Tənha adamın
nağılları
“Sizə güvənirəm
yaxşı adamlar
Qardaştək, oğultək qoruyun məni,
Bir insan ömrünü vurum axıra”.
Nüsrət Kəsəmənli
1970-ci illərin əvvəli idi, Nüsrət Kəsəmənlinin
“Azərbaycan” jurnalında bir neçə şeiri dərc
olunmuşdu. Bu şeirlərin içərisində “Getmək
istəyirəm” şeiri də vardı. Çox az bir müddətdə
bu şeir gənclər, xüsusilə tələbələr
arasında ildırım sürəti ilə yayılaraq dillər
əzbəri oldu və Nüsrət Kəsəmənliyə
böyük şöhrət gətirdi.
Elə o vaxtdan Nüsrət Kəsəmənli ədəbi
mühitdə bir ulduz kimi
parladı və oxucular arasında sevilməyə
başladı.O, minlərlə Nüsrətsevərlər kimi
mənim də gəncliyimin şairidir.
Az sonra Nüsrət Kəsəmənli bir-birinin
dalınca öz şah şeirlərini yaratdı. Onun “Biri
vardı, biri yox”, “Daha nağıllara inanmıram mən”, “Bənövşə
bəndə düşdü”, “Etiraf”, “Yandır məktublarımı”,
“Dünən toyun idi”, “Dünya köhnə dünyadı”, “Sən
demə təzədən sevmək olarmış”, “Alnından
öpdüklərim”, “Dəli bir ağlamaq keçir
könlümdən”, “Avtoportret” və s. çoxsaylı
şeirləri dillər əzbəri oldu Nüsrət Kəsəmənlinin...
150-dən çox şeirinə mahnı yazıldı.
Çox təəssüf ki, ömrü çox
qısa oldu!
Şəxsiyyətinə və
yaradıcılığına böyük hörmət bəslədiyim,
ədəbiyyatşünas-alim, dostum Rüstəm Kamalla
növbəti görüşlərimizin birində söhbət
Nüsrət Kəsəmənli
yaradıcılığından düşdü.
Qeyri-adi istedadı, fenomen duyum qabiliyyəti olan
Rüstəm Kamal Nüsrət Kəsəmənlinin məhəbbət
mövzusunda yazdığı şeirlərdən, onun
qeyri-adi istedadından, yaradıcılığının qəribəliklərindən
ətraflı söhbət açaraq, onun ölüm-həyat
mövzusunda yazdığı şeirlərin üzərində
xüsusilə dayandı.
Rüstəm müəllim Nüsrətin şeirlərdən
misallar gətirərək sübut etmək istəyirdi ki,
Nüsrət öz ömrünün sonunu görüb, hiss
edib və öz ölümünə aid şeirlər
yazıb.
“Nüsrət Kəsəmənli ilk şeirindən
son şeirinəcən içində ölümü gəzdirib”.
(Rüstəm Kamal)
Bu fikir mənə Nüsrət Kəsəmənli
yaradıcılığına yenidən nəzər
salmağa sövq etdi.
Mənim bu şəhərdə kimim var axı,
Bu ömrün sonuna gümanın azdır.
Yaxşılar yolumda çıraq kimidir,
Yamanlar tülkütək pusquda durub.
Sizə güvənirəm yaxşı adamlar,
Qardaştək, oğultək qoruyun məni.
Bir insan ömrünü vurum axıra,
Mənim bu şəhərdə kimim var axı...
(“Mənim bu şəhərdə kimim var axı”)
Bəli! Qoruya bilmədik bu qeyri-adi istedad sahibini...
Tülkütək pusquda duranlar yedi Nüsrət Kəsəmənlinin
ürəyini...
Səmimi etiraf edirəm ki, mənim ən çox
sevdiyim və şeirlərini ən çox oxuduğum
şairlərdən biri Nüsrət Kəsəmənlidir.
Onun mənim kitabxanamda 3
kitabı var. Bunlardan biri 1991-ci ildə çapdan
çıxmış “Hamısı sevgidəndir”
kitabıdır. Elə həmin ildən də kitab məndədir.
Bu kitabda toplanmış şeirlərin bir çoxunu əzbərdən
bilsəm də, bu kitab mənim stolüstü
kitabımdır.
Lakin Rüstəm Kamalın o söhbətindən
sonra yenidən kitabı oxudum.
Dönə-dönə...
Öncə onu qeyd etmək istərdim ki, kitabdakı
şeirləri müəllif
özü seçib,
özü tərtib edib.
Kitabın birinci vərəqində belə bir qeyd də
var: “Şair Nüsrət Kəsəmənli bu kitabına
oxucu sınağından keçmiş şeirlərini daxil
edib”.
Digər incə bir məqam! Kitaba ön söz
yazılmayıb. Ön söz yerində şairin “Vətən”
şeiri yer alıb. Bu da təbii ki, təsadüfi deyil.
Müəllif demək istəyir ki, “Öncə Vətəndir!”.
Anaların torpağı sulayan tərini sevdim,
Göy qurşağı kimi əlvan yerini sevdim.
....Düşmənimə “yan”–deyən,
Dostlarına “can” – deyən,
Anam “Azərbaycan”- deyən,
Dilini sevdim, Vətən!
(“Vətən”)
Şairin cismani yoxluğundan 10 il keçməsinə
baxmayaraq, onun şeirləri indi də dillərdən
düşmür. Sevənlər bir-biri ilə Nüsrətin
şeirləri ilə danışır, bir-birinə olan məhəbbətlərini
onun şeirləri ilə bildirirlər:
Günəş kimi gülümsəyir üzümə,
Əllərimə, nəfəsimə tələsir,
Əyilirəm tikan batır dizimə,
Mən susuram,əvəzimdə o əsir,
Tərəddüdü çırpıb yerə bu
axşam,
Cəsarətə gələcəyəm deyəsən,
Mən bu gülü dərəcəyəm deyəsən.
(“Mən bu gülü dərəcəyəm deyəsən”)
Görkəmli dilçi, tənqidçi, ədəbiyyatşünas-alim,
akademik Nizami Cəfərovun Nüsrət Kəsəmənli
yaradıcılığı haqqında belə bir fikri var: “Mən
Nüsrət Kəsəmənli
yaradıcılığının qeyri-adiliyini, elmi
anlayışlarla, akademik mülahizələrlə şərh
etməli olduğu halda yalnız qeyri-adi sənət
qarşısında heyrətini bildirməkdən başqa bir
şey eləyə bilməyəcəyimi hiss etdiyindən təəssüflənirəm.”
Nə qədər səmimi və dəqiq ifadə!...
Nüsrət Kəsəmənlinin lirikasında
eşq də var, məhəbbət də, sevgi də var,
ehtiras da, şəhvət də, coşqu da, ərköyünlük
də, vüsal da var, hicran da, od da var, atəş də, eyni
zamanda bu şeirlər də soyuqluq da var, nifrət də,
dönüklük də, atılmaq da, vəfasızlıq da,
etinasızlıq da, laqeydlik də, bir sözlə, onun lirik qəhrəmanı
canlıdır, insanı Allah necə yaradıbsa, o cür də
təsvir olunur, hətta o qədər canlıdır ki, o sanki
müəllifin özüdür, sanki müəllif
bütün bu hissləri özü yaşayıb, sonra
şeirə köçürüb.
Bu baxımdan Nüsrət Kəsəmənli
lirikasına heyran qalmaya bilmirsən:
Çiynimdə bir telin gəlib mənimlə,
Dolanıb boynuma aça bilmirəm.
Bir ucu cəhənnəm, bir ucu cənnət,
Mən bu qıl körpünü keçə bilmirəm.
Nüsrət Kəsəmənli şeirlərinin
üstün cəhətlərindən biri də səmimiliyidir
, etiraflarıdır...
Nüsrət Kəsəmənli öz
günahlarını səmimiyyətlə
etiraf edir.Şairin ömür-gün yoldaşına xitabən
yazdığı “Etiraf” şeirinə diqqət yetirək:
Sənsən dağlar kimi səbrlə dözən,
Bəlkə tərəddüdlə çox
döyüşmüsən,
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən.
(“Etiraf”)
Və ya:
Qapını döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib,
İsti dodağımda bir öpüş izi,
Əlimdə bir saçın xınası gəlib.
Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam demişəm.
(“Qapını döymüşəm gecəyarısı”)
Yaxud
İçindən qəm ilməli əriş-arğac
keçibdir,
Sevinc yarıtox gəlib,
qəm yarıac köçübdür.
Sel olan göz yaşımı bir ehtiyac içibdir.
Tanış olaq, oxucum, tanış olaq,
bu mənəm.
(“Avtoportret”)
Nüsrət Kəsəmənli ehtiyaclarla
qayğılarla dolu uşaqlığından və ilk gəncliyindən
bir nağıl danışır və “Daha nağıllara
inanmıram mən” deyir:
Fatmalar ayağı kəndirdə qalmır,
Kündəmiz küt gedir təndirdə qalmır.
Qarğalar tülküyə daha aldanmır,
Daha nağıllara inanmıram mən.
(“Daha nağıllara inanmıram mən”)
Nüsrət Kəsəmənli
yaradıcılığında vaxt mühüm fəlsəfi anlamlardan biridir. O, vaxtının qədrini bilmədiyini
təəssüflə qeyd edərək: “Vaxt uçub siqaret
tüstülərində, vaxt uçub çarpayı istilərində”
, “Qaldırıb qədəhə içmişəm
vaxtı”, “Vaxtı su kimi içirik” deyən şair
“Öldürdüyüm günlər üçün
rekviyem” yazır:
Əllərimlə kiminsə telinə
bağlanmışam,
Sizi bir qandal kimi əlimə bağlamışam,
Qədrinizi bilməyib sonralar ağlamışam,
Bağışlayın siz məni vaxtsız ölən
günlərim.
Sonra isə zamanı duelə çağırır:
Məqsədsiz düşəndə yolun
ağına,
Vaxtı bir tum kimi çırtlayanda mən,
Qışqırıb zamanın kar qulağına,
Zamanı duelə çağırıram mən.
... Nüsrətsevərlərə məlumdur ki, o qəfil
ağır xəstəlikdən dünyasını Təbrizdə
dəyişib.
Bu da bir tale
yazısı idi.
Onun Təbrizə həsr etdiyi şeirlərə diqqət
yetirək. Oğlu Araza xitabən yazdığı şeirində:
Vətən alov etsin odunu sənin,
Böyü bu torpaqla, bu yurdla öyün.
Mən Araz qoydum ki, adını sənin,
Evimdə Arazı çağırım hər
gün.
Bil ki, bu torpağın Araz dərdi var,
Kim deyir Arazın bir az dərdi var.
Don vurmuş həsrətin muraz dərdi var,
Hələ ki, sonunu görən tapılmır.
(“Vətən alov etsin odunu sənin”)
Öz övladını Araz adlandıraraq Arazı
yadından çıxartmayan şair “Ağlama, Təbrizim,
ağlama” şeirində vətənin
igid oğullarına müraciət edir:
Bir torpağın üstündə,
O taylı, bu taylıyıq.
Torpaq ki, ömür deyil,
Necə gəldi paylayaq.
Nə qədər “qardaş” deyib,
Uzaqdan haraylayaq,
Ucalt haqqın səsini.
De sözünü saxlama,
Ağlama Təbrizim, ağlama.
(“Ağlama Təbrizim, ağlama”)
Mənə elə gəlir ki, ədəbiyyatımızda
elə bil Təbriz mövzusu bir qədər unudulub.
Xüsusilə də son dövrlərdə bu mövzuda
çox az əsərlər yaranır. Bilmirəm, bəlkə
o taya gedib-gəlmək bir qədər asanlaşıb, ona
görədir.
Bu baxımdan Təbriz mövzusu Nüsrət Kəsəmənli
yaradıcılığından xüsusi xətt kimi
keçir və zaman-zaman bu
mövzuya qayıdır.
Fikirlərimin təsdiqi üçün bir neçə
nümunə gətirmək istərdim:
Gülə – gülə qovuşanda il-ilə,
Görəcəyəm Araz axır gül ilə.
(“Qapamayın gözlərimi”)
Çətin sərhədlərdən yol açmaq
üçün,
Təbriz toylarında qol açmaq üçün,
Dünyanı nəğməylə dolaşmaq
üçün,
Qıratı, Bozatı istəyirəm mən.
(“A dağlar, qalayın qarı sinəmə”)
Dərib bu çiçəkləri düzələm
yola,
Düzəm həsrətimin torpağına,
daşına.
Bir çiçək də aparam Təbrizə,
Azərbaycan məktəbinin
açılışına.
Və bu mövzuda yazdığı şeirlərində
işlətdiyi poetik ifadələrin, arzu və istəklərinin
kuliminasiyası:
Araz axır...
O taydan da insan baxır,
Bu taydan da insan baxır.
Neçə milyon gözüyaşlı əzizimi,
O həsrətli Təbrizimi,
Oğurlamaq istəyirəm!
(“Oğru olmaq istəyirəm”)
Və bəlkə də ona görə də Təbrizə,
o taydakılara olan sonsuz məhəbbətin, istəyin nəticəsi
idi ki, ömrünün son anlarını Təbrizdə
keçirdi Nüsrət Kəsəmənli və Təbrizdə
gözlərini əbədi yumdu, əbədiyyətə
qovuşdu. Bu da bir Nüsrət Kəsəmənli öncəgörücülüyü
idi bəlkə də....
Lakin o ölmədi...
“Nüsrət Kəsəmənli haqqında cəsarətlə
demək olar ki, o, Azərbaycanın ən böyük məhəbbət
şairlərindən biridir”(Nizami Cəfərov). Dogru sözə
nə deyəsən?!
Ramiz GÖYÜŞOV
Ədalət . 2025.- 14 noyabr (¹43).-S.11.