibimdəki qəpiklərə
görə əməlli-başlı qızardım. Bir
ayağımı qaçaq qoyub aradan çıxmaq istədim,
imkan vermədi:
- Bilirəm,
sən hələ məktəbdə oxuyursan, sənin pulun
hardandı? Bundan sonra qağan sənin də xərcini çəkəcək...
Bəli,
beləcə başladı onunla tanışlığım və
o gündən bu günə qədər
yaşadığım hər günün, hər anın
içərisində o mənimlə oldu, yanımda oldu. Onda
öyrəndim ki, bu saçlarına bəyaz
düşmüş, şair qardaşım Vahid Əlifoğludu.
Ali təhsilini başa vurub qayıdıb doğma kəndinə.
Amma ixtisasına uyğun iş tapa bilmədiyindən tikintidə
fəhlə kimi çalışır və ilk dəfə
onda haqsızlığa qarşı içimdə bir etiraz
baş qaldırdı. Necə ola bilər ki, ali təhsilli
mühəndis bu boyda rayonda, bu boyda Azərbaycanda işlə
təmin olunmasın. İllər keçdi, biz daha çox
qaynayıb qarışdıq bir-birimizə…. Evlərimiz
qardaşlaşdı, bacılaşdı… Ailələrimiz bir
köynəkdən keçdi… övladlarımız
qardaş-bacı oldu və nəhayət, ən önəmlisi,
ən vacibi və mənim üçün həyat əhəmiyyəti
kəsb edən bir gerçəklik taleyimə yazıldı.
Biz bir-birimizə qardaş dedik, dost dedik və bir-birimizə
Allahın qəlbimizə əkdiyi ən böyük sevgiylə
qağa deyib ərk etdik, güvəndik. Mən bundan
böyük mükafatı, bündan böyük həyat
uğurunu özüm üçün kimsədən
ummamışam və təsəvvürümə də gətirməmişəm.
Görünür, Allahdan gələn bu istək, Allahın
xeyir-duası ilə gerçəkləşən bu dostluq bir
tarixi zərurət idi, mənim tariximin, mənim həyat
kitabımın, mənim alın yazımın…
Hər dəfə
telefon zənginə diqqət yetirəndə uyğun nömərələr
məni çaşdırır. Elə bilirəm ki, zəng
vuran Vahiddi. Amma telefonda başqa səs eşidirəm. Onda mən
də ölürəm, mən də bitib-tükənirəm.
Axı biz ölümün belə vaxtsız gələcəyinə,
ayrılığın belə tez baş verəcəyinə
heç vaxt inanmamışdıq. Özümüzü bu
gün üçün iynə ucu boyda da
hazırlamamışdıq. Biz başqa arzularla, başqa xəyallarla
yaşamışdıq, lap gənclik illərində
olduğu kimi. 1987-ci il idi. «Araz» qəzetində işləyirdim.
Kəndimizdən rayon mərkəzinə 18 km idi. Vahid də
Aşağı Seyidəhmədli kəndindən gəlirdi
rayon mərkəzinə. Bəxti gətirmişdi, ona qaz idarəsində
iş icraçısı vəzifəsi vermişdilər.
Rayonun hansı künc-bucağında işləməsindən
asılı olmayaraq, nahar vaxtı özünü
çatdırırdı yanıma. Birlikdə
çıxırdıq şəhər bazarına tərəf.
Bir az göy-göyərti, bir az turşu, bir az kənd pendiri,
sonra da isti təndir çörəyi alıb bəzən
kolbasa da gözünə qatırdıq. Hərdən «ruski»ni
də unutmurduq. Bütün bu bazarılqlardan sonra
qayıdırdıq mənim iş otağıma.
Qapını bağlayıb iki qardaş, iki dost nahar edirdik.
Bu, 1988-ci ilin fevralına kimi beləcə də davam etdi. Mən
iş yerimi dəyişəndən sonra biz nisbətən
az-az görüşdük. Sonra doğulduğum kənd
işğal olundu… Ardınca Füzuli şəhəri. Onda
Vahid qalmışdı odla su arasında. Bir otaqda
yaşayırdı. Çox istəyirdi ki, bizim ailəni də
ora yerləşdirsin. Ancaq heç cür mümkün deyildi.
Bunu o da bilirdi, mən də. Lakin israr edirdi. Axır ki, onun
qarşısında ilk dəfə səsimi ucaltdım. Bu qədər
adamın bir evdə yerləşə bilməyəcəyini
söylədim. Gözlərimin içinə baxdı.
Baxışlarından peşman olsam da, sözümün
üstündə durdum. Razılaşdı. Mən ailəmi
Beyləqanda uşaq bağçasına yerləşdirdim. Kəndlər
işğal olunurdu. Vahid isə Aşağı Seyidəhməlidə
ev tikdirirdi. Kəndin işğalından təqribən 40-45
gün əvvəl məni soraqlayıb tapdı. Dedi ki, sabah
evə yığışırıq, uşaqları da
götür gəl. Gəldik. Gördüm ki, Vahid evini əsl
gəlin kimi bəzəyib, hər şey yerli-yerində. Amma nədənsə
evin adamlarının hamısı həyətdədi.
Üzünə baxdım. Gülə-gülə: - - Mənim
hökumət adamım da sənsən, evin
açılışını sən elə.
Hamımız
bir-birismizə qoşulub necə güldüksə… Hələ
də o gülüş, o hərarət canımdadı,
qulaqlarımdadı. Təəssüf ki, o evdə çox
yaşamaq Vahidə qismət olmadı. Bütün əmək
fəaliyyəti dövründə arzuladığı evi
tikib-qurub sonra da qaçqın həyatı yaşamağa məhkum
oldu. Qaçqınlıq onu Biləsuvar qaçqın şəhərciyinə
çıxarıb apardı. Burda da Vahidin ziyarətinə
getdik, özü də dəfələrlə… Burda da Vahid
özünü tanıtdı, sevidirdi… Burda da Vahidin
sözünə hamı, hətta məmurlar da dəyər
verdi. Sonra «Qayıdış» qəsəbəsinə
köç etdi Vahid. Doğulduğu kəndə bir az da
yaxınlaşdı…. Haramı düzündən boylandı
üzü Ərgünəşə… Haramı düzündən
boylandı üzü Bakıya… Haramı düzündən
boylandı üzü Araza… Və Haramı düzündən
silsilə yazılarını göndərməyə davam
etdi «Ədalət» qəzetinə… İki qız övladı
ilə yanaşı, əl boyda kitabları da işıq
üzü gördü Vahidin. O, bu kitabları da övlad
sayırdı… Birlikdə işldədik, ön söz
yazdım, redaktorluğunu etdim. Hər dəfə də
kitabların siqnal nüsxəsini ona çatdıranda ilk dəfə
şahidi olduğum o ərkli, bir az köntöy səsiylə:
-
Qağa, sən mənim Bakıdakı səfirimsən. Məni
Bakıya çağırıb-eləmə, darıxıram
orda. Mənimki
Haramının
düzüdü. Heç sənin də o Bakıda bir
ölümün yoxdu, yır-yığış elə,
qayıt gəl yanıma…
Hər dəfə
Horadiz istiqamətinə, Beyləqana yolum düşəndə
öncədən ona zəng vururdum. İnanın ki, mən
gedib o mənzilin sonuna çatana qədər bəlkə
10-15 dəfə Vahiddən zəng gəlirdi:
- Ay
qağa, harda qaldın? Bu asfaltın qırağında
«stolba» kimi bitməkdən ayağıma su gəldi…
Görüşüb-öpüşürdük,
bütün dünyanı unudurduq, elə ikimiz olurduq bu
dünyada. Lakin…
Bu
dünya Vahidi sıxdı… Bu dünya aldı onu mənim əlimdən…
Bəlkə də Vahid bu dünyaya tüpürdü, dözə
bilmədi onun oyunlarına… Çünki Vahid heç cür
ipə-sapa yatmayan, heç bir ölçülərə
sığmayan, özü olduğu kimi düşünən
və sözü də bütün rəndələrdən,
bütün ütülərdən kənar bir şəkildə,
necə doğulurdusa, o cür də ifadə edən bir
şair idi. Vahid dostluğun mənim düşüncəmdə,
mənim anlamımda kriteriyası idi. Vahid poeziyanın,
publisistikanın çılpaq, amma gerçək özü
idi - gördüyünü, yaşadığını
kağıza köçürən müəllif idi. Ona
görə də xalq şairləri Məmməd Araz və Bəxtiyar
Vahabzadə onun məktublarına həssaslıqla cavab verirdilər
və onun şeirləri də dinləyənlərə bir
növü şəkili yox, şəkilin
arxasındakıları göstərirdi…
Bəli, mən bu gün də, əgər
yaşasam sabah da mənimlə birlikdə olan Vahidin haqq
dünyasına köç etməsindən sarsıldım.
Amma indi düşünürəm ki, Vahid bəlkə də
bu köçü özü istəyirdi, özü
arzulayırdı. Çünki sifəti getdikcə
sürtülmüş pencək qolundan daha çox
payırldayan bu dünya Vahidlik deyildi. O, hər şeyi öz
rəngində sevirdi. Çünki o, öz xarakteri ilə gəldi,
öz xarakteri ilə də getdi. Təbii ki, cismən…
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2020.-
11 aprel.- S.8.