ONUN ÇİÇƏKLƏRİNİN ƏTRİ BİZİM EVDƏN ƏSKİK OLMUR

 

Gözümü açandan, ağlım kəsəndən evimizin, ailəmizin ən əziz qonaqları həmişə qələm əhli, sənət adamları olub. Maraqlı söhbətlərin, mənalı baxışların, gülüşlərin, səmimi münasibətlərin, qızğın yaradıcılıq mübahisələrinin, müzakirələrinin canlı şahidi olmuşam. Bəlkə buna görə uşaqlıqdan sənətə marağım, mənəvi ehtiyacım yaranıb. Əhatəsində olduğum insanların sevgisindən, düşdüyüm o nurlu ortamın təsirindən erkən çağlarımdan, indi dəbdə olan ifadəni işlətsəm, ustad dərsləri almışam. İnsan yaşlaşdıqca xatirələri çoxalır. Uşaqlıqda, gənclikdə hər kəs həmişə irəliyə üz tutsa da, yaş ötdükcə daha çox keçmişi yad etməyə meylli olur. Amma, hafizə ən dəyərli, əhəmiyyətli məqamları hifz edir. 60 ilin pəncərəsindən öz dünyama boylananda görürəmsə, nələri kimləri xatırlayıramsa, bundan sonra məni yaşadan da yalnız onlar olacaq...

1957-ci ilin dekabr ayında "Azərbaycan" jurnalının 12-ci nömrəsində şair Adil Babayevin "Eloğlumun poeması" adlı əsəri dərc olunmuşdu. Poema bir rəssamın taleyindən bəhs edirdi. Zahirən çirkin görkəmə malik bu insan böyük istedad sahibi idi. Tanrı elə bil ki, onun üçün nəzərdə tutduğu gözəllik payını da surətinə deyil, sənətinə çiləmişdi. Bu gənc sevdalı könlünün qapılarını ilk dəfə Dilrubanın üzünə taybatay açsa da, seçimində yanıldığını tez başa düşür. Şüur-düşüncəsi yalnız maddi meyarlarla işləyən bu qızı onun məhəbbətinin dəyəri yox, əsərlərinin qiyməti maraqlandırır. Əlyara nadir rəssamlıq qabiliyyəti ilə yanaşı, Məcnunun aşiqlik istedadından da bir pay düşmüşdü. Bir gün bu ona əyan olanda mehri-məhəbbətinin ünvanı büsbütün dəyişir. Böyük məhəbbət bir yastığa baş qoymaq üçün deyil, yaratmaq, yaşatmaq, sevdiyini vəsf etmək üçün sənətkara lazımdır. Şairin qəhrəmanı vurğundur. Bu sevgi bütövdür, bölünməz, qısqanclıq hissindən uzaqdır, hər kəslə səxavətlə paylaşılandır. Əlyar hər zaman solmaz, sönməz məhəbbətinin yanındadır, qoynundadır, qucağındadır. Əlyar artıq yalnız onun vətəninin heyranıdır, Azərbaycanın məcnunudur! Əlyar bu dünyada Tanrıya daxilən üsyan edib məmləkəti qarış-qarış dolaşır, öz rənglər dünyasını yaradır, hər daşa, ağaca, gülə, çiçəyə ayrıca nəfəs verir, əbədi ömür bağışlayır.

Adil Babayev bu poemanı rəssam dostu Səttar Bəhlulzadəyə ithaf etmişdi. O, Səttarı tanıyıb, dərk edib Əlyarı obrazını yaratmışdı. Səttar o vaxtdan sonra xeyli yaşayıb, öz dünyasında hələ çox gözəlliklər yaradacaqdı.

Mən atamla onun dostluğunun təməlinin ötən əsrin əllinci illərinə təsadüf etdiyini xüsusi vurğulamaq istəyirəm. O zaman hələ Adil Babayevin üzərindən "xalq düşməninin oğlu" adı götürülməmişdi. Belə məqamda çoxları ehtiyat edib, hər ehtimala qarşı "düşmən" ailəsindən uzaq dolaşardı. Əlavə başağrısı kimə lazımdır ki? Lakin Səttar kölgəsindən qorxan oğul deyildi. O, özündən 16 yaş cavan şairə dost münasibətini kimsədən gizlətmirdi. Vaxtaşırı evlərinə gedib-gələrdi, onu emalatxanasına, Əmircan kəndindəki evinə dəvət edərdi. Repressiya qurbanı olan atasına 1956- ildə tam bəraət veriləndə Adili öz ocağında ilk təbrik edənlərdən biri məhz Səttar Bəhlulzadə olmuşdu. Evə əliboş gəlməmişdi. Bir çiçək dəstəsi ilə dostunun anası Xeyransa xanımı təbrik etmişdi. Səttarın gülləri hələ solmayıb, əvvəlki tək ətirlidir, təravətlidir. Onlar bir bəyaz çərçivədə indi mənim mənzilimdə ən qiymətli xatirə tək divardan asılıb.

 

***

 

Bir dəfə atam yenə dostları ilə bərabər evə gəldi. Qapı açılanda birini o dəqiqə tanıdım. O, bizim həyətdə yaşayırdı. Üstü açılıb-bağlanan böyük maşını vardı. Özü iki rənglə boyanmışdı. Həyətin bütün uşaqları kimi mən o maşının yanından əlimi sürtmədən keçməzdim. Onun sahibini məhəllə uşaqları "Cəlal əmi", deyə çağırardı. Bizim "Cəlal əmi" məşhur heykəltəraş Cəlal Qaryağdı idi. İkinci qonağı ilk dəfə görürdüm. Atam dedi ki, bu Həsən əmidir (rəssam Həsən Haqverdiyev - E.B.) Üçüncü ucaboy, arıq, qarayanız kişinin qəribə gözləri, baxışları, çiyninə tökülən dağınıq saçları mənə tanış idi. Onun nağıl personajına oxşar surətini bir dəfə görən bir daha unutmazdı. Amma, dörd yaşlı balaca bacım qorxusundan yan otağa qaçıb ağlamağa başladı. Cəlal əmi zarafata salıb dedi ki, ay Səttar, deyəsən uşağı qorxutmusan. Bu sözlərdən hamı gülüşdü.

Qonaqlar evə biqəfil gəlməmişdi. Nənəmlə anam əl-ələ verib qabaqcadan hər cür hazırlıq görmüşdü. Gözəl süfrə açılmışdı. Ənbərbu düyüsündən bişən pilovun ətri aləmi bürümüşdü. Böyüklər qonaq otağında oturub xeyli yeyib-içdilər, sağlıq dedilər. Həmin günlərdə Səttar Bəhlulzadəyə "Əməkdar incəsənət xadimi" fəxri adı verilmişdi. Dost süfrəsində rəssamın ünvanına təbriklər, xoş arzular bu münasibətlə səslənirdi.

***

 

1960-cı il dekabr ayının 15-də mənim on yaşım tamam olurdu. Körpəlikdən atasız böyüyən atam üçün bu çox əlamətdar hadisə idi. Həmin gün Səttar Bəhlulzadə bizə gəlmişdi. Məni qucaqlayıb üzümdən öpdü. Bir rəsm albomu, bir dəst rəngli qələm sulu boya komplekti hədiyyə etdi mənə. Dedi ki, şəkil çəkməyi öyrən. Öz əsərlərindən birini mənə hədiyyə etdi:

Böyüyəndə, öz evin olanda, bu rəsmi çərçivəyə salıb divardan asarsan. Hər dəfə baxanda məni yad edərsən. Sonra ahəngini bir qədər dəyişərək məndən soruşdu:

- Heç bilirsən ki, bugün daha kimin ad günüdür ?

- Dedim ki, xeyir, bilmirəm. O, uzun, nazik barmaqlarını daraq eləyib saçımı tumarlayaraq sözünə davam etdi:

- Biz səninlə bir gündə dünyaya gəlmişik, oğlum. Amma, aramızda bir balaca il fərqi var.

Tez soruşdum ki, qədər?

- Elə çox deyil, cəmi 41 yaş. Allah qoysa, o yaşa çatanda, bunun çoxmu, azmı olduğunu özün görəcəksən.

yazıq ki, mən o yaşa çatanda, Səttar Bəhlulzadə dünyasını dəyişmişdi.

***

O zaman Cənub-Sovet meydanında (indiki Nəriman Nərimanov - E.B.) yerləşən 5 nömrəli binada 3 otaqlı mənzilimiz bizə həddən ziyadə geniş görünürdü. Gözəl axarbaxarı vardı. Bir axşam yenə evimiz qonaqqaralı idi. Atamın uşaqlıq dostlarından şair İslam Səfərli filosof Adil Nəcəfov, yaxın qonşumuz ailə dostumuz Gülağa Məmmədov, poeziyamızda öz yeri ağırlığı olan ağır təbiətli şair, gözəl qəzəllər müəllifi Mir Mehdi Seyidzadə, bir Səttar Bəhlulzadə bizə yığışmışdılar. Yeməklər süfrədən qaxıb çay dəsgahı düzələnə kimi Səttar müəllim eyvandan şəhərin mənzərəsini diqqətlə seyr edirdi. Bir xeyli səssiz-səmirsiz şəhərə tərəf gözünü zilləmişdi. İslam Səfərli soruşdu ki, ay Səttar, orda görmüsən, axı? Mən üzbəüz binada yaşayıram. De, biz baxaq. Səttar dedi ki, bu mənzərəni çox bəyəndim. Adil, etiraz etməsə, Gülnar xanımın çayını içə-içə, bax elə bu nöqtədən şəhəri, dənizi çəkmək istərdim. Atam dedi ki, biz sənə minnətdar olarıq. Sənin sayəndə bizim eyvan da tarixə düşər. Səttar da cavabında: eyvanı deyə bilmərəm, dedi amma səni Səməd Vurğun məndən öncə tarixə salıb. "Şair incədir rübabın sənin!" misrası ilə. Bunun özü sözlərdən yaranan rəngkarlıq əsəridir. Rəssam istəyir onu kətana köçürə.

Səttar Bəhlulzadənin İnşaatçılar prospektində rəssamlar üçün tikilən binasının sonuncu mərtəbəsindəki emalatxanasında atamla dəfələrlə olmuşam. Onun yarımçıq irili-xırdalı işlərinə, natamam əsərlərinə, fırçalarına, molbertinə eskizlərinə diqqətlə baxmışam. Səttar sənətinin böyüklüyünü ağlımla dərk etmədiyim vaxtlarda da, Səttar ürəyinin hərarətinin, mehribanlığının, sadəliyinin səxavətinin demək olduğunu gözlərimlə görmüşəm, fəhmimlə hiss etmişəm. Bütün bunların gerçək mənasını tam olaraq qiymətləndirməkdə hələ acizəm.

Etibar Babayev

 

Ədalət.- 2009.- 25 iyul.- S. 4.