Nigeriyalı
yazarın Azərbaycan sevgisi
Oktyabrın 30-da Beynəlxalq Avrasiya Mətbuat Fondunun
(BAMF) rəhbərliyi ilə “Libraff” kitab mağazalar şəbəkəsinin
“Park Akademiya” filialında Nigeriyalı yazıçı, tədqiqatçı Nik
Nvolisanın “Mənim Qarabağa səfərim” adlı
kitabının təqdimatı və imza mərasimi
keçirildi.
Tədbir “TEAS Press” nəşriyyatının yüksək
keyfiyyətlə çap etdiyi bu xatirə kitabının
ictimaiyyətə təqdimatı ilə müşaiyət
olundu. Kitab müəllifin Azərbaycanda və Qarabağda
gördüklərini, Beynəlxalq Avrasiya Mətbuat Fondunda
qazandığı təcrübələri və
müşahidələrini əks etdirir. Odur ki, müəllif
giriş nitqində bunları söylədi: “Umud müəllim
həm mənim rəhbərim, həm də mənəvi atamdı.
Mən Azərbaycanda təkcə işləmədim, həm də
böyüdüm, öyrəndim, dəyişdim. Qarabağa səfərlərim
isə həmişə bu yolun mənəvi zirvəsi olub”.
Tədbirdə millət vəkilləri, səfirlər,
ictimai xadimlər, ali məktəb rəhbərləri, media
nümayəndələri və vətəndaş cəmiyyətinin
təmsilçiləri iştirak edirdilər. Tədbirin
moderatoru Mətbuat Şurasının sədri və BAMF Himayəçilik
Şurasının üzvü Rəşad Məcid idi.
BAMF-ın prezidenti Umud Mirzəyev öz
çıxışında müəllifin Azərbaycana gəlişinin
tarixçəsini xatırladı. O, Nik Nvolisanın Bakıya
ilk gəlişindən, Xəzər Universitetində təhsil
almasından, daha sonra BAMF-da könüllü fəaliyyətə
başlamasından danışdı. Bu enerjili oğlanın
kollektivdə necə mehriban davranmasından, təşkilatın
Proqram Departamentinin rəhbəri vəzifəsinədək
yüksəlməsindən söz açaraq:
“Nik illər boyu təkcə təşkilatımızda
deyil, Azərbaycanın müxtəlif bölgələrində,
o cümlədən Qarabağda həyata keçirilən
humanitar və sülhyaratma missiyalarında da iştirak edib.
Onun kitabı təkcə şəxsi xatirələr toplusu
deyil, həm də Azərbaycanın mübarizə və dirçəliş
tarixinin bir salnaməsidir,” – söylədi.
Umud Mirzəyev həmçinin əlavə etdi ki,
Nikin bu kitabı müasir Azərbaycanın xarici oxucuya
tanıdılması baxımından mühüm, orijinal və
dəyərli bir işdir.
Kitabın təqdimatında çıxış edən
Azərbaycan Beynəlxalq Məktəbi – TİSA-nın
direktoru Angela Romney müəllifin kitabda Qarabağın
tarixini və xalqımızın mübarizəsini çox
canlı və təsirli şəkildə qələmə
aldığını bildirdi.
Daha sonra Xalq yazıçısı, AYB-nin baş
katibi və BAMF Himayəçilik Şurasının sədri
Çingiz Abdullayev, millət vəkilləri Səməd
Seyidov, Fazil Mustafa, Ceyhun Məmmədov, Razi Nurullayev,
Qarabağ Dirçəliş Fondunun sədri Rəhman
Hacıyev, həmçinin media təmsilçiləri və
səfirlik nümayəndələri çıxış
etdilər.
Çingiz Abdullayev, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
üçün bu cür kitablara daha çox ehtiyac
duyulduğunu vurğuladı:
“Əgər biz öz tariximizi yalnız öz dilimizdə
danışsaq, bizi kim eşidəcək? Ona görə də
Nik kimi haqsevər, Azərbaycansevər müəlliflərin
yaradıcılığı bizim üçün çox qiymətlidi.
Bizim keçmişimizi və bu günümüzü
dünya ictimaiyətinə bu cür təmənnasız
müəlliflər çatdırdıqda daha effektli olur”.
Millət vəkili Səməd Seyidov isə
çıxışında kitabı ədalət və
sülh ideyalarının təbliğinə töhfə kimi
dəyərləndirdi:
“Uzun illər Azərbaycan həqiqətlərinə
qulaq asmaq istəməyən dünyaya biz indi öz səsimizi
dinlədə bilirik. Belə kitablar bu səsimizi daha uzaqlara
aparır” – söylədi.
Millət vəkili Fazil Mustafa əsərin ingilis dilində
yazıldığına görə onun təsir dairəsinin
nə qədər geniş olacağını
vurğuladı:
“Başqa xalqlar Azərbaycanı bizim
baxışımızla yox, öz dillərində, öz
düşüncə tərzlərində tanıyanda daha dərindən
anlayırlar. Bu mənada Nik Nvolisanın kitabı çox dəyərlidir”.
Siyasi şərhçilər Elçin Alıoğlu
və Azər Həsrət də öz
çıxışlarında kitabı yüksək qiymətləndirərək,
Azərbaycan həqiqətlərinin xarici auditoriyaya
çatdırılmasında önəmli addım olduğunu
qeyd etdilər.
Qarabağ Dirçəliş Fondunun sədri Rəhman
Hacıyev isə kitabı “hər bir oxucu üçün
yeni həyat dərsi” adlandırdı:
“Bu əsərdə həm Qarabağın
ağrısı, həm də dirçəliş ümidləri
var. Xarici müəllifin qələmindən
çıxması onu daha da təsirli edir”.
Nik Nvolisa artıq 20 ilə yaxındır Azərbaycanda
yaşayır. O, Xəzər Universiteti, Slavyan Universiteti və
ADA Universitetində təhsil alıb, burada ailə qurub.
İllərdir ki, Azərbaycan cəmiyyətində “ikinci vətən”
adlandırdığı Azərbaycan naminə yorulmadan fəaliyyət göstərir. Onun
“Mənim Qarabağa səfərim” kitabı sadəcə, bir
xarici müşahidəçinin qələmə
aldıqları deyil, sülh və ədalət tərəfdarı
olan bir insanın haqq səsi, peşəkar jurnalistin obyektiv və
qərəzsiz mövqeyidir.
Bu kitab həm də dostumuz və həmkarımız
Nikin Azərbaycana olan sevgisinin, sadiqliyinin ifadəsidir. O,
Qarabağla bağlı reallıqları sadəcə bir
reportyor kimi deyil, eləcə də BAMF ailəsinin bir
üzvü olan insanın baxış bucağından qələmə
alıb.
Tədbir iştirakçılarının da
vurğuladığı kimi, bu cür nəşrlər Azərbaycanın sülh
missiyasının, mədəni irsinin və mübarizə
tarixinin dünya miqyasında tanıdılması uğrunda
vacib addımlardandır.
Murad Köhnəqala
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.9.