ALEKSANDR QORİN 30 İLDƏN SONRA YENİDƏN BAKIDADI

 

Tanınmış musiqiçi Bakı Musiqi Akademiyasında öyrəndiklərini tələbələrə ötürmək istəyir

 

"Yol polisi əməkdaşlarının hamısı "BMW"-də gəzir. Deməli, Azərbaycan iqtisadi cəhətdən inkişaf edib"

 

Bakıya daha bir tanınmış musiqiçi qonaq gəlib. Digərlərindən fərqli olaraq, bu qonağın səfəri o qədər də səs-küy yaratmayıb. Əslində Aleksandr Qorinə qonaq deməyə adamın heç dili də gəlmir. Hər halda ömrünün müəyyən bir dövrünü - tələbəlik illərini Azərbaycanda keçirib. İndi Bakı Musiqi Akademiyası adlanan o zamanki Konservatoriyanın tələbəsi olub. Tələbəlik demişkən, musahibimizi gələcək musiqiçilərin əhatəsində tapdıq. Bakıya gəldiyi gündən işlətdiyi müvəqqəti mobil nömrəsinə zəng vurub görüşmək üçün vədələşdik. Hərə öz adətinə əməl elədi. Biz gecikdik, o isə yəhudilərə məxsus dəqiqliklə təyin olunan vaxtdan Bakı küləyinin altında bizi gözləməli oldu.

Tanınmış orqan ifaçısı Aleksandr Qorin "Ədalət"in suallarını belə cavablandırdı:

- Ukraynada anadan olsam da Azərbaycanın mənim həyatımda önəmli yeri var. Axı, 1975-80-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında təhsil almışam. Rauf Atakişiyev və Zərə Cəfərova kimi pedaqoqların sinfində oxumuşam. Ötən əsrin 90-cı illərindən İsraildə yaşayıram. Təl-Əviv Musiqi Akademiyasında orqanda dərs deyirəm.

- Uzun fasilədən sonra Bakıya qayıtmaq imkanı qazanmısız. Bu fürsətdən necə yararlandız?

- Yenidən Azərbaycanda olmaq mənim üçün xoşdur. Saatlarla Bakının küçələrini gəzib-dolaşmaq istərdim. Axı, gəncliyimin ən maraqlı dövrünü bu şəhərdə keçirmişəm. Amma gəzib-dolaşmağa zamanım yoxdu. Həm də mən turist kimi gəlməmişəm, səfərimin başqa məqsədi var. Bakıda olduğum qısa müddətdə konsert verdim, Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçdim. Onu da deyim ki, konsert dahi bəstəkar Mendelsonun anadan olmasının 200 illiyinə həsr edimişdi. Səfərimin təşkilində əməyi keçən hər kəsə təşəkkür etmək istəyirəm. İki şəxsin adını isə xüsusi vurğulamaq yaxşı olardı. Bilirəm ki, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli professor Tahirə xanım Yaqubova bu işdə böyük əmək sərf ediblər.

- Bakılılar konsertinizi necə qarşıladılar?

- Çox gözəl. Musiqi Akademiyasının böyük zalında boş yer yox idi. İsrailin Azərbaycandakı fövqəladə səlahiyyətli səfiri Artur Link öz xanımı ilə konsertdə iştirak etdi. Konsertin əlamətdar olan daha bir cəhəti ondan ibarət idi ki, Musiqi Akademiyasının belə yüksək səviyyədə təmirindən sonra ilk dəfə böyük konsert keçirilirdi. Bu fakt məni sevindirməyə bilməz. Azərbaycan muğamlarını dünyada tanıtdıran xalq artisti Alim Qasımov da konsertimi dinləyənlər arasında idi. Konsertdən sonra onunla tanış oldum. Belə tanınmış ifaçı ilə ünsiyyət xoşdur.

- Alim Qasımovla birgə layihələriniz ola bilərmi?

- Niyə olmasın. Amma ilk görüşdən bu barədə danışmaq hələ tezdir. Əməkdaşlığımız barədə bəzi söhbətlərimiz oldu. Lakin yenə deyirəm, bunlar hələlik yalnız ideya şəklindədi.

- Səfəriniz müddətində ustad dərsləri keçdiyiniz tələbələrin səviyyəsi sizi qane etdimi?

- Bakı Musiqi Akademiyasında istedadlı tələbələr həmişə çox olub. Bu ənənə indi davam edir. Tələbələrin bacarığı, klassik musiqiyə marağı məni qane etdi. Ümumiyyətlə, Bakıda klassik musiqiyə həmişə böyük maraq olub. Musiqi Akademiyasının rəhbərliyi gənc nəsildə klassik musiqiyə marağı yaşatmaq üçün böyük əmək sərf edir. Hələ mən xərclənən pulları demirəm. Axı, Bakıda yeganə orqan aləti indi yalnız bu akademiyanın binasındadı onun işlək vəziyyətə gətirilməsi, saxlanılması böyük vəsait, diqqət tələb edir. Bu gün dünyanı iqtisadi böhran bürüdüyü bir zamanda heç kim klassik musiqinin təbliğinə pul xərcləmək istəmir. Axı, biz şou-biznes nümayəndələri deyilik. Bizim səfərlərimiz, konsertlərimiz gəlir gətirmədiyindən sponsorlar daha çox şou-biznesdəkilərlə əməkdaşlıq etmək istəyirlər.

- Keçmiş tələbə yoldaşlarınızla görüşə bildinizmi?

- Aradan xeyli vaxt keçdiyindən onları tapmaq o qədər də asan deyil. Bəziləri mənim kimi xarici ölkələrdə yaşayırlar. Amma tanışım Adil Minbaşı ilə görüşmək mənim üçün xoş oldu. Hüquqşünas ziyalı kimi Adil bəyə böyük hörmətim var.

- Bayaq dediyiniz kimi, indi zaman başqa zamandı, hər şey dəyişib. Elə sizin bir vaxtlar gördüyünüz Bakı da...

- Doğrudan da Bakı inanılmaz şəkildə dəyişib və inkişaf edib. Düzdü, aradan bir cavanın ömrü qədər vaxt keçib. Amma ötən bu illər ərzində Bakı böyük inkişafa nail ola bilib. Şəhəri tanımaq mümkün deyil. Göydələnlər, uzun-uzadı avtomobil tıxacları, xarici şirkətlərin reklam lövhələri... Axundov adına kitabxana ilə Hökumət Evini görən kimi tanıdım. Müşahidə etdiyim bir mənzərə isə məni əməlli-başlı təəccübləndirdi. Yol polisi əməkdaşlarının hamısı "BMW"- gəzir. Deməli, Azərbaycan iqtisadi cəhətdən inkişaf edib.

Aleksandr Qorin sabah Bakını tərk edib özünə vətən seçdiyi İsrailə yollanacaq. Bir vaxtlar təhsil almaq istədiyi şəhərə yenə gəlmək istəyir. Deyir ki, təki budəfəki ayrılıq 30 il çəkməsin.

 

Etibar CƏBRAYILOĞLU

 

Ədalət.- 2009.- 10 aprel.- S. 6.