Saz aləminin sönməyən çırağı

 

Aşıq Əmrahın 100 illiyinə

 

Aşıq Əmrah Gülməmmədov XX əsrdə Borçalıda yaşayıb-yaratmış qüdrətli saz ustası, aşıq sənətinin korifeylərindən biridir. O, aşığa xas olan bütün komponentləri, o cümlədən saz çalmaq, qoşmalar qoşmaq, mahnılar oxumaq, dastanlar danışmaq qabiliyyətini göstərməklə kamil sənətkar kimi özünü təsdiq etdi. Yaradıcılığının lokal təsvirləri ilə kifayətlənməyən ustad, yaddaşlarda saz havalarını yeni xallar güllərlə cilalandırmaqla, eləcə özünün yaratdığı bir-birindən gözəl saz havaları ilə qalıb. O, yaratdığı yeni saz havaları ilə aşıq idrakının bəsirət qatlarını nümayiş etdirə bildi, sazın əbədilik simfoniyasını yaratdı. Onun saz aləmində yandırdığı, bu günə qədər sönməyən çıraq bu fikrimin silqətinə şahidlik edir. Aşıq Əmrah aşıqlığın kamillik mərtəbəsini öz varlığı orijinal yaradıcılığı ilə fəth etdi. Böyük ustad saz havalarına özünə məxsus yeniliklər gətirməklə aşıq sənətinin dəyərlər xəzinəsini zənginləşdirdi. 10-a yaxın saz havasının müəllifi olan ustad bütün havalara demək olar ki, öz "möhürünü" vurub. "Süsənbəri", "Turacı", "Yurd yeri" havaları da ustadın yaradıcılıq orbitinin orijinal məhsullarıdır. İlk dəfə on bir telli sazı sinəsində dilləndirən Aşıq Əmrah muğamları, Anadolu ozanlarısayaq çaldığı havaları da gözəl məharətlə ifa edər, sanki sinəsində orkestr canlandırardı. Düzdür, bugünkü aşıqlarımız belə havalara yer vermirlər, ancaq bu cür havaların saz sənətinin inkişafında bəhrə verəcəyini düşünərək onların fövqəladə lazım olduğunu vurğulamaq istəyirəm.

Dərsini atası aşıq Paşa, aşıq Məsim Yadigarov şair Ağacan kimi ustadlardan alan Aşıq Əmrah 22 yaşında elə yetişmişdi ki, artıq Borçalı məclislərində, konsertlərdə məharətlə çıxış edər, seyrçilərini heyran qoyardı ki, bu da hər sənətkara qismət olmur. Radio televiziyanın hər evə ayaq açmadığı bir dövrdə, XX əsrin 50-ci illərində 42 yaşlı ustadın möhtəşəm ifaları hətta Bakıda da sevilə-sevilə dinlənilirdi. Beləliklə, aşıq sənəti ilə cəmiyyət arasında yeni harmoniyanı yaratmaq Aşıq Əmraha öz fitri istedadı məharəti hesabına müyəssər oldu. O, bütün sazsevərlərin diqqətini özünün kompozisiya bütövlüyü ilə seçilən bu günə qədər dominantlığını saxlayan yeni çalğı üslubuna çəkməyi bacardı. Onun alternativi olmayan milli koloritli bu çalğı üslubu saz havalarında bütün gözəlliklərin rənginin və ahənginin vəhdətini təcəssüm etdirir.

Aşıq Əmrah 1959-cu ildə Moskvada keçirilən Azərbaycan ədəbiyyatı incəsənəti ongünlüyündə digər ustadlarla birlikdə böyük uğur əldə etmişdir.

Dədə Əmrah 1961-ci ildə Azərbaycan aşıqlarının III qurultayında ustad aşıq kimi çıxış etmişdisə, 1984-cü ildə respublikamızın ziyalıları tərəfindən yekdilliklə "sazın şah Əmrahı" kimi gurultulu alqışlarla qarşılanmışdı ki, bu da qırxa yaxın şəyird yetirmiş çağdaşı olduğu saz pərəstişkarlarının təfəkküründə özünün etiketini yaratmış ustadın sözün əsl mənasında kimliyindən xəbər verir.

Ustadın möhtəşəmliyi, saza sözə tam məsuliyyətiylə yanaşması qoşmalarında da apaydın görünür. "Bilməzsən" rədifli şeirində yetişdirdiyi şəyirdlərinə ya tam püxtələşməmiş özünə "aşığam" deyənlərə üz tutaraq:

Aşıqlıq deyilən böyük sənətdir,

Qıfılbənd deyəllər yoza bilməzsən.

Məclisdə əyləşir neçə xiridar,

Üçcə kəlmə sözü düzə bilməzsən -

ya

Çox güvənmə sənətinə

Sənə qalmaz, ay qadası.

Sazı çalan mahir çalar,

Elə çalmaz, ay qadası

- deməıklə onları kamilliyə çağırırdı. Aşıq Əmrah sənətə son dərəcə tələbkar olduğundan bir çoxları onun iştirakçısı olduğu məclislərdə saz götürüb söz deməyə ehtiyat edərlərmiş. Çünki bu sənət azmanı saz havalarının güllərini sadəcə ifa etmir, onları incələyirdi, eyni zamanda sözü insanların idrakına hopdura bilirdi. O, "məndədi" rədifli qoşmasında

Sadiq olduğum sənətə əhdi-vəfa məndədi.

Telli saza mehman ol gəl, zövqü-səfa məndədi.

Qananlara canım qurban, nadanlarla işim yox,

Sərraf olsa söz sataram, hər söz baha məndədi

- deməklə hər bir sənətkarı öz sənətinin sərrafı, zərgəri kimi görmək istədiyini bildirirdi. Böyük sənətkar xalqının mənəvi böyüklüyünü sənətkar ləyaqəti özünə inam hissi ilə deyə bildiyi kimi "əlindədir" rədifli qoşmasında da

Ay ariflər siz bilin,

Əmir haqqın əlindədir.

Kim Allahı çox sevirsə,

Şəhadəti dilindədir -

yazaraq, bu kimi şeirləri ilə öz imanını da təsdiq etdi. Allahın ucalığını, peyğəmbərin böyüklüyünü duyduğu kimi bu müqəddəs inamı pərəstişkarlarına da təlqin etdi.

İkiüzlü hiyləgər varlığa çevrilən bəzi insanlara içində nifrət oyatmış ustad qoşmalarından bir alay düzəldib onlara qarşı hücuma keçir:

Namərd ilə mərdi qoşa əyləsək,

Namərd gəlib mərdə tay ola bilməz.

Mərdə qurban olmaq ayıb eyləməz,

Namərd ilə həqqı-say ola bilməz.

Bu il 100 yaşı tamam olan Aşıq Əmrahın dünyaya gəlişi aşıq sənətində böyük bir hadisə, inqilab oldu bu inqilab sazsevərlərin şüurunda onun istedadının yaradıcılıq ölçülərinin fövqündə olduğunu isbat etdi.

 

XAN ƏMRAHIN QÜDRƏTİ

 

Ustad aşıq Əmrah Gülməmmədova

Xan Əmrahın qüdrətinə bir baxın,

Duyğuların güllərini sayırmış.

Barmaqları sədəflərin üzündən

Ömrümüzə bir təravət yayırmış.

Saz dilində söz öyrətdi cahana,

Qəlbi daşlar baş endirdi bu ana

Qurd cüssəsi gəriləndə meydana,

Sinəsində elə qurd ulayırmış.

Odur salan saz mülkünə talanı,

Fəth eylədi neçə-neçə qalanı,

Təbi yoxsul, ilhamı ac olanı,

Xallarıyla, gülləriylə doyurmuş.

Saz dünyadı, Elbəyi, ölməz şahı,

Qəbul etmə bu kədəri, bu ahı.

Başqa adda görəcəyik Əmrahı,

Fələk bizdən müvəqqəti ayırmış.

24.01.2008

 

 

Elbəyi CƏLALOĞLU

 

Ədalət.- 2009.- 21 fevral.- S.19