Vətən

 

 

 

Nəğmə bitir,

 

şeir ,

 

yol da...

 

Hələ arzular da -

 

bircə sən,

 

bircə sən

 

bitmirsən,

 

Vətən!

 

 

 

 

 

Şükranlıq türküsü

 

 

 

İllərin həsrətini yerə vurdu bu görüş,

 

Uzanan yad əlləri elə qırdı bu görüş,

 

Qaranlığın bağrını yardı, yardı bu görüş,

 

Şükür, bizi bizlərə qovuşdurana şükür!

 

Başımızdan dərdləri sovuşdurana şükür!

 

 

 

Harda isə gümanlar gümana düşüb getdi,

 

Çin çıxmayan yuxular dumana düşüb getdi,

 

Şuşasız zamanımız zamana düşüb getdi,

 

Şükür, bizi zamanla barışdırana şükür!

 

Şükür, bizi Şuşaya qovuşdurana şükür!

 

 

 

Bir tərəfdən gün çıxdı, bir tərəfdən ay doğdu,

 

Payızların içindən bahar doğdu, yay doğdu,

 

Başımızın üstündə mutlu, mavi göy doğdu,

 

Şükür, bizi bu göyə yaraşdırana şükür!

 

Şükür, bizi Şuşaya qovuşdurana şükür!

 

 

 

Ha tərəfə yön aldıq, yönümüz çiçəklədi,

 

Səsimiz qönçə tutdu, ünümüz çiçəklədi,

 

Sabahın gətirdiyi günümüz çiçəklədi,

 

Şükür,  bizi bizlərə qovuşdurana şükür!

 

Ayrılığı Şuşadan sovuşdurana şükür!

 

 

 

 

 

Şuşam!

 

 

 

O bizim ağaclarıydı,

 

o bizim küləkləriydi,

 

o bizim yağışlarıydı...

 

Duruşundan tanıyırdım

 

qoxusundan tanıyırdım,

 

yağmasından tanıyırdım.

 

 

 

Ağac da boynubüküydü,

 

külək qırıq-qırığıydı,

 

bulud da cilik-ciliyiydi...

 

 

 

Ağacına qurban olum, dedim,

 

buluduna qurban olum, dedim,

 

daş yoluna qurban olum dedim...

 

O qədər qurban oldum ki, -

 

gördüm anam da qurbandı,

 

gördüm balam da qurbandı...

 

 

 

Qurbanlarını qəbul elə, Şuşam!

 

 

 

Evimizə gedirəm

 

 

 

Akif Səmədə

 

 

 

Ürəyim elə atır,

 

evimizə gedirəm.

 

İlahi, mutluluq,

 

bu gün bizə gedirəm.

 

 

 

Qollarım qoşa qanad,

 

uçacağam yolları.

 

Yaralarıma təpib

 

qucacağam yolları.

 

 

 

Bənövşə qoxusunun

 

içindən keçəcəyəm.

 

Məni məndə gizlədən

 

Elçindən keçəcəyəm.

 

 

 

Bu ayrılıq, bu həsrət

 

Şükür ki, başa çatır.

 

Evimizə gedirəm,

 

evimiz Şuşadadır.

 

 

 

 

 

Ağdam camisində

 

yazılan şeir

 

 

 

Darıxacaq burnumun

 

ucunda ayrılıqlar.

 

Qəfildən gün çıxacaq

 

itəcək qaranlıqlar.

 

 

 

Bir uşaq yüyürəcək

 

xəyallardan üstümə.

 

Baxacağam bu uşaq,

 

özümmüşəm sən demə.

 

 

 

Qəmər nənəm gələcək

 

boyumu oxşamağa.

 

Bir ömür başlayacaq

 

yenidən yaşanmağa.

 

 

 

 

 

Cıdır düzündən etüd

 

 

 

Cıdır Düzünə düşən axşamların

 

aydınlığında qeyb oluram...

 

Qollarımı yana açıb ən gözəl uçuşunu

 

yaşamaq istəyirəm

 

geriyə qalan ömrün.

 

 

 

Bu uçuş bitsin, istəmirəm,

 

bu aydınlıq qaralsın, istəmirəm.

 

 

 

Bütün tərk edilmiş evlərin sevincini

 

yaşamaq istəyi var ruhumda, canımda.

 

 

 

Bütün qaranlıq yolları

 

                    işıqla doldurmaq həvəsim var,

 

bütün qırıq yolları bir-birinə bağlamağım gəlir,

 

yenidən, yenidən qollarımı yana açıram,

 

uçuram, uçuram, -

 

unutmamaq üçün,

 

xatırlamaq üçün,

 

yaşamaq üçün.

 

 

 

 

 

Cıdır düzündə

 

Rəsul Rzanı xatırlarkən

 

 

 

Yaşılından sarısına düşürük ömrün,

 

ağından qarasına,

 

mavisindən qırmızısına.

 

 

 

Hər günü bir rəngə batır vaxtımız,

 

bir rəng boyayır bizi,

 

ya da biz bir rəngi boyayırıq

 

ovqatımızla,

 

halımızla...

 

 

 

Sonra rəngləri qurtarır ömrün, -

 

bir göy qurşağı asılır göydən.

 

 

 

 

 

Ağdamda ilk şeir

 

 

 

Bir ötən günün qoxusu burnumda,

 

havası başımda

 

neçə vaxtdır ki,

 

o günü yaşamaq istəyim

 

burnumun ucunda alça çiçəyitək açılır,

 

alça çiçəyitək solur.

 

 

 

Burnumun ucunda darıxır

 

Olanlar,

 

unudulanlar,

 

ötənlər,

 

bir mən,

 

Ən çox mən darıxıram hamıdan ötrü -

 

hamı da o gündə,

 

o ötən gündə.

 

 

 

...burnumun ucundan keçir külək,

 

alça çiçəklərini sovuraraq...

 

 

 

 

 

Bir şəhərlik sükut

 

 

 

Ağdamıma

 

 

 

İndi bir şəhər susuram,

 

bir uzaq şəhər...

 

 

 

Bütün unutduqlarım küçələrində,

 

yollarında,

 

yaddaşında...

 

 

 

Xəyallarımda kor olmuş əllərim bir divar gəzir

 

üstü kömür yazılı,

 

təbaşir yazılı

 

adımın baş hərfi o divarda unudub

 

                                   sevdalı olduğunu...

 

 

 

bütün sevdalar unudulur, bildim

 

amma ayrılıqlar unudulmur,

 

unudulmur...

 

 

 

o boşluqda ən çox notlara möhtacam,

 

bir şəhərin nəğməsini susuram

 

qum saatının boşalmış şüşəsində...

 

 

 

 

 

Atam üçün rekviyem

 

 

 

Əkdiyin qələmlər

 

çinar oldu, söyüd oldu...

 

Nəvələrin çoxaldı,

 

böyüdü,

 

umud oldu...

 

Səndən sonra bu ömür bulud oldu, Ata...

 

Evimizin damında quruldaşan qumrular

 

ovcun üçün darıxıblar,

 

ovcundakı dənlər üçün,

 

yemlər üçün darıxıblar.

 

Darıxıb sənin üçün

 

sabahlar da,

 

gecələr ...

 

Səninlə çəkdirdiyim şəkillər

 

...Mən təzə şəkillər çəkdirmirəm,

 

köhnə şəkillərlə ovunuram.

 

Səninlə çəkdirdiyim şəkillər

 

indi məndən xoşbəxtdilər.

 

Şəkillərdə gözəl varsan,

 

gözlərin gülür,

 

üzün gülür,

 

şəkillər gülür... mən ağlayıram.

 

Təsəllim şəkillərindi, Ata!

 

amma,

 

şəkillərinə deməmişəm öldüyünü.

 

 

 

 

 

İstanbulda Şuşa

 

yuxuma girdi

 

 

 

İstanbulda Şuşa yuxuma girdi -

 

Köhnə məhəlləmiz... dəmir darvaza...

 

Bu necə yuxudu, ah bu sirdi -

 

Boz dağlar təzəcə çıxmışdı yaza.

 

 

 

Xanın səsi gəldi Qala tərəfdən,

 

Buludlar axırdı - bəyaz buludlar...

 

Bir qaya üstündə dayanmışdım mən,

 

Gözümdə könlümdə böyük umudlar.

 

 

 

Yuxudan oyandım, - gecəyarıydı,

 

Quyruqlu bir ulduz düşdü dənizə.

 

Həsrət ürəyimi sancan arıydı, -

 

Şuşa ilğım kimi göründü gözə.

 

 

 

Dəniz sahilində poyraz əsirdi,

 

İstanbul yuxusuz, İstanbul oyaq.

 

Boğazda qərib bir xəyal gəzirdi,

 

Qız qülləsi yaxın... Şuşa çox uzaq...

 

 

 

 

 

Özünlə görüş

 

 

 

Bir gün yollar bitər

 

çiyinlərdən düşərsən.

 

Köhnə qəbiristanlıqda

 

təzə qəbrin içində

 

özünlə görüşərsən.

 

 

 

Yadına salarsan ki,

 

günahlar etmisən,

 

savabların olub.

 

Cavabsız sualların,

 

içində sualsız

 

çox cavabların olub.

 

 

 

İstəmisən itəsən

 

adamların gözündən.

 

Daha gələn olmasın

 

ləpirindən, izindən.

 

 

 

İstəmisən hüzura

 

qovuşasan hardasa.

 

Dərdini bir ağaca

 

danışasan hardasa.

 

 

 

Amma istədiklərin

 

dönüb gerçək olmayıb.

 

İllər beləcə keçib

 

daha ömür qalmayıb.

 

 

 

Bir gün yollar bitib

 

çiyinlərdən düşmüsən.

 

Hamı səni tərk edib,

 

özünlə görüşmüsən...

 

 

 

 

 

Bir ömürlük ixtisar

 

 

 

Məktəbdən öyrənmişdim ixtisar eləməyi,

 

sonra həyat öyrətdi...

 

Məktəbdə yazı taxtasında edərdim ixtisarları,

 

həyatda həyatımdan...

 

Sanki həyat ixtisar eləməkdən başqa

 

heç öyrədə bilmirdi...

 

Silib atırdın elə

 

beləcə ixtisara düşdü

 

neçə dost,

 

neçə tanış,

 

neçə insan.

 

Məktəbdən sonra

 

günlərin ixtisarına keçdim,

 

sonra ayların,

 

sonra illərin...

 

Elə oldu ki,

 

bütöv bir ili ixtisar elədim ömrümdən,

 

sonra bütöv bir ömrü...

 

Sonra saçlarımı ixtisar elədim,

 

ürəyimi,

 

əllərimi...

 

Sonra da özümü ixtisar elədim!..

 

 

 

 

 

Ürəyim

 

 

 

İndi əlimin altındadı ürəyim,

 

hara istəsəm fırlaya bilirəm.

 

Hərdən döyüntüsü başıma düşəndə,

 

götürüb kənara qoyuram,

 

bilirəm inciyir,

 

amma neyləyim,

 

məni ən çox ürəyim yorur.

 

Əvvəl elə bilirdim,

 

fikir yorğunuyam,

 

indi bilmişəm ki, ürək yorğunuyam.

 

Daha yolunu tapmışam,

 

ağrıyanda bir daşın altına qoyuram,

 

döyünməyəndə çıxarıb silkəliyirəm,

 

ora atıram, bura tullayıram.

 

Bircə mən bilirəm,

 

ürəyimin başına oyun açıram.

 

Əvvəl dilimin altındaydı,

 

indi əlimin.

 

 

 

 

 

Xoşbəxtlik

 

 

 

Xoşbəxtlik gələndə

 

qırıq-qırıq gəlirsə...

 

Bir gün əllərin sevinirsə,

 

bir gün gözlərin gülürsə,

 

bir gün səsin

 

xoşbəxt olursa...

 

Sonra qırıq xoşbəxtliklər

 

qırıq xəyallar kimi

 

gözlərinin suyunda

 

zədələnirsə...

 

Sən xoşbəxt

 

olmadığını anlayırsan.

 

Anlayırsan ki,

 

xoşbəxtlik gələndə

 

bütöv gəlməli,

 

tam gəlməli.

 

üzünün ikisi   xoşbəxt olmalı,

 

gözünün ikisi gülməli -

 

biri güləndə,

 

biri ağlamamalı.

 

Ədalət.- 2025.- 19 sentyabr (¹35).- S.14.