TALE BİZİ SEÇDİ...

 

Xocalı faciəsinə aparan yollar...

 

(Əvvəli ötən saylarımızda)

... Artıq fevral ayının 25-dən başlayaraq Xocalı rayon rəhbərliyi radio-telefon vasitəsi ilə əraziyə çoxsaylı hərbi texnikanın hərbi qüvvələrin cəmləşdirildiyi barədə məlumatlar verərək həyəcanla təcili köməklik istəyirdi.

Təbii ki, alınan məlumatlar prezidentin səlahiyyətli nüma-yəndəsi tərəfindən yuxarıya ötürülürdü. Ali Baş Komandan isə Moskva ilə danışdığını, heç bir əməliyyatın aparılmayacağını bildirərək rayon rəhbərliyini əhali arasında panika yaratmaqda günahlandırırdı.

Fevral ayının 25-i axşam saatlarında paytaxt şirin yuxuya hazırlaşdığı bir vaxtda dörd bir tərəfdən Xocalıya qarşı hücuma keçən erməni-rus hərbi birləşmələri irimiqyaslı işğal əməliyyatına başladı. Müasir silah hərbi texnika ilə təchiz olunmuş düşmən həmlələri qarşısında mərdliklə dayanan Xocalının müdafiəçilərinin qüvvələr nisbəti bərabər olmadığı üçün geri çəkiləcəyi artıq gerçəkləşirdi. Əslində heç geri çəkilməyə yer yox idi.

Düşmən həmlələrini, heç olmasa, zəiflətmək üçün Şuşa Ağdam rayonları istiqamətindən edilən cəhdlər isə hücuma keçən düşmənlər tərəfindən qiymətləndirilmədiyi üçün nəticə vermirdi. Düşmən Xocalını işğal etməkdə qətiyyətli idi. Bərabər olmayan döyüşdə çoxsaylı itkilər verən qəhrəman döyüşçülər artıq bu həmlələrə davam gətirə bilməyəcəklərini başa düşərək, heç olmasa, mülki əhalinin bu ərazilərdən çıxarılması barədə düşünməliydilər. Ona görə rayon rəhbərliyi ermənilərin guya mülki əhalinin rayondan çıxarılması üçün "açdıqları" dəhlizdən çıxmaq məcburiyyəti qarşısında qalmışdı. Ermənilər isə məhz bu "açdıqları" dəhlizdə pusqu quraraq əsl niyyətlərini, misli görünməmiş vəhşiliklərini - dinc əhalinin qətlə yetirilməsi planlarını həyata keçirməli idi. 26-sı gecə saat 3-4 radələrində bu qanlı döyüşlərdə ciddi müqavimət göstərərək yüzlərlə şəhid vermiş Xocalı camaatı məcburiyyət qarşısında piyada Xocalı-Ağdam istiqamətində onlar üçün açılmış 8-10 kilometrlik dəhlizlə sağ qalan camaatını çıxarmaq istəyirdi. Məkrli niyyətlərini həyata keçirən amansız düşmən onlara burada da aman vermədi...

Bütün Qarabağ bölgəsi misli görünməmiş faciəni yaşadığı bir vaxtda respublika rəhbərliyi öz xalqına qarşı etdiyi xəyanəti gizlətmək üçün guya Xocalıya qarşı heç bir hücum əməliyyatının keçirilmədiyi orada baş verənlər barəsində danışılanların şayiə olduğu barədə dayanmadan yalan məlumatlar verirdi. Xocalının harayı paytaxtda eşidilmirdi. Sanki törədilən soyqırımı Azərbaycan torpaqlarında Azərbaycan xalqına qarşı deyil, haradasa Mozambikdə həyata keçirilirdi.

Fevralın 26-sı gecə Xocalının mülki əhalisi Ağdam rayonunun Qaraqaya adlanan istiqaməti tərəfə gəldiyi barədə məlumat alan yerli müdafiə dəstələri Allahverdi Bağırovun (Azərbaycanın Milli Qəhrəmanı) rəhbərliyi ilə onlara kömək etməyə getdi. Onlar pusquda düşmən gülləbaranına tuş gələn dinc əhalinin sağ qalanlarının çıxarılması üçün əllərindən gələni etdilər. Təəssüf ki, mülki əhalinin hamısını sağ-salamat çıxarmaq mümkün olmadı...

Səhər hava işıqlananda gördüklərimiz bizi şoka salmışdı. Bütün dərə-təpə boyu erməni quldurlarının xaincəsinə qətlə yetirdiyi dinc əhalinin-qocaların, qadınların, uşaqların cəsədlərini görəndə, hətta ən ağır döyüşlərdə həmişə kamerası ilə yanımızda olan Seyidağa Mövsümov türkiyəli jurnalist qardaşımız da göz yaşlarını saxlaya bilmədilər. Ömrü boyu silahı videokamera olan bu insanlar gördükləri bu vəhşiliklərə dözməyərək əllərindəki kameraları bir tərəfə atdılar rəhmətlik Allahverdi Bağırovdan silah istədilər. Allahverdi "oğraşlar silah işlətmək üçün bizə kömək etmədilər. Heç olmasa, siz burada törədilən vəhşilikləri çəkin aparıb gözlərinə soxa bilək. Bəlkə onda binamuslar buralarda baş verdiyinə inanalar" - dedi...

Faciənin canlı şahidləri, hadisələri gözləri ilə görən yaxından izləyənlər, Əlif Hacıyev kimi qəhrəman oğullarımızın torpaqlarımızın müdafiəsi uğrunda son nəfəsinədək vuruşaraq həlak olmasını, Xocalının son nəfəsədək döyüşdüyünü, lakin yazıqlar olsun ki, ölkə rəhbərliyinin öz xalqına etdiyi xəyanəti yalnız müşahidə edə bildilər.

Bu xəyanətlər hələ davam edəcəkdi. Sonrakı qanlı döyüşlərdə allahverdibağırovlar, canpoladrzayevlər, ramizqənbərovlar, vəzirlər kimi minlərlə igidlərimiz geri çəkilməyəcək, son nəfəslərinə qədər döyüşərək həlak olacaqdı. Bütün bunlar Xocalı faciəsindən, Xocalı soyqırımından sonra baş verəcəkdi...

Demək olar ki, bir-birindən xəbəri olmayan, ikiyə bölünmüş ölkəmizin hər iki hissəsində hadisələr baş verə biləcəyi şəkildə sonluğuna çatırdı. Qarabağda əhali Xocalının işğal olunması ilə məğlubiyyətini, Bakıda isə mitinqçilər Ayaz Mütəllibovu istefaya göndərməklə qələbələrini "qeyd edirdi"...

Artıq elan edilmiş atəşkəsdən istifadə edərək may ayının 8-dək "dincəlmək" olardı. Axı, paytaxt yeni prezidentini seçməyə hazırlaşırdı. Onların Qarabağ dərdi ilə, ərazi bütövlüyümüzün qorunması ilə məşğul olmağa heç vaxtları da yox idi...

Yəqin bu da bizim alın yazımız imiş. Bu faciələri biz yaşamalıydıq. Minlərlə şəhidi biz verməliydik. Doğma yurd-yuvalarımızı biz itirməliydik...

ÇÜNKİ TALE BUNUN ÜÇÜN BİZİ SEÇMİŞDİ...

 

 

Rüstəm HACIYEV

 

Ədalət.- 2009.- 26 fevral.- S. 3.