Bizi aldadan görüntülər…

Həyatın gerçək ədaləti SEVGİDİR

Yaşadığımız cəmiyyət və onun özünü ifadəsi hər kəsə məlumdu və bu hər kəsə məlum olan cəmiyyətdə özünü təsdiq etmək o qədər də asan deyil. Bunun üçün Allah vergisi ilə yanaşı zəhmətə qatlaşmaq, axtarışlarda olmaq və bir də səmimiyyətini qoruyub saxlamaq çox vacibdir. O, bütün bunları edib və ona görə də cəmiyyətdə də, ədəbi mühitdə də, musiqi aləmində də O özüdü!

Onu lap gənclik illərimdən tanıyıram və o vaxtdan da sözünə də, yaradıcılığına da, mənəviyyatına da, gözəlliyinə də bir sayqı, bir sevgi yaşayır içində. Mənim üçün o imzasını təsdiq etmiş nəğməkar şair, həm də çevrəsinin diqqət mərkəzində olan yüksək dəyərlərə malik, xanım-xatın bir mələk Qadındı! Anadı! Nənədi!  Və bir də oxucularının sevimlisi, sevənlərinin ilham pərisidi. Bu arayışı ona görə xüsusi təqdim edirəm ki, oxucu təkrar bilib inansın,   bir söz adamının dilindən eşitsin ki, bu xanım şairə ruhuyla, vücuduyla, əxlaqıyla sözün iç dünyasını görür,  gəzir və axtardığını da tapır...

Yenə kitab rəfimin önündəyəm və yenə əlimi uzadıb bir kitab götürürəm. Bu, onun kitabıdı. Adı da maraqlıdı:

- VƏTƏN BİR DƏ DOĞULMUR!

Bu doğulmayan vətəndə, bu bir dəfə bizə verilən vətəndə dünən, bu gün necə yaşamışıq və necə yaşayırıq bu başqa bir mövzudu. Bunu başqa bir zamanda, başqa bir müstəvidə oxucularla bölüşəcəm. İndi isə ruhumu oxşayan, xatirələrimə işıq salan, əlimdən tutub özü ilə aparan kövrək duyğuların cığırına düşmüşəm, gedirəm. Gedirəm və məndən öndə gedən Onu da görürəm. O, bir xəyal deyil, O, bir gerçəklikdir. Və O bir gerçəklik kimi məni duyur və ürəyimdən keçəni öz ürəyinin səsi kimi pıçıldayır. Deyir ki:

İpə-sapa yatmır daha dözümüm

Dara çəkir məni sənli xəyallar.

Qınasam da bu sevgidə özümü

Qıyma mənə ayrılığı nə olar?..

Bəli, yaxşı istəkdi, yaxşı diləkdi, içdən gəlir, candan, qandan süzülür. Dupduru göy üzü kimi ovudur məni. Elə ovuna-ovuna da məni çəkən, məni özü ilə aparan xəyalların qucağında yenə Səni görürəm. Yenə Onun səsi sənin təsvirin kimi danışır mənlə. Mən onun səsində Səni görür, sanki Səninlə üz-üzə dayanıb bu anın ölümsüz olmasına çalışırıq, güc sərf edirik. Allahdan kömək diləyirik. Axı bizim hər ikimiz üçün hər an bir ömürdü, hər an bütün dəyərlərdən dəyərli və qiymətlidi. Axı:

Hər anımda gözlərimə görükən –

Xəyal deyil, gerçəkliyin özüdü...

Təmasımdan, hənirimdən perikən –

Sevdiyimin ürək çəkən gözüdü...

Bax elə bu misralar mənim nə demək istədiyimi oxucuya bir növ ip ucu kimi, gül ləçəkləri kimi çatdırır. Ona görə gül ləçəklərini vurğulayıram ki, həmin ləçəklər   soluxşuyanda külək onları bir-bir qoparır və səpib, dağıdır ətrafa. Görənlər görür, düşünür, görməyənlərə    söyləyib düşündürür. Mən də bütün məqamlarda, bütün yerlərdə Səni  görmək, dinləmək, baş-başa qalmaq istəyi ilə ayaqdayam. İşim, gücüm, hətta aldığım nəfəs də Sənə köklənib. Ona görə də izinə düşüb getdiyim o xanımın pıçıltısı məni bir az da həvəsləndirir, bir az da dözümlü olmağa kökləyir. O deyir ki:

Tək bircə gün eşitməsəm səsini

Elə bil ki, bu dünyada karam, kar.

Həsrətinlə sınama gəl sən məni

Qıyma mənə ayrılığı nə olar...

 Hə, görürsünüzmü, nə qədər səmimi deyir, nə qədər içdən gələn sevgi ilə pıçıldayır mənə, sənə, bütün oxuculara, bütün sevənlərə. Bu pıçıltını dinləməmək qeyri-mümkündür. Əgər dinləmirsənsə, deməli, sevmirsən! Sevmirsənsə, deməli, bu dünyanın adamı deyilsən. Bu dünyanın da adamı deyilsənsə, deməli, bir heçliksən... Heç kimə lazım olmayan heçlik!..

Nə yaxşı ki, həmin o pıçıltı var və sevgini də, dünyanı da, bir sözlə, yeri də, göyü də xatırladır sevənə. Ona görə də gerçəklik daha şirin gəlir adama. Daha doğma olur və o doğmalığa   bələyirsən özünü. Sən onun içərisində mənim əvəzimə, daha doğrusu, sevən bəndənin əvəzinə sevənin, yəni mənim sözümü deyirsən:

Mən nağıllar divanəsi deyiləm,

Yer üzündə canlı gördüm mələyi!

İstəsə o dizlərinə əyilim –

Qınamaram bu məqamda fələyi!..

Heç kimi heç nədə suçlamaq olmaz. Bu bir etik, həm də insani yanaşmanın düsturudu. Mən həyatım boyu kiminsə haqqına girmədən, kiminsə əməlinə, davranışına, öz baxış bucağım altında ləkə salmamışam, onu qaralamamışam. Çünki hər kəsə öz can köynəyi daha yaxındır. Və hər kəs də necə yaşamağı, necə sevməyi özü daha yaxşı bilir. Deməli, yaxşısını bildiyi halda ona mənim bildiyimi zorla aşılamaq ən böyük tərbiyəsizlik olar. Şükür ki, heç zaman bu düşüncəni özümə yaxın buraxmadım. İndinin özündə də içimi görüb, ürəyimi oxuyub, duyğularımı sözə çevirən və bəlkə də öz duyğularının məndə  ifadəsini misralayan həmin o xanımın fikirləri bir növ mükəmməl mənbədi. Bütöv bir kitabdı, oxuyur və düşünürsən. Düşünəndə də həmin səsi eşidirsən:

Gözlərinə baxmaq üçün darıxdım,

Gözlərimin sənə neçə sözü var.

Əllərinə toxunmaqçün darıxdım

Qıyma mənə ayrılığı nə olar...

Təmas, özü də içdən gələn, ürəyin və ruhun ehtiyacı olan təmas Sevginin tər çiçəyidi. Onun qoxusu, onun təravəti yalnız sevənə aiddi. Bu aid olanın çevrəsinə min arı, min kəpənək, min böcək yığışsa da, Sevənin duyduğunu, daddığını, yaşadığını onların heç biri nə duya bilməz, nə dada bilməz, nə də yaşaya bilməz. Çünki ortada ürək və ruh olmayacaq. Ürək və ruhun olmadığı yerdə isə o təmas ən yaxşı halda bir şəhvət hissidi - özü də bir anlıq! Çılpaq desəm bir öpüşlük... Bununla da ötüb getdi. Amma ürəyin və ruhun təması öz sehri ilə səni bu misraları dinləməyə, onun qarşısında sükuta dalıb düşünməyə, sevgini yaşamağa məcbur edir. Həmin misralar indi də qulaqlarımda səslənir:

Yaşadığım, yaşatdığı bir adda

Gerçəkləşdi sevgisiylə canımda...

Bəlli olan bu tarixdə – həyatda –

Allah onu işıq etdi yanımda...

Əvvəldə dediyim kimi, həyatın ən böyük özəlliyi içindəki özünə aid duyğuların sənə hakim olması və səni yaşatmasıdı. Bu duyğuların işığa çevrilməsi isə dəlilik yox, MƏCNUNLUQDU! Məhz həmin anda bir varlıq olaraq Allahdan və sevdiyindən başqa kimsəni görmürsən. Allaha və sevdiyinə inancdan başqa kimsəyə inancın olmur. Deməli, sevgi səni şah etdiyi kimi, sən də onu ömrünə tac edirsən. Vay onda olur ki, o tacı başında saxlamağa gücün, qüdrətin çatmır. Bax, onda...

Bəli, bax onda bütün duyğular, bütün hisslər ovulmuş sünbül, vağanımış ot, daha nəbilim nə olur. Sən ona toxunanda bir məna kəsb etmir, toxunmayanda da. Belə məqamda isə etdiklərin, layiq olduqların kəsir qarşını. Suallar dolu kimi yağır. Cavablar isə yoxdu. Ən yaxşı halda cavablar sınıq şüşə parçasıdı, heç nəyə yaramır, heç nəyi ifadə etmir.

Həqiqətən bu prosesin içərisində qalib olan sevgi hər zaman DİQQƏT istəyir. Gücü, iradəsi, həqiqi sevgisi olan isə  o istəklə yanaşı, bir nigaranlıq da, bir rahatsızlıq da  aparır    özü  ilə hər hər yerə. Çünki o DİQQƏT istəyənin yanında olmaq üçün doğulub, var olub. Amma həyat hər zaman istəkləri rahatlıqla gerçəkləşdirməyə nə meydan vermir, nə də şərait yaratmır. Ona görə həmin o şairə xanım yazır:

Taleyindən nigarandı bu sevgi

Ürəyində neçə qəmli arzu var.

Gör nə vaxtdı sərgardandı bu sevgi,

Qıyma mənə ayrılığı nə olar...

Qıyma mənə ayrılığı nə olar...

Biz özümüzün kimliyimizi fizioloji, fiziki cəhətdən hər yerdə göstərə bilirik. Bizi qarşılayan, bizi izləyən, bizi gözləyən qarşılaşanda cismimizlə, görkəmimizlə, kimliyimizi bilir. Amma əsl kimlik görünmür. O insanın içindədi. Onu bilmək üçün o iç dünyaya bələd olmaq lazımdı. Şəxsən mənim kimliyimi Allahdan və Səndən başqa heç kim tam və dürüst bilmir. Mən də Allahdan və Səndən başqa kiminsə  kimliyimin bilməsini arzu etmirəm. Və nəhayət mən o kimliyi Sənə vermişəm. Özü də ən böyük həvəslə, ən böyük istəklə. Və demişəm ki:

Daşıdığım quru cisim – bədəndi

Ruhum səndə – onu sayma gəl xəyal!...

Mənim sevgi təmənnam tam ödəndi –

Şükürlər Sən  varsan, sən salamat qal!..

Təəssüf ki, biz  bu dünyada ruhumuzun və ürəyimizin sahibi olmaq üçün heç də həmişə çarpışmamışıq, mübarizə aparmamışıq. Bizi daha çox görüntülər, görünənlər, gözün diqqətini çəkənlər ovudub, aldadıb. Və axırda da...

...Axırda da hər kəs yenə SEVGİYƏ möhtac  qalıb. Mənə görə həyatın ədaləti də elə burdadır.

P.S, Şeri ilə şerimi  bir araya  izinsiz gətirdiyim üçün Kəmalə Abiyevadan üzr istəyirəm!

ƏBÜLFƏT MƏDƏTOĞLU

Ədalət.-2022.- 6 avqust.- S. 6.