Tanrıdan gələn  nəğmələr

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm mədəniyyətinin təbliği

 (əvvəli ötən sayımızda)

 

Axı söhbət ondan, onun aid olduğu millətdən, onun vətəndaşı olduğu məmləkətdən gedir. Millətə, vətənə, dilə isə laqeyd qalmaq ancaq milləti, vətəni,dili olmayanlara məxsus keyfiyyətdir. Deməli, Şahmar Əkbərzadə deyəndə ki, sən iki hecalı sözsən Vətən! - Onda mütləq düşünmək lazımdır:

 

Sui-qəsd ediblər şan-şərəfinə,

Edam olunubdu beşcə hərfin .

"" keçib Arazın o tərəfinə,

"Tən" qalıb Arazın bu tərəfində.

Ortadan tikanlı sətirlər keçir,

Pozanım olsa da poza bilmirəm.

Qərinələr ötür, əsrlər keçir,

Mən səni bitişik yaza bilmirəm.

 

Sən iki hecalı bir sözsən, - tən,

Sətirdən sətirə keçirilmisən.

 

Təsəvvür edin ki, Şahmar Əkbərzadə bu şeiri 1966-cı ildə Sovet imperiyasının dünyada at oynatdığı bir zamanda yazıbdı. Azərbaycanın bütövlüyünü sözün hərfləri, hecaların bölgüsüylə, düzülüşüylə diqqətə çatdırıbdı.

Vurğulayıb ki, bütöv Azərbaycan, bütöv Üzeyirbaycan olması üçün vətənin hecaya bölünməsi qrammatik mənadan qurtulmalı, həqiqi, tanıdığımız, bildiyimiz coğrafi mənanın üzərinə köçürülməlidir.

Burda yeri gəlmişkən xatırlatmalıyam ki, xalq şairi Söhrab Tahir vurğulamışdı ki:

İki bölünməkdən elə qorxmuşam,

Çöpü ikiyə bölə bilmirəm!

 

Deməli, Vətənin bütölüyü, Vətənin bütövlüyünə gedən yol, onu parçalanmaqdan xilas etmək döyüşlərdən, savaşlardan, şəhidlikdən keçir.

O şəhidlik təkcə insan oğluna, Azərbaycan vətəndaşına aid deyil. O həm bu torpağın, bu məmləkətin tarixinə, o tarixin təmsilçisi olan abidələrə ünvünlanır. Heç kimə sirr deyil ki, bu gün girovluqda olan, əsirlik məşəqqətlərini yaşayan, şəhid olan yetərində abidələrimiz, müqəddəs ünvanlarımı, meşələrimiz, bulaqlarımız, bütövlükdə təbiətimiz, mədəniyyətimiz var. Ölkə coğrafiyasının bu çalarlarına, bu cizgilərinə diqqət yetirəndə göz önünə Ağdam məscidi, Şuşa məscidi, Azıx mağarası, Tağlar mağarası, Quruçay mədəniyyəti, Xocalı mədəniyyəti, Qaraköpək təpə, Məngələnata, Ziyarət dağı, İlanlı dağ, daha nələr, nələr gəlir. Elə bu girov abidələr, dağıdılan məktəblər, mədəniyyət evləri, bütövlükdə bir xalqın, bir millətin soyqırımına, düşmənin imza atması deməkdir. Yaxşı ki, söz adamları, elm adamları bu abidələrin varlığını əsərlərində, kitablarında yaşadır təbliğ edirlər, dünyaya göstərirlər. Bu məqamda Şahmar Əkbərzadənin "Girov məscidləri" yada düşür.

 

Həddi olmalıdır müsibətin ,

Dinmir dinimizin mömin divləri.

Qalıb gavurların əsarətində,

Ağdamın, Şuşanın Allah evləri.

 

Girov götürülüb azan səsi ,

Quranı, minbəri əsir alıblar!

Allah evlərinin minarəsində,

"Allahu-Əkbər"i əsir alıblar.

 

... Düşür əsarətə Allah evlərin,

Ümid sənə qalıb, qaçırt onları.

Dözmür qiyamətə Allah evləri,

Ya rəbbim, göylərə uçurt onları.

 

Tariximizin elə bir dönəmi var ki, onu ağır bir yük kimi hələ öz çiynimizdə daşıyırıq.

Bu, Qarabağım işğalı, bu, torpaqlarımızın itirilməsi bunların da hələ ki, yük olaraq çiynimizdə qalmasıdır.

O yükün altında qalmaq üçün Şuşanın Topxana meşəsində kəsilən ağac üçün Azadlıq meydanına axışan yüz minlərlə insan yenə ayağa qalxmalıdır. Yenə bütün məmləkət Qarabağdan əsən yellərə doğru getməlidir.

Onda birlik olacaq, həmrəylik olacaq üçrəngli bayrağın Şuşada dalğalanmasının şəhidinə şahidinə çevriləcəyik. biz bu həsrətdən, bu tamarzılıqdan xilas olacağıq... deməyəcəyik ki, "Dara düşmüş torpaqlarım necəsiz?".

 

Ey Vətəni ana Vətən sananlar,

Yerə, yurda dildə, sözdə yananlar.

Yaylaqları yaydan yaya ananlar,

Ay Vətəndə qonaqlarım, necəsiz?

Dildənpərgar qanıqlarım necəsiz?

Biz damarıq, Vətən çarpan ürəkdi.

Ona yanan mərd oğullar gərəkdir!

Boş-boş "Vətən!", "Vətən!" demək hənəkdi!

"Vətənpərvər" dodaqlarım, necəsiz?

Qızarmayan yanaqlarım, necəsiz?

 

Bu yerdə bir daha düşünməli olursan:

- Şairin haqlı iradının, ironiyasının önündə deyə bilərəm?

Təbii ki, cavab susqunluqdu...

Azərbaycan ədəbiyyatında da bu mövzunun oxucuya aşılanması üçün kifayət qədər nümunələr var. İstər folklorumuzda, istər klassik ədəbiyyatımızda, istərsə bugünkü ədəbi nümunələrimizdə döyüşən oğullarımız, qızlarımız, milli qəhrəmanlarımız, şəhidlik zirvəsinə yüksələnlərimiz haqqında bir-birindən dəyərli nümunələrimiz mövcuddur. Burada yenə xatırlatmaq istətirəm ki, həmin əsərlərin qəhrəmanları üçün, həmin şəhidlər üçün göz yaşının axıdılması müəlliflər tərəfindən hər zaman birmənalı ifadə olunmayıbdı. Məsələn, Şahmar Əkbərzadə şəhid anasına yazıb:

 

Ana, ana ağlama,

Yana, yana ağlama.

Torpağını, daşını,

Göz yaşınla dağlama.

 

Ürəyinin başını

Nahaq boran, qan alıb.

Oğul dağına məlhəm,

İki ürəyin qalıb.

 

Ana, ana ağlama,

Yana yana ağlama.

Torpaq ana deyilmi,

Sənin nakam oğluna!

Zənnimcə, şəhid anasına bundan gözəl təsəlli, bundan səmimi başsağlığı vermək mümkünsüzdür. Axı, şəhid torpağa - anasına qovuşubdur. Elə analarımızın özü axı bizlərə torpağın Ana olduğunu aşılayıblar. Bu gün kiçik bir şeir parçasında, dörd misrada Azərbaycana sevgini, Azərbaycanın ana olduğunu ifadə etmək onu yaddaşlara yazmaq qüdrəti var Şahmar Əkbərzadə qələmində. O, yazır:

 

Ölüm ayağının altında,

İtim ayağının altında.

Bir qom bənövşə olum -

Bitim ayağının altında.

 

Hər bir şairin sözü, yaradıcılığı həm zamanın, həm insan yaddaşının səhifələrinə bu ya digər formada köçür, hopur. nəsillər bir-birini əvəz etdikcə, illər bir-birini qovduqca o səhifələr saralsa da, öz budaqlarında qopub düşmür. Çünki halal sözdü, ehtiyac duyduğumuz sözdü. Bizi yönəldən bizim arzu etdiyimiz sözdü! Bax, bu mənada Şahmar Əkbərzadə poeziyasının gücü , vüsəti , onun yaşam ömrü bizim ehtiyacımızla ölçülür. Bu gün Azərbayca oxucusunun Hüseyn Cavid, Səməd Vurğun, Rəsul Rza, Bəxtiyar Vahabzadə, Məmməd Araz digər böyük söz ustadları kimi Şahmar Əkbərzadə şeirinə, sözünə ehtiyacı var!

Düşünürəm ki, hər zaman sözlə yaşayan, sözlə nəfəs alan Azərbaycan oxucusu özünə dönüş yolunda məhz Dəyərli, Yaşayan Yaşadan sözlərin sorağında olacaqdı.

 

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət-2020.- 17 dekabr.- S.7