MUĞAM MÜSABİQƏSİNƏ NİYƏ KÖLGƏ SALIRIQ?

 

Gəlin etiraf edək ki, Azərbaycan muğamları son 20-30 ildə az qala yaddan çıxmış, unudulmuş, gözdən-könüldən iraq düşmüşdü. Şou deyilən şoğərib bizim mədəni həyatımıza ayaq açandan sonra səsi oldu-olmadı hər yerindən duran bir mikrofon götürüb baramaqurdu kimi daraşmışdı mədəniyyətimizin, millətimizin canına. Biri göbəyini göstərirdi, biri əndamını, biri yatağını, o biri pal-paltarından tutmuş aldığı maşınına, villasına, sponsoruna kimi digər məlum naməlum tərəflərini...

Bunlar bu gün var. Hələ bir xeyli olacaqdı, amma...

Amma muğam unudulurdu. Az qala qocaman sənətkarlarımız kimi muğam da yavaş-yavaş uzaqlaşırdı bizdən. Çünki biz toylara qocaman xanəndələri, sənətkarları deyil, şou əhlini dəvət edirdik, televiziyalarımız da onun kimi. Az-maz Dövlət Radiosunda istirahət günləri yarım saatlıq muğam səsləndirilirdi. Ona da ki, qulaq asan bəlli idi. Bax belə bir məqamda sanki muğamın xilaskarı gəldi dünyaya. bu xilaskar da Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, İSESKO-nun YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva oldu. Məhz onun qayğısı ilə muğam özünün ikinci ömrünü qazandı. Min illikləri keçib gələn muğamlarımız sanki bizim üçün yenidən doğuldu.

Azərbaycanın əksər telekanallarında, efir məkanlarında, musiqi ocaqlarında muğam üçün qapı-pəncərələr taybatay açıldı. Ölkədə muğam yarışması keçirildi. Qaliblər dəyərli münsiflər tərəfindən mükafatlandırıldı. Onlara hətta dövlət qayğısı da göstərildi. Muğam Evi tikildi bu gün paytaxtımızın ən gözəl guşələrindən birini məhzt həmin Ev bəzəyir. Bütün bunlarla yanaşı, muğamın dünya şöhrətini özünə qaytarmaq üçün Beynəlxalq Muğam Festivalı keçirmək təşəbbüsü ortaya çıxdı. beləcə Beynəlxalq I Muğam Festivalı Azərbaycan paytaxtında keçirildi.

Bəllidir ki, dünyanın 10-dan artıq ölkəsinin təmsil olunduğu bu müsabiqə artıq başa çatıb. Qaliblər məlumdur, mükafatçılar da. Amma, necə deyərlər, "toy olub qurtarıb toyun davası isə hələ davam edir". Özü bu "davanı", bu qalmaqalı yaradan insanlar arasında xalqın böyük dəyər verdiyi, sənətinə, istedadına hörmət etdiyi sənətçilər var. Mən hətta deyərdim ki, onların sırasında həqiqətən Azərbaycanın musiqi tarixində qalacaq sənət adamları da az deyil. Lakin...

Qəribə burasıdır ki, bu qədər nüfuzlu bir tədbirə, özü ölkənin əlaqədar nazirliklərinin, məsul şəxslərinin bilavasitə xeyir-duası ilə, dəstəyi ilə keçirilən bu tədbirə dodaq büzmək, kölgə salmaq nədənsə bu iddiada olanların heç tüklərini tərpətmir. Düşünmürlər ki, burda söhbət təkcə kimlərin qalib olmasından yox, Azərbaycanın adından, yəni onun imicindən, Heydər Əliyev Fondunun prezidentindən, onun xidmətlərindən gedir. Belə olduğu halda, mətbuata ağlına gələn hər cür açıqlama verən insanlar niyə məsuliyyət hisslərini itiriblər? Axı, biz hamımız bu torpağın övladlarıyıq hansı bölgədə doğulmağımızdan asılı olmayaraq hamımız da bu torpaq üçün, Azərbaycan üçün xidmət etməliyik.

Ötən həftənin qəzetlərinin birində müsahibə verən tanınmış kaman ustası Habil Əliyev elə məqamlara toxunub ki, istər-istəməz adamın əsəbləri tarıma çəkilir. Başa düşmək olmur ki, qarabağlılar, ağdamlılar hansı günahın sahibidi? Bilmək olmur ki, onlara bu səsi verən İlahi niyə onlara qarşı bu qədər qəzəbli, daxilləri nifrətlə dolu insanları da yaradıbdı. Axı, bütün Azərbaycan bilir ki, Arif Babayev kimdi, Məsum İbrahimov kimdi. Onların mənim müdafiəmə ehtiyacı yoxdu. bütün Azərbaycan onu da bilir ki, həmin Beynəlxalq müsabiqənin münsiflər heyətinin üzvləri arasında əyləşənlərdən heç hamısı ağdamlı deyil. Orda iranlı da vardı, italyan da, çinli hələ başqaları da. Azərbaycanı təmsil edənlərin içərisində ölkənin müxtəlif regionlarının nümayəndələri yer almışdılar. Belə olan halda nədən Habil Əliyev Təyyarın halal haqqına kölgə salır? Onun guya yerliçiliklə mükafata layiq görüldüyünü bildirir. Başa düşmək olmur ki, bu mükafat təkcə Təyyara yox, Azərbaycan muğamına verilib. O da başa düşülmür ki, axı, münsiflər heyətinin üzvlərini ağdamlılar, qarabağlılar seçməyiblər. Nəyə görə Habil Əliyev yaşının bu çağında haqsız iddialarda bulunur? İndi biz neyləyək ki, Təyyar Ağdaşda doğulmayıb? Ağdaş olmasın, Ağdam olsun. Burda söhbət cəmi yazılışdakı bir hərfdən gedir, "m" olmasın "ş" olsun. fərqi var ki?! Məgər bunların hər ikisi Azərbaycan deyil?

İndi məni qınayacaqlar ki, qarabağlısan, ona görə bu cür müdafiəyə qalxmısan. Əstəğfürullah, söhbət Qarabağdan getmir. Bəli, mən Qarabağdanam. Evimi , eşiyimi itirmişəm. Bir Allahın verdiyi qələmdən başqa heç nəyim yoxdu. Təyyarın da səsi var. Alın, mən qələmimi verirəm, o da səsini. Amma parçalamayın bu Azərbaycanı. Barı, Qarabağ probleminin bizlərin canını boğazına yığdığı bir vaxtda ölkə rəhbərliyinin bu istiqamətdə gördüyü işlərin reallaşdığı bir ərəfədə buraxın yaxasını yerliçiliyin. Əl çəkin muğamın bilicilərinin, yaşadanlarının yaxasından. Axı, qədər olar?..

Bəli, heç gözlənilmədiyi bir halda ölkənin birinci xanımının, millət vəkilinin həyata qaytardığı muğamın ikinci nəfəsində onun beynəlxalq aləmə ayaq açdığı bir məqamda qəsdən bu qalmaqalları törədənlər, muğam biliciləri arasına nifaq salanlar, görünür, çox usta tərpənməyə çalışırlar, amma alınmayacaq. Çünki muğama elə bir yerdən dəstək verilib ki, onu yolundan döndərmək mümkün deyil. Mənim bir tövsiyəm var, hər kimin qəlbində azacıq muğam sevgisi varsa, imkan verməsin onun üzərinə kölgə salınsın. Axı, muğam elə bizim özümüzlə yaşıddı. Onu yaşatmaq da illərin borcudu.

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət.- 2009.- 8 aprel.- S. 6.