"UZAQ, YAŞIL ADA" SAHİBİNİN 70 YAŞI OLDU

 

Vaqif Səmədoğlu: "Bu gündən özümü 75 illik yubileyimə hazırlayıram"

 

Dünən Yazıçılar Birliyində xalq şairi, millət vəkili Vaqif Səmədoğlunun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib. Mərasimi giriş sözü ilə açan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar yubilyarı Azərbaycan ədəbiyyatının böyük simalarından biri adlandırıb: "Vaqif Səmədoğlu istər ədəbiyyatda, istər azadlıq hərəkatında, istərsə Milli Məclisdə öz mövqeyi ilə seçilib. O, kinossenarist, dramaturq kimi dəyərli əsərlər yazıb. Vaqifin şeirləri kədərli, pyesləri isə məzəlidir".

Yazıçılar Birliyinin birinci katibi, xalq şairi Fikrət Qoca Vaqif Səmədoğlu ilə 40 illik dostluqlarından söhbət açıb: "Bəzən deyirlər ki, filankəs anadangəlmə şairdir, Vaqif Səmədoğlu atadangəlmə şairdir. Pyeslərindəki yumor isə anadangəlmədir".

Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı yubilyarın mürəkkəb, lakin şərəfli ömür yolu keçdiyini vurğulayıb. O, Vaqif Səmədoğlunun Milli Azadlıq Hərəkatında Parlamentdəki fəaliyyətindən danışıb. Parlamentin üzvləri Asim Mollazadə Elmira Axundova Vaqif Səmədoğlunun Azərbaycan nümayəndə heyətinin üzvü kimi AŞ PA-dakı fəaliyyətini yüksək qiymətləndiriblər.

Şair Ramiz Rövşənin çıxışı maraqla qarşılanıb: "Azərbaycan poeziyasında Füzulidən sonra bu adda şair yetişməyib, Vaqif adlı şair isə çoxdur. Lakin Vaqif Səmədoğlu ruhən Füzuliyə ən yaxın şairdir. Mənim ilk kitabım çıxanda Vaqif dedi ki, bundan sonra mənim yaxamdan əl çəkib səndən yapışacaqlar. Belə oldu. Mənim üstümə düşdülər. Lakin Vaqifdən əl çəkmədilər. Vaqif Füzuli, Nizami yaşını keçib, arzu edirəm ki, Aşıq Ələsgər yaşını da qeyd etsin". Çıxışının sonunda Ramiz Rövşən yubilyarın şeirlərindən birini əzbər söyləyib.

Yazıçı Natiq Rəsulzadə, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, tənqidçi Vaqif Yusifli başqaları yubilyarın yaradıcılığı barədə danışıblar.

Tədbirin sonunda söz yubilyara verilib. Vaqif Səmədoğlu yubiley ərəfəsində ona "Şərəf" ordeni verdiyi yaradıcılığını yüksək qiymətləndirdiyi üçün ölkə başçısı İlham Əliyevə təşəkkürünü bildirib: "Dövlət başçısı bu günlərdə mənə telefon açıb yubileyimi təbrik etdi, AŞ PA-dakı birgə fəaliyyətimiz dövründəki günləri xatırlatdı. Yubiley tədbirinə görə hamınıza təşəkkür edirəm. Mənalı ömür yaşamışam, araq içmədiyim klassik qalmayıb. Şeirlərimdəki kədərə gəlincə, bütün ömrüm boyu bu kədərlə yaşasaydım, gərək özümü asaydım. Ona görə pyeslərimdə komediyaya üstünlük verdim. Bu da bir ədəbi biclikdir, yaxşı ki, bunu bacardım. Bu gündən özümü 75 illik yubileyimə hazırlayıram".

     

 

Etibar

 

Ədalət.- 2009.- 9 iyun.- S. 4.