Bir şeirin işığında
Unudulmaz Şücaətlə
ruh söhbəti
Bu bir gerçəklikdir ki, İnsa dünyaya gəldiyi kimi bir gün də
köçüb gedir.
Doğrudur, köçün səbəbləri də olur. Biri əcəldən, biri əcəlmayallaqdan, biri qəzadan, biri qədərdən, biri yazılmış və tamamlanan qismətdən və sair və ilaxır.
Bu bir pessimist yanaşma deyil, bu gerçəyin dilə gətirilib kağıza köçürülməsidi.
Bir az
böyük anlamda yanaşanda isə hamının bildiyini pıçıltıyla, elə-belə
söylədiklərini oxucuya
xatırlatmaqdı. Təbii ki,
bu da səbəbsiz
deyil. O səbəb
indiki anda mənim ruhuma, qəlbimə hakim olmuş,
onu öz işığına bükmüş
bir şeirdi...
Şeirin
müəllifini bütün
Azərbaycan tanıyır.
Onun misraları dillərdə,
ağızlarda dolaşır.
Adı çəkiləndə hər
kəsdə bir daxili sayqı öz ifadəsini büruzə verir. Bu xalqın, elin
şairi Şücaətdi.
Həyatı, yaradıcılığı, maraqlı və dolanbac yollar keçmiş bir şairin sözü də elə müəllifin özü
kimi gəzib-dolanıb,
oxucuya gəlib çatıb. Öncə bulaqlar,
sonra da ürəklər dinləyib
o şeiri. Hər birində
də təkcə ruh yox, həm
də yaşam adamlara doğma gəlib. Gerçəkliyin
pıçıltısı olub və bu
gün də olur o şeirlər...
Masamın
üstündəki kitabı
vərəqləyirəm.
Bəlkə də min dəfə
vərəqləmişəm. Dünəndən bəri içimə
hopmuş ağırlığın
altında özümü
o qədər rahatsız,
arxasız, köməksiz,
unudulmuş hiss etdim ki, nə evimə,
nə də çevrəmə sığışmadım.
Hayıma, harayıma şeir
gəldi, Şücaətin
şeiri. Bu şeiri oxuya-oxuya elə bildim ki, o həlim, adamın ruhuna sığal çəkən
səs mənimlə üzbəüz dayanıb,
üzbəüz oturub.
Daha doğrusu, o bir qayaya söykənib üzü Tanrıya pıçıldayır bu
şeiri. Qaya da əks-səda verir. Mən də o əks sədanı hopdururam özümə. Özü də
həm ürəklə,
həm də ruhla. Bu da
səbəbsiz deyil.
Əvvəldə dediyim kimi, içimdəki sıxıntını,
məni çökdürən
məqamı içimdən
çıxarmaq üçün
edirəm bunu. Sonra görürəm ki, yanılmamışam. Şücaət şeiri məni yavaş-yavaş xilas etməyə başlayır.
O deyir ki:
Baharım
tələsdi, yazım
tələsdi,
Vaxtından
tez gəldi qışım, qocaldım.
Gözüm
açılmadı, üzüm
gülmədi,
Çox
bəlalar çəkdi
başım, qocaldım.
Hə,
doğurdan da doğulduğum zaman, yaşadığım illər
və bu gün...arasındakı bağlantı o qədər
zəifdir ki, hər an qırılması
mümkündü. Çünki
böyük bir imperiyanın təbəsi
oldum, ali
təhsil aldım, əmək fəaliyyətinə
başladım və dünya dağıldı...
Sonra bu dağılan dünyada yeni qaydalar, yeni yaşamlar, yeni tələblər, bir sözlə, dağıntılar
içərisində yenilik
axtarışı. Özü də
Vətəndə vətənsiz
bir bəndənin axtarışı qocaltdı
məni. Vaxtından tez,
həm də sürətlə. Gördüm ki, qocalıram. Gördüm ki:
Mən
ömür içində
ömür əridib
Günlərin
içində gün
kiridirəm...
Sevginin
əlindən tutub yeridib –
Ölməyə
qoymayıb qəm dirildirəm...
Amma
neyləyim ki, nə gücüm Rüstəmi Zalın gücü, nə imkanım Nobelin imkanları, nə də görkəmim cənnətin söz sahibi olmadığından
heç nəyi dəyişə bilmədim.
Əksinə, qocalmanın şərtləri,
tələbləri daha
güclü, daha ağır və daha dözülməz oldu. Ona görə də
qaçmağa yer tapmaq özü də müşkülə
döndü. Bir də
ki, özü-özündən
hara qaçasan ki? Bax, onda bir daha anladım ki, mənim işim Allaha qalıb. Allaha qalan işimin
yerdəki mahiyyətini
də mənə anladan, söylədən Şücaət oldu.
O, birmənalı şəkildə
öz həyatının,
öz ruhunun işığında mənə
qələminin ucuyla bir ünvan göstərdi və dedi ki:
İşim
düşdü zülümkarnan,
zalımnan,
Dönük
baxtım yapışmadı
qolumnan.
Bu gödək
ömürdə əhli-halımnan,
Çox
oldu nadanım, naşım, qocaldım.
Bax,
bunu demək, bunu mənə xatırlatmaq bir az nəfəsimi
genəltdi, elə bil çiynimdəki yük bir az
azaldı, elə bir kimsə qolumdan tutdu, büdrədiyim anda dayaq verdi mənə.
Bu sözün, şeirin və bir də onu
pıçıldayanın əli idi. Onu görmək, onu hiss etmək isə artıq mənim bacarığımdan, mənim
duyumumdan gəlib keçirdi. Şükür ki, nə gecikmədim,
nə də yanılmadım. Qolumdan
tutanın, dayaq verənimin kim
olduğunu hiss etdim, anladım. Həm də böyük
bir ürəklə, sayqı ilə minnətdarlığımı baş əyməklə ifadə etdim. Həm də sadə bir şəkildə sözün sıra düzümünün bənzərsizliyinin
rəsmini göstərməklə
deyiləni dinləmək,
deyiləni həm də görmək artıq söz sahibinin qüdrətindən
xəbər verir, imkanlarını göstərir.
Bax, mən də Şücaətdə bir oxucu, bir söz
adamı olaraq gördüm bunları, duydum bunları. Ona görə də üzümü öz çevrəmə tutub dedim ki:
Siz
də yaxınlaşın
təsəlli üçün
Məni
hər çəkdiyim
gün «ah»a bükün...
Sevməkdi
günahım vallah, büsbütün –
Siz
məni elə bu günaha bükün...
Düşünməyin
ki, bu misralar
mənə təsəllidi,
özümü sığortalamaqdı,
ya da kiminsə
qarşısında bəraət
almaq istəyidi.
Xeyr, bu şeirin bütün ovqatı öncə də dediyim kimi, yaşadığımı
təkrar-təkrar özümdən,
canımdan, ruhumdan keçirtməkdi. Elə bil
ki, daşdan su süzülür.
Yəqin
su süzən daşları görmüsünüz.
Bax, onun kimi hiss etdim özümü.
Ona görə də Şücaətlə söhbət
etdiyim mövzunun məni necə sakitləşdirdiyini təkrar
etiraf etməyə bilmərəm. Nə qədər
ağrılı olsa da, mən deməliyəm
ki, ən böyük təsəlli
həqiqətən də
səni duyanın, sənin duyduğunun özüdü, ürəyidi,
ruhudu. Bu tamlıq səni də bir növ
çəkib quyudan çıxardır, səni
də tamlaşdırır.
Onda birmənalı şəkildə
arxasız, kimsəsiz
olmadığına inanırsan.
İnam,
elə inanc da xilasın başlanğıcıdır. Ondan yapışıb yola çıxmaq, yol getmək olar. Necə ki, mən indi
bu yoldayam.
Doğrudur,
yola çıxmamışdan
öncə necə idim, nə cür
idim, Allah, Sən və bir də
özüm bilirəm.
Yolun başlanğıcına məni
çəkib gətirən
«Qocaldım» deyən şair oldu. Mən də onun necə,
nə cür, nədən, niyə qocaldığını az-çox
bilsəm də, öz dilindən eşitməyim məni sanki təkrar silkələdi. Üstümə su ələyib oyatdı. Oyananda da bir də
təkrar dedi:
Qəzanın
oxları ömrümə
süzdü,
Dağ
dözməz dərdlərə
Sücaət dözdü.
Yazıq
gəncliyimi türmələr
üzdü,
Otuza
çatmamış yaşım,
qocaldım.
Qəribə
nüanslar var həyatda. Bu nüanslar bir-birinə
bənzər olanda, o bənzərlik adamı düşündürür. Şeirin son bəndində «Otuza çatmamış» deyən
Şücaətin haralara
daş atdığını,
haraların yuxusunu qaçırtdığını bilənlər bilir. Mən də az-çox bilirəm. Ona görə də 30 illik yurd nisgilinin
bizlərə nələr
yaşatdığını, bizlərdən nələr
aldığını təkrar
etmədən deyə
bilərəm ki, o 30 il bizi yaman qocaltdı. Bizi sözün birbaşa mənasında HEÇ KİM etdi.
O heç kim
olduğum vaxtda mən də dedim ki:
Həyat
zərbələri qılıncdan
da sərt
Ürəyin
tüstüsü ərşə
ucalır...
Deyəsən
tamamdı kəsilən
o şərt –
Qocalır
Əbülfət, yaman
qocalır...
Hə,
indi elə nöqtədə gəlib
dayanmışam ki, buradan arxaya baxmaq və hər şeyi görmək olar.
Qarşı tərəf isə
dumanlı, bir boşluq təsiri bağışlayır. Onu seçmək,
o istiqamətdə getmək
çətin və bəlkə də təhlükəlidi. Amma
başqa istiqamət də yoxdu! Qalır Allahın yazdığı
talehə özünü
tapşırmaq. Mən də
bu düşüncələrin
içərisində Allahımı,
Səni, özümü,
içində olduğum
dörd divarı nöqtə, vergülünə
qədər gözümdən,
könlümdən keçirirəm.
Özü də büdrəmədən.
Ona görə büdrəmirəm
ki, qolumdan tutan var. Bu Şücaətin
ruhu və sözüdü. Ruhuna
salamlar olsun, sözünə isə oxucu yaddaşı arzu edirəm...
P.S. Bəli,
hamı qocalır, amma qocalmanın şərtləri, tələbləri
o qədərdir ki.
Bu saysız qocalma
şərtləri və
tələbləri içərisində
seçim etmək imkanı hər kəsə verilməyib.
Elə mənə də...
Əbülfət Mədətoğlu.
Ədalət.- 2022.- 6 avqust.-
S. 6.