GÜN İŞIĞI KİMİ ŞAİR

... Hamı şeir yaza bilər... hamı nəyisə düzüb-qoşmağı bacarar... Amma o bəndləri, o misraları, o sətirləri, o poetik duyğuları gözdən keçirəndə, oxuyanda görürsən ki, heç də o şeir sənin ürəyinə yatmır, qəlbinin sarı siminə toxunmur. Şair gərək sonradan şair olmasın, anadan şair doğulsun. Sonradan yazıçı olmaq mümkündü. Amma sonradan Allaha and olsun ki, şair olmaq mümkün deyil. Çünki hər yazılan şeir şeir deyil. Şeir odur ki, sənin ürəyinə, qəlbinə Ulu Yaradan nəsə pıçıldayır və sən də o pıçıltını qələm götürüb vərəqə köçürürsən...

... Ötən əsrin 70-ci illərindən tanıdığım Musa Ələkbərli də Allahın onun ürəyinə göndərdiyi misraları şeirə çevirib oxucuya çatdıran istedadlı şairlərdəndi. O, anadan şair doğulub... O, anadan bu təbiətin, bu vətənin oğlu kimi dünyaya göz açıb... O, anasını sevdiyi qədər Azərbaycanın dağlarını, meşələrini, çaylarını, ormanlarını, bulaqlarını, güllərini, çiçəklərini, yarpızını, zəncəfilini, kəklikotusunu, çobanyastığını... sevib... İstedadlı şair təbiətin bu gözəl incilərindən, zərifliklərindən və əsrarəngliyindən ilham alaraq Vətənin hər qarış torpağını – dağını, qayasını, daşını, bulağını tərənnüm edib...

O, hara qədər desən içi dolu, qəlbi böyük, sonu görünməyən bir sevgi gəzdirir ürəyində. Bu ürəkdə insanlara, təbiətə elə bir sevgi var ki, hər şairdə o işığı tapmaq mümkün deyil. Onun qəlbi həm də bir uşaq ürəyi kimi tər-təmizdi. Ona görə də özü kimi şeirləri də dupduru, aydın, safdı. Bu saflıq onun iç dünyasından gəlir...

Mən şair deyiləm və onun poeziyasına da qiymət verə bilmərəm. Mən nə Məmməd Arazam, nə Rəsul Rza, nə filologiya elmləri doktoru, tənqidçi Qulu Xəliliov. Ona bax, bu böyük kişilər qiymıt verib. Və bu böyük şairlər, böyük kişilər Musa Ələkbərlinin poeziyasının şirinliyindən, gözəlliyindən, təravətindən söhbət açıblar. Onun 70 illiyi münasibətilə "Tovuz Xeyiryyə Cəmiyyəti” ilə "Tovuz” qəzetinin bir buraxılışı: "Salam, yetmiş yaşım...” dərgisi öz orijinallığı və rəngarəngliyi ilə oxucunun diqqətini özünə çəkir. Jurnalın üz qabığından tutmuş sonuncu səhifəsinə qədər hər şey möhtəşəmdi... Möhtəşəm tərtibat... möhtəşəm dizayn işi... möhtəşəm ürək sözləri... Burda istedadlı şairlə bağlı Azərbaycanın tanınmış şair, yazıçı, publisist və jurnalistlərin müxtəlif dövrlərdə onunla bağlı rəngarəng yazıları toplanıb. Burda Rəsul Rzanın, Məmməd Arazın, Qulu Xəlilovun, Cəmil Əlibəyovun, yazıçı Elçinin, Zöhrab Tahirin, Qabilin, Fikrət Sadıqın, Məmməd İsmayılın, Oqtay Rzanın, akademik Nizami Cəfərovun, Əbülfət Mədətoğlunun, Yasif Nəsirlinin... şair barəsində müxtəlif zamanlarda qələmə aldıqları yazıları dərc olunub. İnanın, həmin böyük ziyalıların, böyük şəxsiyyətlərin, böyük şairin və yazıçıların Musa Ələkbərli barəsində yazısı oxucuya çox söz deyir. Oxucuya deyir ki, Musa Ələkbərli anadan şair doğulub... Onun şeirlərində, misralarında boğazdan yuxarı, quru, qərp sözlər yoxdu... Nə varsa, hamısı şairin iç dünyasından və qəlbindən gəlir... Bu şeirlər adi şeirlər və bəzəkli-düzəkli misralar deyil. Bu şeirlər onun ürəyinin pıçıltısı, Allah-Təaladan göndərilən işıqlı misralardır ki, ona buyurulur, bunu yaz, xalqına çatdır, o da yazır və oxucuya ötürür!.. Bu bir işıqdı... bu bir nurdu... bu bir Allah sevgisidi... Allah sevdiyi insanları həmişə seçib və mükafatını verib. Onun şeirlərindən bir bəndi yadıma düşür:

 

Qarşına ümidlə çıxıram hər gün,

Bircə söz dilimdən asılı qalır.

Susuram... bəlkə də susduğum üçün

Səni istəyənlər artır, çoxalır...

 

Və yaxud başqa bir misrası ürəyimin sarı siminə toxunur:

Və əminəm ki, axırda

Bu ailə, bu od-ocaq,

Bu dünyada yozudacaq,

Sevgisiz ölən Musanı?!

... Onun ürəyində həmişə sevgi olub, məhəbbət olub. O sevgisiz bir gün də yaşaya bilməz. Şair də hərdən bir belə də deyir. Çünki mən onun böyük sevgisinin, müqəddəs sevgisinin şahidiyəm. Musa Ələkbərli mənim tələbə yoldaşım, Azərbaycan Dövlət Universitetinin professoru, gözəl ziyalı və böyük alim Qasım müəllimin qızı ilə ailə qurub. O ailə çox böyük bir özülün, möhkəm bünövrənin üstündə bügünkü günə gəlib çatıb. O ailədə sədaqət olub... sevgi olub... məhəbbət olub... hörmət olub... Oğul odur ki, ailə qurduğu və sevib-seçdiyi xanımı ilk gün necə sevibsə, 70 yaşında da elə sevsin. Bax, Musa Ələkbərlinin böyüklüyü odur ki, İradə xanımı o vaxtlardan da çox istəyir və qoruyur. Şair ürəyi heç vaxt paxıllıq nə olduğunu bilməz... Şair ürəyi gün işığı kimi bir varlıqdı... O işıqdan hamıya pay düşər... Musa Ələkbərlinin poeziyasından da, şeirindən də onun oxucularına həmişə məhəbbət, sevgi, sədaqət və bir-birinə etibar düşür. İndiki dövrə insanların bir-birinə sədaqəti, etibarı çox azdır. Amma Musa Ələkbərlinin şeirlərində bu sədaqət də var, bu bu etibar da, bu sevgi də...

Onun şeirlərini bir oxucu kimi həmişə mən izləmişəm və sevmişəm. Və o şeirlərdə çox vaxt öz sevincimi, öz kədərimi, öz dərdimi, öz işıqlı aləmimi tapmışam. Ki, hər bir misrada günəşə boylanan bir ümid, səhərə söykənən bir işıq, sevgiyə sığınan bir aydınlıq var. Onun şeirlərində çox şairdə olmayan bir musiqi də var. Mən bunun da şahidi olmuşam. 1980-ci ildə Azərbaycan Dövlət Televiziyasının yeni il münasibətilə hazırladığı "Mavi işıq” ədəbi-bədii verilişdə xalq artisti Zeynəb Xanlarova onun xəbəri olmadan üç şeirinə mahnı bəstələyib oxumuşdu. Bu xəbəri də Musa Ələkbərliyə mən çatdırmışdım. O vaxt belə idi. Tay indiki kimi hər şeirə mahnı bəstələnmirdi. O mahnılar səsləndi və çox möhtəşəm də alındı. Bax, bunun sevincini o vaxt Musa Ələkbərli ilə birlikdə mən də yaşadım...

... Yetmiş yaşı tamam olsa da, onun ürəyi, qəlbi çox cavandır. Və 70 yaşdan arxaya boylananda Musa Ələkbərlinin dağ boyda poeziyası, şeirləri, müxtəlif dövrlərdə çapdan çıxmış çoxlu sayda kitabları, publisist yazıları və digər gözəl yazı nümunələri görünür. O şair xoşbəxt şairdir ki, sağlığında onu hamı sevir, şeirlərini əzbər bilir. Musa Ələkbərlinin bayaq dedim ki, hər bir şeiri yaddaqalandı... hər bir şeiri seviləndi... Çünki o nə yazıbsa, nə qələmə alıbsa, hansı misranı şeirə çeviribsə, hamısını ürəyinin səsiylə, böyük Yaradanın ötürdüyü enerjiylə ortaya qoyub...

Şairin bu misralarına fikir verin:

 

Sən elə bir sevdasan ki,

Günün yoxdu, ayın yoxdu.

O duyğusal aləminlə,

Bu dünyada tayın yoxdu.

 

Mən səninçün bir keçmişəm,

Sən mənimçün gələcəksən.

İndi gəlmə, yəqin bir vaxt

Qəbrim üstə gələcəksən.

Eşq olsun, bu misranı qələmə alan böyük Musa Ələkbərliyə! Bu, adi bir kədər deyil, bəşəri bir kədərdi. Bilir ki, sevgilisinə sağ vaxtı qovuşmasa da, öləndən sonra o lirik qəhrəman qəbrinin üstünə gələcək və qovuşacaq. Bu böyük həsrət və böyük bir vüsaldı. Bu fəlsəfi düşüncə təbii ki, şairin bizim hiss etmədiyimiz və duymadığımız qeyri-adi bir məntiqdən yaranır və sonda insanı vüsala qovuşdurur...

Musa Ələkbərli, Allah səni qorusun! Sənin şeirinin hər bir misrası gün işığı kimi hərarətli, bulaq suyu kimi şəffaf, sonu görünməyəm meşələrdəki yaşıllıqlar kimi əsrarəngizdi... O şeirlərin beş yox, on yox, min rəngi var. Şeirlərinin rəngi qədər də sənə ömür arzulayıram. Axı, sən həm də bizim yeznəmizsən. Biz də yeznəni çox istəyirik. Qoy sənin ocağında həmişə sevgi olsun, məhəbbət olsun, gün işığı olsun!!!

 

Qismətoğlu, Faiq.

Ədalət.- 2020.- 23 iyul.- S. 6.