“Azərbaycan işğal faktoru ilə barışmır”

 

“Bölgədə yeni geosiyasi vəziyyət formalaşır. Artıq 90-cı illərin əvvəllərindən kəskin fərqlənən münasibətlər var. Ermənistan yeni geosiyasi vəziyyəti nəzərə almasa dövlət kimi onun varlığına ciddi təhlükə yaranacaq. Qarabağ məsələsinin həlli beynəlxalq hüququn və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər”. “Ədalət” qəzetinin qonağı professor, siyasi icmalçı Qulu Məhərrəmlidir.

-Azərbaycan Ordusunun Qarabağda başladığı əks-hücum əməliyyatı Cənubi Qafqazdakı ümumi hərbi-siyasi vəziyyətə təsir edirmi?

-Əks-hücum əməliyyatı təkcə Cənubi Qafqazda deyil, bütövlükdə regiondadünyada bir çox proseslərə təsir edir. Əvvəla bu bölgədə çox ciddi şəkildə marağı olan dövlətlər var. Odur ki, Qarabağda gedən Azərbaycanın torpaqlarının işğaldan azad olunma əməliyyatları dünyada əks-səda doğurub. Bu barədə Amerika qəzetləri yazır, bu barədə Avropa televiziyaları məlumat verir. Cənubi Qafqazda yaranmış hərbi-siyasi vəziyyət bütün dünyanın abu-havasına təsir edir.

Azərbaycan hər zaman bu əməliyyatlar üçün fürsət gözləyib. Uzun illərdən bəridir ki, Azərbaycan xalqının heysiyyatı təhqir olunur. Stepanakertdəki separatçı rejimin əməlləri, Paşinyanın baş nazir seçiləndən sonra insanlarımızda qıcıq yaradacaq çıxışlara yer verməsi, sərhədboyu bölgələrdə Azərbaycanın dinc sakinlərinə divan tutulması, əkinçilərin, kənd cammaatının rahatlığının pozulması və işğal olunmuş ərazilərimizdə erməni infrastrukturlarının yaradılması, mədəniyyət abidələrimizin, insanlarımızın ata-babalarının qəbirlərinin dağıdılması, bütün bu vandalizm hərəkətləri cəzasız qala bilməzdi. Ona görə də, Azərbaycanın başladığı əks-hücum əməliyyatı üçün hesab edirəm ki, doğru zaman seçilib. Bütün dünyaya Azərbaycan göstərir ki, torpaqlarının sahibidir, işğal faktoru ilə barışmır və barışmayacaq. Dəfələrlə qeyd edildiyi kimi, bu ərazilər Azərbaycanın qədim torpaqlarıdır və Azərbaycan torpaqlarının 1 metrini kimsəyə güzəştə getmək fikrində deyil. Əks-hücum əməliyyatı ermənilərdə yaranmış arxayınçılığa son qoyur. Bütün bunları üst-üstə gəlsək, buna bir dövlətin öz ərazi bütövlüyünü təmin etməsi uğrundakı mübarizəsi kimi baxmaq olar.

 

“Azərbaycan Ordusu beynəlxalq

hüquqa uyğun olaraq davranır”

 

-Müdafiə Nazirliyinin bəyanatlarında müxtəlif konvensiyaların, o cümlədən, Cenevrə Konvensiyasının adı çəkilir. Bu konvensiyaların mahiyyətindən danışaq...

-Bu, birbaşa hüquq məsələsidir. Mülki əhalinin hüquqlarının qorunmasıdır. Cenevrə konvensiyaya görə müharibə şəraitində hərbi obyektlərdən başqa mülki əhalinin evlərinə, yaşayış sahələrinə, təsərrüfatlarına ziyan vurulmamalıdır. Müdafiə Nazirliyi çox haqlı olaraq bəyanatlarında bunu vurğulayır ki, biz Cenevrə konvensiyasının müddəalarına əməl edirik. Bu da qeyd edilir ki, çox təəssüf, ermənilər hərbi obyektlərini əhalinin sıx yaşadığı yerlərdə qurur. Yəni onları bir növ özləri üçün qalxan kimi istifadə edir. Bu insani nöqteyi-nəzərdən əxlaqsız bir davranışdır. Dünyanın heç bir dövlətində belə bir hal yoxdur. Dünyanın hər yerində dinc əhali hesabına pərdələnmə faktı qınanılır. Bu gün açılan atəşlər zamanı ermənilərin məhv edilən hərbi məntəqələrinə yaxın yerlərdə əhali özü üçün təhlükə görür. Hesab edirəm ki, Azərbaycan Ordusu beynəlxalq hüquqa uyğun olaraq davranır. Mülki əhaliyə ziyan vurmamaq üçün hədəfi çox diqqətlə seçir. Amma təəssüf ki, ermənilər bu davranışın əksini göstərir. Fizuli bölgəsinə, xüsusən, Tərtər rayon mərkəzinə atılan mərmilər onu göstərir ki, ermənilər hərbi itkilərinin qisasını Azərbaycanın dinc əhalisindən almağa çalışır.

-Beynəxalq hüquqdan söz düşmüşkən, bir az da BMT qətnamələrinə ermənilərin məhəl qoymamasından söhbət açaq...

-Bu qətnamələr neçə ildir, qəbul olunub? BMT-nin qəbul etdiyi 4 qətnamə sadəcə kağız üzərində qalıb. Həmin qətnamələrdə irəli sürülən əsas şərt ondan ibarətdir ki, erməni işğalçı qoşunları qeyd-şərtsiz tutduğu əraziləri tərk etməlidir, hərbi birləşmələrini oradan çıxarmalıdır. Düzdür, bu qətnamələrdə müddət qoyulmayıb, amma  qeyd edilən “dərhal” sözü onu ifadə edir ki, qoşunlar orada heç cür qala bilməz və həmin əraziləri tərk etməlidir. Bu qətnamələrin yerinə yetirilməsi əvəzinə Ermənistan işğal etdiyi zonalara böyük investisiyalar yatırtmağa çalışır. Erməni diasporasının köməyi ilə həmin ərazilərə kapital qoyulur, yollar çəkilir, qəsəbələr salınır. Əlbəttə, Azərbaycan buna necə biganə qala bilər?

Prezident İlham Əliyev BMT Baş Məclisindəki çıxışında çox açıq şəkildə bəyan elədi ki, təkcə infrastrukturlar yaradılmır, həm də Azərbaycan ərazilərinə müxtəlif ölkələrdən-Suriyadan, Livandan, ermənilərin yaşadığı digər yerlərdən əhali köçürülür. Ermənistanın sərgilədiyi davranış həm də beynəlxalq birliyə meydan oxumaqdır. Avropa Şurasının Ermənistanın işğalçı dövlət olması haqqında qətnaməsi var. Başqa beynəlxalq qurumların yanaşması var. İslam Əməkdaşlığı Təşkilatının və digər qurumların qətnamələri var. Bunlar beynəlxalq sənədlər olmasına baxmayaraq Ermənistan tərəfindən icra edilmir. Odur ki, beynəlxalq birliyə bu cür meydan oxuyan dövlət, hökumət birmənalı şəkildə cəzalandırılmalıdır. Hesab edirəm ki, hadisələr də o istiqamətə gedir.

 

“Ermənistan hökuməti indiki halda isterik vəziyyətdədir”

 

-Ermənistanın daxilində Azərbaycanın ittiham edilməsi və ermənilərin Rusiyadan, Avropa ölkələrindən kömək istənilməsi haqqında nə söyləyə bilərsiniz?

-Zənnimcə, Ermənistanın baş naziri də, Ermənistan parlamenti də, hökuməti də indiki halda isterik vəziyyətdədir. Onlara elə gəlirdi ki, Azərbaycan 30 ildə olduğu kimi (Aprel döyüşləri və Tovuz hadisələrini çıxmaq şərtilə) sakit müşahidəçi vəziyyətində qalacaq. Birdən-birə əsk-hücumların olması və Ermənistan ordusunun itkilər verməsi Ermənistanın özündə ciddi panika yaradıb. Təkcə Qarabağın ermənilər yaşayan hissəsində deyil, elə Ermənistanın özündə də əhali artıq təşviş içindədir. Bu gün videolar yayımlanır ki, Qarabağ əhalisi Ermənistana köç edir. Bunlar hamısı faktdır və bunları danmaq olmaz. Sizə deyim ki, Azərbaycan Ordusunun təzyiqləri və hücumları artacaqsa, yəqin ki, belə olacaq, o zaman baxarsınız ki, Ermənistanın daxilində hansı ictimai-siyasi proseslər gedəcək? İndiyə qədər aparılan işğalçılıq siyasəti fonunda insanlar aclığa da, susuzluğa da dözürdü, bu gün birdən-birə o siyasətin iflasa uğraması və Ermənistan ordusunun məğlubiyyəti, əhalinin öz yerlərini tərk etməsi hesab edirəm ki, Ermənistan daxilində ciddi proseslərə səbəb olacaq. Bunun üçün Paşinyan da indidən hazır olmalıdır, başqaları da.

-Bəzi siyasi icmalçılar belə hesab edirlər ki, Rusiya bu məsələdə neytraldır...

-Rusiyanın müşahidəçiliyi bu məsələlərdə bəlli bir nöqtəyə qədər ola biləcək. Çünki Rusiyaya Qarabağ probleminin birdəfəlik, həm də hərbi yolla həlli sərf etmir. Rusiya belə hesab edir ki, nə qədər Qarabağ problemi var, həm Ermənistana, həm də Azərbaycana təsir imkanları qalır. Çox güman ki, yaxın zamanlarda Rusiya məsələyə münasibət bildirəcək. Lakin indiki şəraitdə onu deyə bilərəm ki, Rusiya vəziyyətin reallığını başa düşür, Ermənistanın baş nazirinin qıcıqlandırıcı hərəkətlərini görür və Azərbaycanı bir dövlət kimi anlamağa çalışır, Azərbaycanın öz ərazilərini terrorçulardan təmizləməsi siyasətinə liberal yanaşır.

-Həm Azərbaycanda, həm də Ermənistanda hərbi vəziyyət elan olunub. Birbu məsələni şərh edək...

-Müharibənin diqtə etdiyi şərtlər var. Müharibə şəraitinin diqtə etdiyi şərtlərə uyğun olaraq da ölkəmiz addımlar atır. Azərbaycan vətəndaşları bu addımları anlayışla qarşılayırlar və torpaqlarının azad olunması uğrunda ordumuza dəstəklərini əsirgəmirlər. Mən görürəm, insanlarımızda ruh yüksəkliyi var. Düzdür, şəhidlərimiz də var, amma unutmaq olmaz ki, Vətən torpaqlarının azad olunması şəhidlərsiz mümkün deyil. Şəhidlərin qanının alınması üçün ən yaxşı təsəlli torpaqların düşmənlərdən birdəfəlik azad edilməsi olardı və bu istiqamətdə də bütün xalq orduya dəstək verir.

 

Hərbi əməliyyatlar Qarabağ danışıqlarına

yenidən yanaşmanı gündəmə gətirir”

 

-Beynəlxalq media qurumları tez-tez sual verirlər ki, Türkiyə bu əməliyyatlarda iştirak edirmi?

-Elə Ermənistanın özündə də belə bir fikir formalaşıb ki, guya, indiki hərbi əməliyyatlarda Türkiyə iştirak edir. Bunun heç bir əsası yoxdur. Çünki belə bir şey yoxdur. Hər kəsə məlumdur ki, indiki əməliyyatları Azərbaycan Ordusu özü aparır və heç bir kənar qüvvə iştirak etmir.

-Başlanan əks-hücumlar Qarabağ məsələsinin həllini sürətləndirirmi? Həll variantlarına nələrsə əlavə ediləcəkmi?

-Aparılan hərbi əməliyyatlar və onların uğurlu olması Qarabağ danışıqlarına yenidən yanaşmanı gündəmə gətirir. Bu vaxta qədər ermənilər danışıqları artıq bir şey hesab edirdilər. İndi aydın olur ki, heç də məsələ onların düşündüyü kimi deyil. Hər kəs bir şeyi bilməlidir ki, indi 90-cı illərin əvvəlləri deyil, Azərbaycanın Ordusu artıq güclənib və öz gücünü nümayiş etdirə bilir. Bunu nəzərə almaq lazımdır ki, bölgədə yeni geosiyasi vəziyyət formalaşır. Artıq 90-cı illərin əvvəllərindən kəskin fərqlənən münasibətlər var. Ermənistan yeni geosiyasi vəziyyəti nəzərə almasa dövlət kimi onun varlığına ciddi təhlükə yaranacaq. Qarabağ məsələsinin həlli beynəlxalq hüququn və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna bilər.

-İndiki şəraitdə-hərbi vəziyyətdə informasiya işinin təşkili ilə bağlı da fikrinizi öyrənmək istərdim...

-Biz müharibə şəraitini və müharibə vəziyyətini nəzərə almalıyıq. İnternetin olmamasına, sosial şəbəkələrin işləməməsinə normal baxıram. Baxın sosial şəbəkələrdə təkcə ağıllı, düşüncə adamlarını görmürük, həm mənasız şərhlər yazan, dezinformasiyalar verən şəxslərlə də qarşılaşırıq. Bununla yanaşı düşmən tərəfindən saxta profillər vasitəsilə təxribat xarakterli çıxışlarla da rastlaşa bilirik. Odur ki, internetə çıxışın olmaması normaldır. Əvvəlki illərdən fərqli olaraq hazırda cəmiyyətin məlumatlandırılmasında yüksək təşkilatçılıq özünü göstərir. İnformasiyalar operativ verilir, cəbhə məlumatları toplanılır və hərbi informasiya mərkəzindən düzgün şəkildə yayımlanır. Media da məlumatı oradan götürürbu da cəmiyyət üçün əsas informasiyaya çevrilir.  Bununla yanaşı televiziyalarımız müxbirləri vasitəsilə əldə etdikləri informasiyaları paylaşırlar, cəhbə bölgəsindən reportajlar hazırlanır və insanlara təqdim olunur. Bütün bunların hamısı indiki şəraitdə dolğun məlumat verir. Televiziyaların işi təqdirə layiqdir. Xırda nöqsanlar var, bu gün onlardan danışmayacam. Sadəcə onu qeyd edəcəm ki, televiziya işçiləri bir az peşəkarlıqlarını artırsınlar. Bununla bağlı televiziyalarımızın potensialları var. Önəmli olan proqram quruluşudur ki, xəbər proqramları, xəbərdən törəmə proqramlar, diskussiyyalar, bölgələrdən canlı bağlantlıların da olması müsbət haldır.

 

Rövşən Tahir

 

Ədalət.- 2020.- 1 oktyabr.- S.3.