Cəngavər ömrünün səhifələri...

 

Uzun illər Azərbaycanın milli təhlükəsizlik orqanlarında ümummilli liderimiz Heydər Əliyevlə birlikdə çalışmış, ömrünün son günlərinədək öz xalqına, haqq və ədalətə sədaqətlə xidmət etmiş fədakar, say-seçmə vətən oğullarından biri də Eldar Qasımov olmuşdur.

Həyatının mənasını haqsızlığa və şər qüvvələrə qarşı barışmaz mübarizədə görmüş bu cəsur, mərd, hər an həyatı ilə risq edən cəngavər insanın adı və xidmətləri işlədiyi orqanların fəaliyyətinin məxfiliyi və bir insan kimi özünün təvazökarlığı ilə əlaqədar bu günədək mətbuatda, kütləvi informasiya vasitələrində işıqlandırılmayıb.

Qasımov Eldar Qasım oğlu 1939-cu il yanvarın 5-də Azərbaycana görkəmli dövlət və ictimai-siyasi şəxsiyyətlər bəxş etmiş Tovuz rayonunda anadan olmuşdur. Orta təhsilini Şəmkir şəhər məktəbində başa vurduqdan sonra Bakı şəhərinə gəlmiş, Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. 1957-ci ildə ali məktəbi əla qiymətlərlə bitirmiş yüksək intellektual səviyyəsi, təbii zəkası, fiziki hazırlığı olan bacarıqlı gənc E.Qasımov Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə işə götürülmüşdür. O dövrdə 1937-1953-cü illər SSRİ-də Stalin repressiyalarından ən çox zərər çəkmiş Azərbaycanda on minlərlə günahsız insanın güllələndiyi, həbs olunub amansız işgəncələrə məruz qaldığı, Sibirə və Orta Asiyaya sürgün edildiyini əhali qorxu ilə xatırlayırdı. İşçilərinin böyük əksəriyyətini ermənilərin, yəhudilərin və digər qeyri azərbaycanlıların təşkil etdiyi respublika DTK-sinin adı çəkiləndə insanları təqib və təşviş hissi bürüyürdü. Markaryanların, qriqoryanların, vicdanını və milli mənsubiyyət hissini itirmiş mundır sahiblərinin yuva saldıqları "KQB" adı ilə tanınan bu bədnam təşkilat imperiyanın cəza aparatı kimi 30-cu illərdə Mikayıl Müşfiqi, Hüseyn Cavidi və milli ziyalılarımızın böyük əksəriyyətini əsassız ittihamlarla cəzalandırmış, respublikada xof hissinin hökmranlıq etdiyi qeyri-sağlam mühit yaratmışdı.

E.Qasımov bu təşkilatda çalışdığı illərdə xalqını sevən, vətənpərvər və prinsipial bir insan kimi orada törədilən haqsızlıqlarla barışa bilmirdi.

Xalqımızın görkəmli dövlət xadimi Heydər Əliyev 1967-ci ildə Azərbaycan SSR DTK-nə sədr təyin edildikdən sonra milli kadrların işə qəbul edilməsi, ədalətli və sağlam iş mühitinin yaradılması sahəsində ciddi tədbirlər görülsə də, Moskva tərəfindən təyin edilən sədr müavinləri və onlara arxalanan bəzi məmurlar köhnə qayda ilə işləməyə adət etmişdilər. E.Qasımovun xüsusi işlər üzrə komitənin baş müstəntiqi kimi böhtan xarakterli anonim məktublara əsaslanaraq günahsız insanların təqib edilməsi və cəzalandırılmasına qarşı çıxması bəzi azğınlaşmış mundir sahiblərinin hiddətinə səbəb olurdu. Onlar E.Qasımovu ləkələyib vəzifəsindən kənarlaşdırmaq məqsədilə hər cür vasitələrə əl atırdılar.

Həmişə haqqın tərəfində olmuş bu insana qarşı şər qüvvələrin hiylələri, bədxah niyyətləri baş tutmadı. Moskvada SSRİ Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin qəbulunda olub, yaranmış vəziyyəti ona izah etdikdən sonra 1980-cı ildə E.Qasımov DTK-nın Özbəkistan SSR-də xüsusi işlər üzrə müstəntiqi vəzifəsinə təyin olunmuşdu. Daşkənd şəhərində çalışdığı müddət ərzində ona göstərilmiş yüksək etimadı şərəflə doğrultmuş, Orta Asiya respublikalarında bir çox ağır dövləti cinayətlərin açılmasında fəal iştirak etmişdir. O illərdə Qırğızıstan SSR Baş nazirinin müəmmalı şəkildə qətlə yetirilməsi işinin açılmasında E.Qasımovun xüsusi xidməti olmuşdur.

1979-cu ilin aprelində SSRİ dövləti beynəlxalq hüquq normalarını pozaraq qonşu Əfqanıstanın daxili işlərinə hərbi təcavüz yolu ilə müdaxilə etdi. Ölkədə Moskvadan idarə olunan və yerli əhali tərəfindən dəstəklənməyən oyuncaq Babrak Karmal rejimi yaradıldı. Bir sıra Qərb dövlətləri tərəfindən silahlandırılan və maliyyələşdirilən tayfa başçılarının və nüfuzlu dini rəhbərlərin işğalçılara qarşı başladıqları cihad müharibəsi bütün ölkəni bürümüşdü. O dövrün ən müasir silahları ilə silahlanmış və hərbi texnikası ilə təchiz edilmiş sovet qoşunları din və vətən uğrunda şəhid olmağı şərəf sayan mücahidlərin, saysız-hesabsız qorxu bilməyən cəsur kamikadze partizanların müqavimətini qırmaq məqsədilə çox vaxt hətta günahsız dinc əhaliyə də qəddarcasına divan tuturdular. Mücahidlərin gizləndikləri ehtimal edilən dağ kəndlərini bombardımançı təyyarələr yerlə yeksan edir, əsir alınmış mücahidlərə və partizanlara köməklik etmələrində şübhəli bilinən dinc sakinləri çox vaxt günahları sübuta yetirilmədən elə yerindəcə güllələyirdilər. Baş alıb gedən hərbi cinayətlər guya Əfqanıstan hökumətinin xahişi ilə bu ölkəyə qoşun yeritmiş SSRİ-nin beynəlxalq imicini daha da sarsıdırdı. Belə bir dövrdə hərbi cinayətlərin açılmasına bilavasitə kömək etməsi məqsədilə təhlükəsizlik orqanlarının təcrübəli mütəxəssisi kimi Eldar Qasımov 1980-cı ilin sonlarında DTK-nın xüsusi işlər üzrə İstintaq şöbəsinin baş müstəntiqi kimi Əfqanıstanın Qəndəhar şəhərinə ezam olunmuşdur. Polkovnik Eldar Qasımov o illərin xatirələrini yada salaraq etiraf edirdi ki, Qəndəharda işləmək əlçatmaz, qarlı, buzlu dağ zirvələrində və qorxunc dağ uçurumlarında kamikadze mücahidlərilə döyüşməkdən daha təhlükəli idi. Sovet ordusunun ağır hərbi cinayətlər törətmiş yüksək vəzifəli zabitlərini hərbi əməliyyatların davam etdiyi bir dövrdə cinayət məsuliyyətinə cəlb edib cəzalandırmaq son dərəcə risqli və təhlükəli iş idi və heç də həmişə uğurla nəticələnmirdi. Günahsız insanları tapança ilə atəş açıb öldürməyə adət etmiş sərxoş hərbi canilər hər an məni də qətlə yetirə bilərdilər. Mənə qarşı sui-qəsd cəhdləri dəfələrlə baş vermişdi. SSRİ Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyat İdarəsinin və SSRİ DTK-sının cinayət törətmiş əməkdaşlarını və onlara yaxın olan zabitləri nəinki cinayət məsuliyyətinə cəlb etmək mümkün olmurdu, əksinə bəzən onlar şərləyib vicdanlı prokurorluq işçilərinin cəzalandırılmasına nail ola bilirdilər. Eldar Qasımov söyləyirdi ki, o illər mənim gözlərim önündə baş vermiş bir hadisə heç xatirimdən silinmir və hər dəfə yadıma düşəndə təəssüf və qəzəb hissləri qəlbimi sıxır. Həbs olunmuş mücahid dustağı Qəndəhardan Kabul şəhərinə aparırdıq. Hərbi helikopter sıldırımlı dağların üzərindən uçurdu. Helikopterdə qolları arxadan kəndirlə bağlanmış ucaboy, yaraşıqlı, məğrur mücahid dustaqdan və məndən savayı sovet ordusunun bir neçə yarı sərxoş vəziyyətdə olan zabitləri də əyləşmişdilər. Onlar mücahidə təhqiramiz söyüşlər söyür, yumuruq və təpik vurur, helikopterdən yerə atacaqları ilə hədələyirdilər. Üz-gözü qana bulaşmış, ağrılara mərdliklə dözən mücahid tərcüməçiyə dedi ki, öz xalqının azadlığı, dini, əqidəsi və vətəni uğrunda vuruşub, şəhid olmaqdan qorxmur. Haqq bizim tərəfimizdədir. İşğalçılar məğlub olacaq və Tanrının cəzasını çəkəcəklər. Belə bir cavabdan qəzəblənən zabitlər onu yenidən təpikləyib döydülər, mənim ciddi xəbərdarlığıma və müqavimət göstərməyimə baxmayaraq bir neçə kilometr yüksəklikdə helikopterin qapısını açaraq yaralı mücahidi müdhiş bir uçuruma atdılar.

Mən Qəndəhara qayıdan kimi bu hadisə ilə əlaqədar cinayət işi qaldırılmasına nail oldum. Cinayətkarlar layiqli cəzalarını aldılar. Həmişə olduğu kimi bu məsələdə də mənim geri çəkilməməyim, barışmaz və prinsipial mövqe tutmağım hərbi prokurorluqda bir çox qərəzli və şovunist əhval-ruhiyyəli əməkdaşların narazılığına səbəb oldu, məni müsəlman həmrəyliyində ittiham edənlər də tapıldı. Müharibə alovlarının sönmək bilmədiyi Əfqanıstanda xidmət etdiyim dövrdə bu kimi hadisələrlə, demək olar ki, hər gün qarşılaşırdım və həmişə də haqsızlığa qarşı mübarizə yolunda əlimdən gələni edirdim. Eldar Qasımov söyləyirdi ki, uzun illər ötməsinə baxmayaraq uca Əfqanıstan dağları kimi vüqarlı, əyilməz, ölüm anında namərd düşməndən imdad diləməyən, əqidəsi və vətəni yolunda şəhid olmağı şərəf sayan o gənc mücahidi unuda bilmirəm. Zaman bu şəhid mücahidin haqlı olduğunu sübut etdi. Tarix boyu yadelli işğalçılara qarşı mərdliklə mübarizə aparmış məğrur əfqan xalqı böyük itkilər versə də sovet hərb maşininin qarşısında da boyun əymədi. Əfqanıstandakı hərbi-siyasi avantürası dövründə yüz minlərlə günahsız müsəlmanın qanını tökmüş, doğma yurd-yuvalarını dağıdıb xaraba qoymuş SSRİ imperiyası isə 1991-ci ildə zamanın hökmü ilə süqut etdi.

1985-ci ildə hələ də müharibə alovlarının tüğyan etdiyi Əfqanıstandan, özünün etiraf etdiyi kimi beş il ərzində hər an ölümlə üzləşdiyi qürbət ölkədən vətəninə - Bakıya qayıtdıqdan sonra o, yenidən Azərbaycan DTK-da çalışırdı.

1988-ci ildən başlayaraq Dağlıq Qarabağda erməni şovunistlərinin separatçılıq hərəkatına qarşı mübarizənin ön cəbhəsində olan E.Qasımov 1990-cı ildə Respublika Prokurorluğunun İstintaq şöbəsinin prokuroru kimi Xankəndinə ezam olunmuş, burada separatçı ekstrimistlərə qarşı cinayət işləri açmış, istintaq işlərinə rəhbərlik etmişdir. E.Qasımov xatırlayıb söyləyirdi ki, Dağlıq Qarabağdakı işi, Əfqanıstandakı işindən o qədər də asan deyildi. Burada fəaliyyətimizə müxtəlif səviyyələrdə təzyiqlər göstərilirdi.

Bir dəfə hətta vilayət prokurorluğunun bir neçə vəzifəli məmuru açıq-aşkar mənə xəbərdarlıq etdilər ki, çıxın gedin Bakıya, bizim erməni hüquqşünas mütəxxəssislərimiz kifayət qədərdir, sizin təhlükəsizliyinizə heç kəs təminat verə bilməz. E.Qasımov Bakıya qayıdıb həmin məmurların hamısını işdən kənarlaşdırır. Xankəndinə gəlib hüquq mühafizə orqanları işçilərinin müşavirəsini keçirir. Çıxış edərək qətiyyətlə bildirib ki, Dağlıq Qarabağ Azərbaycanın qanuni ərazisidir. Beş il Əfqanıstan müharibəsində ölümlə əlbəyaxa olmuşam, məni ölümlə qorxuzmaq olmaz. Manuçarovların quldur dəstəsini məsuliyyətə cəlb edib, xalqlar arasında düşmənçilik salan separatist terrorçuları zərərsizləşdirmək, burada qanunçuluğu bərpa etmək yolundan məni heç nə çəkindirə bilməz.

Dağlıq Qarabağda separatizm problemi Moskvadan, ölkənin siyasi rəhbərliyi tərəfindən dəstəkləndiyindən separatçı-terrorçulara qarşı E.Qasımovun gərgin və fədakar zəhməti heç bir səmərə vermirdi.

İstehfaya çıxandan sonra da E.Qasımov özünün bütün qüvvə, təcrübə və bacarığı ilə xalqımıza xidmət etmişdir. Respublikamızın Xarici İqtisadi Əlaqələr, Ticarət və İqtisadi İnkişaf nazirliklərində məsul vəzifələrdə çalışmışdır. 1997-ci ildə Azərbaycan Respublikasının Ticarət naziri vəzifəsini icra etmiş, xarici ölkələrlə ticarət və iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi sahəsində dövlət əhəmiyyətli tədbirlər həyata keçirmişdir.

Xeyirxah, saf əqidəli, nikbin insan olan E.Qasımovun qəlbində böyük arzuları var idi. İşğal altında olan vətən torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyirdi. Ömür vəfa etmədi. 2008-ci il iyulun 21-də cəngavər ömrü yaşamış bu insan əbədiyyətə qovuşdu...

Xalqımızın görkəmli yazıçısı Mircəlal Paşayevin qızı Ədibə xanımın ömür-gün yoldaşı idi Eldar müəllim. Oğlu Rasim və qızı Leyla atalarının şərəfli adını uca tutur, layiqli övladlar kimi onun yolunu davam etdirirlər.

Onun keçdiyi şərəfli həyat yolundakı fədakar əməyi və xidmətləri dövlət tərəfindən qiymətli mükafatlar, orden və medallarla layiqincə qiymətləndirilmişdir.

Eldar müəllim xeyirxah əməlləri ilə həyatda işıqlı, xoş xatirələr qoyub getmişdir...

 

 

Vaqif Əsədov

Azərbaycan Tarix və Mədəniyyət

Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini 

 

 Ədalət.- 2009.- 18 iyul.- S. 19.