XALQ
ARTİSTİ GİLEYLİDİR:
“Sənət ruhumu
öldürürlər”
İnsanlar var ki, onlar
yalnız sənət üçün doğulurlar. Ömrünü sənətə fəda
edən, teatrı isti yuvası qədər sevən xalq artisti
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının
aktrisası Fatma Mahmudova da sözün əsl mənasında
sənət fədaisidir. 70 illik mənalı ömrünün
57 ilini teatra həsr edən sənətkarın tək
gözləntisi diqqət, qayğı və sevgidir.
-Fatma xanım, Ağdam kimi mühafizəkar bir rayonda yaşamısınız.
Aktrisa kimi fəaliyyət
göstərmək sizə çətin idi?
- Əlbəttə, qızım. Ora Ağdam idi,
Ağdam... Akrtisa olduğum üçün sinif
yoldaşlarım, mətkəb direktoru, müəllimlər mənimlə
danışmırdılar. Məktəbli olanda 5 məktəb
dəyişmişəm. Hamı pis gözlə baxırdı
ki, mən artistəm. Evdə heç kəs məni
dindirmirdi. Amma bütün bu çətinliklərə rəğmən
mən bu yolu seçdim. Aktrisa oldum. Çox çətinliklər
gördüm. Mənəvi çətinliyim maddi çətinliklərimi
kölgədə qoyurdu. Ağdamda aktrisa kimi teatr səhnəsinə
çıxmaq hünər tələb edirdi. Anam
barmaqlarıma dağ basırdı ki, teatra getməyim. Amma yenə
də gedib rol oynayırdım.
-Ağdam işğalda olduğu dönəmdə hansı günlər
üçün darıxırdınız? Yəni Ağdamda
nə var idi ki, onu Bakıda hiss edə bilmirdiniz?
-Hə, Tofiqli günlərim üçün çox
darıxıram. Ömür-gün yoldaşım, Əməkdar
artist, Azərbaycan teatr sənətinin əvəzolunmaz
aktyorlarından biri Tofiq Qarayevin yeri görünür. Onunla
Ağdam teatrının səhnəsində tüğyan
etdiyimiz günlər üçün çox
darıxıram. Məni çox incitsə də, amma onlu
günlər üçün elə darıxıram ki…
(ağlayır)
Baxmayaraq ki, Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının səhnəsində çox sayda rollarım
olub, amma Ağdam teatrında Tofiqlə tərəf müqabili
olduğum tamaşalar mənim üçün əvəzsizdir. O tamaşalardan aldığım
zövqü heç bir tamaşadan almadım. Çünki
orda Tofiq var idi. Elə həmin tamaşalar üçün
darıxıram.
-Fatma xanım həmkarlarınızdan kimlər sizi
ziyarət edir?
- Elməddin Cəfərov,
Ələkbər Əliyev, Nahidə Orucova, Çingiz Əhmədov,
Əkbər Əlizadə məni xəstə olduğum vaxtda
axtardılar. Sağ olsunlar. Amma, qızım İntizar həmişə
deyir ki, ana, sənin bu çətin
zamanında Lalə Azərtaş mənə ana,
Əliqismət Lalayev isə ata oldu. Doğru deyir, Əliqismət
müəllim də, Lalə xanım də mənə
böyük kömək etdilər. Çox dəstək
oldular.Mədəniyyət naziri Adil Kərimli,
teatrımızın keçmiş və indiki rəhbərliyi
mənə çox diqqət
göstərdilər. Onlardan çox razıyam.
- Prezident İlham Əliyev Ağdamda incəsənət xadimləri ilə
görüşdü. Sizi o sıralarda görmədik…
-Qızım, bu barədə geniş danışacam.
Əvvəla, onu deyim ki, mən Xalq artisti fəxri
adını Ulu Öndər Heydər
Əliyevin imzası ilə almışam. Prezidentimiz İlham
Əliyevdən və Mehriban xanım Əliyevadan həmişə
diqqət, qayğı görmüşəm. Bir aktrisa kimi həmişə
məni dəyərləndiriblər. Ancaq bir məqam məni
çox incidir. Ağdam rayonunun icra başçısı
Vaqif Həsənovdan çox
gileyliyəm. Mənim də arzum idi vətənimdə
prezidentimlə görüşüm, onun əlini
sıxım, amma o siyahıda adım yox idi. 57 il Azərbaycan teatr sənətinə
töhfələr vermiş Xalq artisti Fatma Mahmudovanı ora
çağırmadılar. Niyə? Axı mən də
ağdamlıyam. Niyə o görüşdə olmayım?!
Digər rayonlarımızın icra başçıları
deyirlər ki, Fatma xanım, sizə yubiley tədbiri keçirək.
Amma təəssüf ki, bu diqqəti icra
başçımızdan görmürəm. Mən
ağdamlıyam. Niyə Ağdamda tamaşçılarla
görüşüm olmamalıdır, niyə orada yubileyim
qeyd olunmamalıdır? . İncəsənət
adamının ən böyük istəyi diqqətdir,
qayğıdır.
Birinci Qarabağ savaşında səngərlərdə
əsgərlərimizlə çiyin- çiyinə olan sənət
adamı mən idim. Niyə Ağdamın bu xoş günündə orda
olmayım? Bu cavabsız
suallarım mənim səhhətimdə ciddi problemlər
yaratdı. Axı mən bu diqqətsizliyə
layiq deyiləm.
Ağdama gedəndə icra başçısı ilə
görüşmək istədim, amma nədənsə mənə
zaman ayıra bilmədi.
Nə yaxşı Ulu Öndər Heydər Əliyev
bu hakimiyyətə gəldi. Mən onun hakimiyyəti
dövründə diqqət- qayğı gördüm. Bu gün də mən Ulu Öndərin
verdiyi o çörəyi yeyirəm.
Mən itib-batmalı sənətkar deyiləm. Mən
səngərlərdə canımı qoymuşam.
Cavanlığım o müharibə olan yerlərdə
keçib. Müharibə veteranıyam. İlk dəfə ermənilərin
hədəfi mən olmuşam. Ağdamda terrorun ilk
qurbanlarından biri olmuşam.
Avtobusda mina partlayıb, həmin avtobusda mən də
olmuşam. Orda ağır stress keçirmişəm. Bu yaşadıqlarımdan sonra yenə
də səngərə qayıtdım. Çox ümid edirdim
ki, yubileyim yüksək səviyyədə qeyd olunar, təltif
olunaram. Düşünürəm ki, bu gözləntim
normaldır. İncəsənət adamıyam axı. Məgər mən “Şöhrət”
ordeninə layiq sənətkar deyiləm? Ömrünün 70
ilini geridə qoymuş bir aktrisa kimi mənim haqqımdır.
Prezidentimiz Ağdama səfər edəndə mən də
orda olsaydım, sözümü ona deyərdim. İnanıram
ki, bir sənətkar kimi mənə diqqət ayırardı.
-Bu qədər ayrı-seçkiliyin səbəbin nədə
görürsünüz?
- İncəsənət adamı diqqət istəyir,
təəssüf ki, Ağdam rayon rəhbərliyindən bu
doğma münasibəti görmürəm. Mədəniyyət
işçilərinə isə xüsusi diqqət-
qayğı göstərilməlidir. Çünki bu
onların tək qazancıdır. Diqqətsizlik aktyorun sənət
ruhunu öldürür.
Düşünürdüm ki, yubileyimdə zəng
etməsə də, xəstələnəndə yəqin mənimlə
maraqlanacaq. Amma gümanım elə güman olaraq da qaldı.
Xəstə adam heç kəsə lazım olmur,
qızım. Mən deyirəm ki, ölümdən qorxmuram.
Amma ölməyə də
utanıram. Mənim iki qızım var. Onlar mənimlə
yaşayırlar. Möhtərəm
prezidentin hədiyyə etdiyi evdə yaşayırıq. Evimiz
natamam təmirlidir. Mən
aktrisayam, qazancım tamaşaçı
alqışıdır. Başqa bir yerdən dəstəyim
yoxdur ki, maddi problemlərimi qarşılayım.
-Sağalıb səhnəyə qayıdan kimi
hansı rolu oynamaq istəyirisniz?
-Hər bir aktrisanın oynamaq istədiyi rol olur. Mən
də komediya janrında maraqlı bir əsərə
müraciət edib, həmin tamaşa ilə yubileyimi
keçirmək istəyirəm.
-Ən böyük arzunuz nədir?
-Ən böyük arzum “Söhrət” ordeni və ya “Heydər Əliyev”
mükafatına layiq görülmək. Çox istəyərdim
ki, bu iki şərəfli addan birinə sahib olum. Mən sənətimlə,
fəaliyyətimlə buna layiqəm.
-Ağdam işğaldan azad olunub və quruculuq işləri
aparılır. Ağdam teatrı yenidən şəhərdə
öz yerində bərpa olunandan sonra
aktrisa kimi orada səhnəyə
çıxarsınız?
- Ağdam bütövlükdə bir sənət
ocağıdır. Teatrı öz isti yuvam kimi sevirəm.
Ağdam teatrı mənə doğmadır. Nə gözəl
xatirələrim var orda. Əgər
sənətə və sənətkara diqqət və qayğı görərəmsə
, əlbəttə, öz doğma yurdumda teatr adlı bir məbədin səhnəsindən
tamaşaçı alqışı almaq mənə qürur
verər. Amma təəssüf ki...
Cavanlığımda oynadığım obrazları gənc aktrisaların
ifasında Ağdam teatrının səhnəsində
tamaşaçı kimi izləmək mənə ruh verər.
Əntiqə Kərimzadə
Ədalət .- 2025.- 7 noyabr (¹42) .- S.16.